İstanbuldan Fərqanəyə atılan mərmi:“Reina”da qırğız müəmması

 

İstanbulun "Reina” barında törədilmiş terror hadisəsinin detalları tədricən aydınlaşır.
 Hələ də həbs olunmayan terrorçunun kimliyi müəyyənləşdirilib, şəkilləri yayılıb, ailəsinin ilkin ifadəsi alınıb. Terrorçunun indiyədək həbs olunmaması növbəti qanlı aksiya törədə bilmə ehtimalını artırır.

İŞİD-in bu terror aktının bütün məsuliyyətini öz üzərinə götürməsinə baxmayaraq, hadisənin törədiliş şəkli onun arxasında daha ciddi qüvvələrin dayanması versiyasını ağla gətirir. Belə ki, hadisə şahidlərinin bildirdiyinə görə, terror aktı törədilən gün "Reina” əyləncə mərkəzi ətrafında ciddi polis koridoru qurulubmuş. Terrorçunun əlindəki silahla bütün bu sədləri rahatlıqla keçməsi onun təhlükəsizlik qüvvələri arasında köməkçilərinin olduğu ehtimalını gücləndirir.

Qeyd edək ki, bundan bir müddət əvvəl rus səfirinə qarşı törədilmiş sui-qəsdi də polis məmuru həyata keçirmişdi. 15 iyul çevriliş cəhdindən sonra Türkiyənin təhlükəsizlik orqanlarında aparılan genişmiqyaslı təmizlik əməliyyatları fonunda artan terror aktlarına nəzər salanda belə bir nəticə ortaya çıxır: əməliyyatlar nəinki öz məqsədlərinə çatmamış, əksinə, terrorçular üçün daha rahat fəaliyyət meydanı yaratmışdır. Bu da FETÖ-çü adıyla zərərsizləşdirilən qüvvələrin, həqiqətənmi, təhlükə mənbəyi, yoxsa onun qarşısını alacaq baryerlər olub-olmadığı suallarına yol açır.

Yaranan bu şübhələrin daha dərindən təhqiqi və gərəkli qərarların qəbulu Türkiyə hüquq mühafizə orqanlarının işidir. Biz isə bu yazıda "Reina”da baş verən terror hadisəsilə nəyin hədəfləndiyini araşdırmağa çalışacağıq.

Zənnimizcə, son zamanlar Türkiyəni cənginə alan terror hadisələrinin bir neçə hədəfi var. İlk hədəf isə getdikcə böyüyən Türkiyə turizmidir. Rəsmi statistikalara görə, 2015-ci ilə qədər Türkiyənin xarici ticarətinin 20%-ni turizm gəlirləri təşkil edirdi. Bu sektor hər il ölkəyə milyardlarla dollar gətirirdi. Ölkəyə gələn turist sayına görə, dünya dövlətləri arasında 6-cı yeri tutmağı bacaran Türkiyə kəmiyyəti keyfiyyətə çevirməyin yolları barədə düşünürdü. Türkiyə bu sektorda ən çox turist cəlb edən ölkələrdən biri olmasına rəğmən, qazanc baxımından ilk onluğa girə bilməməyin dərdini çəkirdi. Dünya ortalamasında hər turistin 1000 dollardan artıq xərclədiyini bildirən ölkə mütəxəssisləri Türkiyədə bu rəqəmin 750 dollar civarında qaldığından gileylənir, xidmət qabiliyyətini artırmaqla həmin standartları yaxalamağın yollarını axtarırdılar.

2015-ci ilin sonlarında yaşanan təyyarə böhranı ən böyük zərbəni də elə bu sektora vurdu. Rus turistlərin Türkiyəyə gəlişində ciddi tənəzzül yaşandı. Məlumata görə, 2016-cı ilin ilk rübündə rus turistlərinin sayı 80% azaldı. Rusiya-Türkiyə arasında konfliktlərin yaşana bilmə ehtimalı digər ölkələrdən gələn turist sayına da mənfi təsir göstərdi. Qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəmlərə görə, ötən ilin ilk 4 ayında xarici turist sayı ümumilikdə 16.52% azalaraq, 5 milyon 820 minə düşdü. Gələnlərin böyük əksəriyyəti isə kasıb turistlər oldu.

Girdikləri konfliktdən hər iki ölkənin itirdiyi anlaşıldıqdan sonra münasibətlərin yenidən əvvəlki axarına qaytarılması səyləri və R. T. Ərdoğanla V. Putin arasındakı dialoqlar da turizm sektoruna özünü bərpa imkanı vermədi. Çünki bu yaxınlaşmanı istəməyən qüvvələr hərəkətə keçmiş, 15 iyulda dövlət çevrilişinə cəhdi edilmiş, bu baş tutmayanda isə ard-arda terror hadisələri törədilmişdi.

Maraqlıdır ki, ötən ildən etibarən, Türkiyədə baş verən bir çox terror hadisələrində əsasən iki ünvan hədəfə alınır. Bunlardan biri asayış keşikçiləri və ordu mənsubları, digəri isə xarici turistlərdir. Xüsusilə İstanbulda bir neçə dəfə xaricilərin hədəfə alınması bu sektorun şüurlu şəkildə vurulduğundan xəbər verir. Son terror aktında "Reina”nın seçilməsi də bu mənada təsadüfi deyil. Zira, bu əyləncə mərkəzi Türkiyəyə gələn xarici turistlərin sıx-sıx uğradıqları məkan kimi tanınır. Məlum terror hadisəsində ən çox turistlərin zərər çəkməsi, 36 qurbandan 25-nin xarici  vətəndaş olması da əsl hədəfi göstərir.

Onlarla insanı qanına qəltan edən bu terror hadisəsinin ən vahiməli tərəfi gözlənilən olmasıdır. Xüsusilə rus səfirinin öldürülməsindən sonra bir çox ölkələr, o cümlədən ABŞ öz səfirlərini geri çağırmış, vətəndaşlarına kütləvi məkanlarda yeni il şənliyi keçirməməyi məsləhət görmüşdü. Bu xəbərdarlıqlar əslində İstanbul və digər böyük şəhərlərdə terror törədilə biləcəyi barədə ciddi siqnalların olduğunu göstərirdi. Buna baxmayaraq, terrorun qarşısının alına bilməməsi Türkiyəyə gedəcək turistlərdə can güvənliyi xofu yaradacaq və yəqin ki, yenicə qədəm qoyduğumuz ildə də qardaş ölkənin turizm sektorunda ciddi sıxıntılar yaşanacaq.

"Reina” qətliamını törədən terrorçunun milli mənsubiyyəti də təsadüfi seçilməyib. Terrorçunun Qırğızıstandan olması 15 ilyul hərbi çevrilişinə cəhddən sonra FETO-ya qarşı mübarizədən açıq şəkildə imtina edən rəsmi Bişkeklə Ankara arasında yaranan ziddiyyətləri daha da artırmağa hesablanmış ola bilər. Türk siyasilərinin son terror hadisələrinin arxasında FETÖ barmağı axtarması da yaxın günlərdə Türkiyə-Qırğızıstan əlaqələrində yaşanacaq gərginliklərin xəbərçisidir. 

Terror aktını həyata keçirən şəxsin Qırğızıstandan seçilməsinin bir başqa səbəbi bu ölkənin üzərində oynanılacaq oyunla da bağlı ola bilər. Bilindiyi kimi, iqtisadi cəhətdən Orta Asiyanın ən kasıb iki ölkəsindən biri olmasına baxmayaraq, Qırğızıstan bu coğrafiyanın geostrateji baxımdan ən önəmli ölkəsidir. İstərsəniz, onun bu əhəmiyyətini "Stratfor” yazarı Lauren Qudriçin dilindən eşidək. Qırğızıstanın dünya hegemoniyası üçün mühüm əhəmiyyət daşıdığını bildirən analitik 2010-cu ildə qələmə aldığı "Qırğızıstan və Rusiyanın dirilişi”məqaləsində yazır:

"Qırğızıstanın əhəmiyyətli coğrafi mövqeyi var. Orta Asiyada bir milyon kvadrat kilometr sahəyə malik çöllər üzərində yerləməsi bu ölkənin işğalını asanlaşdırır. Bölgənin steplərlə örtülü olmasından başqa, ən böyük xüsusiyyəti Orta Asiyanı Cənubi Asiyadan və Çindən ayıran Tyan-şan dağlarının qoynunda yerləşməsidir. Bu dağların arasında qalan Fərqanə Vadisi əkinçiliyə əlverişli torpaqları və istehkama bənzər relyefilə Orta Asiya əhalisinin böyük əksəriyyətini bəsləyir.

Fərqanə Vadisi Orta Asiyanın qəlbi deməkdir. Sovetlər bölgənin güc mərkəzinə çevrilməsinin qarşısını almaq üçün Fərqanə Vadisini üç ölkə arasında bölüşdürmüşdü. Özbəkistan vadinin yamaçlarına, Tacikistan girişinə, Qırğızıstan isə hakim təpələrinə sahibdir. Qırğızıstan vadinin iqtisadi baxımdan qiymətli sahələrinə sahib deyil, amma vadini əhatə edən təpələri əldə saxladığı üçün bu üstünlüklərdən faydalanır. Məhz bu xüsusiyyətinə görə də Qırğızıstana nəzarət etmək, vadinin tamamına nəzarət etmək, yəni Orta Asiyanın ürəyini ələ keçirmək deməkdir.

Ayrıca, Qırğızıstanın paytaxtı Bişkek bölgənin ən böyük şəhəri, eyni zamanda iqtisadi və tarixi baxımdan paytaxtı olan Almatıya 120 mil uzaqlıqdadır. Tyan-şandakı Qırğız bölgəsi Qırğızıstana Çinin bölgədəki hərəkətlərini izləmə imkanı verir. Bununla birlikdə, Qırğızıstanın sahib olduğu təpələr Çinin avtonom bölgəsi olan Sinzyan-Uyğur muxtar vilayətində əkinçilik hövzəsinə da hakim mövqedədir.

Bölgədə strateji sahələrə sahib olduğundan, Qırğızıstana nəzarət etmək Qazaxıstana, Özbəkistana, Tacikistana və Çinə təzyiq etmək şansı verir. Bu səbəbdən də Qırğızıstan Rusiyanın köhnə sovet təsir sahəsində dirilmə planları içində əhəmiyyətli bir yerə sahibdir”.

Analizində 2010-cu ildə Qırğızıstanda baş verən dövlət çevrilişində Moskvanın barmağının olduğunu əsaslandıran analitik hadisələri "rus imperiyasının dirilişi" kimi qiymətləndirir. Yazarın fikrincə, Qırğızıstanın Rusiya üçün ən mühüm geostrateji əhəmiyyətindən biri də yerləşdiyi coğrafiyanın, xüsusilə Tyan-Şan dağlarının təbii istehkam kimi imperiya sərhədlərini qoruması və ən önəmli "qalalardan” olmasıdır.

SSRİ-nin dağılmasından sonra ABŞ-ın Cənubi Qafqaza və Orta Asiyaya yayılma, həmçinin Rusiyanın təbii istehkamlarını əlindən çıxarma siyasətində Türkiyənin mühüm rol oynadığını nəzərə alsaq, iki ölkə arasında yaranacaq bu soyuqluq təsadüfi görünmür. Mümkündür ki, köhnə müttəfiqini tərk edib Rusiyaya yaxınlaşan Türkiyənin bu əlaqəsi Vaşinqtona artıq lazım deyil. O da mümkündür ki, Rusiya Orta Asiyadakı nəzarət postunu və "təbii istehkamını” yeni müttəfiqilə paylaşmaq istəməsin.

Hansı versiyanın doğru olmasına baxmayaraq, hər iki ehtimalda "Reina” faciəsində qazanan ölkə şimal qonşumuz olacaq. Bu hadisədən sonra Qırğızıstanda terrorizmin yuva salması və Talibanın Fərqanə vadisindən Orta Asiyaya sızma ehtimallarını bəhanə edən Rusiyanın Qırğızıstanın təhlükəsizliyini qorumaq haqqında "fikirləşməsi" istisna olunmamalıdır.

Qeyd edək ki, Fərqanə vadisinin girişində yerləşən Tacikistanı artıq neçə illərdir ki, Rusiyanın 201-ci hərbi diviziyası "qoruyur”. Özəlliklə, terrorçu qrupların Fərqanə vadisinə çıxış üçün istifadə etdikləri Bədəşxan Dağlıq Vilayətində yerləşən diviziyanın daha uğurlu xidməti üçün strateji zirvələrə nəzarət etmək tələb olunur. Həmin zirvələr isə Qırqızıstan ərazisindədir.

"Reina” hadisəsinə bu aspektdən nəzər salanda yeni il gecəsi İstanbulun qonaqlarına sıxılan mərmilərin həm də Fərqanə vadisini nişan aldığınız görə bilərik. Bəs, tətiyi kim sıxdırırdı-ABŞ, yoxsa Rusiya? Yəqin ki, zaman bu sualın da cavabına aydınlıq gətirəcək.

Heydər Oğuz

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}