Jurnalistikada "Cəzasızlığa qarşı Beynəlxalq Gün" kampaniyası keçirilir

Jurnalistikada "Cəzasızlığa qarşı Beynəlxalq Gün" kampaniyası keçirilir 2005-ci ildən bu günə qədər - son 10 ildə - 1042 nəfər media işçisi peşə fəaliyyətinə görə həyatını itirib

Jurnalistlərin cinayət motivli təqib və təzyiqlərə məruz qalması, peşə fəaliyyətlərinə görə həyatlarını itirməsi, həmçinin, jurnalistləri hədəf seçənlərin çox vaxt cəzasız qalmasına etiraz olaraq hər il noyabrın 23-də keçirilən "Cəzasızlığa Qarşı Beynəlxalq Gün" kampaniyası bu il daha möhtəşəm şəkildə qeyd ediləcək. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərli bildirib ki, ötən illərdə jurnalist təşkilatları səviyyəsində simvolik olaraq qeyd edilən kampaniyaya bu il beynəlxalq dövlətlərarası təşkilatların da dəstək verəcəyi gözlənilir: "Jurnalistlərin təqib və təzyiqlərə məruz qalmaları, hətta fəaliyyətlərinə görə həyatlarını itirmələri yönündə faktlar sürətlə çoxalır. 90-cı illərdən etibarən intensiv şəkil alan bu proses son illərdə daha da genişlənib. Prosesin qarşısını almaq üçün 2006-cı ildə BMT Təhlükəsizlik Şurası 1738 nömrəli xüsusi bəyannamə qəbul edib. Bu bəyannamə jurnalist təhlükəsziliyinə təminat verilməsini dünya dövlətləri qarşısında bir tələb kimi qoyub. Bəyannamədə, həmçinin, YUNESKO, ATƏT, Avropa Şurası kimi beynəlxalq dövlətlərarası təşkilatlara jurnalist təhlükəsizliyi mövzusunu xüsusi diqqətdə saxlamaq üçün çağırışı əks edilib. BJF bu il həmin beynəlxalq dövlətlərarası təşkilatlara müraciət edərək, kampaniyaya dəstək vermələrini istəyib".

Beynəlxalq jurnalist təşkilatlarının hesablamalarına görə, 2005-ci ildən bu günə qədər, son 10 ildə, 1042 nəfər media təmsilçisi peşə fəaliyyətinə görə həyatını itirib. Bunlardan 797 nəfəri jurnalist, 92 nəfəri media təşkilatlarında çalışan şəxs, 153 nəfər isə "vətəndaş jurnalistikası"nın təmsilçiləridir. Beynəlxalq təşkilatlar 1990-cı ildən sonra, son 25 ildə peşə fəaliyyətinə görə həyatını itirmiş jurnalistlərin də statistikasını hazırlamağa çalışırlar. Siyahı tamamlanmasa da, ilkin hesablamalara görə, burada 2500 nəfərdən çox şəxsin adı yer tutur.

JuHİ sədri bildirib ki, 2005-ci ildən sonrakı dövrü əhatə edən və qatilləri cəzasız qalmış mərhum jurnalistlərə həsr edilən siyahıda "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov və yazıçı- publisist Rafiq Tağının adları da yer tutur. Azərbaycan hüquq mühafizə orqanları bu qətllərin icraçılarının xarici ölkələrdə gizləndikləri üçün tutulub cəzalandırılmalarının mümkünsüz olduğunu bəyan ediblər. JuHİ əmin olduğunu bildirir ki, Azərbaycan hüquq mühafizə orqanları ötən illər ərzində bu prosesi daim diqqət mərkəzində saxlamış, cinayətkarların tapılıb cəzalandırılması üçün səylərini durdurmamışlar.

Məlumat üçün bildirək ki, 23 noyabrın "Cəzasızlığa Qarşı Beynəlxalq Gün" kimi qeyd edilməsi təşəbbüsü Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) Asiya-Sakit Okeanı bölgəsi üzrə regional qrumunun təklifi əsasında İFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında qəbul edilmişdir. Bu təqvim 2009-cu ilin noyabrında Filippində 32 jurnalistin və bir o qədər də mülki insanın həyatına son qoymuş Maqindanao qətliamının (Maguindano massacre) ikinci ildönümünü qeyd etmək üçün seçilmişdir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}