Rusiya Bakıya hərbi gəmi göndərir -Güc nümayişi, yoxsa dəstək...

Rusiya Bakıya hərbi gəmi göndərir -Güc nümayişi, yoxsa dəstək...

 

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç” kiçik raket gəmisinin sentyabrın 27-də Bakıya rəsmi səfəri planlaşdırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. 

Rusiya nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfəri, eləcə də "ADEX-2016" 2-ci beynəlxalq müdafiə Sərgisində iştirakı nəzərdə tutulub. 

Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. Səfər sentyabrın 30-dək davam edəcək.

Xatırladaq ki, 2013-cü ilin avqust ayında Rusiya prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə hərbi gəmi ilə gəlmişdi. O vaxt bu, ekspertlər tərəfindən birmənalı qarşılanmamışdı. İndi Rusiya hərbi gəmisi yenidən Azərbaycana gəlir. Ekspertlər budəfəki hərbi gəmi səfərinin səbəblərini musavat.com-a açıqlayıblar.

Elxan Şahinoğlu  bildirib ki, Rusiya hərbi gəmilərinin Azərbaycan sərhədlərini keçməsi ənənəyə çevrilib: "Əlbəttə, burada qeyri-adi heç nə yoxdur. Çünki Xəzərsahili ölkələrin hərbi əməkdaşlığı mövcuddur. Bu istiqamətdə Rusiyanın hərbi gəmiləri Azərbaycan limanlarına Azərbaycan tərəfinin icazəsi ilə lövbər sala bilərlər. Bu, hərbi əməkdaşlıq çərçivəsində mümkün ola bilər. Baxmayaraq ki, bizim Rusiyadan, siyasətindən böyük narazılığımız var. Çünki işğalçı Ermənistanı silahlandırır və bu yaxınlarda ”İsgəndər" raketləri verib. Buna baxmayaraq, bu, ənənə halını alıb. 

Amma burada istisna var. Bir neçə il əvvəl Rusiya prezidenti məhz hərbi gəmi ilə Azərbaycana səfər edib. Bu, bir mesajdır, güc nümayişidir ki, Xəzərdə əsas söz sahibi Rusiyadır, onun silahlı qüvvələridir. Başqa mesaj bundan ibarətdir ki, Azərbaycan Rusiyanın hərbi gücü ilə hesablaşmalıdır. Rusiya Xəzərin dibi ilə Türkmənistanla Azərbaycan arasında boru xətti çəkilişinə mane olur. Bu da mesajın bir növü idi, yenə də təkrarlayırlar. Apreldən sonra inam var idi ki, Rusiya Qarabağ münaqişəsinin həllində vasitəçi kimi fəallığını artıracaq. Amma bu ümid puça çıxdı. Əksinə, Rusiya Ermənistanı silahlandırdı. Bu da ondan irəli gəlir ki, Ermənistanın Azərbaycan qarşısında zəif qalmasını istəmir. Əgər yenə də hərbi gəmi ilə bir nümayəndə heyəti gəlirsə, bu, bir daha göstərir ki, Rusiya bununla bizə nümayiş etdirir ki, bölgədə bu balansın kiminsə xeyrinə pozulmasını istəmir. Bir növ bu səfərlə Ermənistanla Azərbaycana münasibətdə balansı saxlamağa çalışır. Sərgidə də öz silahlarını nümayiş etdirəcək. Ermənistana bu silahları peşkəs veriblərsə, müasir "İsgəndər” raketlərini bağışlayıblarsa, rəsmi Bakı bununla bağlı müraciət etməlidir. Bu silahdan almaq istəməlidir. Çünki bəzi ölkələrə bu silahı satmırlar. Onda bilinəcək ki, Rusiya nə dərəcədə tərəfdaş adlandırılan Azərbaycanla hərbi əməkdaşlığa hazırdır. Rusiya rəsmilərinin hərbi gəmilərlə Azərbaycana səfərlərinin çoxalması bir mesaj və nümayişkaranə xarakterə dönüb".



Ekspert Şahin Cəfərli isə deyib ki, Rusiya Xəzərdə lider dövlətin kim olduğunu bir daha hər kəsə nümayiş etdirmək ehtiyacı hiss edir: "Rusiya gəmilərinin Azərbaycana səfərləri dövlətlər arasında qarşılıqlı razılıq əsasında həyata keçirilir. Azərbaycan gəmiləri də ötən dövrdə Həştərxana dostluq səfərinə getmişdilər. Dənizdə Rusiya ilə Azərbaycanın ikitərəfli və Qazaxıstanla birlikdə üçtərəfli təlimləri və yarışları da keçirilib. Türkmənistan istisna olmaqla, Xəzər sahilində yerləşən bu 3 keçmiş sovet respublikası arasında hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq mövcuddur. Xəzərin hüquqi statusu məsələsində də 3 dövlətin mövqeləri bir-birinə çox yaxındır. Məncə, bu hadisəni Xəzəryanı dövlətlərə güc nümayişi kimi qiymətləndirmək doğru olmaz. Moskvanın Xəzəryanı ölkələrə güc nümayiş etdirməyə ehtiyacı yoxdur. Rusiya onsuz da burada hərbi baxımdan ən qüdrətli dövlətdir və bu reallığı bütün sahilyanı ölkələr qəbul edir. Lakin bununla yanaşı, şübhə yoxdur ki, Rusiya Xəzər regionunda öz liderliyini təsdiq və nümayiş etdirməkdə maraqlıdır. Yəni güc nümayişi varsa da, bu, daha çox Xəzər regionundan kənardakı qüvvələrə ünvanlanıb. 

Moskva Azərbaycanın Xəzərdəki təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-la əməkdaşlığında maraqlı deyil. İranın da bu məsələdə maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür. Hər ki dövlət ABŞ-ın Xəzər məsələlərinə müdaxilə cəhdlərindən hər zaman qıcıqlanıb. Digər tərəfdən, Moskva həm də Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığının inkişafını, konkret olaraq, "Transxəzər" qaz kəməri layihəsinin reallaşmasını istəmir. Çünki "Transxəzər" layihəsinin həyata keçirilməsi və Avropa bazarına əlavə təbii qaz çıxarılması Rusiyanın enerji maraqlarına daha bir zərbə olar. Bu səbəblə Rusiya öz hərbi gəmilərini dənizdə sərbəst üzdürməklə, Xəzərdə lider dövlətin kim olduğunu bir daha hər kəsə nümayiş etdirmək ehtiyacı hiss edir. Bununla ABŞ və Avropa Birliyinə mesaj verirlər ki, Rusiyanın iradəsi xaricində bu bölgədə hər hansı iri layihə gerçəkləşə bilməz. Rusiyanın Xəzərdən Suriyadakı hədəflərə qanadlı raketlərlə zərbə endirməsi də ilk növbədə ABŞ-a yönəlmiş mesaj idi”.(musavat.com)


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}