“Bərəkət İnşaat”ın sahibindən 1 milyon manatı kim və necə alıb?

 

Ləğv olunmuş MTN-in bir qrup əməkdaşının cinayət işi üzrə məhkəmə istintaqı başlanıb. Onların arasında adıçəkilən nazirliyin İstintaq Baş İdarəsinin 2-ci bölməsinin rəisi polkovnik-leytenant Vüsal Ələkbərov da var. Polkovnik-leytenant MTN "çete”sinin digər üzvləri kimi öz rəisi Mövlam Şıxəliyev və digərləri ilə birgə sahibkarlara, iş adamlarına hədə-qorxu gəlməkdə, onlardan şantaj yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunur.

Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin sahibkarın dostu barəsində ağır sözlər söyləməsinə sərt cavabı Akif Qurbanova baha başa gəlib. İki gün sonra MTN-ə çağırılan sahibkar həbs olunacağı ilə hədələnib, şantaj olunub.

Zərərçəkmiş qismində istintaqa daha bir sahibkar - "Bərəkət İnşaat” MMC-nin sahibi Akif Qurbanov ifadə verib. A.Qurbanov 2002-ci ildə "Aq İnşaat” MMC, "İnşaatçı” MMC, "ABM EV”, "Bərəkət İnşaat” MMC-ni təsis edərək paytaxtda tikinti sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun "Texnikabank” ASC-nin İdarə Heyətinin sədri, həmyerlisi Etibar Əliyevlə işgüzar münasibətləri olub. İfadəsində MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevi 1990-cı illərdən tanıdığını göstərib. Köhnə tanışlar 18 oktyabr 2012-ci ildə "Buta Palace” şadlıq evində keçirilən toy mərasimində rastlaşıblar. Söhbət əsnasında A.Qurbanov dostu Etibar Əliyevin barəsində MTN-də aparılan istintaqla maraqlandıqda M.Şıxəliyev sonuncunun ünvanına nalayiq sözlər işlədib. Bunu həzm edə bilməyən A.Qurbanovsa "sənin vəzifənə, şəxsiyyətinə yaraşmır belə sözlər” deyə cavab verib.

 

Bu söhbətin üstündən cəmisi iki gün keçəndən sonra onu MTN-ə çağırıblar. İş adamına MTN-dən zəng vuran Rövşən adlı müstəntiq onu şöbə rəisi Vüsal Ələkbərovun yanına çağırıb. Ertəsi gün sahibkar dostu Məhəmməd Məmmədovun maşını ilə MTN-ə gedib. Hansı səbəbə görə çağırıldığını bilməyən A.Qurbanov bir saata kimi gözlədikdən sonra onu Vüsal Ələkbərov öz otağına aparıb. Onunla aqressiv danışaraq "sən dövlətə qarşı çıxırsan, Etibar müəllimə görə adam yığmısan, mitinq etmisən” deməklə hədələyib, apardığı tikinti işlərini saymağa başlayıb, Etibar Əliyevlə şərik olduğunu söyləyib. Təmkinini pozmayan sahibkar şöbə rəisinə "Texnikabank”dan kredit götürüb tikinti apardığını, krediti vaxtlı-vaxtında qaytardığını, digər banklardan da bu formada kredit götürüb sahibkarlıqla məşğul olduğunu izah edib. Səsinin tonunu yüksəldən V.Ələkbərov "səni tutacağıq, onda bilərsən dövlətə qarşı çıxmaq nədir” deməklə şantaja əl atıb, ondan sahib olduğu bütün tikinti şirkətlərinin sənədlərini gətirməsini tələb edib. Sənədləri yalnız məhkəmə qərarı ilə təqdim edəcəyini deməsi V.Ələkbərovu qəzəbləndirib. Odur ki, "hələ gözlə, görək rəhbərlik icazə verəcəkmi sənin getməyinə” deməklə sahibkarı axşama qədər MTN-də saxlayıb. Sonrasa çağırış vərəqəsi verərək səhər gəlməsini tələb edib.

Bir gün sonra ailə üzvləri ilə birgə Dubaya yola düşəcək iş adamı səfəri təxirə salmağa məcbur olub və ertəsi gün yenidən MTN-ə gedib. Bu dəfə sahibkar daha da aqressiv qarşılanıb. Belə ki, V.Ələkbərov onu əvvəlcə öz otağına, sonra isə Mövlam Şıxəliyevlə Təhsin Ağayevin yanına aparıb. Köhnə tanışı ona ”mən istəsəm, sənin bütün tikintilərini yoxlayaram, bilirəm necə işləyirsən, necə tikirsən” dedikdən sonra otaqdan çıxıb. Bir neçə saat keçib, bu dəfə onu Təhsin Ağayev qəbul edib. O, Mövlam Şıxəliyevin nazirlə getdiyini, sahibkarın 1 milyon manat gətirməyi ona tapşırdığını bildirib. İş adamı heç bir cinayəti olmadığı halda onlara bu qədər pulu verməyəcəyini bəyan edib. T.Ağayev isə "zənn et ki, mən bu sözləri sənə deməmişəm, sənə qadağa qoyulub, Dubaya getmə” deməklə xəbərdarlıq edib və nazirlikdən buraxıb.

MTN-də buraxıldıqdan bir gün sonra Dubaya yola düşən iş adamının "Zaminbank”ın Xəzər filialının müdiri işləyən oğlu Teymur Qurbanov MTN-ə aparılıb: "Oğlum Vüqar zəng vurub dedi ki, MTN tərəfindən ölkəyə girişimə qadağa qoyulub. Vüsal Ələkbərov Dubaya getməyimi bilən kimi oğlum Vüqar Qurbanovu MTN-ə çağırıb ona hədə-qorxu gəlib. Deyib ki, atanı çağır gəlsin, yoxsa sizin başınıza oyun açacağam. Hər gün Vüqarı MTN-ə çağırıb axşama kimi orada saxlayıb, təcili 1 milyon gətirməyi tələb edib. Həbs olunacağımdan qorxduğum üçün bir ay Dubayda qaldım, viza vaxtı bitdikdən sonra bir aylıq Rusiyaya getdim”.

Rusiyada olduğu müddətdə Vüsal dəfələrlə sahibkara zəng vurub "gəl, səni aeroportda qarşılayacağam, problem olmayacaq” desə də, A.Qurbanov ondan adına qoyulmuş qadağanın götürülməsini istəyib. Sonrasa bir müddət Türkiyədə qalmalı olub. Yenidən V.Ələkbərov telefon açaraq "stopu götürmüşük, gəl işini həll edək” deyib. Nəhayət, iş adamı 2013-cü ilin yanvar ayının əvvəllərində Azərbaycana dönüb. MTN-dən zəng vuran müstəntiq V.Ələkbərovun onu çağırdığını bildirib. İş adamı "məni narahat etməyin, hələ pulu düzəltmək üçün mənə vaxt lazımdır” deyib.

Şantajla üzləşən sahibkar həm özünün, həm də oğlunun həbs olunacağından ehtiyat edərək tələb olunan məbləği MTN əməkdaşına verib: "2013-cü ilin yanvar ayında 1 milyon manatı "Briz-L” klinikasının qarşısında Vüsala verdim. Vüsal dedi ki, bu məsələni kimsə bilsə, bizdə material hazırdır, səni və oğlanlarını həbs edəcəyik. O vaxtdan sonra bir daha mənimlə əlaqə saxlamadı. MTN-ə verdiyim pulu borc almışdım. Borclarımı ödəmək üçün "Yapı KrediBank”dan 500 min manat kredit götürmüşdüm, hazırda banka kredit ödəyirəm. Hədə-qorxulara məruz qaldığıma görə səhhətimdə ciddi problemlər yarandı”.



Oxşar Xəbərlər

Xəbər lenti