“Reina” terrorunun gözlənilməz təfərrüatları

 

İstanbulun Ortaköy rayonundakı məşhur gecə klubu "Reina"da 39 nəfəri qətlə yetirmiş terrorçunun axtarışları davam edir. Qatilin valyuta mübadiləsi məntəqəsində ikən çəkilən fotoşəkilləri Türkiyə mətbuatı tərəfindən yayımlanıb. Əlavə olaraq bildirilir ki, teraktla bağlı istintaqa cəlb olunanların sayı 12-yə yüksəlib.

İstanbul Terrorla Mübarizə İdarəsinin (TEM) əməkdaşları, təhlükəsizlik kamerasının lentə aldığı videogörüntülərdən terrorçunun başqa fotoşəkillərini də ələ keçirib. Sözügedən görüntülərdə qatilin qıyıq gözləri və geniş almacıq sümüyünə malik üzü diqqətəlayiq məqamlardandır.

Virtualaz.org verir ki, RTÜK tərəfindən yayım qadağası elan olunsa da, "CNN Türk"ün müxbiri Hakan Tunç bəzi məlumatları yaya bilib:

"Terrorçunun axtarışı davam edir. Qatilin milliyyəti, fotoşəkli, əlaqələri və üzü aydınlaşdırılıb. Adı açıqlanmasa da, artıq bütün məlumatları ələ keçirilib. Polis dünən gecə şübhəlinin fotoşəkillərini də yayıb. 

Təhlükəsizlik xidməti əməkdaşları bütün dəlilləri toplayıb və araşdırmalarını davam etdirir. Terrorçu avtomatik silahdan istifadə edib və qaçanda onu hadisə yerində qoyub. Bu da dəlil kimi araşdırılır.

Terakt 01:15-də başlayır və 01:22-də terrorçu qaçır. Cəmi 7 dəqiqə ərzində qatil 39 nəfəri öldürür, 65-ni yaralayır, əynini dəyişir və yoxa çıxır. Təhlükəsizlik kameralarından görünür ki, terrorçu kluba atəş açaraq daxil olub. Onun gəldiyini görən vətəndaşlar gizlənməyə yer axtarıblar. Videogörüntüləri tədqiq edən təhlükəsizlik xidməti əməkdaşları terrorçunun peşəkar bir qatil olduğunu düşünürlər.

Bir-bir bütün təhlükəsizlik kameraları araşdırılır. Taksiyə harada minib, hansı istiqamətdə irəliləyərək "Reina"ya çatıb, hamısı aydındır. Qatilin bütün əlaqələri müəyyənləşdirilib. Ehtimal edilir ki, o, daha öncə də kəşfiyyat məqsədilə hadisə yerinə gəlib. Klubla bağlı geniş məlumata sahib olduğu düşünülür".

Təqaüddəki polkovnik-leytenant Abdullah Ağar da terrorçu ilə bağlı diqqətəlayiq məqamları aşkar edib.

Ağarın dediyinə görə, qatil avtomatdan cəld istifadədə mahirdir, belə bir qabiliyyətə malik olmaq üçün minlərlə güllə atmaq lazımdır. O ehtimal edir ki, terrorçu real silahlı qarşıdurmalarda iştirak edib və təcrübəlidir. Çünki onun günahsızları öldürmək mövzusunda heç bir tərəddüdü nəzərə çarpmır. Ağarın dediyinə görə, o, peşəkar bir qatildir, yaxın məsafə atışlarında olduqca təcrübəlidir. Sabiq polkovnik-leytenant bunu da əlavə edir ki, qatilin addımlarının simmetrik olmaması onun sağ ayağından güllələndiyi ehtimalını ortaya çıxarır.

Hazırladı: Rüstəm İsmayıl



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}