Türkiyənin riskli “Əhrar-ül Şam” addımı:Ankara nə qazanıb, nə itirəcək?

Türkiyənin riskli “Əhrar-ül Şam” addımı:Ankara nə qazanıb, nə itirəcək?

 

Suriyada fəaliyyət göstərən "Əhrar-ül Şam”
 təşkilatı Türkiyənin Fərat qalxanı
əməliyyatına dəstək verdiyini açıqlayıb.

 Təşkilatın Şimali Suriyada ən strateji rayonlardan biri kimi tanınan əl-Babın azad olunmasında Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu”yla birgə hərəkət etdiyi bildirilir.

Yerli qaynaqların məlumatına görə, Fərat qalxanı əməliyyatına qatılan "Əhrar-ül Şam”a bağlı qüvvələr İŞİD-ə aid bir neçə tankı ələ keçirərək, Türkiyə ordusunun himayəsi altına giriblər və bu da təsadüfi deyil. Belə ki, bundan bir müddət əvvəl "Əhrar-ül Şam” rəhbərliyinin Fərat qalxanında iştiraka icazə verən fətvası yayınlanmışdı.

Böyük ehtimalla, "Əhrar-ül Şam”ın Fərat qalxanına qoşulması beynəlxalq aləmdə birmənalı qarşılanmayacaq. Çünki bu təşkilat Suriya ilə yaxından-uzaqdan əlaqəsi olan bütün qüvvələr tərəfindən radikal dini qrup kimi tanınır və terrorçuluqda ittiham olunur. Xüsusilə Rusiya, Suriya və İran kimi dövlətlər Əhrar-ül Şamın İŞİD-dən fərqli təşkilat olmadığı qənaətindədir. ABŞ və onun liderliyindəki koalisiya qüvvələri də həmin hərbi qruplaşmaya şübhə ilə yanaşır. Bunu ABŞ-ın Suriyadakı son səfiri Robert Stefen Ford ötən il "Əlcəzirə”yə verdiyi bir müsahibəsində etiraf edərək deyirdi:

"Çox açıq danışacağam. Türkiyə Suriyada islamçı qrupları dəstəklədi, "Əhrar-ül Şam” kimi … Biz radikal İslamçı qrupları sevmirik, "Əhrar-ül Şam”ın da ideologiyası amerikalıların xoşlandığı növdən deyil. Amma "Əhrar-ül Şam” ilə İŞİD vəya əl-Nusra arasında seçim etmək lazımdırsa, birinci daha yaxşıdır, əlbəttə! Əla deyil, amma heç bir şeydən daha yaxşıdır. Amma bu, amerikalıların çox çətin anlaya biləcəyi bir şeydir. ABŞ rəhbərliyində hələ "Əhrar-ül Şam” ilə "əl-Nusra” və ya İŞİD ideologiyaları arasındakı fərqi bilməyən insanlar var”.

Göründüyü kimi, ABŞ-ın regionu ən yaxşı tanıyan diplomatı kimi Robert Stefen Ford da sözügedən müsahibəsində Türkiyənin "Əhrar-ül Şam”i daha əvvəllərdən dəstəklədiyini və bunun Vaşinqton tərəfindən o qədər də xoş qarşılanmadığını etiraf edirdi.  Elədirsə, görəsən, istər Bəşər Əsəd "dostları”, istərsə də ABŞ və onun liderliyindəki koalisiya qüvvələri "Əhrar-ül Şam”a niyə belə güvənmirlər? Bəs, Türkiyə niyə bu şübhəli kariyeraya sahib təşkilatı dəstələyir?

Bu suallara cavab vermədən öncə, gəlin, "Əhrar-ül Şam”la azacıq bir tanış olaq:

"Əhrar-ül Şam” ərəbcə "Şamın (yəni Dəməşqin) hürləri (azad insanları)”deməkdir. Təşkilat 2011-ci ildən fəaliyyətdədir. Misir inqilabından sonra qurulan təşkilat "ərəb baharı” yelinin Suriyaya atdığı ilk silahlı "toxum”lardandır.  Suriyadakı bütün silahlı müxaliflərdən, hətta yüzminlərlə insanın həyatı bahasına başa gələn vətəndaş müharibəsindən öncə təşkilatlanan "Əhrar-ül Şam” 2011-ci ilin sonlarında ölkənin müxtəlif bölgələrində yerli özəklərinin sayını 25-ə çatdırmışdı. Bir ildən sonra isə bu say 50-ə yüksəlmişdi. 2013-cü ilin ilk aylarında isə artıq 83 özəyi ətrafında birləşdirməklə təşkilat Suriyada ən önəmli silahlı qüvvədən birinə çevrilmişdi.

ahrar1

Sözsüz ki, təşkilatın qısa zaman ərzində bu qədər geniş yayılması səbəbsiz deyildi. Bu nüfuz gücünün başlıca səbəblərindən biri Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənməyidirsə, digər səbəb isə onun quruculuğunda İŞİD və ya əl-Nusradan fərqli olaraq, yerli liderlərin rol oynamasıyla izah edilir. Məlumata görə, təşkilatın ilk qurucu kadrları "ərəb baharı”nın təlatümündən qorxuya düşən Əsəd rejiminin həbsxanalardan azad etdiyi insanlar olub. Hansı ki, onların həbsdən çıxmasında bir zamanlar Dəməşqlə dost olan Ankara da ciddi rol oynamışdır.

2010-cu ilin sonları, 2011-ci ilin ilk ilk aylarında Misirdə baş verən inqilabi proseslərin ardlnca Bəşər Əsədin imzaladığı əfv fərmanıyla azad olunan bir çox radikal sünni liderlər tərəfindən yaradılan "Əhrar-ül Şam”ın Suriyaya ərəb baharı gətirəcək ilk qaranquş olacağı düşünülürdü. Təşkilatın sünni əhali arasında xeyli populyarlıq qazanması ona bəslənən bu inamla bağlıdır.

"Əhrar-ül Şam” həqiqətən də ilk qaranquş ola bildi. Amma nə yazıq ki, o, demokratik dəyişikliklərin yox, dünyanın ən amansız və qanlı vətəndaş müharibəsinin öncülünə çevrildi.  

Sözsüz ki, Suriyada hadisələrin gözlənəndən daha fərqli şəkil almasında bütün aktyorlar kimi "Əhrar-ül Şam”ın söykəndiyi ideologiyanın da müstəsna rolu olub: təşkilat öz qarşısına radikal sünni hədəflər qoyduğu üçün Əsəd rejimini kafir hesab edir və onunla hər hansı müzakirə masasına oturmaqdan boyun qaçırır. Fəqət insafla danışsaq, vətəndaş müharibəsi aktyorları arasında ən az günah sahiblərindən biri də elə "Əhrar-ül Şam”dır.

Əvvəla, ona görə ki, "Əhrar-ül Şam”ın da təsiri altında qaldığı xarici qüvvələrin Suriya məsələsinə müdaxilələri ölkə insanlarının uzlaşmasını mümkünsüz edib. Bir tərəfdən, Səudiyyə Ərəbistanı və körfəz dövlətləri, digər tərəfdən isə Türkiyə İraqda sünni hakimiyyətinin şiə çoxluğuna uduzmağının qisasını Suriyada almağa çalışırdı. Özlərinə görə, haqlı səbəbləri də vardı. Zira İraqın 65%-i şiədirsə, Suriyanın 74%-i sünnidir. Əgər İraq əhalisinin əksəriyyətinin dini görüşlərinə görə hakimiyyət formalaşırsa, Suriya bu prosesdən niyə kənarda qalmalıdır?

Suriya böhranının çözümsüzlüyə yuvarlanmasında ABŞ-ın da rolu az deyildi. İraq müdaxiləsindən sonra onillərlə formalaşmış siyasi hakimiyyətləri dəyişdirməyin asan olmayacağını anlayan Vaşinqton 2010-cu ildən sonra ərəb ölkələrində baş verən inqilabi proseslərə regional müttəfiqləri vasitəsilə dəstək vermək xəttini tutdusa da, bu istiqamətdə heç bir uğur əldə edə bilmədi. Xüsusilə, Suriyada sekulyar dəyərlərə söykənən müxalif qüvvə tapmaq cəhdləri fiaskoya uğradı. Acınacaqlıdır ki, Türkiyə vasitəsilə həyata keçirdiyi "öyrət, təchiz et” proyektinə milyardlarla dollar xərcləməsinə baxmayaraq, ABŞ o boyda Suriyada Bəşər Əsəd rejiminə qarşı 200-dən çox "mülayim müxalif” tapa bilmədi. Təlim keçdiyi həmin 200-ə qədər könüllünün əksəriyyəti isə ölkələrinə göndərildikdən dərhal sonra silahları ilə bərabər ya İŞİD-ə, ya da əl-Nusraya əsir düşdü. Qalanları isə əllərindəki ağır silahları terrorçulara könüllü şəkildə təslim edərək canlarını qurtardı.

Beləcə, özünə bağlı yerli döyüşçülər siyasətilə uzağa gedə bilməyəcəyini anlayan ABŞ köhnə müttəfiqlərini tərk edərək, başlatdığı və üz-gözünü bulaşdırdığı işi yarıda buraxıb müasir dövrün ən populyar ifadəsi ilə desək, "B” planına keçdi. Bu plan isə açılan yanlış cığırları Rusiya, Bəşər Əsəd və PKK-nın Suriya uzantı olan PYD ilə doldurmaqdı.

ABŞ-ın özəlliklə kürd separatçılarına verdiyi dəstək Türkiyəni ciddi şəkildə narahat edirdi. Özünün torpaq bütünlüyünü təhdid edən bu siyasətin qarşısını almaq istəyən Ankaraya Vaşinqtonun cavabı  isə "PYD-nin dəstəklənməsini istəmirsənsə, buyur, Suriya bataqlığına özün gir!” şəklindəydi. Super gücün Suriya siyasətinin ən yaxşı bilicisi sabiq baş səfir Robert Stefen Ford da sözügedən müsahibəsində bunu etiraf edirək deyirdi: "Dürüst olmaq lazımdır. Türkiyə İŞİD məsələsində bizə kömək edə biləcək heç bir rol oynamadı”.

ahrar2

Görünən budur ki, kürd separatizminin həm beynəlxalq dəstəyini kəsmək, həm də bölücü məqsədlərini reallaşdırmasına imkan verməmək üçün Ankara məcburiyyət qarşısında qalaraq, Fərat qalxanı əməliyyatına başladı. Fəqət onun indiyə qədər əsaslandığı qüvvə-Azad Suriya Ordusu insan gücü baxımından istənilən səviyyədə deyildi. Məlumatlara görə, ASO-nun sıralarında 2 minə qədər döyüşçü var. Əl-Babdakı İŞİD qüvvələrinin sayı isə 5000-i keçir. Belə bir vəziyyətdə Ankaranın daha geniştabanlı qüvvəyə ehtiyacı yaranmışdı.

Ankara üçün həmin geniştabanlı qüvvə isə "Əhrar-ül Şam” ola bilərdi. Əvvəla o səbəbdən ki, ABŞ diplomatının da dediyi kimi, daha öncəki illərdə Ankara həmin silahlı dəstəni maliyyələşdirir və yaxından tanıyırdı.

İkincisi, ona görə ki, son 3 il ərzində "Əhrar-ül Şam” ilə İŞİD arasında müəyyən problemlər yaranmışdı və bu iki təşkilatın təbii düşmənçiliyi "xilafətə” qarşı mübarizəni asanlaşdırırdı. Belə ki, məlumata görə, 2013-cü ildə İŞİD "Əhrar-ül Şam”ın iki liderini "yanlışlıqla öldürmüşdü”.  İlk qətl hadisəsi "xilafət” müridlərinin gülməli "səhv”i nəticəsində olmuşdur. Tutduqları "Əhrar-ül Şam”çının cibindən Malaziya bayrağı tapan "xilafətçilər” bunu ABŞ bayrağı sanmış və edam fətvası vermişdilər. İkinci edam hökmünə isə bir başqa "Əhrar”çını şiə hesab etmələri yol açmışdır.

Məhz bu hadisələrdən sonra İŞİD-lə "Əhrar-ül Şam”ın Hələb yaxınlıqlarında sərt çarpışmaları yaşanmışdı. 2015-ci ildə bu təşkilat "Fəthi- Hələb”, "Ənsar əş-Şəriət”, "Fəth Ordusu” kimi qrupları da öz ətrafında birləşdirərək, İŞİD və Suriya ordusuna qarşı birgə mübarizəyə rəhbərlik etmişdir. Hətta beynəlxalq qüvvələrin elan etdiyi atəşkəsdən istifadə edərək, İdilib ətrafında döyüşlərdə Əsəd "dostlarına” ciddi zərbə vurduqları, içərilərində generalların da olduğu 100 yaxın İran əsgərlərini öldürdükləri də bəllidir. Belə bir güclü qüvvənin əl-Bab əməliyyatında Türkiyənin yanında olması, əlbəttə, Ankara üçün hərbi baxımdan böyük avantajdır.

"Əhrar-ül Şam”ı cazibədar qılan amillərdən biri də yerli xalq arasında ciddi nüfuza malik olmasıdır. Sirr deyil ki, Suriyanı öz ağuşuna alan məzhəb müharibəsində İŞİD-in "qara ədaləti”nə sığınan zavallı insanlara daha uyğun və güclü alternativ göstərmədən onun son ümidini də əlindən ala bilməzsən. Əks halda, həmin insanların məcburən İŞİD-ə daha çox sığınmalarını tətikləmiş olarsan. Bu isə nəticə etibarilə əks tərəfi gücləndirmək deməkdir. Türkiyənin indiyə qədər əsaslandığı ASO isə kifayət qədər güclü olmadığından yerli xalqa bu güvəni vermək əzmində deyil. "Əhrar-ül Şam” isə hər halda İŞİD-ə və Suriya rejiminə qarşı müəyyən qələbələri öz aktivinə yazdırmış qüvvədir, ən əsası isə Suriyanın öz vətəndaşları tərəfindən qurulub. Bu isə güvənartırıcı amillərdən biridir.

Bununla belə, "Əhrar-ül Şam”ı dəstəkləmənin dezavantajları da var. Başlıca dezavantajlardan biri beynəlxalq qüvvələr tərəfindən həmin təşkilatın İŞİD-in digər üzü kimi tanınmasındadır. Necə ki, yuxarıda adını zikr etdiyimiz ABŞ diplomatı da bunu gizlətmir:

"”Əhrar-ül Şam” kimi qruplar "Nusra” kimi təşkilatlarla əməkdaşlığa gedəndə Vaşinqtondakı səlahiyyətlilər üçün bu, şeytanla müqavilə bağlamaq mənasına gəlir. "Əl-Qaidə” Amerikalılar üçün bir şeytandır. Yəni, Suriya müxalifətindəki qruplar PYD ilə deyil, "Nusra” ilə bir şəkildə əməkdaşlıq edən digərləri amerikalıların gözündə dərhal şübhəli mövqeyə düşürlər”.

Əsəd rejimi və İranın müttəfiqi olan Rusiya üçün də eyni əndişə mövcuddur. Hətta onların fikrincə, Türkiyə əslində bölgədəki İŞİD-çiləri paklamaq üçün adlarını dəyişdirib "əhrarçı” qoyur.

Xəbərə bu iki aspektdən nəzər salanda ortaya belə bir nəticə çıxır: Türkiyə özünü bölgədə gücləndirən, xaricdə isə yalnızlaşdıran addım atmağa qərar verib. Bu riskli addımın nə gətirib, nə aparacağını isə qısa zamandan sonra öyrənəcəyik…

Heydər Oğuz,

Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}