"Paşinyan qorxur ki, kompromisə getsə, RUSİYA ONU DEVİRƏ BİLƏR"

"Paşinyan qorxur ki, kompromisə getsə, RUSİYA ONU DEVİRƏ BİLƏR"

 

Məhəmməd Əsədullazadə: "Hazırkı status-kvonun qorunması müharibə variantını yaxınlaşdırır"

Kənan Paşayev: "Paşinyan "Qarabağ klanı"ndan ehtiyat etdiyi üçün danışıqlarla bağlı müsbət addımlar ata bilmir"

Zeynal Əmrəliyev: "Koçaryanın mətbuat katibinin açıqlaması Paşinyan hökumətinə qarşı beynəlxalq ictimaiyyətin diqqətini çəkmək məqsədi güdür"

Nikol Paşinyan Ermənistanın baş naziri postuna seçildikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif səpkili, daha doğrusu bir-birini təkzib edən açıqlamalar verib. Belə ki, o, gah Ermənistanın müdafiə naziri David Tonoyanın mövqeyini dəstəkləyərək müharibənin tərəfdarı olduğunu, gah da münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb. Buradan da belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan düşmən ölkənin baş naziri olsa da, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret, eyni zamanda şəxsi mövqeyə malik deyil. Görünən odur ki, o, həm Rusiyadan, həm də Kremlin dəstəyinə arxalanan Dağlıq Qarabağdakı separatçı rejimdən - "Qarabağ klanı"ndan ehtiyat etdiyi üçün gah nala, gah da mıxa vurmaqla vaxt qazanmağa çalışır.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın mətbuat katibi Viktor Soqomonyan mövzu ilə bağlı Rusiyanın Federal Xəbərlər Agentliyinə müsahibəsində Nikol Paşinyan və komandasının hələ də hansı prinsiplər əsasında danışıqlar aparacaqlarının bəyan etmədiklərini bildirib. Bu barədə axar.az-da yayılan informasiyada deyilir ki, Soqomonyanın fikrincə, erməni hökumətinin bu siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qeyri-konstruktiv adlandırıla bilər: "Bununla bağlı müəyyən təhlükələr var. Xüsusilə ehtiyat edirik ki, erməni hökumətinin bu siyasətini beynəlxalq ictimaiyyət qeyri-konstruktiv adlandırsın. Bu isə döyüş fəaliyyətlərinin yenilənməsinə gətirib çıxara bilər. Bu, arzuolunmaz ssenaridir. Ümid edirəm ki, ən yaxın zamanda erməni tərəfi özünün prinsiplərini elan edəcək".

Ermənistan tərəfi 9 rayondan ordumuzun mövqelərini atəşə tutub

Hərbi əməliyyatların yenidən başlama ehtimalından söz düşmüşkən, nəzərinizə çatdıraq ki, düşmən tərəfi aprelin 28-də hücum mövqeyinə keçərək, 9 rayondan ordumuzun mövqelərini atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Qeyd olunur ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ey zamanda, işğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bundan bir gün öncə, yəni aprelin 27-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri işğal altında olan Qarabağda növbəti hərbi təlimlərə başlayıb. Bununla bağlı ordu.az-ın erməni mediasına istinadən yaydığı informasiyada deyilir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qarabağın cənub istiqamətində dislokasiya olunan hərbi birləşmənin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin təşkili və gediaştını Qarabağdakı qanunsuz hərbi birləşmənin "komandiri" general-mayor Karen Abrahamyan, Ermənistan hərbi inspeksiyasının rəisi general-polkovnik Movses Hakopyan izləyib. Bildirilir ki, təlimlərin məqsədi cəlb edilən şəxsi heyətin vərdişlərinin, müdafiə və hücum döyüşlərinin aparılması üçün müvafiq praktiki təcrübənin artırılmasından ibarət olub. Təlimlərə tank və artilleriya bölmələri cəlb edilib.

Bu arada, Belarus prezidenti Aleksandr Lukaşenko bugünlərdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Belə ki, ATƏT-in Avropadakı münaqişələrə göz yummamasının vacibliyini vurğulayan Lukaşenko hesab edir ki, adıçəkilən quruma üzv ölkələrin dövlət başçıları da təhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək üçün görüş keçirməlidirlər: "Həll ediləcək xeyli problemlər yığılıb qalıb - Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələlərə biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm, hərçənd bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir".

"Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konkret planı yoxdur"

Картинки по запросу Məhəmməd Əsədullazadə

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, ATƏT-in Minsk Qrupunun, BMT-nin və Azərbaycanın üst-üstə düşən proqramı olsa da, hazırda Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konkret planı yoxdur:"Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan da ötən gün əsas plan üzrə danışıqlar aparmadıqlarını qeyd edib. Hesab edirəm ki, Ermənistan tərəfi bu yanaşma ilə danışıqlarda manipulyasiya edirlər. Amma bu siyasət Qarabağda silahları tətikləyə bilər".

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi çalışır ki, Qarabağla bağlı danışıqlarda real nəticələr əldə olunmasın: "Artıq Paşinyan xalqa arxalanan hakimiyyətini gətirib Qarabağla bağladı. Qorxur ki, kompromisə getsə, o zaman Rusiya onu devirə bilər. Halbuki, Qərblə sıx inteqrasiyada olsaydı, Kremlin mövqeyini zəiflədə bilərdi. Göründüyü kimi, artıq o, da sələflərinin yolunu getməyə başlayır. Aydın məsələdir ki, Qərb münaqişənin həllində ərazi bütövlüyünü irəli sürür. Rusiya isə münaqişənin həllinə nəzarət mexanizmini qorumağa, əlində saxlamağa çalışır. Odur ki, fikrimcə, hazırkı status-kvonun qorunması müharibə variantını yaxınlaşdırır".

"Əgər atdığı addımlar həm Rusiyanın, həm də Qərbin maraqlarına uyğun olmazsa, onda Paşinyan hakimiyyəti asanlıqla devrilə bilər"

Картинки по запросу Kənan Paşayev

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, Ermənistan hökumətinin hələ də danışıqları hansı prinsiplər əsasında davam etdirəcəyini bildirməməsinin əsas səbəbi həm ölkə daxili, həm də ölkə xarici təzyiqlərdən ehtiyat etməsi ilə bağlıdır: "Hazırda Nikol Paşinyanı ən çox maraqlandıran onun bir dövlət başçısı kimi dayağıdır. Təqribən 1 ildən bir az artıqdır ki, hakimiyyətdə olan Paşinyanın dövlət daxilində əleyhinə olan kifayət qədər güc var. Bu müddət ona özünə güclü dayaq yaratmaq üçün kifayət etmədi. Əgər atdığı addımlar həm Rusiyanın, həm də Qərbin maraqlarına uyğun olmazsa, onda Paşinyan hakimiyyəti asanlıqla devrilə bilər". Kənan Paşayevin fikrincə, Qarabağ mövzusunda Paşinyanın ən çox ehtiyat etdiyi qüvvə "Qarabağ klanı"dır: "Ki, bu klan da birbaşa Rusiyanın nəzarəti altındadır. Paşinyan ən çox bu klandan ehtiyat etdiyi üçün Qarabağ danışıqları ilə bağlı müsbət addımlar ata bilmir. Təbii ki, Paşinyan hökumətinin bu qeyri-müəyyənliyi müharibə yolunu qaçılmaz edir. Lakin bu addımların müharibəni tezləşdirəcəyini demək çətindir. Çünki sülh kimi müharibə də beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olmalıdır".

"Qarabağ klanı" anlayır ki, Paşinyanı ancaq Qarabağ məsələsindən istifadə etməklə devirmək mümkündür"

Картинки по запросу Zeynal Əmrəliyev

Məsələ ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Zeynal Əmrəliyev isə bu qənaətdədir ki, Robert Koçaryanın mətbuat katibinin açıqlaması Paşinyan hökumətinə qarşı beynəlxalq ictimaiyyətin diqqətini çəkmək məqsədi güdür: "Həm Robert Koçaryan, həm də Serj Sarkisyan Qarabağ məsələsini Nikol Paşinyandan yaxşı bilir. "Qarabağ klanı" anlayır ki, Paşinyanı ancaq Qarabağ məsələsindən istifadə etməklə devirmək mümkündür. Lakin məsələnin savaşa qədər irəliləyəcəyi güman etmirəm. Onsuz da Ermənistan əvvəlki hökumətlərin vaxtında da qeyri-konstruktiv mövqedə olub. Odur ki, bu cür bəyanatlar sadəcə "Qarabağ klanı"nın Paşinyanla mübarizəsinin nəticəsində meydana çıxır".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}