Keçmiş MTN əməkdaşı yanğının binanın özündə başlamadığını görüb?

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

 

"Poliuretan materialı yanmır”

Prosesdə şahid qismində "Global Construction” və "GlobalStone" şirkətlərinin həmtəsisçisi olmuş, məlum yanğından bir ay öncə təsisiçilikdən çıxmış Hüseynbala Əlizadə ifadə verib. O, ifadəsində "GlobalStone" yaranan gündən – 2006-cı ildən həmtəsisiçi olduğunu deyib, şirkətdəki fəaliyyəti barədə danışıb.

Tərəflərin suallarını cavablandıran şahid istehsal etdikləri "poliuretan” üzlüklərin yanğına davamlılığına əmin olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənovanın "İstintaq zamanı ifadənizdə göstərmisiniz ki, həmin binada əsas divarla üzlük arasında boşluqdakı hava axını yanğının sürətlə yayılmasına səbəb olub. Bu ifadənizi təsdiq edirsinizmi?” sualına şahid istintaqda belə bir fikir söyləmədiyini, "mən mühəndis deyiləm axı” deməklə cavablandırıb.

Təqsirləndirilən Ağacavad Məmmədovun vəkili Məzahir Şahmarov:

- Siz bir təsisçi kimi bu binanın yanmasının səbəbini nədə görürsünüz?

Şahid:

- "Şeytan əməlidir” desəm, düz çıxmır. "Poliuretan” materialı yanmır, bunu gözümlə görmüşəm. Amma bina nədən yanıb dəqiq deyə bilmərəm. Əgər kimin etdiyini, nədən yandığını bilsəydim deyərdim.

 

"İnternetdə mənim barəmdə yazırlar”

Zərərçəkmiş qismində yanan binanın sakini, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat müvəkkili Xəyyam Babayev dindirilib. O, ifadəsində 2012-ci ildən həmin binada yaşadığını, pəncərədən evə tüstü dolduğunu, nə baş verdiyini aydınlaşdırmaq üçün həyətə düşdüyünü göstərib: "Aşağı düşüb baxanda gördüm ki, tüstü binaya bitişik olan yarımtikilidən gəlir. Ətrafda polis əməkdaşları vardı. Onlardan FHN-ə zəng vurub-vurmadıqlarını soruşdum. Dedilər ki, zəng vurmuşuq. Geri qayıdıb körpə uşağımı götürüb evdən çıxdım və dayənin yanına apardım. Üç saatdan sonra geri qayıdanda gördüm ki, bina tamamilə yanıb".

Tərəflərin suallarını cavablandıran X.Babayev mətbuatda onun barəsində yazılanlara münasibət bildirib: "İnternetdə mənim barəmdə yazırlar. Mənim adımı hallandırırlar ki, guya mən MTN əməkdaşı kimi o yanğınla bağlı hansısa tapşırığı icra eləmişəm”.

Vəkillər şahidin anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, X.Babayev Rusiyanın Xabarovsk şəhərində anadan oub, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib və 2007-ci ildən MTN-də işləyir.

 

"Bütün istintaq işi sizin ifadəniz əsasında qurulub”

Vəkil İlhamə Həsənovanın proses iştirakçılarından şahidin anket məlumatlarının onlarda şübhə doğurub-doğurmamasını soruşub. Hakim isə "MTN-də işləmək cinayətdir?” deyə ona iradını bildirib. "Biz bilmək istəyirik ki, bu adam MTN-də kimin rəhbərliyi altında işləyib. Bəlkə hadisədən əvvəl Miryusif müəllimdən pul istəyənlər elə bu adamın rəhbəri olub”, - vəkil İ.Həsənova bildirib.

Vəkilin "Siz MTN-də çalışan əməliyyatçılar - Ramazan Səfərovu, Vüqar Məhərrəmovu, Arif Əliyevi tanıyırsınızmı?” sualına şahid "yox” cavabı verib.

İş materialları arasında Xəyyam Babayevin fotoşəkli var, orada əli ilə istintaqçılara göstərir ki, yanğın qadın məsləhətxanası yerləşən qeyri-yaşayış sahəsindən başlayıb.

Vəkil İ.Həsənova istintaq işinın məhz X.Babayevin ifadələri üzərində qurulduğunu deyib: "Bizə danışın, sübut eləyin ki, yanğın məhz həmin mənbədən başlanıb. Mənbəni necə gördünüz? Nəyə əsasən göstərirsinzi ki, yanğın oradan başlanıb?”

Şahid isə yanğını dəqiq görmədiyini məhkəmənin diqqətinə çatdırıb: "Mən dəqiq o vaxt görə bilərdim ki, yarımçıq tikilinin üstünə çıxaydım. Ümumi olaraq görmüşəm. Bunu ümumi istiqamətə görə müəyyən eləmişəm".

"Niyə başqa zərərçəkmişləri deyil, məhz onu hal şahidi kimi dindiriblər?”

Bundan sonra vəkil qısa arayış verib: "Hadisə 19 mayda baş verib. 14 gündən sonra X.Babayevi hal şahidi kimi çağırıb dindiriblər. Zərərçəkmişlərin arasında eləsi var ki, yanğın barədə daha ətraflı danışıblar. Amma onlardan heç birini deyil, məhz X.Babayevi hal şahidi kimi dindiriblər”.

Vəkil: "Binadan özünü atan şəxsi görmüsünüz?”

Şahid: "Yox, bu barədə sonra eşitmişəm”.

Sualları cavablandırarkən X.Babayev deyib ki, hər hansı hadisə, o cümlədən yanğın olanda MTN-ə də bu barədə siqnal gəlir. Siqnal daxil olan kimi də MTN əməkdaşları hadisə yerinə yollanırlar.

Binanı üzləmiş "Global Construction" və üzlükləri istehsal etmiş "Global Stone" şirkətlərinin təsisçisi təqsirləndirilən Miryusif Mahmudov şahiddən soruşub ki, övladını dayənin evinə qoyandan sonra niyə dərhal hadisə yerinə qayıtmayıb, bir zabit kimi, orada köməyə ehtiyacı olanlara yardım göstərməyib?

MTN əməkdaşı isə uşağı evdən paltarsız, yeməksiz götürdüyünü, qida, geyim almaq üçün ləngidiyini, ona görə dərhal hadisə yerinə qayıtmadığını deyib.

Hadisə saat 10.30 radələrində baş verib. Həmin vaxt X.Babayevin işdə olmaması vəkillərdə sual yaradıb. Şahid cavabında bildirib ki, həmin ərəfədə Avropa Oyunları ilə bağlı tədbirlərlə əlaqədar növbədə olub. Ona görə, yanğın baş verəndə də evdə imiş.

Daha sonra şahid qismində "GlobalStone" də mühəndis işləyən Nəsimi Mehdiyev ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiq etməyib, M.Mahmudovla şəxsi tanışlığı olmadığını, ifadəsində materialların Türkiyədən gətirilərək burada qəlibləndiyini göstərib.

Şahid qismində dindirilən Rizvan Mehdiyev "GlobalStone”MMC-də baş usta işlədiyini deyib: "Materiallar Türkiyədən fabrikə hazır vəziyyətə gəlirdi. Həmin materialların hazırlanmasında iştirak etmişəm".

Məhkəmə prosesi noyabrın 8-də davam edəcək.(Virtualaz.org)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}