İran 48 saatlıq “müharibə”də uddu, yoxsa uduzdu. .- politoloq rəyi

 

İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra Amerika ilə yaşadığı gərginlik sürətlə səngidi. Cənub qonşumuzun bir gün ərzində Birləşmiş Ştatlarla dirəşdiyini söyləmək mümkündür.

Hadisə baş verəndən sonra İranın Amerikanın boş bazalarına raketlərlə zərbə endirməsi və 80-ə yaxın amerikan əsgərinin həlak olduğu barədə xəbərlərin dövriyyəyə buraxılması, bunun ardınca səhvən Ukrayna təyyarəsinin vurulması, əsasən iranlı, kanadalı olan sərnişinlərin həyatını itirmələri, son olaraq da səhvən Böyük Britaniya səfirinin saxlanılması cənub qonşumuzun söylənildiyi qədər gücə malik olmaması rəyini yaradıb.

Politoloq Qabil Hüseynli İranın dinc dayanmaqdan başqa yolunun qalmadığını bildirdi: "İran ölkədə təbliğat aparıb, Amerika və İsrail üzərində qələbə qazanmasından danışır. Amma reallıq budur ki, prosesləri uduzdu və küncə qısıldı. Doğrudur, Amerika sona qədər getmədi. Əgər Birləşmiş Ştatlar İranla irimiqyaslı müharibəyə getsə, İran adlı dövlət yer üzündən silinə bilər. Bunun da məsuliyyətini heç kəs daşıya bilməz və bu, bəşəriyyət tarixində ən böyük cinayətlərdən biri ola bilər. Cənub qonşumuz öz xalqına kələk gəldi və "Qasım Süleymaninin intiqamını alacağıq", "İsraili yer üzündən siləcəyik" kimi mənasız bəyanatlar səsləndirdi. İran ilk dəfə hiss etdi ki, dünya texnologiyasından, ictimai və elmi fikirdən nə qədər kənar qalıb. Dünya siyasətində öz xüsusi çəkisinə uyğun olaraq, rol oynamaqdan daha yuxarı iddialarda bulunsa da, orta, yaxud ondan bir az aşağı səviyyədə dövlət olduğunu unutmamalıdır. İran dünya siyasətində həlledici rol oynaya bilməz.

Bu reallıqları dərindən düşünən siyasətçiləri, insanları bilməlidirlər ki, İran bu gün sıradan bir dövlətdir o dünyadakı siyasi proseslərə təsir etmək, onun yönünü müəyyənləşdirmək, o proseslərdə aktiv rol oynamaq, sonda da danışıqlar stolunun ətrafında oturmaq kimi imtiyazlara malik deyil. İran yaxşı başa düşdü ki, o, bu gün sərnişin təyyarəsini raketdən ayıra bilən mütəxəssislərə malik deyilsə, hərbi elitası demək nə gündədir. Özü də SEPAH kimi qüvvələr görün nə vəziyyətdədir. Bir sözlə, belə demək mümkündürsə, əgər müharibə olsa, ABŞ İran və onun ətrafındakı bölgələrə bir əsgər belə göndərməyəcək. Bu müharibə sırf texnologiya müharibəsi olacaq. O texnologiya müharibəsində İranın ortaya çıxaracağı heç nəyi yoxdur. Raketləri olsa da, onu hədəfə çatdırmaq texnologiyası yoxdur. İranın Amerikanın üzə çıxarmadığı dağıdıcı silahlarından danışmırıq. Ona görə də İran sakit oturmalı, öz statusuna uyğun siyasət yeritməli, Yaxın Şərqdəki hegemon iddialarından əl çəkməli, Suriya, İraqa barmaq uzatmağı dayandırmalıdır. Bir sözlə, başını sallayıb, dinc yaşamaq yolunu seçməli, neftini satıb xalqının maddi güzəranını normal şəkildə saxlamalıdır. Əgər cənub qonşumuz təcavüzkar niyyətlərə düşərsə, bu ölkəni gələcəkdə xoş olmayan bir aqibət gözləyir. İran hakimiyyəti bunu başa düşməyə bilər. Amma bu ölkədə kifayət qədər normal düşüncəyə sahib insanlar var. Onlar müasir dünyanın inkişafının hansı səviyyədə olduğunu yaxşı bilirlər. Dünyadakı qüvvələr nisbətini də bilməmiş deyillər. Ölkənin qüdrətini, əzəmətini hansı amillərin müəyyən etdiyini gözəl bilirlər. İran ağır sanksiyalar altındadır və yeni sanksiyalar gəlməyə davam edir. Ölkə, faktiki, iqtisadi böhran içərisində çabalayır. Lakin bununla belə, təhdidedici ifadələr işlətməkdən əl çəkmir. Kənardan baxanda bu çox mənasız görünür. Ölkə tələbələrinin etirazları da onu göstərir ki, bəsdirin, başınızı aşağı salıb əhalinin problemlərinin həll edilməsi ilə məşğul olun. Havaya yumruq atmağın heç bir mənası yoxdur. İranın bugünkü sıxılma vəziyyəti getdikcə artmaqdadır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}