Azərbaycanda Əfqanıstan döyüşçülərinin yeni müharibəsi

 

Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçıları yenə müharibə vəziyyətindədir, amma bu dəfə onlar mücahidlərlə yox, əfqan müharibəsi veteranlarını birləşdirən ictimai birliyin sədri ilə döyüşürlər. Əlbətdə, bu döyüş Əfqanıstan dağlarında yox, Azərbaycanın məhkəmə salonlarında gedir.

Sozcu.info xəbər verir ki, Əfqanıstan müharibəsi veteranlarının bir qrupu həmin ictimai birliyin (Rəsmi adı-Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi) sədri Məhəmməd Vəliyevi dövlət tərəfindən onlara ayrılmış hektarlarla torpaq sahəsini satıb talamaqda, üstəlik torpaq sahəsi ayırmaq üçün 100-dən çox veterandan pul almaqda və digər bu kimi dələduzluq əməllərində ittiham edir.

Əslində veteranların hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətləri əsasənda Məhəmməd Vəliyevin barəsində çoxdan cinayət işi qaldırılıb və hazırda onun işi üzrə məhkəmə prosesi gedir. Lakin bu məhkəmə prosesində zərərçəkən yoxdur, şikayətçiləri məhkəmə ancaq şahid qismində tanıyıb və veteranlar deyirlər ki, Məhəmməd Vəliyev yüklü miqdarda rüşvət verməklə öz işini yüngülləşdirib, nəticədə məsuliyyətdən yayınmaq üzrədir.

Məhəmməd Vəliyevdən şikayət edən Əfqanıstan veteranları cəmi 103 nəfərdir. Onların bir qrupu-Əhməd Maşıyev, Arif Əsgərov , Azər Mustafayev və digərləri redaksiyamıza müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsində Vəliyevin işi üzrə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə davam etməkdə olan məhkəmə prosesinin gedişindən narazılıq ediblər.

Dələduzluq, rüşvət alma, sənədlərin saxtalaşdırılması kimi cinayətlərdə ittiham edilən Məhəmməd Vəliyevin və ictimai birliyin digər səlahiyyətli şəxsi Cavan Əhmədovun işi üzrə məhkəmə prosesi bu ilin fevralında başlayıb. Məhəmməd Vəliyevin barəsində cinayət işinin qaldırılması üçün onun rəhbərlik etdiyi təşkilatın üzvlərinin çoxsaylı şikayətləri əsas götürülüb.

Şikayətçilər deyirlər ki, 2005-ci ildə dövlət tərəfindən Əfqanıstan müharibəsinin veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün onların maraqlarını təmsil edən ictimai birliyə Hövsan yaxınlığında 10.3 hektar torpaq sahəsi ayrılıb. Amma M.Vəliyev həmin torpaqların bir hissəsini Əfqanıstan veteranı olmayan ayrı-ayrı şəxslərə satıb.

Habelə veteranların özlərinə həmin torpaq sahələri pulsuz ayrılmalı olduğu halda onlardan da müxtəlif məbləğlərdə pul alıb, dövlətin ayırdığı ərazidən veteranlara torpaq verib. Amma heç bir sənəd-filan olmadan, yəni şifahi razılaşma ilə. Və şikayətçilər deyirlər ki, onların həmin torpaqlar üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd verilməyib, nəticədə torpaq sahələrindən istifadə mümkün deyil. Üstəlik M.Vəliyev onlardan aldığı pulları da mənimsəyib, geri qaytarmayıb. Pullar isə elə də az deyil, veteranların sözlərinə görə 103 şikayətçi arasında sədrə hərəsi orta hesabla 3-5 min manat pul verib.

Veteranlar deyirlər ki, M.Vəliyev metronun "Koroğlu” stansiyasının yaxınlığında yerləşən və İctimai Birliyə məxsus olan 60 sot torpağı da satıb, həmin torpaq sahəsində çoxmərtəbəli binalar tikilib. Şikayətçilər M.Vəliyevi başqa əməllərdə-veteranlara dövlət tərəfindən ayrılan pulsuz avtomobillərə görə rüşvət almaqda, ictimai birliyin əmlakını, daxil olan ianələri və digər vəsaitləri mənimsəməkdə də ittiham edirlər. Bu ittihamlar hazırda məhkəmədə araşdırılır, amma iş üzrə zərərçəkən yoxdur.

"Biz məhkəmədə ancaq şahid qismində iştirak edə bilərik, heç bir söz haqqımız tanınmır. Hakimdən soruşduq ki, bu necə işdir zərərçəkən yoxdur və nəyə görə cinayət işi bizim şikayətlərimiz əsasında qaldırılsa da zərərçəkən kimi tanınmamışıq, bizi zaldan çıxarmaqla hədələdi”-şikayətçilər deyirlər.

Veteranlar iddia edir ki, Məhəmməd Vəliyev də məhkəmədə onları hədələyib, "istənilən işi pulla həll etmək imkanının olduğunu” deyib. Bildirib ki, şikayətçilər heç nəyə nail olmayacaqlar. Veteranlar deyirlər ki, cinayət işinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təkrar istintaqa qaytarılmasını, onların zərərçəkən statusunun tanınmasını istəyirlər. Çünki bu gedişlə Vəliyev məsuliyyətdən kənarda qalacaq.

M.Vəliyev isə bu ilin martında iş üzrə məhkəmədə verdiyi ifadədə ona qarşı irəli sürülən ittihamların hamısını "böhtan” adlandırıb. Deyib ki, 2008-ci ildə Nazirlər Kabnetinin qərarı ilə Hövsan bələdiyyəsinə 10 hektar torpaq ayrılıb. "Həmin torpaq Əfqanıstan veteranları üçün ayrılmayıb. Biz onlara torpaq sahəsi vermirik, müraciətləri bələdiyyəyə baxılması üçün göndəririk. Mən sədrliyə başlayanda məndən əvvəlki sədr bütün torpaqları vermişdi”-sədr deyib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}