İlham Əliyev: “Bütün bunları ona görə edirik ki…”

 

"Biz ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışından sonra rayon ictimaiyyət nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı iqtisadi inkişafla bağlı prioritetlərin bəlli olduğunu qeyd edib: "Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır.

Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik.

Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”.

Prezident qeyd edib ki, dünyada iqtisadi-maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycana həm dövlət, həm özəl sektor, yerli şirkətlər, xarici firmalar tərəfindən investisiyalar qoyulur: "Bu, ölkəmizin gücünü və siyasətimizin niyyətini göstərir. Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və ölkəmizə xeyri gətirsinlər”.

İ.Əliyev vurğulayıb ki, Azərbaycanın bütün bölgələri inkişaf edir. Çox böyük infrastruktur və sosial layihələr icra edilir - iqtisadi layihələr, kənd təsərrüfatı layihələri: "Biz bax belə inkişaf etməliyik. Budur bizim yolumuz və bu yol artıq özünü təsdiqləyib. Çünki nəinki regionda, dünya miqyasında bu gün ölkəmizin təcrübəsi öyrənilir. Təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə, o cümlədən dinlərarası, millətlərarası münasibətlərin sağlam zəmində qurulması məsələləri də həmişə diqqət mərkəzindədir”.

Prezident bu barədə danışarkən daha sonra deyib: "Azərbaycan dünya miqyasında milli, dini, etnik dözümlülük, tolerantlıq və qardaşlıq məkanı kimi tanınır. Bu, artıq reallıqdır, xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr aparılır”.

Dövlət başçısı Azərbaycanda bu sahədə nümunəvi mənzərə yaşandığını xüsusi qeyd edib: "Nəyə görə? Çünki həm dövlət siyasəti düzgün aparılır, həm ictimaiyyət, bütün xalqımız vahid ideya uğrunda birləşib - müstəqillik, dövlətçilik, bərabərlik, sülh, qardaşlıq ideyaları. Bu da bizi qabağa aparan əsas amillərdir. Bu il Azərbaycanda "Multikulturalizm ili” elan edilib. Bəzi Avropa ölkələrində işlər tam başqa istiqamətdə gedir. Hesab edirlər ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirlər ki, müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşaya bilmirlər.

Çox böyük səhv edirlər. Bu, həm çox böyük səhvdir, həm də cinayətdir. Azərbaycana qonaq gəlsinlər, görsünlər ki, müxtəlif millətlərin nümayəndələri burada necə dostluq, mehribanlıq, qardaşlıq şəraitində yaşayırlar. Biz bu sahədə də nümunə, yol göstəririk. Bu, bizi gücləndirir, dövlətimizi, xalqımızı qabağa aparır. Bu, sağlam zəmindir.

Bununla bərabər, sosial, iqtisadi, investisiya layihələri həyata keçirilir. Mən hələ enerji siyasətimizi demirəm. Bu sahədə də biz liderlik göstəririk. Ona görə, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bax, bugünkü bu mənzərə onu göstərir. Vaxtilə dağılmış, tamamilə tənəzzülə uğramış bir ərazidə görün necə gözəl əsər yaradılıb, insanlar işləyəcək, pul qazanacaq, dövlətimiz çiçəklənəcək”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}