Rusiyada işləyən azərbaycanlıları “tullantı” adlandıran deputat böyük qalmaqal yaratdı

 

Xəbər verildiyi kimi Milli Məclisin deputatı Astan Şahverdiyev Cəbrayıldan olan qaçqınların işıq probleminə görə ötən həftə keçirdiyi aksiyaya münasibət bildirərkən iş dalınca Rusiyaya üz tutan azərbaycanlıların ünvanına təhqiramiz ifadələr işlədib. Deputat "Azadlıq” radiosuna müsahibəsində deyib ki, Azərbaycandan Rusiyaya gedənlər "cəmiyyətin tullantılarıdır”.

Deputatın bu fikirləri sosial şəbəkələrdə və KİV-lərdə sərt reaksiyalara səbəb olub. virtualaz.org xəbər verir ki, Azərbaycanın əməkdar müəllimi, Moskvada azərbaycandilli məktəbdə işləyən Aida Quliyeva özünün Facebook səhifəsində Şahverdiyevin işlətdiyi ifadələrə kəskin etirazını bildirib. "Siz on illər boyu Azərbaycana qarşı hörmətin möhkələndirilməsinə xidmət edən milyonlarla insanı birdən təhqir etmisiniz”-o yazır.

Aida Quliyeva Rusiyada yaşayan, işləyən azərbaycanlıların Şahverdiyevin iddia etdiyi kimi "cəmiyyətin tullantıları” olmadığını, onların arasında görkəmli elm xadimlərinin, həkimlərin, yazıçıların və s. olduğunu xatırladıb. O, deputatın nəzərinə çatdırır ki, diasporun milyonlarla üzvünü bu cür təhqir etmək millət vəkili statusu ilə bir araya sığmır. "Öz xalqını təhqir edən adam deputat adını daşıya bilərmi?”-Aida Quliyeva sual edir və Şahverdiyevi mandatından imtinaya çağırır.

 

Sosial şəbəkələrdə isə istifadəçilər Şahverdiyevin mobil telefon nömrəsini paylaşaraq onun dediklərini pisləməyə çağırırlar.

Astan Şahverdiyev isə  KİV-lərə verdiyi açıqlamada ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüfləndiyini bildirib.  «Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Mən əlbəttə, elə demək istəməmişəm. Cəbrayıllılarla baş verən insidentdən sonra mənə "Azadlıq” radiosundan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam. Amma bir tərəfdən də etiraf etmək lazımdır ki, xalqımıza layiq olmayan tərzdə də təmsil olunuruq».

Deputat deyir ki, işlətdiyi ifadələrə görə üzr istəmək fikri yoxdur, çünki heç kimi təhqir etdiyini düşünmür:  "İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm?! Amma dediklərimə görə, təəssüf edirəm. Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz". O, telefon nömrəsinin sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirib: "Elektron ünvanım yoxdur. Hazırkı telefon nömrəmi də 11 ildir ki, işlədirəm. Hər kəs də bilir. Nömrəmi sosial şəbəkələrdə paylaşmaları onların öz işləridir".




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}