"BAKI KREMLİN TƏSİR DAİRƏSİNDƏN ÇIXMALIDIR"

"BAKI KREMLİN TƏSİR DAİRƏSİNDƏN ÇIXMALIDIR"

 

Ramil Məmmədli: "Azərbaycan nümayəndə heyəti Ukraynanın ərazi bütövlüyünün lehinə səs verməli idi"

Şahin Cəfərli: "Rusiyadan çəkinməyin də bir həddi olmalıdır”

"Dünyanı haqlı olaraq ədalətsizlikdə ittiham edirik, halbuki özümüz də ədalətli deyilik və xarici siyasətdə ikili standart bizdə də var"

"Bu, bizə gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ və digər Qərb ölkələri qarşısında divident qazandırardı"

Bugünlərdə BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında Ukraynanın təklif etdiyi "Krımın, Qara dəniz və Azov dənizi bölgələrinin Rusiya tərəfindən militarizasiyası" mövzusunda qətnamə qəbul edilib. Bununla bağlı verilən məlumatda deyilir ki, BMT-yə üzv ölkələrin 65-i qətnaməni qəbul edib, 27-i rədd edib, 70-i isə bitərəf qalıblar. Qeyd edək ki, sözügedən qətnamədə Rusiya hərbi qüvvələrinin Rusiyanın ilhaq etmiş Krımda mövcudluğunun Ukraynanın milli suverenliyinə, siyasi müstəqilliyinə və ərazi bütövlüyünə zidd olduğu bildirilib.

Bununla yanaşı, BMT-nin Baş Assambleyası "Krımın Rusiya Federasiyası tərəfindən işğalçı dövlət olaraq tədricən militarizasiyası" ilə bağlı ciddi narahatlıq ifadə edib. Bununla nüvə uçuş vasitələri və raketlər, silahlar, hərbi sursat və hərbi personal da daxil olmaqla, silah sistemlərinin təchizatı nəzərdə tutulur. Baş Assambleya Rusiyanın Qara dəniz və Azov dənizi hövzələri, eləcə də Kerç körfəzində "hərbi mövcudluğunun artmasını" və Moskva tərəfindən regionda beynəlxalq gəmiçiliyə məhdudiyyətləri qınayır. Eyni zamanda, sənəddə Kerç körfəzi üzərindən keçən körpünün "tikilişi və açılışı" pislənir.

Məsələnin maraqlı tərəfi ondadır ki, BMT-nin Baş Assambleyası qəbul edilən qətnamə ilə Rusiyanı öz silahlı qüvvələrini qeyd-şərtsiz şəkildə Krımdan çıxarmağa və Ukrayna ərazisinin işğalını dayandırmağa çağırsa da, Azərbaycan sözügedən səsvermədə iştirak etməyib. Nəzərinizə çatdıraq ki, təxminən, iki il öncə də Azərbaycan BMT-də Rusiya əleyhinə qətnaməyə səsvermədə iştirak etməyib. Belə ki, həmin vaxt BMT-nin Baş Assambleyası Krımda insan haqlarının pozulmasını qınayan və Rusiyaya beynəlxalq müşahidəçilərin gəlməsinə imkan yaratmağa çağırışın səsləndiyi qətnaməni qəbul edib. O zaman Ukraynanın hazırladığı sənədin lehinə 70 ölkə, o cümlədən Avropa İttifaqı, Kanada, ABŞ, Türkiyə və Yaponiya səs verib. 26 ölkə əleyhinə səs verib, 77 ölkə isə bitərəf qalıb. Sənəddə yarımadanın sakinləri – Krım tatarlarının, eləcə də ukraynalıların və digər etnik və dini qruplara aid olan şəxslərin haqlarının pozulması pislənilir. Sənəddə 2014-cü ilin martında keçirilən referendumun nəticələrinə görə, Rusiyanın tərkibinə daxil olan Krımda insan haqlarının pozulmasını qınayan və beynəlxalq müşahidəçilərin gəlməsinə imkan yaratmağa çağırış səslənir.

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli qeyd etdi ki, Azərbaycanın Ukrayna ilə münasibətləri həm SSRİ zamanında, həm də sovet ittifaqı dağıldıqdan sonra Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində kifayət qədər inkişaf edib:"Lakin müəyyən məsələlər var ki, orda Azərbaycan öz dövlət, təhlükəsizlik maraqlarını nəzərə alır. Bu faktor da hazırda regionda Kremlin təsir və təhdid imkanlarının artmasıdır. Konkret mövzuya gəlincə, Azərbaycanın BMT-nin Baş Assambleyasında Ukrayna ilə bağlı səsvermədə iştirak etməməsi sırf texniki səbəbdən də ola bilər. Ancaq bu, bir o qədər də inandırıcı deyil. Hesab edirəm ki, Azərbaycanın nümayəndə heyəti orda olub Ukraynanın xeyrinə səs vermək məcburiyyətində qalacaqları üçün ən yaxşı addım kimi ümumiyyətlə, səsvermədə iştirak etməyib. Bununla da Azərbaycanın dövlət və təhlükəsizlik maraqlarını qorumaqla həm Rusiya, həm də Ukrayna qarşısında vəziyyətdən çıxmış olurlar".

Azərbaycanın Ukrayna ilə bağlı səsvermədə iştirak etməməsində Rusiya amilinin rolunun həddən artıq böyük olduğunu vurğulayan hərbi-siyasi icmalçı hesab edir ki, əksinə, Azərbaycan nümayəndə heyəti, ölkəmizi BMT-nin Baş Assambleyasında təmsil edən şəxslər prosesdə iştirak edib Ukraynanın ərazi bütövlüyünün lehinə səs verməli idilər:"Düşünürəm ki, bu, həm Azərbaycanın hazırkı durumda mövqeyinin səmimi olmasını göstərə bilərdi, həm də gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ və digər Qərb ölkələri qarşısında divident qazandırardı. Lakin belə aydın oldu ki, Azərbaycanın diplomatik missiyası regionda daha çox Rusiya faktorunu nəzərə aldı və bu səbəbdən də səsvermədə iştirak etmədi. Bir daha qeyd edirəm ki, bu mövqeyi haqlı da hesab etmək olar, haqsız da. Ancaq ümumilikdə götürdükdə, ola bilər ki, Azərbaycan öz təhlükəsizlik maraqlarını nəzərə alaraq bu sesvermədə iştirakdan yayınıb. Şəxşən mən bu mövqedəyəm ki, Azərbaycan Kremlin təsir dairəsindən çıxmalıdır və son illərdə yaranan təzyiq, o cümlədən təhdidlərə baxmayaraq, öz mövqeyini Rusiya qarşısında nümayiş etdirməlidir. Çünki biz Rusiyanın siyasətinə çox yaxından tanışıq. Yəni Kreml damla-damla, addım-addım qarşı tərəfi sıxışdıraraq sonda onu öz maraq dairəsinə salır. Bu baxımdan, hesab edirəm ki, ən azından bu məsələdə Azərbaycan öz mövqeyini açıq şəkildə nümayiş etdirməli və Rusiyaya bildirməli idi ki, heç də hər şeyi sənin dediyin kimi etmək, maraqlarının nəzərə almaq niyyətində deyilik. Eyni zamanda, bildirilməli idi ki, bizim öz problemimiz var və buna görə də heç zaman bu cür separatçıların mövqeyini dəstəkləməyəcək, baş verən prosesi susqunluqla qarşılamayacağıq".

"Azərbaycanın diplomatik missiyasının sözügedən səsvermədə iştirak etməməsi GUAM daxilində hər hansı narazılığa səbəb ola bilərmi" sualını cavablandıran Ramil Məmmədlinin fikrincə, yəqin ki, Ukrayna tərəfi yazılı şəkildə olmasa da, şifahi formada Azərbaycana öz mövqeyini bildirəcək: "Ən azından, Azərbaycan nəzərə almalı idi ki, qarşıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq səsvermə formatında müəyyən məsələlər ortaya çıxa bilər və biz burda Ukraynanı itirmiş, onun səsini uduzmuş olarıq. Ola bilsin ki, GUAM çərçivəsində elə də dərin problem yaranmasın. Fikrimcə, rəsmi Kiyev Azərbaycanın hazırkı durumunu, o cümlədən regionda gedən prosesləri göz önünə alaraq nümayəndə heyətimizin atdığı addımı nəzərə alacaq. Yəni daha əvvəllər, 1990-cı illərdə Azərbaycanın çox gərgin vaxtlarında, siyasi baxımdan Bakının mövqeyini açıq şəkildə dəstəkləməyin lazım gəldiyi bir dövrdə özünün atdığı addımları nəzərə alaraq, bunun üzərinə çox getməyəcək".

Картинки по запросу Şahin Cəfərli

Bu arada, BMT-nin Baş Assambleyasının işğal olunmuş Ukrayna əraziləri, Krım və Sevastopolda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul etdiyini xatırladan politoloq Şahin Cəfərli bildirib ki, Azərbaycan son həftədə ikinci dəfə Ukrayna ilə bağlı səsvermədə iştirak etməyib: "Mən yaxşı başa düşürəm ki, Rusiya ilə bağlı ehtiyatlı siyasət aparmalıyıq, onu özümüzə qarşı aqressivləşdirməyə ehtiyac yoxdur. Amma Rusiyadan çəkinməyin də bir həddi olmalıdır. Məsələn, Gürcüstan davamlı və açıq şəkildə antirusiya siyasəti yeridir, postsovet məkanında Amerikanın dayaq məntəqəsinə çevrilib, lakin bu, Rusiya ilə iqtisadi əlaqələrin inkişafına təsir etmir". Politoloqun fikrincə, əgər biz eyni problemdən əziyyət çəkən dost və GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat-red.) üzrə yaxın tərəfdaş olan dövlətin yanında olmuruqsa, onu dəstəkləyən müasir dünyadan özümüzü ayrı tuturuqsa, onda apardığımız diplomatiya nüfuz qazana və beynəlxalq dəstək toplaya bilməz: "Dünyanı haqlı olaraq ədalətsizlikdə ittiham edirik, halbuki özümüz də ədalətli deyilik və xarici siyasətdə ikili standart bizdə də var".


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}