Adil Əliyev: “Bəziləri millət vəkilinə “bankir”, “məşğulluq idarəsinin rəisi” kimi baxır”

Adil Əliyev:  “Bəziləri  millət vəkilinə  “bankir”, “məşğulluq idarəsinin rəisi” kimi baxır”

 

Müsahibimiz 20 saylı Nərimanov II seçki dairəsindən millət vəkili seçilmiş Adil Əliyevdir. Bir çox həmkarlarından fərqli olaraq, seçicisi ilə daim ünsiyyətdə olan, onların dərdinə şərik çıxan, hər ayın 1-i seçiciləriylə görüş keçirən Adil Əliyev jurnalistlərin sorğularına daim açıq olan deputatdır. Bu dəfə də belə oldu, həmsöhbətimiz ünvanladığımız bütün sualları səmimi cavablandırdı.

İnsanlarımız bəzi deputatlara "bankir”, "məşğulluq idarəsinin rəisi” kimi baxır

– Ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirildi və bütün dəyişikliklər qəbul edildi. Bu dəyişikliklərdən nə gözləyirsiniz?
– Qloballaşan dünyada dəyişikliklərin olması çox əhəmiyyətlidir. Bu gün Milli Məclis bir çox qanunlara dəyişikliklər və əlavələr edir. Bunun hamısı çağdaş dünya ilə ayaqlaşmaq üçün lazımdır. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərini yerinə yetirir, onlar da bizdən tələb edirlər ki, dəyişikliklər olmalıdır. Əgər biz dünyaya, Avropaya inteqrasiya ediriksə, qanunlarda da, konstitusiyada da dəyişikliklər olmalıdır. Artıq referendumun nəticələri təsdiqlənib və biz bu dəyişikliklərdən çox şey gözləyirik. Xalqımız da sağ olsun ki, bu dəyişikliklərə getdi, prezidentin həyata keçirdiyi siyasəti alqışladı, dəstəklədi, səs verdi. Hesab edirəm ki, xalqımız üçün düşərli, xeyirli olacaq.

– Üçüncü çağırışdır ki, millət vəkili seçilmisiniz. Necə olmalıdır deputat?
– Yeni çağırışla deputat seçilməyimizdən artıq bir il ötür. Milli Məclis Azərbaycan dövlətinin qanunverici orqanı kimi, xalqın, millətin, dövlətin naminə çox böyük işlər görür. Düzdür, çətinliklərimiz var, manat devalvasiyaya uğrayıb, çox böyük iqtisadi çətinliklərlə qarşılaşmışıq. Ancaq bu, tək bizdə deyil, bütün dünya bu problemi yaşadı. İşgörən millətik, şərait yaradılsa, heç kim əziyyət çəkməz. Şəraitin yaradılması üçün isə biz millət vəkilləri olaraq, təkliflər irəli sürürük. Nazirlər Kabinetinin, Vergilər Nazirliyinin, Gömrük İdarəsinin həyata keçirdiyi dəyişiklikləri insanlarımız alqışlayır. Və zamanla insanlarımız öz xeyirləri naminə fəaliyyətlərini daha da gücləndirəcəklər.
Mən deputat elə olmalıdır deyə, çox sayda millət vəkili göstərə bilərəm. Amma əfsuslar olsun ki, bu gün millət vəkilinə bəziləri "bankir”, "məşğulluq idarəsinin rəisi” kimi baxır.

Adil Əliyev:  “Bəziləri  millət vəkilinə  “bankir”, “məşğulluq idarəsinin rəisi” kimi baxır”

 – Sizcə, niyə insanlarda millət vəkilləri haqqında belə fikir formalaşır?

 

– Onların yaddaşında sovet dövrü qalıb. İnsanların fikrincə, deputatlara hər şey olar. Millət vəkilinin elə bir səlahiyyəti də yoxdur. Millət vəkili qanunvericiliklə, seçildiyi ərazinin problemləri ilə məşğul olmalıdır. Deputat kimisə işə düzəldə bilər, amma kütləvi şəkildə işə düzəltmə və ya pul paylamaqla məşğul olmamalıdır.

– Milli Məclisin tərkibinə çox sayda yeni millət vəkilləri seçilib. Amma "google” axtarışları zamanı onların heç bir fəaliyyəti ilə qarşılaşmırıq. Mətbuat belə deputatları "susqun” deputat adlandırır…
– Yox, bu münasibət düzgün deyil. Onları "susqun” adlandırmaq olmaz. Onların da fəaliyyətləri var, sadəcə gözlə görünmür.

– Amma onlardan fərqli olaraq, sizin fəaliyyətiniz göz önündədir…
– Mən başqa, onlar başqa tədbirlərlə məşğuldurlar. Onlara tam fəaliyyətsizdirlər demək, ayıb, günah olar. Dediyiniz millət vəkilləri tək-tük ola bilər. Ola bilsin ki, onlar hələ hara gəldiklərinin başa düşmürlər. Amma zaman keçdikcə onlar da öz məsuliyyətlərini dərk edəcəklər.

Türkiyəni sıxmaq, parçalamaq istəyən dövlətlər çoxdur

– Son zamanlar qardaş Türkiyənin başı, sözün əsl mənasında dərddədir. Proseslərin sonunu necə görürsünüz?
– Türkiyə türk dünyasının döyünən ürəyidir. Zaman-zaman digər dövlətlər Türkiyəyə göz dikib. Bu ölkə strateji baxımdan elə bir ərazidə yerləşir ki, daima göz qabağındadır. Türk xalqının qəhrəmanlığı, qorxmazlığı,  milli-irsi, dini hisslərə yüksək qiymət verməsi dünya xalqlarına nümunədir. Türkiyə və türk xalqı bu gün bir çox dövlətlərə örnəkdir. Türkiyə güclü bir dövlətdir. Türkiyə kiminsə diktəsi ilə oturub-duran dövlət vəziyyətindən çıxıb artıq. Türkiyə müasir türk-islam dövlətidir. Bu ölkə dinə və türkçülüyə çox önəm verir. Türkiyəni sıxmaq istəyən, Türkiyənin güclənməsini istəməyən, bu dövləti parçalamaq fikrinə düşən dövlətlər də çoxdur.
Doğrudan da, son zamanlar Türkiyədə xoşagəlməz hadisələrə şahid oluruq. Türkiyə bu gün bir çox terror təşkilatları ilə mübarizə aparır. Türkiyənin son zamanlar yaşadığı hadisələr, həyata keçirdiyi layihələr Türkiyəni zəiflətmək istəyən dövlətlərin iradəsinə qarşı idi. Türkiyə bütün yaşadıqlarına baxmayaraq, öz maraqları üçün də işlər görüb.

– Türkiyənin "Gülən problemi” Azərbaycana da sıçrayıb…
– Təbii ki, Gülən tərəfdarlarının təmizlənməsi üçün zaman lazımdır. Sirr deyil ki, Gülən çox böyük təşkilat yaradıb qurmuşdu. Türkiyə və ətraf ölkələrdə də öz təbliğatını güclü və planlı şəkildə, ideyalar, elm üzərində aparırdı. Amma məhz türk xalqının birliyi Türkiyədə dövlət çevrilişinin qarşısını aldı.


– Son zamanlar Türkiyə-Rusiya və Rusiya-Azərbaycan münasibətlərində müəyyən mənada irəliləyiş hesab olunur. Təkcə ötən həftə Türkiyədə keçirilən beynəlxalq tədbirdə bu üç ölkə prezidentinin səmimi söhbətləri deyilənlərə sübut ola bilər…
– Açıq demək lazımdır, bəzi dövlətlər münasibətlərin səmimi şəkil almasından qıcıqlanır. Məsələn, ABŞ istəməz ki, Türkiyə-Rusiya-Azərbaycan münasibətləri möhkəmlənsin və iqtisadi vəziyyət yaxşılaşsın. Əgər bu 3 dövlətin arasında ticari əməkdaşlıq möhkəmlənərsə, bu zaman dolların qalxıb-düşməsinin bizim üçün heç bir əhəmiyyəti olmayacaq. Bu dövlətlərin birgə fəaliyyəti xalqların yaxşı yaşaması deməkdir. Bunun üçün də çox gözəl, ağıllı siyasət  yürüdülür. Hesab edirəm ki, bu görüşdə, bu barışıqda Azərbaycan prezidenti İlham Əliyevin mühüm rolu oldu. İlham Əliyevin istəyi, arzusu və cəsarəti indiki vəziyyəti yaratdı.
Azərbaycan anlayır ki, Türkiyə və Rusiyayla münasibətlər yaxşı olarsa, bizə Amerika, Avropa lazım deyil. Buna görə də biz Türkiyə və Rusiyayla sıx əlaqədə olmalıyıq. Əgər ABŞ Qarabağ probleminin həllində yardım etmirsə, biz nə qədər gözləməliyik? Biz bütün tədbirlərə razılaşırıq, dəstək veririk, məqsədimiz də odur ki, torpaqlarımız işğaldan azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin, insanlarımız öz torpaqlarına qayıdıb, əmin-amanlıq şəraitində yaşasınlar. Əgər biz məqsədimizə çatmırıqsa, deməli, siyasətimizi dəyişməli idik. ABŞ, Avropa dedi, biz inandıq, çağırdılar, getdik. Amma bir yerə qədər, biz də başa düşürük ki, bizim üçün ABŞ heç nə etməyəcək.

Biz təkcə çempion yox, həm də Azərbaycan Ordusuna əsgər yetişdiririk

– Rəhbərlik etdiyiniz Kikboksinq Federasiyasında vəziyyət necədir?
– Federasiyamız dövlətdən 600-700 min manat pul alan federasiyalardan az iş görmür. Biz təkcə Avropa və dünya çempionları yetişdirmirik, biz həm də Azərbaycan Ordusuna əsgər yetişdiririk. Bizə azyaşlı uşaqlar müraciət edirlər, onlar idmanın bütün incəliklərini öyrənirlər. Bu da o deməkdir ki, bu gün hər hansı bir Azərbaycan əsgəri özünü müdafiə edirsə, yumruq ata bilirsə, o həm özünü, həm də vətənini qoruya biləcək. Biz kütləvliliyi təmin etməyə çalışırıq. Hamı dünya çempionu olmasa da, özünü qoruya biləcək, döyüşəcək və qaçmayacaq. Bu uşaqlar əsgərlikdə də ön sırada olacaq, torpağını, vətənini, anasını, bacısını qoruya biləcək, qorxmayacaq. Biz federasiyada həvəskar və professional kikboksinqi inkişaf etdiririk, çox sayda həvəskar tədbirlər keçiririk. Kikboksinqin peşəkar sahəsinə də önəm veririk.
Dövlətlərarası yoldaşlıq görüşləri keçirmişik. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-Orta Asiya, Azərbaycan-Avropa görüşləri keçirmişik. Və bu görüşlərimiz böyük effekt verir. Gələcəkdə də belə görüşlər keçirməyi planlaşdırırıq. Azərbaycanın bölgələrində – Naxçıvanda, Göygöldə, Sumqaytda, Qazaxda, sərhəd bölgələrində – peşəkar yarışlar keçiririk.
– Bir müddət öncə Federasiya ilə bağlı Elton Məmmədovun oğluyla problemlər yaranmışdı…
– Aramızda xoşagəlməz hadisə və ya heç bir problem olmayıb.  Sadəcə, hamıya məlum idi ki, problem Elton Məmmədovun özü ilə bağlı bir məsələ deyildi. Oğlu ilə bağlı kiçik bir problem yaşanmışdı. Bilirsiniz ki, biz vahid şəkildə fəaliyyət göstəririk. Azərbaycan Kikboksinq Federasiyası  İdman və Gənclər Nazirliyinin, Ədliyyə Nazirliyinin əmr və sərəncamları əsasında fəaliyyət göstərir. Federasiyaya daxil olan klublar da Federasiya və Ədliyyə Nazirliyinin tələblərinə cavab verməlidir. Bu səbəbdən də hər hansı bir klub bizim icazəmizlə MMC yarada bilər. Hazırda 100-dən artıq klub fəaliyyət göstərir.
Elnur Məmmədovun (Elton Məmmədovun oğlu) açdığı klub yarış keçirdi, birinci dəfə gedib iştirak etdik. Yəni klublar yarış keçirəndə bizi də dəvət edirlər, gedib iştirak edirik. İkinci dəfə yarış Federasiyadan xəbərsiz keçirildi. Mən də dedim ki, əgər siz yarış keçirirsinizsə, federasiyanın bundan xəbəri olmalıdır. Onlar bildirdilər ki, "KABİL” Dünya Federasiyası ilə müqavilə bağlayıblar. Ancaq "KABİL” uşaq, yeniyetmə idmançı yetişdirmir. Biz 10-20 illərdir ki, uşaq idmançılar yetişdiririk, onlara maliyyə dəstəyi oluruq.  "KABİL” özəl klub kimi bir şeydi. Onun Azərbaycan Kikboksinq Federasiyasına heç bir aidiyyəti yoxdur. Buna görə də mən etirazmı bildirib, xəbərdarlıq etdim.
Cəmiyyət məsələləri şişirtməyi sevir. Mənim Elton Məmmədovla heç bir problemim olmayıb. Onunla onlarla tədbirdə, ezamiyyətdə olmuşuq. Ona heç bir iradım olmayıb.

– Federasiya olaraq, gənclərdə hərbi vətənpərvərlik hissinin aşılanması üçün nə kimi işlər görürsünüz?
– Məni artıq bir neçə universitet gənclərə "həyat dərsi”nin keçirilməsi üçün dəvət edib. Həyatda müəyyən uğur qazanmış insanlarla birlikdə gənclərə hərbi vətənpərvərlik ruhunun aşılanması ilə məşğul olacağıq. Bu gün gənclərimizin əksəriyyəti deyir ki, mən ali məktəbi bitirən kimi ölkədən gedib, pasportumu da cırıb atacağam. Axı, sənə buna kim ixtiyar verir? Bu dövlət sənin üçün edəcəyini edib, sənə öz sənədini verib. Sən hakimiyyətdən narazı ola bilərsən, amma dövlətdən narazı olmağa haqqın yoxdur. Səni Allah bu torpaqda yaradıb. Sənin haqqın yoxdur ki, bu torpağın, bu millətin haqqını itirəsən. Çox təəssüf olsun ki, bu cür gənclərimiz var. Düşünürəm ki, insanlarımız oxumalı, maariflənməli, həyata kortəbii yanaşmamalıdırlar.

 

İradə CƏLİL



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}