Saleh Məmmədov: “Bir qəpik də artıq verən deyiləm…”

 

Metronun "28 May” stansiyasının yaxınlığında – Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində 142 ailənin yaşadığı beşmərtəbəli bina yolların genişləndirilməsi layihəsi çərçivəsində sökülür. Binada 85 yerli sakin, 57 məcburi köçkün  ailəsi yaşayır. Mayın əvvəlindən yerli sakinlərə bildişlər təqdim edilib.  Onlara mənzillərin ümumi sahəsinə uyğun 16-20 min manat kompensasiya ödənilir. Bu isə sakinlərin narazılığına səbəb olub.

Bu barədə virtualaz.org saytına sakinlər danışıblar.

Kövkəb Səfərəliyeva küçəsində köhnə, istismar müddətini tamamlanmış binaların sökülməsi, sakinlərin köçürülməsi ilə "Azəravtoyol” ASC məşğul olur. Amma Bakıda bundan əvvəl söküntü aparılan digər ərazilərdən fərqli olaraq bu binada qəribə vəziyyət yaranıb. Köçməyə razılaşan sakinlərin evlərindən qapı-pəncərə çıxarılır, elektrik xətti kəsilir, tavan, döşəmə dağıdılır. Beləliklə də bina qəzalı vəziyyətə salınır. Nəticədə köçmək istəməyənlərin bu binada yaşaması qeyri-mümkün olur, yaxud əsl işgəncəyə çevrilir. Qeyd edək ki, bu Bakıda əvvəllər də söküntülər zamanı inadkar sakinləri evlərindən qaçmağa məcbur etmək üçün tətbiq edilən, yaxşı işə yarayan taktikadır.

"Evdə yorğana bürünüb otururuq”

Sakinlərin də sözlərinə görə, bina qəsdən qəzalı vəziyyətə salınır ki, onlar köçməyə məcbur olsunlar. "Artıq 20 ailə köçdü. Dərhal da onların mənzillərində otaqların qapı-pəncərəsi çıxarıldı. İndi küləkdən evdə oturmaq mümkün deyil. Balaca bir otağı 2 elektrik sobası qızdırmır. Qışda kimin qapısına gedəcəyik? Hələ indidən evdə yorğana bürünüb otururuq”, -Əhməd adlı sakin deyir.

Digər sakin isə deyir ki, qapı-pəncərə söküləndən sonra yağan yağış dəhlizə qədər axır. Buna görə də gecə-gündüz allaha dua edirlər ki, yağış yağmasın.

"Saleh Məmmədov dedi ki, 1 qəpik artıq ödəməyəcəm”

Sakinlərin sözlərinə görə, digər yataqxanada məskunlaşan ailələrə 45 min manat kompensasiya ödənilib. "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov isə deyib ki, bu yataqxanada sakinlərə kompensasiya yaşayış sahəsinin ölçüsünə görə ödəniləcək, razılaşmayanlar çarə axtarsınlar.

Əliyar Baxışov tramvay-trolleybus parkının işçisi kimi 25 il əvvəl bu yataqxanada bir  otaqla təmin edilib. Deyir ki, yataqxanada yaşayan digər sakinlər kimi onun da maddi imkanı olmadığından ev ala bilməyib. İndi isə 16 min manatla küçələrdə yaşamağa məcburdur.  "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovla görüşüb, amma aldığı cavabdan şoka düşüb.

"Kompensasiya hesablanarkən Nazirlər Kabinetinin 9 iyun,  2015 ci tarixli qərarı, yəni yaşayış sahəsi az olan mənzillərin qiymətləndirilməsi qaydası pozulub. 3 dəfə Saleh Məmmədovun qəbulunda olduq. Dedi ki, otaqlara hər kvadratmetrə görə 1500 manatdan bir qəpik yuxarı ödənilməyəcək. İstəmirsinizsə köçməyin”-sakin deyir.

Saleh Məmmədov narazı sakinlərə onu da deyib ki, kompensasiya alanların otaqlarını dərhal sökəcəklər. Narazılar işıq, su xəttini kəsəndən sonra təkrar müraciət etsinlər.

Ə.Baxışov onu da qeyd edir ki, baş nazirin müavini Abid Şərifovla görüşmək üçün dəfələrlə Nazirlər Kabinetinə gediblər, hər dəfə də Şərifovun məşğul olduğunu eşidiblər. "Biz yalnız ondan soruşmaq istəyirik, 16 min manatla harada mənzil ala bilərik. Bizim taleyimiz necə olacaq? Qərar verərkən bazar qiymətlərini niyə nəzərə almırlar? Amma təəssüf ki, Şərifov bizi qəbul etmək istəmir”, -şikayətçi söyləyir.

Yeni ildə məktubdan süpriz çıxacaq?

Məcburi köçkünlər isə deyirlər ki, yerlilərdən fərqli olaraq onların taleyi müammalıdır. Çünki dəqiq məlumat verən yoxdur. "Məcburi köçkün ailələrini qeydiyyata alıblar. Bizə dedilər ki, siz yerlilərə qatışmayın, sakit oturun. Yeni ildə süpriz olacaq, məktubdan xoş xəbər çıxa bilər. Biri də deyir ki, yeni il hədiyyəsi olaraq köçürülə bilərsiz”, -adını açıqlamaq istəməyən, Füzuli rayonundan köçkün düşən qadın deyir.

Digərləri də deyirlər ki, köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Çünki balaca otaqda yayda istidən, qışda soyuqdan yaşamaqdan beziblər. "Oğlumun birinin 33, digərinin 38 yaşı var. Ev olmadığından evləndirə bilmirəm. Bəlkə bizə ev və ya kompensasiya verərlər”,-köçkün əlavə edir.  

Vidadi adlı köçkün isə söyləyir ki, bina qəzalı vəziyyətə düşdüyündən qışda nə edəcəklərini bilmirlər.

Köçkün qadınlardan biri isə ayaqyoluna baxmağımızı təklif edir. Uçub-tökülmüş, çirkdən divarının rəngi bilinməyən ayaqyolundan gələn üfunət dəhlizin o başından adamı boğur. Kanalizasiya xətti işləmədiyindən çirkab suları beşinci mərtəbədən birinci mərtəbəyə qədər damır.

"25 ildir bu çirkabın içində uşaq böyüdürük. Bu yataqxanada doğulan uşaqlar hərbi xidməti başa vurublar. Çoxu müxtəlif xəstəlikdən əziyyət çəkir”, -Nərgiz adlı köçkün əlavə edir.

Yataqxananın qarşısında çoxmərtəbəli binalar tikilir.  Sakinlər deyirlər ki, yolun genişləndirilməsi bəhanədir, çünki artıq yeni yol çəkilib. Görünür, binanın yerində ya yeni göydələn tikiləcək, ya da göydələndə yaşayanların istirahəti üçün park salınacaq...

Ülviyyə Xudiyeva




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}