Rusiya eksperti:"Suriya dövləti artıq yoxdur və bölünüb, ancaq dünya müharibəsi təhlükəsi qalır” – Təhlil

İndi Yaxın Şərqdə nələr baş verdiyindən hətta bu bölgədən xəbərləri həmişə izləyənlər də getdikcə daha çətinliklə baş çıxardırlar. KİV-lərin məlumatları bəzən bir-birinə o qədər zidd olur ki, ən diqqətli müşahidəçilər baş verənlərin məğzini tutmaqdan əl çəkiblər.

Deməli, bu günlərdə bütün dünyada xəbər dolaşıb ki, Amerikayönlü koalisiya gücləri (əslində, indiki halda ABŞ-ın özü) Suriyanın hökumətyönlü qüvvələrinə nəticədə yüzdən çox adamın həlak olduğu güclü zərbə endirib. Amerika hərbçiləri bunu belə izah ediblər: zərbə Birləşmiş Ştatların müttəfiqi, kürd döyüşçülərin üstünlük təşkil etdiyi "Suriya Demokratik Qüvvələri”nin qərargahına "qəsdən törədilməmiş”, amma qeyd edək ki, yaxşı hazırlanmış (tanklar və artilleriyanın iştirakıyla) hücuma cavabdır”.

Həm də Rusiyanın bəzi xəbər resursları, demək olar, bununla eyni zamanda xəbər verib ki, əsədçilər nəzarət etdikləri ərazidən öz qardaşlarının köməyinə tələsən kürd hərbi birləşmələrini türklərin mühasirəyə aldıqları Afrinə buraxıblar. Bundan bir qədər qabaq isə, BBC-nin Hərbi əməliyyatların araşdırılması İnstitutunun (ISW) təzə məlumatına istinadən xəbər verdiyi kimi, Suriya hökumət qüvvələri müxalif güclərin əlində olan ərazidən Hələbdən cənubi-qərbdə cənuba doğru irəliləyən Türkiyə zirehli dəstəsini atəşə tutaraq dayandırıb.

Ciddi danışsaq, hər şeyin bu qədər qarışdığı bütün bu xəşil haqda yetərincə çoxdan öncədən deyilmişdi. Bu sətirlərin müəllifi iki ildən yuxarı müddətdə yazıb ki, Suriya müharibəsinə qatılmış dünya və bölgə dövlətlərinin maraqları o qədər fərqlidir ki, Yaxın Şərqdə və hər şeydən qabaq Suriyada onların toqquşması qaçılmazdır.

Yaxın Şərq üzrə ekspert Mixail Maqid bu xüsusda dəqiqləşdirir ki, "ciddi desək, artıq heç bir Suriya yoxdur – böyük dövlətlər hazırda orada öz müttəfiqlərinə söykənərək onun ərazisini bölüşdürür”.

Onun sözlərinə görə, indi bölgü bu cürdür: amerikalılar SDQ-yə (PKK döyüşçüləri və bəzi ərəb tayfalarının ittifaqı) söykənir və onların köməyi ilə Suriya ərazisinin 20%-ə, habelə Suriya neftinin 80%-ə nəzarət edirlər. Əsəd və müttəfiqləri (İranyönlü şiə könüllü yığması, İran silahlı qüvvələri və RF qoşunları) Suriya ərazisinin böyük hissəsinə göz qoyurlar.

Bununla yanaşı, Türkiyə Suriya müharibəsində getdikcə daha müstəqil oyunçuya çevrilir. Maqid qeyd edir: "Ankara antiəsəd müxalifətin bir qisminə söykənməklə Suriyanın şimalında bir sıra rayonları, hər şeydən əvvəl Bab-Cərablus-Əzaz rayonunu ələ keçirib”.

O, yada salır ki, "Əsədin və İranın qoşunları Suriyanın şimalında İdlib bölgəsində antiəsəd müxalifətin mövqelərinə bir vaxta qədər olduqca uğurlu əməliyyatlar aparıb. Hazırda bu hücum müvəqqəti dayanıb: Əsəd və iranlılar arxa cəbhəni təmizləyirlər, Əsədin rəqibləri isə bir neçə ciddi əks-hücuma başlayıblar. Lakin onların mövqeyi bütövlükdə dayanıqsızdır”.

Bu arada İdlibdə son dərəcə gərgin durum yaranıb. "Türkiyə qoşunları da buraya giriblər. Türklər antiəsəd müxalifətin nəzarət etdiyi ərazilərdə, əl-Əys bölgəsində hərbi baza qurmağa başlayıblar. Bu, türk ordusuyla Əsəd tərəfdarları arasında atışmaya səbəb olub. Başqa sözlə, İdlibdə iki bölgə dövlətinin  – İran və Türkiyənin maraqları toqquşub”, – deyə ekspert davam edir.  

Onun fikrincə, Rusiya bu durumda Yaxın Şərqdəki müttəfiqləri – Türkiyə və İran arasında bir növ vasitəçi olmağa çalışır. Ekspert qeyd edir: "Lakin Ankaranın öz əməliyyatlarını Tehranla deyil, Moskva ilə məsləhətləşməsi iranlıları hövsələdən çıxardır. İran prezidenti Həsən Ruhani Türkiyə və İran arasında son zamanların tərəfdaşlıq münasibətləri üçün tamamilə qeyri-səciyyəvi, olduqca kəskin bəyanat verib ki, Türkiyə qoşunları dərhal Suriyanı tərk etməlidir”.

Görünür, Vladimir Putin bu ziddiyyəti birtəhər yoluna qoymaq üçün, KİV-lərin məlumatına görə, RF, Türkiyə və İran rəhbərlərinin üçtərəfli sammitini keçirməyi təklif edib.

Maqidin qeyd etdiyi kimi, bu hadisələrə paralel "Türkiyə ordusu və suriyalı müttəfiqləri (Azad Suriya Ordusunun bəzi fraksiyalarına bağlı ərəb və türkmən dəstələri) Afrinə hücum edir. Bu ən şərqi kürd kantonudur, RF-nin nüfuz dairəsinə daxil idi və Suriyadakı qalan kürd bölgələrindən təcrid olunub”.

Ekspert deyir: "Əsədə müttəfiq çıxan Rusiya nail olmağa çalışırdı ki, kürdlər Dəməşqin onlar üzərində hakimiyyətinə razılaşsınlar. Amma kürdlər bu təklifi rədd ediblər. Onda RF öz qüvvələrini Afrindən çıxardaraq türklərə bu bölgəyə hücum imkanı verdi”.

Qeyd edək ki, prakrik olaraq Rusiya qüvvələrinin Afrindən çıxarılmasına paralel olaraq Rusiyanın bəzi hökumətyönlü informasiya resurslarında materialların təqdimi dəyişilib. Onlar buna qədər kürd azadlıq hərəkatını ehtiyatla dəstəkləyib, indi isə birdən "kürd döyüşçülər tərəfindən dinc sakinlərin qətlə yetrilməsi”ndən danışmağa başlayıblar. Ekspert Türkiyə və İran kimi bölgəsəl böyük dövlətlərin bu gün hərbi baxımdan maraqlarının toqquşduğu İdlibdə durumu "çox təhlükəli” adlandırır.

Maqid davam edir – Qaldı ki Afrinə, orada "SDQ ilə Türkiyə ordusu arasında tammiqyaslı döyüş gedir. Ankara buna həm İraqın şimalında və Türkiyənin özündə PKK-ya qarşı aparılan geniş savaşın tərkib hissəsi kimi yanaşır”.

Ekspert söyləyir: "PKK döyüşçüləri İraq və Suriyadakı bazalardan hərəkətlənərək Türkiyə ərazisində yaşayan 20 milyon kürd üçün muxtariyyətə nail olmaq üçün partizan fəaliyyəti göstərir. Türkiyə inadlı müqavimətlə üzləşərək ləng irəliləyir. Türkiyə silahlı qüvvələri hazırda Afrinə girməklə xeyli istiqamətdən hücum edir. Ola bilsin, bu, kürdlərin qüvvələri əsas zərbə istiqamətində cəmləşdirməyinə mane olmaqdan ötrü edilir. Afrinlə sərhədə  yüzlərlə türk zirehli texnikası və artilleriya yığılıb”.

Onun sözlərinə görə, türk qüvvələrinin əsas zərbəni cənubi-qərb istiqamətindən vuracağı haqda fikir var. Ekspert əndişələnir: "Amma bu, yalnız fərziyyədir. Türkiyə ordusu NATO-nun bütün qaydaları üzrə hücum edir. Suriyadakı savaş illərində böyük hərbi təcrübə əldə etmiş kürdlər əks-hücumlarla hərəkət edərək pusqudan türk tankları və ciplərinə od vururlar. Ən böyük təhlükə bundan ibarətdir ki, işğal halında Afrində kürd əhalinin etnik təmzilənməsi genişlənə bilər”.

Maqid deyir – Bütövlükdə etiraf etmək olar ki, Suriyanın bölgə və dünya dövlətləri tərəfindən faktiki bölünməsi "onlar arasında ciddi qarşıdurmaya səbəb olub”.

Onun fikrincə, "çox ehtimal ki, hərbi əməliyyatlara qatılmış dövlətlər ərazilərin bölünməsi haqda necəsə anlaşmağı bacaracaq. Hazırda heç kim böyük müharibə marağında deyil. Prezident Ərdoğan Afrində qalib gəlməklə Türkiyədə öz nüfuzunu möhkəmləndirməyi nəzərdə tutur. İranda xalq etirazları və iqtisadi problemlərin doğurduğu ciddi daxili sabitsizləşmə var. ABŞ və RF-nin dünya müharibəsinə başlamaq üçün heç bir istəyi yoxdur. Lakin bu münaqişələr gələcəyin problemlərinə işarədir”.

Mütəxəssis hesab edir ki, Suriyanın bölünməsi "böyük dövlətlər arasında zidiyyətləri azalatmayaq, gücləndirəcək”. Onun fikrincə, çağdaş şərait ABŞ-ın kürəsəl rolunun azalmasıyla səciyyələnir: "Yeni ölkələri münaqişəyə cəlb edən hakimiyyət boşluğu meydana çıxır. "Dünya polisi” gedirsə, bölgə imperiyalarının qurulması başlanır. Dövlətlər arı kimi vızılsdaşır, onlar darlıq hiss edir, bir-birini rəqib kimi qavrayır, biri digərinə ziyan vurmağa çalışır. Bu cür hadisələr potensialca təhlükəlidir və həmişə dünya müharibələrindən əvvəl gəlir”. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}