QARAKƏND FACİƏSİ: TERROR AKTI, YA XƏYANƏT?

QARAKƏND FACİƏSİ: TERROR AKTI, YA XƏYANƏT?

 

Sərdar Cəlaloğlu: "Mən helikopter qəzasının Azərbaycan tərəfinin təxribatı olması versiyasını qətiyyətlə rədd edirəm”

"Bu cür məntiqsiz, ağılsız və Azərbaycan xalqının maraqlarına zidd mövqelərin sərgilənməsi əslində Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə kölgə salır”

"Əgər 30 ildən sonra Azərbaycanın müharibə ərazisində yaşayan insanlar Rusiyanın kəşfiyyat orqanlarına cəlb olunursa, görün o illərdə vəziyyət necə olub?!”

1991-ci ilin 20 noyabrında Qarakənd səmasında baş verən dəhşətli vertolyot faciəsindən (terrorundan) 27 il ötür. Azərbaycanın nüfuzlu yüksək vəzifəli ictimai-siyasi xadimlərinin həlak olduğu həmin dəhşətli hadisə ilə bağlı müəmmalar, iddialar isə hələ də bitib-tükənmək bilmir.

27 il öncə, 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulan "Mi-8" helikopterində olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak oldu.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var.

Xalqımızın layiqli övladlarını bizdən alan bu dəhşətli faciədən 27 il ötsə də, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqləndi. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verildi. Amma hazırda cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.

Rəsmi mənbələrdə helikopterin erməni hərbi dəstələri tərəfindən vurulduğu qeyd edilsə də, Qarakənd faciəsi ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir. Bəzi mənbələrə görə, Qarakənd faciəsi Rusiyanın törətdiyi təxribat idi. (Maraqlıdır ki, qəzaya uğradılmış helikopterin qara qutuları Moskvaya göndərilmiş və hər ikisinin guya yararsız vəziyyətdə olduğu aşkar edilmişdir.)

Mərhum diplomat Vəfa Quluzadə sağlığında iddia edirdi ki, Qarakənd faciəsində Ayaz Mütəllibovun rolu olub və faciə nəticəsində Azərbaycan müqavimət qabiliyyətini itirib.

2016-cı ildə Qarakənd faciəsində həlak olan jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı isə "Mi-8" helikopterini son anda tərk edən Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini və istintaq komissiyasının sədri Tamerlan Qarayevi ittiham edir: "O vaxt belə bir versiya var idi ki, faciədə azərbaycanlıların yerli özünümüdafiə dəstəsinə rəhbərlik edən səhra komandiri "Qatır Məmməd"in əli olub. "Qatır Məmməd" həbsxanada ifadə verib ki, helikopteri vurmağı bizə Tamerlan Qarayev tapşırıb və deyib ki, helikopterlə gələn ermənilərdir. Sonra "Qatır Məmməd" həbsxanada müəmmalı şəkildə öldü. Onun bu etirafından sonra Tamerlan Qarayev ən azı şübhəli şəxs qismində dindirilməli idi. Amma bu baş vermədi...".

Sevinc Osmanqızı hesab edir ki, istintaq və parlament təhqiqat komissiyasının işlərindən mühüm dəlillərin yoxa çıxması, ikinci vertolyotun uçduğunu və yanan Mİ-8-ə yaxınlaşan maşın karvanını görən azərbaycanlı çobanın ifadəsinin silinməsi - bütün bunlar müstəqilliyini təzəcə qazanmış Azərbaycana qarşı yaxşı hazırlanmış terror aktının tərkib hissələridir.

"Qarakənd faciəsi ilə bağlı səsləndirilən bütün fikirlərin arxasında ruspərəst şəxslər dayanır”

ADP sədri Sərdar Cəlaloğlu isə 27 il əvvəl baş verən məlum hadisəyə bu cür münasibət bildirdi:

- Son vaxtlar Azərbaycanda Azərbaycanın yenidən Rusiyaya yaxınlaşdırılması, Rusiyanın imperiya maraqlarına tabe etdirilməsi istiqamətində işlər gedir. Bunun üçün ideoloji baza yaratmaq məqsədi ilə Azərbaycan xalqına qarşı saysız-hesabsız cinayətlər törədən Rusiyaya bəraət qazandırmağa çalışırlar. Bəzi üzdəniraq soydaşlarımızın 20 yanvar faciəsini Ayaz Mütəllibovun ayağına yazmaq cəhdləri, Xocalı soyqırımında Azərbaycanı ittiham etmələri, 1991-ci ildə Qarakənd kəndi üzərində helekopterin bizimkilər tərəfindən vurulduğunu iddia etmələri məhz Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən qüvvələrin Rusiyanın Azərbaycan xalqının, eləcə də beynəlxalq hüquq təşkilatlarının qarşısında bəraət qazandırmaq və xalqımızı yenidən Rusiya imperiyasının boyunduruğu altına salmaq üçün bir növ razılıq əldə etmək məqsədi güdür. Qarakənd faciəsi ilə bağlı səsləndirilən bütün fikirlərin arxasında da elə həmin ruspərəst şəxslər dayanır.

"Məsələnin mahiyyətini anlamaq üçün helikopterdəki məmurların kimliyinə diqqət eləmək lazımdır”

Məlum hadisədən 30 ilə yaxın bir vaxt keçir. 30 il bundan əvvəl o helikopterin təxribatın, yanlışlığın, təsadüfün, yaxud düşmən raketinin qurbanı olub-olmamasının bu gün müzakirə edilməsində, bu mövzunun gündəmə çıxarılmasında və bu helikopter qəzasında azərbaycanlıların ittiham edilməsində məqsəd nədir? Bilirsiniz ki, helikopter qəzası ilə bağlı Azərbaycan Prokurorluğunda istintaq işləri aparılıb, kifayət qədər ifadələr alınıb. Onu da bilirsiniz ki, müharibə şəraitində ölüb-öldürmək adi haldır. Helikopter qəzası baş verən zaman mən də Xalq Cəbhəsi Partiyasının rəhbərlərindən biri idim. Məsələnin mahiyyətini anlamaq üçün helikopterdəki məmurların kimliyinə diqqət eləmək lazımdır. O insanların arasında Azərbaycanla Ermənisatan arasındakı münaqişənin danışıqlar yolu ilə, yəni dinc yolla həll olunmasını istəyən Azərbaycan ziyalıları, o cümlədən rəhbər şəxslər vardı. Məsələn, Kosmik Tədqiqatlar İnstitutunun direktoru Tofiq İsmayılov kimi. Bu görkəmli şəxsiyyətlərin qətli Rusiyanın maraqlarına uyğun idi. Çünki məhz Rusiya ölkələrimiz arasında münaqişənin davam etməsində maraqlı idi. O üzdən də Azərbaycan və Ermənistan tərəfdən bu münaqişənin həllinə cəhd edən, təşəbbüs göstərən insanlar öldürülürdü. Konkret bir fakt gətirim. Bilirsiniz ki, Ermənistanda Dəmirçyan və onun tərəfdarları Qarabağ probleminin vasitəçi olmadan, Azərbaycanla Ermənistan arasında çözülməsini istədiklərinə görə parlamentdə güllələndilər. Onların parlamentdə güllələnməsini kim sifariş veribsə, bizim helekopterin vurulmasını da elə onlar göstəriş verib. Çünki hər ikisində məqsəd bir idi: İki xalq arasında problemin danışıqlar yolu ilə həll edilməsini əngəlləmək. Rusiyanı həmin danışıqlar masasından kənarda saxlamaq istəyən qüvvələr idi aradan götürülənlər, bizim tərəfimizdən də, Ermənistan tərəfdən də.

"Azərbaycan tərəfi nə məqsədlə helikopteri vurmalı idi?”

Ona görə də mən helikopter qəzasının Azərbaycan tərəfinin təxribatı olması versiyasını qətiyyətlə rədd edirəm. Sual verirəm: Azərbaycan tərəfi nə məqsədlə helikopteri vurmalı idi? Belə çıxır ki, Azərbaycanda hansısa qüvvələr bu faciəni törədib, günahı ermənilərin üzərinə yıxmaqla ölkələrimiz arasında münaqişə yaratmaq istəyiblər. Sizcə, bunu kim edər? Azərbaycanda hər kəs bu münaqişəyə son qoyulmasını istəyir. Bunu yalnız Rusiya edə bilər.

Tamerlan Qarayevin ittiham edilməsinə gəldikdə isə, qeyd etmək istərdim ki, onun o vaxtkı iqtidarda fəaliyyəti həddən artıq şişirdilir. Azərbaycanın yaxın tarixində ona həddən artıq böyük rol ayrılır. Təbii ki, Tamerlan Qarayev təkbaşına bu terroru törədə bilməzdi. Belə olduğu halda sual olunur ki, bəs Tamerlan Qarayev hansı qrupun üzvüdür və bu hadisəni törətməyi ona kim tapşırıb? Bax bu sualı cavablandıran yoxdur.

"Tamerlan Qarayevi günühlandıranlar əslində Heydər Əliyevi və onun komandasını ittiham edir”

Məlumdur ki, Heydər Əliyevin hakimiyyəti dönəmində Tamerlan Qarayev Azərbaycanın xarici dövlətlərdəki səfirliklərində işləyib, bu gün də Azərbaycanın İndoneziyadakı təmsilçisidir, hər zaman da hökumət tərəfindən hörmətli bir şəxs kimi qəbul edilib. Onda belə çıxır ki, Tamerlan Qarayevi günühlandıranlar əslində Heydər Əliyevi və onun komandasını ittiham edir, bu adam indi həmin komandanın üzvüdür axı. Yəni, demək istəyirlər ki, helikopterin vurulmasını da Heydər Əliyev təşkil edib, əslində bu versiyanı irəli sürənlər də var, onların iddiasına görə bu qəza Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün planlaşdırılıb.

"Belə çıxır ki, xalqımıza qarşı soyqırımı da özümüz təşkil etmişik, helikopteri də özümüz vurmuşuq...”

Bu cür məntiqsiz, ağılsız və Azərbaycan xalqının maraqlarına zidd mövqelərin sərgilənməsi əslində Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə kölgə salır. İşğal altında olan torpaqların Azərbaycana məxsus olması, bizim bu münaqişəni sülh yolu ilə həll etmək istəyimizi, ermənilərin həqiqətən işğalçı olması faktlarını arxa plana çəkir və belə çıxır ki, xalqımıza qarşı soyqırımı da özümüz təşkil etmişik, helekopteri də özümüz vurmuşuq, torpaqları da özümüz vermişik - bir sözlə, hər şeyi özümüz etmişik, özümüz özümüzlə vuruşuruq və Ermənistanın burada heç bir günahı yoxdur.

İndi mən sual verirəm: Azərbaycanda oturub Rusiya ilə Ermənistana haqq qazandırmağa çalışanlar hansı xalqa və dövlətə xidmət edirlər? Əsas məsələ budur. Təbii ki, bu yöndə iş aparanlar Ermənistan və Rusiyanın kəşfiyyat orqanları əməkdaşlarıdır.

Biz bir xalq olaraq həddən artıq həssasıq və hər şeydə bir bəd niyyət axtarırıq, hətta siyasi, hərbi hadisələri də bədiiləşdirib, onlara faciə adı veririk. Əslində isə artıq qeyd etdiyim kimi, iki düşmən tərəf arasında baş verən atışma, təxribat və ölüm-itim adi, normal haldır. Odur ki, müharibə illərində baş verən hadisələri ayrı-ayrılıqda xatırladıb, yenidən çək-çevir etməyin heç bir mənası yoxdur. Hamımız çox gözəl bilirik ki, Rusiyanın Azərbaycanın Müdafiə Nazirliyində, Azərbaycan hakimiyyətində öz adamları, casusları vardı. O zaman sübut da olundu ki, bizim qoşunlar hücuma keçəndə aramızdakı xainlər zəng vurub düşmənə bütün lazımi informasiyanı çatdırırdı, onlar da buna uyğun hərəkət edirdilər.

Sizcə, biz nə üçün Ermənistana məğlub olduq? Çünki sovet hökumətinin Azərbaycanda və Ermənistanda qalan rus hərbi zabitləri Moskvanın tapşırığı ilə iş görürdülər, Moskvanın da tapşırığı bu idi ki, Azərbaycan Ermənistana uduzdurulsun. Əslində biz müharibədə məğlub olmadıq, Rusiya imperiyasının rəhbərliyi altında uduzdurulduq. Necə ki, idmasnda hakimə rüşvət verilir, o da qalibi məğlub, məğlubusa qalib elan edir.

Yəqin ki, xəbəriniz var, bu yaxınlarda Tərtərdə ermənilərə işləyən xeyli sayda hərbçi və sadə vətəndaş aşkarlanıb. Əgər 30 ildən sonra Azərbaycanın müharibə ərazisində yaşayan insanlar Rusiyanın kəşfiyyat orqanlarına cəlb olunursa, görün o illərdə vəziyyət necə olub. SSRİ-nin tərkibindən yenicə çıxmışdıq, Dövlət Təhlükəsizlik Komitəsinin bütün agentura şəbəkəsi hələ Azərbaycanda idi, həm hökumətdə, həm orduda, həm də sadə xalqın arasında hər iki nəfərdən biri Rusiyaya işləyirdi.

"Helikopterin vurulmasına səbəb təxribatdırsa, bu təxribatı təşkil edən Rusiyanın buradakı adamları olub”

Buna görə də helikopterin vurulmasına səbəb təxribatdırsa, bu təxribatı təşkil edən Rusiyanın buradakı adamları olub. Burada yeganə günahkar tərəf Rusiyadır. Ermənistanı bizə qarşı silahlandıran da, qızışdırıb üstümüzə qısqırdan da Rusiyadır.

Bizim o vaxtkı məmurları idarə edən də Rusiya idi. Vəzirova kim demişdi ki, silahları yığışdır? Təbii ki, Rusiya. Ermənini silahlandırırdı, Vəzirovu isə məcbur edirdi ki, silahları yığışdırsın. Milli şüuru olmayan, siyasi cəhətdən uzaqgörənliyi ilə seçilməyən, xanımı yəhudi olan, Rusiya tərəfindən dəstəklənən Vəzirov da tapşırığı canla-başla yerinə yetirdi. Eləcə də Ayaz Mütəllibov Rusiyanın bütün tapşırıqlarını yerinə yetirirdi.

Kİmsə Tamerlanın şəxsiyyəti ilə bağlı fikir söyləmək istəyirsə, gərək desin ki, Tamerlan Qarayev Rusiyanın agentura şəbəkəsinə cəlb olunub. Şəxsən mən bunun heç bir əlamətini görmürəm. Təbii ki, öz şəxsi maraqlarını müdafiə etmək üçün hansısa siyasi oyunlara gedə bilməsi də istisna olunmur. Amma bundan uzağa gedən heç bir fəaliyyəti ola bilməzdi. İstənilən halda bu məsələ ilə bağlı Tamerlanın məsuliyyətə cəlb edilməsinə çalışan şəxslər onu Azərbaycan vətəndaşı kimi deyil, Rusiyanın Azərbaycandakı casusu kimi təqdim etməlidir. Amma bunun üçün dəlil-sübut gərəkdir.

Bəzi Azərbaycan səfirlərinin bu günkü acınacaqlı durumu göz qarşısındadır. Belə bir vəziyyətdə daha bir səfirimizi - Tamerlan Qarayev vətənə xəyanət kimi ağır bir cinayətdə ittiham olunur, bu dövlətimizi beynəlxalq aləmdə nüfuzdan salır, axı.

Doğrudur, dövlət məmurlarının böyük əksəriyyəti həqiqətən dövlət malına xor baxan cinayətkarlardır, amma elə məsələlər var ki, onları öz aramızda, ölkə daxilində həll etməliyik, çünki onların beynəlxalq arenaya çıxarılması dövlətimizin imicinə çox ciddi zərbə vurur.

"Hər halda bu günə qədər Tamerlan Qarayevin ifadəsi alınmalı idi”

Tamerlan Qarayev dəfələrlə bildirib ki, bütün bu illər ərzində ondan məlum hadisələrlə bağlı bircə dəfə də olsa izahat alınmayıb. Bəlkə Tamerlandan ifadə alınsa, bu qaranlıq olayla bağlı bir çox həqiqətlər üzə çıxacaq? Yaxud ola bilsin, deyəcək ki, bəli, bu qəzanın təşkilatçısı mənəm, amma filan adamların tapşırığı ilə bunu etmişəm? Hər halda bu günə qədər onun ifadəsi alınmalı idi. Özü bunu istədiyi, xahiş etdiyi halda nədən indiyədək dindirilmədiyi müəmma olaraq qalır.

Qarakənd faciəsi kimi tarixiləşən olayda adı gedən Tamerlan Qarayevin bu günədək istintaqa cəlb edilməməsi belə düşünməyə əsas verir ki, istintaq aparan adamlar qəza ilə bağlı həqiqətlərin üzə çıxarılmasında maraqlı deyillər.

Belə olan təqdirdə nə haqla Tamerlan Qarayevə qarşı ittiham irəli sürülə bilər? Axı bu adam gördüklərini, bildiklərini söyləməkdən imtina etmir. Deməli, Tamerlandan ifadə almayan adamlar, bu gün onu ittiham edənlər və 1991-ci ildə helekopteri vuranlar eyni cəbhədədirlər. Məntiq bunu deyir. Çünki nəticə etibarilə bunların üçünün də fəaliyyəti eyni məqsədə xidmət edir.

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}