“Rusiya İrəvandan qisas almaq üçün Azərbaycanı savaşa təhrik edəc bilər” –Sabiq dövlət müşaviri

“Rusiya İrəvandan qisas almaq üçün Azərbaycanı savaşa təhrik edəc bilər” –Sabiq dövlət müşaviri

 

Artıq Ermənistanda rusların istəklərini yerinə yetirə biləcək bir adam belə qalmayacaq. O üzdən Moskva üzünü Bakıya tuta və Azərbaycana Dağlıq Qarabağı işğaldan azad etməyi təklif edə bilər.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq vurğulayıb ki, Rusiya Ermənistanda son baş verənlərdən sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı susqunluğunu poza bilər:

"Rusiya Serj Sərkisyana arxayın olaraq Ermənistandakı proseslərə o qədər də fəal müdaxilə etmədi. Çünki Sərkisyan söz vermişdi ki, məxməri inqilabın iştirakçılarını silah gücünə yatıracaq. Göründüyü kimi, Sərkisyan İrəvan inqilabını yatızdıra bilmədi. Nəticədə rusların ən çox etibar etdiyi adam hakimiyyətdən getdi. Artıq Rusiya əmindir ki, İrəvanda inqilabi proseslər dərinləşsə, yeni parlament seçkiləri keçiriləcək, Prezident Armen Sərkisyan və hazırda baş nazir vəzifəsini icra edən Karen Karapetyan vəzifədən getməli olacaq, nəticədə Ermənistanda qərbyönümlü simalar hakimiyyətə gələcək. Beləliklə, Rusiyanın Ermənistanda təsiri tamamilə azalacaq. Artıq Ermənistanda rusların istəklərini yerinə yetirə biləcək bir adam belə qalmayacaq. O üzdən ehtimal olunur ki, Moskva üzünü Bakıya tuta və Dağlıq Qarabağı işğaldan azad etməsi üçün şans tanımaqla, Azərbaycanla əlaqələri qoruyub saxlaya bilər”.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan çox diqqətli olmalı və əlverişli məqamın yetişməsinə rəğmən Dağlıq Qarabağ məsələsinin həllində tələsməməlidir:

"Fikir verin, Azərbaycan İrəvandakı etirazlar zamanı Sərkisyanın təxribatlarına getmədi və Dağlıq Qarabağa hücuma keçmədi. Məncə, bu, Azərbaycan prezidentinin uzaqgörənliyindən irəli gəlirdi. İlham Əliyev yaxşı başa düşürdü ki, İrəvandakı hadisələr Sərkisyanın siyasi səhnədən getməsi ilə nəticələnəcək. Hesab edirəm ki, Azərbaycan bu dəfə Rusiya tərəfindən müharibəyə təhrik edilə bilər. İndiyə qədər bu məsələlər ətrafında başlarını tutub qəzəblə baxan ruslardan hər an Qarabağla bağlı şirnikləndirici təkliflər mümkündür. Rusiya Ermənistanın itirilməsinin qarşısını almaq üçün Azərbaycan-Ermənistan qarşıdurmasını müharibə müstəvisinə qaldırmaq istəyər. Burada belə bir vəziyyət də ortaya çıxır: onsuz da Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməyə haqqı var. Ancaq indiki məqamda burada rus barmağı olduğundan, hətta şərait yetişsə belə, diqqətlə nəzərdən keçirilməlidir. Çünki Azərbaycan məhz indi hücuma keçsə və Dağlıq Qarabağı geri alsa, bu, Xocalı qatili, quldur və hərbi xunta rejiminin başçısı kimi tanınan Sərkisyanın və onun partiyasının Ermənistanda mövqeyinə müsbət təsir edə bilər. Hesab edirəm ki, Ermənistana Rusiya təsiri azalacağı təsdiqdə konstruktiv dialoq üçün imkanlar da yaranacaq və biz bundan istifadə edə bilərik”.

Politoloq onu da əlavə edib ki, İrəvanın Moskvanın nəzarətindən çıxması Ermənistandakı rus yönlü siyasətçilərin siyasi səhnədən uzaqlaşdırılmasına gətirib çıxaracaq: "İrəvan inqilabı hələ tam məqsədinə çatmayıb. Nikol Paşinyan baş nazir olmaq, yeni prezident və parlament seçkiləri keçirmək istəyir. Bu isə Ermənistanın tamamilə Rusiyanın nəzarətindən çıxaraq Avropa Birliyinin, ABŞ-ın təsirinə düşməsi deməkdir. Rusiyanın qorxduğu şeylər başına gəlir, çünki cənub sərhədində Gürcüstandan sonra ikinci bir dövlət Qərbə üz tutur. Bu isə münaqişənin dinc, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə imkan yaradır.

Mitinq iştirakçılarının mövqeyini də yəqin ki, xatırlayırsınız. Onların arasında "Tüpürüm Qarabağa” deyəcək səviyyədə mövqeyini ortaya qoyan şəxslər vardı. Çünki onlar yaxşı başa düşür ki, Dağlıq Qarabağ problemi faktiki olaraq Ermənistan dövlətinin müstəqilliyini əlindən alıb, bu ölkəni defolt səviyyəsinə çatdırıb və Ermənistanın dövlət kimi mövcudluğunu sual altına qoyub. Fakt ondan ibarətdir ki, Ermənistan sürətlə boşalır və 2030-cu ildə, Sərkisyanın özünün dediyi kimi, sərhədlərini qorumağa belə əsgər tapmayacaqlar. Belə vəziyyətdən çıxış yolu Qarabağ kartı ilə öz ölkəsində xunta quran, Ermənistanı səfil günə qoyan Sərkisyan və onun komandasından qurtulub, qonşularla normal əlaqələr yaratmaq və sivil dünyaya açılmaqdır”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}