HƏR BİR SİYASİ LİDER TARİX QARŞISINDA CAVAB VERƏCƏK

HƏR BİR SİYASİ LİDER TARİX QARŞISINDA CAVAB VERƏCƏK

 

Alternativ mübarizə üsulları olduğu halda, mitinq keçirmək və onsuz da qanı qaynayan gənclərin damarına basmaq, onları əbəs yerə qurban verməkdir

Bu gün ölkədə bir çox problem və elə ciddi mövzular var ki, onlar daim aktuallığını qoruyub saxlayır. Məsələn, yağışlı havada Bakı küçələri kiçik gölməçələri xatırladır, nəqliyyat sistemi isə az qala tamam iflic olur. Paytaxtdan bir qədər kənarda yerləşən qəsəbələrdə isə su, işıq və qazla bağlı problemlər uzun illərdir ki, mövcuddur. Və bütün bunların yaxın vaxtlarda həll olunacağına şəxsən mənim inamım çox azdır. Daha kobud formada desəm, heç inanmıram...

Hazırda aktuallığını itirməyən, mütəmadi qarşımıza çıxan, cəmiyyətin narahatlığına səbəb olan digər bir məsələ isə əksər müxalifət partiyalarının ildən-ilə geriləməsi, onların siyasi cəhətdən passivləşməsidir. Ki, bunun da başlıca səbəbi həmin partiya rəhbərlərinin həddən artıq iddialı olmalarıdır. Onların hər biri elə zənn edir ki, ölkəyə, həmçinin hazırda başında durduqları siyasi təşkilatlara rəhbərlik etməyə özündən layiqlisi yoxdur. Halbuki hamımız yaxşı bilirik ki, həqiqət heç də belə deyil. Artıq hətta siravi müxalifətçilər belə, qəbul edirlər ki, ölkədə siyasi partiyalar sistemi böhranlı vəziyyətdədir. Məhz elə bu səbəbdən də düşərgə təmsilçilərinin ən vacib məqamlarda belə, vahid mövqedən çıxış etmələri, ortaq məxrəcə gəlib düzgün taktika yetirməli, güclü elektorat toplamaları müşkül məsələyə çevrilib. Təbii ki, bütün bunlar sonda ümumi düşərgənin zəifləməsinə, cəmiyyətin onlara olan güvəninin bir qədər sarsılmasına gətirib çıxarır.

Yalnız özlərinin müxalifət düşərgəsinin mütləq lideri olduğunu iddia edən və digərlərini də bu yalana inandırmağa çalışan partiya rəhbərləri...

Elə yaxın keçmişə nəzər salsanız, müxalifət düşərgəsində indiyədək yaradılmış qurumların, birlik və ittifaqların demək olar ki, hamısının məhz mənəm-mənəmlik mərəzi, şəxsi ambisiyalar uğrunda çəkişmələr səbəbindən iflasa uğradığını görə bilərsiniz. Çünki bir sıra müxalifət partiyalarının rəhbərləri yalnız özlərinin düşərgənin mütləq lideri olduğunu iddia edir və elə buna görə də müxtəlif yollarla digərlərini də bu yalana inandırmağa, onları buna razı salmağa çalışır. Bu və sadaladığım digər amillər isə müxalifətin müvəqqəti birləşdiyi qurumların uzunömürlü olmasına imkan vermir. Halbuki daim aralarında mənafe savaşı aparan müxalifət liderləri gec də olsa, qəbul etməlidirlər ki, hakimiyyətə gəlib-gəlməməsindən asılı olmayaraq hər bir siyasi lider ya diri, ya da ölü ikən tarix qarşısında cavab verməli olacaq. Təəssüf ki, bu gün müxalif cəbhədə təmsil olunan, hətta ciddi cəhdlə özünü «ana müxalifət», düşərgənin əsas güc mərkəzi kimi təqdim edən, nə yolla olursa-olsun ictimaiyyəti buna inandırmağa çalışan partiyalar və onların yetkili şəxsləri bunun fərqinə varmadan elə hey populist çıxışlar edir, dəliqanlı, hələ tam formalaşmamış, proseslərin içində bişməmiş, bir sözlə hadisələri düzgün analiz edib məntiqli nəticə çıxarmağı bacarmayan gəncləri doğru hesablanmamış qərarlarla, sonunu düşünmədən atılan addımlarla, bəlkə də bilərəkdən qurban verirlər.

Boykot yolunu seçmək mübarizə aparmadan məğlubiyyəti qəbul etməkdən başqa bir şey deyil!

Diqqət yetirsəniz, görərsiniz ki, bu qəbildən olan siyasi təşkilatlar əsasən "Meydan sizi gözləyir" və bunabənzər digər populist şüarlardan istifadə edirlər. Buradan da hiss olunur ki, onlar hələ də meydan hərəkatının ab-havasından ayılmayıblar. Halbuki zamanla hər şey dəyişdiyi kimi, Azərbaycan insanı, onun siyasi proseslərə baxış bucağı, hadisələrə yanaşma tərzi də ciddi şəkildə dəyişib. Məsələn, 1988-ci ildə meydan hərəkatında, hətta 2005-ci il 26 noyabr mitinqində iştirak edən şəxslərin böyük əksəriyyətini, bu gün sinəsinə döyən həmin müxalifət liderləri bir araya toplamaq iqtidarında deyil. Çünki nə meydan həmin meydandır, nə şeytan həmin şeytan, nə də insan həmin insandır. Yəni dünənə qədər aktiv şəkildə siyasi prosesləri izləyən, bütün çətinliklərə, məhdudiyyətlərə rəğmən müxalifətin yanında olan insanların bir qismi artıq bu gün siyasətlə ümumiyyətlə maraqlanmır, bir qismi isə meydana çıxmağın mənasız olduğunu qəbul edib, iqtidarla alternativ, daha sivil yollarla mübarizə aparmağın tərəfdarıdır. Hakimiyyətlə sivil mübarizənin əsas yollarından biri isə məhz ölkədə keçirilən seçkilərdə iştirak etmək, əlindən gəldiyi qədər prosesin ədalətli, şəffaf keçirilməsinə nail olmaqdır. Şükürlər olsun ki, bu gün maxalifət düşərgəsində təmsil olunan partiyaların bir qismi bu yolun daha doğru olduğunu qəbul edib 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcəklərini bəyan ediblər. Lakin düşərgənin digər təmsilçiləri - hələ də meydan hərəkatının ab-havasından ayılmayanlar prezident seçkiləri kimi önəmli, həm ölkənin, həm də vətəndaşların taleyini həll edəcək mühüm bir prosesdən kənarda qalmaq, seçkiləri boykot etmək yolunu tutublar. Bu isə döyüşmədən, mübarizə aparmadan məğlubiyyəti qəbul etməkdən başqa bir şey deyil!

Məsələnin maraqlı tərəfi ondadır ki, onlar prezident seçkilərini boykot etdikləri azmış kimi, hələ üstəlik prosesə qatılan müxalifət partiyalarını da əsassız, tutarlı arqumentlərə söykənməyən qərəzli açıqlamalarla ittiham edirlər. Təbii ki, bu, yanlış yanaşmadır. Çünki nəticə əldə etmək, ən azından nəyisə müsbətə doğru dəyişmək üçün mütləq fəaliyyət göstərmək, mübarizə aparmaq lazımdır. Facebook və digər sosial şəbəkələr vasitəsi ilə insanları meydana səsləyənlər isə kor tutduğunu buraxmayan kimi, hələ də iqtidarla mübarizə üsullarını dəyişməməkdə, onların populist çıxışlarına inanmış gəncləri qəsdən və ya fərqinə varmadan "rasxod"a verməkdə, dəmir barmaqlıqlar arxasına göndərməkdə israrlıdırlar.

Hər ay 6 narkomanı polisə təhvil verən "bariqa"nın dar gününün qurbanı...

Mövzunun bu yerində mətbuat cameəsində, o cümlədən siyasi arenada yetərincə tanınan, mövqeyi ilə hesablaşılan baş redaktorlardan birinin mənə danışdığı əhvalat yadıma düşdü. Deməli, həmin baş redaktor 2000-ci illərin əvvəlində şərlənərək həbs olunur, bir müddət Bayıl türməsində yatdıqdan sonra azadlığa buraxılır. Həmin vaxt o, Bayılda bir nəfərlə tanış olur. Daha doğrusu, Yaşar adlı şəxs barəsində danışdığım baş redaktora yaxınlaşaraq "Salam, bəy. Məni tanıdınızmı?" deyə sual verir. Qarşı tərəf isə tanımadığını bildirdikdən sonra Yaşar özünü təqdim edir:

- Bəy, adım Yaşardır, arabaçıyam. Sizin yükünüzü neçə dəfə mən daşımışam.

Baş redaktor nə qədər çalışsa da Yaşarı xatırlaya bilmir. Əslində bu, təbiidir. Çünki onun yerinə biz də olsaq, yükümüzü daşıyan hər arabaçını yadda saxlaya bilmərik.

Xülasə, Yaşar baş redaktora həbs olunma səbəbini danışır. Məlum olur ki, o narkomandır və mütəmadi narkotik maddə aldığı "bariqa"nın qurbanı olub.

- Bəy, vaxtilə atamın yaxşı imkanı olub. Bir neçə evimiz, dükanlarımız vardı. Günün birində mən narkotik maddəyə qurşandım. Atam rəhmətə getdikdən sonra ondan mənə qalan nə vardısa narkotikə verdim. Bir də ayıldım ki, nə ev, nə dükanlar var. Hamısını itirdim, yaşlı anam, bir övladım və həyat yoldaşımla küçələrdə qaldım. Torpaq zəbrt edib, orada özümə taxtadan, üzərini salafanlayıb bir daxma tikdim. Özüm də araba daşımağa başladım. Günə təxminən 15 şirvan (Qeyd edim ki, həmin vaxt jurnalistlər 65-80 şirvan maaş alırdı - V.B.) qazancım olurdu. Onun da bir hissəsini narkotikə verirdim. Tanıdığım bir "bariqa" vardı, "mal"ı həmişə ondan alırdım. Bir dəfə onun evinə yaxınlaşdıqda polislər məni yaxaladılar. Dərhal çığırmağa başladım. Səsimə "bariqa" çıxdı və eyvandan "Rəis, dəymə bizim adımdır" dedi. Bundan sonra polislər məni sərbəst buraxdılar. Sonra "bariqa"nın mənzilinə qalxdım. Ondan bunun səbəbini, yəni bir sözü ilə polislərin məni buraxmasının nədənlərini soruşdum. Dedi ki, biz "bariqa"lar hər ay 6 nəfər narkomanı polisə qurban veririk. Yəni vaxtı çatanlarla yollarımızı ayırırıq. Elə isə məni niyə qurtardığını soruşduqda, bildirdi ki, səni çoxdan tanıyıram, dar günə saxlamışam. Bəy, elə həmin an gec-tez həbs olunacağımı anladım. Amma narkotikdən asılı olduğum üçün buna əhəmiyyət vermədən yenə həmin "bariqa"dan "mal" alırdım.

Bu hadisədən təxminən, 7-8 ay sonra "bariqa"nın yaşadığı blokun pilləkənlərini qalxarkən yenə polislər məni saxladı. Çığırmağa başladım. "Bariqa" səsimi eşidib mənzilindən çıxdı və mənə baxıb "Yaşar, incimə indi növbə sənindir. Vaxtın çatdı" dedi. Bir anlıq gözlərim doldu, az qaldı ki, huşumu itirim. Amma nə etmək olar, iş işdən keçmişdi. Məhkəmə oldu, mənə iş kəsdilər. Bəy, məhkəmə barəmdə qərarını verərkən 12 yaşlı qızımın mənə baxışı indiyədək gözümün önündədir. O anda nə etdiyimi, həm özümü, həm də ailəmi uçuruma yuvarladığımı, ələxüsus da övladımın həyatını məhv etdiyimi anladım...

Martın 10-unda baş tutacaq mitinqdə də radikal düşüncəli liderlərin fitvası ilə cuşa gələn gənclərin həbsi gözlənilir

Bu hadisəni qeyd etməkdə məqsədim odur ki, həmin "bariqa" ayda 6 nəfər narkomanı polisə qurban verdiyi kimi, 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edən, yəni dolayısıyla mübarizədən çəkilib məğlubiyyətini boynuna alan Milli Şura da təxminən eyni üsulla, yəni facebook və digər sosial şəbəkələr vasitəsi ilə beyniqanlı, bir qədər çılğın, atdığı addımın nəticəsini analiz etmək iqtidarında olmayan gəncləri meydana səsləyərək sonda onların həbs olunmasına şərait yaradır, bu işdə ya bilərəkdən, ya da fərqinə varmadan vasitəçilik edir.

Budur, Milli Şura artıq növbəti mitinq qərarını verib. Dəqiq demək mümkün olmasa da, ehtimal etmək olar ki, Milli Şuranın əksər mitinqlərindən sonra olduğu kimi martın 10-u "Məhsul” stadionunda baş tutacaq mitinqdə də yenə hələ tam formalaşmamış, proseslərin içində bişməmiş, bir sözlə radikal düşüncəli liderlərin fitvası ilə cuşa gələn gənclərin həbsi gözlənilir. Ola bilər ki, Milli Şuranın öndə duran simalarının məqsədi heç də gənclərin həbsi, onların və ailələrinin məhkəmə, həbsxana qapılarında təpik döyməsi deyil. Bunu tam əminliklə iddia etməyin özü də doğru deyil. Lakin qeyd etdiyim kimi, o da bir faktdır ki, Milli Şura və orada təmsil olunun təşkilatların keçirdiyi mitinqlərin əksəriyyəti gənclərin həbsi, onların və ailələrinin təzyiqlərə məruz qalması ilə nəticələnib. Yox, əgər hələ də mitinq yolu ilə nəyəsə nail olacaqlarına, nəyisə dəyişdirə biləcəklərinə inananların məqsədi bu deyilsə, o zaman niyyətlərini açıq şəkildə bəlli etsinlər, biz də bilək. Əks təqdirdə, alternativ mübarizə üsulları olduğu halda, yəni növbədənkənar prezident seçkilərində iştirak edib ən azından seçki prosesinin daha şəffaf və ədalətli keçirilməsinə çalışmağa ümid var ikən, boykot yolunu tutub mitinq keçirmək və onsuz da qanı qaynayan gənclərin damarına basmaq, onları əbəs yerə qurban verməkdən başqa bir şey deyil!

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}