RUSİYA ABŞ-LA NÜVƏ SAVAŞINA HAZIRLAŞIR

RUSİYA ABŞ-LA NÜVƏ SAVAŞINA HAZIRLAŞIR

 

Ramil Məmmədli: "Ağ Ev yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bəyan etməklə, əslində Kremlin sinir sistemini yoxlayır"

"Rusiyada istehsal olunan yer-yer tipli taktik raket sisteminin Amerikaya hər hansı təhlükə yaradacağına inanmıram"

ABŞ prezidenti Donald Trampın ölkəsinin yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxacağını bəyan etməsi Rusiyanın ciddi narazılığına səbəb olub. Eyni zamanda, bu, tərəflərin bir-birini ittiham etməsinə, Kremllə Ağ Evin üz-üzə qalmasına gətirib çıxarıb. Məsələn, bugünlərdə məsələ ilə bağlı açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya və ABŞ arasında yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin ləğvi nüvə müharibəsi riskini artırır. Onun sözlərinə görə, Ağ Ev Administrasiyasının silahlarla bağlı beynəlxalq sistemi sındırması kursunun götürməsindən sonra yeni epoxa barədə danışmaq olar: "Rusiya "soyuq müharibə" dövrünə xas olan silah yarışına daxil olmayacaq və ortaya çıxan təhlükələrə assimetrik cavab verəcək. Prezident bunu olduqca dəqiq ifadə etdi. ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxması nəticəsində yaranan təhlükəyə qarşı biz hərbi texniki vasitələrlə qarşılıq verəcəyik".

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, publika.az-ın məlumatına görə, Rusiyanın "Arsenal Oteçestva" jurnalının hərbi eksperti Aleksey Leonkov "RS-28 Sarmat" qitələrarası raketlə bağlı məqaləsində onun bütün ABŞ-ı məhv edə biləcəyini iddia edib. Leonkov hesab edir ki, ABŞ-ın bütün əhalisinin məhv edilməsi üçün 10 ədəd "RS-28 Sarmat" qitələrarası balistik raket yetərlidir. Hərbi ekspertin hesablamalarına görə, qitələrarası ballistik raketlər nüvə müharibəsində birinci alət olacaq. Məhz onların zərbəsi dövlətin təhlükəsizliyi üçün cavab verən bütün elektron aparaturanı və silah sistemlərini tamamilə məhv etməyə qadirdir. Leonkov qeyd edib ki, Rusiya və ABŞ arasında müharibə baş verəcəyi halda, "Sarmat"lar hədəfə çatmaq üçün tamamilə kifayət edəcək.

"Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilənin mövcudluğu formal xarakter daşıyır"

Картинки по запросу Ramil Məmmədli

Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilənin 1987-ci il dekabrın 8-də ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan və SSRİ-nin keçmiş rəhbəri Mixail Qarbaçov arasında imzalandığını xatırladan hərbi-siyasi icmalçı Ramil Məmmədli "Hürriyyət"ə açıqlamasında bildirdi ki, məhz bundan sonra iki ölkə arasında bir-birinə nüvə başlıqlı raketlərdən zərbə endiriləcəyinə dair narahatlıq aradan qalxıb: "Lakin həmin dövrə qədər bu narahatlıq var idi və hətta bir neçə dəfə belə bir təhlükə yaranmışdı. Həmin müqavilənin imzalanması həm də iki ölkə arasında olan "soyuq müharibə"nin bitməsi də demək idi. Qeyd edim ki, 1991-ci ilin ortalarına, yəni SSRİ real mövcud olana qədər sovet hökuməti xeyli sayda yaxın və orta mənzilli raket sistemini məhv etdi. ABŞ isə hardasa ondan 2 dəfə az bu raket sistemlərini məhv etdi. Bildiyiniz kimi, ABŞ 2018-ci ilin ortalarından başlayaraq, həmin müqavilənin birtərəfli ləğv olunması ilə bağlı fikirlər səsləndirir. Rusiya isə ABŞ-ın siyasi xəttini qovmaqla məşğuldur. Daha doğrusu, Moskva "Əgər ABŞ müqavilədən çıxarsa, biz belə edəcəyik" kimi açıqlamalarla çıxış edir. Əslində isə bu müqavilənin mövcudluğu formal xarakter daşıyır. Ona görə ki, 1980-ci illərin sonlarına qədər dünyada yaxın və orta mənzilli raketlərə malik əsasən 2 dövlət var idisə, bu gün demək olar ki, bir çox ölkələrdə bu tip raketlər mövcuddur. Yəni bu gün, həmin sazişin iki ölkə arasında imzalanması və riayət olunması formal məsələdir. Odur ki, ABŞ-ın məqsədlərindən biri bu müqavilənin iki ölkə arasında ləğv olunması və genişləndirilməsidir. Çünki hazırda yaxın və orta mənzilli raketlər Rusiya və ABŞ-dan başqa daha bir neçə ölkədə var". Ağ Evin yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bəyan etməklə, əslində Kremlin sinir sistemini yoxladığını deyən ekspert hesab edir ki, ABŞ bu yolla Rusiyanın vəziyyətdən necə çıxacağını, hansı addımlar atacağını müəyyənləşdirməyə çalışır: "Düşünürəm ki, mövcud vəziyyətdə müqavilənin ləğv olunması belə, Rusiya-ABŞ münasibətlərini daha da gərginləşdirməyəcək. Çünki kifayət qədər gərgindir".

"Bu gün Rusiya Silahlı Qüvvələrinin arsenalında mövcud olan raket sistemlərinin hamısı 70-80-ci illərin sovet hərb elminin nümunələridir"

"RS-28 Sarmat" qitələrarası ballistik raket kompleksi ilə bağlı məqama gəlincə, Ramil Məmmədli qeyd etdi ki, bu gün Rusiya Silahlı Qüvvələrinin arsenalında mövcud olan raket sistemlərinin hamısı 70-80-ci illərin sovet hərb elminin nümunələridir: "Bu gün Rusiya müdafiə sənayesi elmi həmin dövrün fundamental müdafiə sənayesi sisteminə yaxınlaşa bilmir. Yalnız mövcud olan sistemlərin modernləşdirilməsi ilə məşğuldurlar. Yəni bu gün dünyaya təqdim etdikləri həm yerüstü texnikalar, həm də raket və aviasiya sistemləri 70-80-ci illərin nəzəri elmi bilikləridir, sadəcə, hazırda onu istehsalata yönəldiblər. Hətta bəziləri elə o vaxt istehsal olunub, indi isə modernləşdirirlər. Avropalıların "şeytan" adlandırdığı "Sarmat"ın istehsalı da 1980-ci illərin ortalarından başlanılıb. Bu raket sistemi hələlik tam olaraq silahlanmaya verilməyib. ABŞ hava hücumundan müdafiə sistemi zəif olarsa, o zaman onun ABŞ-ı məhv edə biləcəyi ilə bağlı deyilənlər inandırıcıdır. Lakin etiraf etməliyik ki, ABŞ hava hücumundan müdafiə sistemi kifayət qədər güclüdür və Karib dənizi gərginliyindən sonra Amerika hava hücumundan müdafiə sistemini əsaslı şəkildə yeniləyib. Yəni dünyanın super dövləti olan ABŞ ona ünvanlana biləcək hava hücumlarını öncədən bildiyinə görə, hava hücumundan müdafiə sistemini daim gücləndirir. Bu baxımdan, Rusiyada istehsal olunan və yaxın iki ildə silahlanmaya veriləcəyi gözlənilən yer-yer tipli taktik raket sisteminin Amerikaya hər hansı təhlükə yaradacağına inanmıram".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}