BU DA SABİQ VERGİLƏR NAZİRİNİN EVİNİN FOTOLARI… –FOTO/VİDEO

BU DA SABİQ VERGİLƏR NAZİRİNİN EVİNİN FOTOLARI… –FOTO/VİDEO

 

Dekabrın 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib. Fazil Məmmədovun səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, başqa versiyalar da səslənməkdədir.

Fazil Məmmədovla bağlı məsələnin aktuallığını nəzərə alaraq, onun hazırda  yaşadığı dəbdəbəli villanın fotolarını çəkməyə nail olmuşuq. Sözügedən villa Bakı şəhər, Binəqədi rayon, 9-cu mikrorayon ərazisində, Heydər Məscidinin yaxınlığında yerləşir. 

Fazil Məmmədova məxsus olan bu dəbdəbəli sarayı 7-8 metrlik hündürlükdə olan hasarlar və 24 saat çəkiliş aparan üztanıma kameraları ilə əhatə olunub. Villanın 7-8 metr hündürlükdə olan əzəmətli hasarları "alınmaz qala”nı xatırladır.

Ona görə də sabiq MTN şefi Eldar Mahmudovun bir müddət əvvəl mətbuatda fotoları yayılan nəhəng villası Fazil Məmmədovun bu imarətinin yanında, sözün həqiqi mənasında, "koma”ya bənzəyir.

Hətta, deyərdim ki, keçmiş vergilər nazirinin "Ağ Ev”ə bənzəyən dəbdəbəli villası Prezident Sarayından da güclü mühafizə olunur. Hasarların üzərində ən son model üztanıma kameraları quraşdırıldığı üçün ərazidən quş uçsa belə, mühafizəçilərin dərhal xəbəri olur. Bu üzdən də sözügedən villanın fotolarını çəkəndə bir sıra çətinliklərlə rastlaşdıq və evin giriş darvazası hissəsindən keçən küçədən normal çəkiliş etməyimiz mümkün olmadı.

 Mühafizəçilər isə ümumiyyətlə binaya yaxın düşməyə imkan verməməklə yanaşı, küçədən keçən şübhələndikləri şəxslərə yaxınlaşaraq onları sorğu-sual edirdilər.

Biz də məcburiyyətdən Fazil Məmmədovun dəbdəbəli sarayının görüntülərini daha yüksək yerdən çəkməyə müvəffəq olduq.

 Sözügedən villanın yerləşdiyi ərazidə çəkiliş apardığımız zaman bir çox maraqlı məqamlara da şahid olduq. Çəkiliş zamanı Fazil Məmmədovun evinin qarşısını süpürən 10-a yaxın xadimə qadının maraqlı dialoquna şahid olduq.

Süpürgəçi qadınlardan biri o birinə sual edirdi ki, hər gün 10 nəfərin gəlib buranı süpürməyinin nə mənası var? Digər xidmətçi isə ona cavabında başını aşağı salıb işini görməyi məsləhət görür. Əks halda icra başçısının onu işdən çıxaracağını söyləyir. Az keçmir ki, xidmətçi qadınlar ərazini tərk edirlər.

 Evin son dərəcə güclü mühafizə olunmasını nəzərə alıb, çəkilişin müəyyən hissəsini taksi ilə aparmağa məcbur olduq. Taksi sürücüsü bu əraziyə bələd adam idi və bizimlə maraqlı söhbəti oldu. O deyir ki, Fazil Məmmədov daha çox bu evdə yaşayır: "Mən bu əraziyə yaxın yerdə taksi fəaliyyəti ilə məşğulam. Bəzən olur ki, gün ərzində Fazil Məmmədovun bu evinin qarşısından bir neçə dəfə keçirəm. Bir dəfə bu evə sərnişin də gətirmişdim. Eşitdiyimə görə, Fazil Məmmədov evinin həyətindəki hovuzda delfin də saxlayır".

 Beləliklə, keçmiş vergilər naziri Fazil Məmmədovun "Ağ Ev”i xatırladan dəbdəbəli villasının görüntülərini oxuculara təqdim edirik:

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}