İSTANBULDAN GƏLƏN QƏFİL QARA XƏBƏR:İLYAS İSMAYILOVUN OĞLUNU QƏTLƏ YETİRDİLƏR! (YENİLƏNİR)

 

Azərbaycan Ədalət Partiyasının sədri, sabiq respublika prokuroru və ədliyyə naziri, Milli Məclisin keçmiş deputatı İlyas İsmayılovun böyük oğlu Etimad İsmayılov sentyabrın 19-da yaşadığı və fəaliyyət göstərdiyi Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.

Sozcu.info Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Etimad İsmayılovun İstanbuldakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, təəssf ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu həyata keçirən qatil Gözəl Dəmirov isə qaçıb gizlənməyə cəhd göstərsə də, sonradan polis tərəfindən yaxalanaraq, istintaqa cəlb edilib.

Bildirilir ki, Gözəl Dəmirov istefada olan polis polkovnikidir – 90-cı illərin əvvəllərində Azərbaycan DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır.

Ədalət Partiyasındakı məlumatlı mənbələrdən Strateq.az-a bildiriblər ki, qatil Gözəl Dəmirov uzun müddətiymiş Etimad İsmayılovun Floryadakı ofisinə gedib-gəlirmiş. Deyilənə görə, o, Etimad İsmayılova Belarus Respublikasında ən yüksək səviyyədə ciddi əlaqələrinin olduğunu deyərək, ondan birgə iş görmək adı altında külli miqdarda borc pul alıbmış və bu pulu qaytarmadığından, son zamanlar aralarında gərginlik yaranıbmış.

Dəmirovun sentyabrın 19-da, təxminən, saat 21.00 radələrində Etimad İsmayılovun ofisinə silahla gələrək, mübahisə etdiyi və ona başından və ürəyindən 3 güllə vuraraq qaçmağa çalışdığı, ancaq  Beşiktaş ərazisində polis tərəfindən yaxalandığı deyilir. 

Ailəsindən bildiriblər ki, mərhumun nəşi dəfn üçün ya bu gün, ya da sabah Azərbaycana gətiriləcək.

Xatırladaq ki, Etimad İsmayılov 1969-cu ilin 22 iyununda Bakıda anadan olub. Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun müddət Azərbaycanda vəkil işləyib. 2000-ci ildə Ədalət Partiyasının yenidən bərpa olunmasında müstəsna xidmət göstərib, atası İlyas İsmayılova böyük maddi-siyasi dəstək verib. O, həmçinin Ədalət Partiyası sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.

Rusiyada biznes fəaliyyəti ilə də məşğul olan Etimad İsmayılov 2008-ci ilin martında Bakıdan Moskvaya qayıdarkən, aeroportda FTX tərəfindən saxlanılaraq, Çelyabinskə aparılıb. FTX-nın onu qanunsuz olaraq həbs etdiyini və təqsirsizliyini sübut etmək üçün Etimad İsmayılov düz 3 il inadla mübarizə apararaq, nəhayət, 2011-ci ildə bir daha Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxmağa müvəffəq oulub.

Həbsdən çıxdıqdan sonra tanınmış telejurnalist Sevil Nuriyeva ilə ailə həyatı quraraq, Türkiyəyə köçüb. Buna baxmayaraq, Azərbaycandakı siyasi fəaliyyətini də dayandırmayıb. Ölkə mətbuatında tez-tez müxtəlif mövzularda, xüsusən də Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutmağımızın gərəkli olduğu haqda müsahibə və açıqlamalarıyla diqqət çəkib.

Atası İlyasın adını daşıyan 4 yaşlı bir oğlu var.

Qeyd: Strateq.az-ın kollektivi Etimad İsmayılovun qətlə yetirilməsindən dərin kədər və məyusluqlarnı ifadə edərək, mərhumun atası İlyas İsmayılova, anası Zəkiyyə İsmayılovaya və həyat yoldaşı Sevil Nuriyevaya başsağlığı verir, Allahdan onlara səbr diləyir!

Allah rəhmət etsin!

***

Xəbər verdiyimiz kimi, dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin  İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır – Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı..

Modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayıb. O, açıqlamasında xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib: "Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.

İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib: "Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

***

Sozcu.info ın məlumatına görə, mərhumun cənazəsinin bu axşam Bakıya gətiriləcəyi gözlənilir. Etimad İsmayılov Nardaran qəbristanlığında dəfn olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}