"Sevin ki, generalın əlinə düşməmisən" - 3,4 milyon Bakıdan necə çıxarılıb?

"Sevin ki, generalın əlinə düşməmisən" - 3,4 milyon Bakıdan necə çıxarılıb?

 

3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsin atasının məhkəməsi keçirilib.

Sozcu.info xəbər verir ki, Bakı sakininin 3,4 milyon ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Ç.Abdullayev özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə ilk olaraq zərərçəkmiş şəxs qismində Tofiq Zülfüqarov ifadə verib.

O, təqsirləndirilən şəxsi tanımadığını, onunla sadəcə telefon əlaqəsinin olduğunu deyib.

Zərərçəkmiş deyib ki, Çingiz Abdullayevin oğlu Loğman Abdullayev onu aldadıb: "Çingizin bu işdə əlinin olub-olmadığını bilmirəm. Onu deyə bilərim ki, oğlu mənim pullarımı ölkədən çıxarıb. Qazaxıstanda mənim pullarımdan əmlak əldə edilib. Loğman Abdullayev ələ keçirdiyi 3.4 milyon manatdan yalnız 1.6 milyon manatı geri qaytarıb. Qalan pullarının geri qaytarılmasını tələb edirəm".

Zərərçəkmiş şəxs necə qaçırılması və pullarının ələ keçirilməsi haqda da danışıb.

O deyib ki, hadisə günü maşınının qarşısı kəsilib: "Evimin qabağında maşınımı saxlatdırdılar. Loğman cibindən vəsiqə çıxardı. Öznü MTN əməkdaşı kimi təqdim etdi. Sonra məni maşına qoyub apardılar. Maşında Emin və Pərviz var idi. Həzi Aslanova gəldik və mənə dedilər ki, "sənin evində əmanət var, Avropa Oyunları qabağı terrrorla bağlı bizdə məlumat daxil olub". Sonra mənim yaşadığım mənzilə daxil olduq. Seyfdən pulları çıxartdım. Həmin pullardan 100 min dolları özümə götürdüm. Digər 3.4 milyon dolları Loğmana verdim. Sonra məni özləri ilə apardılar. Ondan soruşdum ki, "Loğman, sən kimsən"? O, MTN kapitanı olduğunu dedi və bildirdi ki, "sevin ki, generalın əlinə düşməmisən". Mənim işimi həll edəcəklərini söylədilər".

Prokuror Samir Abdinov zərərçəkmişə sual verib: "Sənin nə səhv işin var idi ki, ondan qorxurdun".

T.Zülfüqarov isə heç bir səhv işinin olmadığını, həmin zaman MTN əməkdaşları bir neçə şəxsi tutduğu üçün qorxduğunu deyib: "Buna görə onlarla razılaşdım. Məni dörd gün evdə saxladılar. Yemək-içmək verdilər. Sonra Loğman mənə dedi ki, "sənin işin araşdırılır, lakin indi səni xaricə göndərəcəyik". Biletimi alıb xaricə getdim"".

Qeyd edək ki, Ç.Abdullayevə 5 maddə üzrə ittiham irəli sürülüb. Ona oğlu Loğman Abdullayevin cinayət işi ilə əlaqədar olaraq cinayət işi açılıb. Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinir.

Bildirək ki, Ç.Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min dollarını dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdullayev və Tural Qasımov saxlanılıb.

Həmin şəxslərə də yuxarıda qeyd edilən maddələrlə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda həmin şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. /musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti