TRAMP TİCARƏT MÜHARİBƏSİNƏ BAŞLAYIR:Çin, Kanada və Avropa Birliyi cavab tədbirlərinə əl atacaq – Təhlil

TRAMP TİCARƏT MÜHARİBƏSİNƏ BAŞLAYIR:Çin, Kanada və Avropa Birliyi cavab tədbirlərinə əl atacaq – Təhlil

 

Amerikanın hər bir prezidentinin öz böyük müharibəsi olmalıdır.
 Donald Tramp böyük ticarət savaşından başlamaq və buna hazırlaşarkən özünə diplomatik zəhmət çəkdirməmək qərarına gəlib. Avropa Birliyi, Çin və Kanada eyni zamanda Amerikanın maneə tariflərinin zərbəsinə tuş gəlib. Çin
 və Kanada qisas almağa söz verib, Avropa Birliyinin rəhbərliyi isə sadəcə eyni cavabı verməyəcək, həm də ABŞ-da Trampa ciddi siyasi problemlər yaradacaq. Avropa Komissiyasının sədri Jan Klod-Yunker payızda keçiriləcək Senat və qubernator seçkilərindən qabaq sosial-iqtisadi durumu sabitsizləşdirmək qəsdilə Amerikanın əsas senator və konqresmenlərinin "doğma” ştatlarında yerləşən Amerika şirkətlərini vurmağı təklif edib. Amerika "harley”ləri, cinslər və hətta Amerika viskisi Avropa Komissiyasının cəza qapazı altına düşmək təhlükəsindədir. Lakin bu, yalnız başlanğıcdır. ABŞ-ın əleyhdarları cavab tədbiri kimi Amerika valyutasının imtiyazlı beynəlxalq statusuna zərbə vurmaq qərarına gəlsələr, onda ABŞ iqtisadiyyatı və Trampın iddialı administrasiyası üçün nəticələr, sadəcə, fəlakətli olacaq.  

Biz hələ yanvarın əvvəlində təxmin edirdik: Trampın sərt proteksionçu siyasəti buna səbəb ola bilər ki, Amerikanın keçmiş yaxın müttəfiqləri ona qarşı qalxışacaqlar: "Bu cür davam eləsə, Vaşinqton təkcə Çin və ya Rusiya kimi ənənəvi rəqiblərilə deyil, həm də Amerikanın xarici iqtisadi siyasətinə indiyədək loyal yanaşan ölkələrlə də diplomatik və ticari münaqişə durumuna düşəcək”.

Öncədeyim gözlənildiyindən də tez doğrulub. Məsələ indi o yerə çatıb ki, Amerikanın hətta ən yaxın müttəfiqi – Kanada – Amerika şirkətlərinə yönəlik cavab tədbirləri hazırlayır. Ağlasığmaz görünən durum müşahidə olunur: Vaşinqton faktiki diplomatik təcridə düşüb və dilləşmə və ya hədə-qorxuyla heç nə əldə edə bilməz. Hətta heç zaman antiamerika müxalifliyində görünməyən ölkələrdən də. Mətləblərə tamamilə praqmatik baxsaq və müstəmləkələrin metropoliyaya buynuz atmaq və hətta xüsusən də onun şirkətlərinə qarşı sanksiyalar tətbiqini bacarmadığı haqda aşkar düşüncədən kənarlaşsaq, belə çıxır ki, "böyük Amerika imperiyası” iqtisadi planda böyük hesabla Böyük Britaniya, Puerto-Riko və Ukraynaya qədər daralıb. Hətta Polşa da ABŞ-a qarşı ticarət savaşına qatılmalı olacaq – o səbəbdən ki, Brüssel açıqca Vaşinqtonla barışmaq istəmir, Polşa isə hələ Avropa Birliyinin bir hissəsidir.

Tramp və opponentləri indiki anda sıradakı həmlə fəaliyyətinə başlayıblar. Ştatların lideri cümə axşamı bildirib ki, ABŞ-a tədarük edilən idxal polad və alüminiuma qarşı maneə tarifləri tətbiq edəcək. Avropa Birliyi cavab olaraq birinci mərhələsi Amerikanın motosikl istehsalçılarından tutmuş portağal şirəsi və viski istehsalçılarına qədər dişbatan şirkətlərini vurmalı olan cavab tədbirləri planı hazırlayıb. Hətta konkret maliyyə hədəfi göstərilib: 3,5 milyard dollarlıq ixracat tədarüklərinə toxunulması lazımdır. Avropa Birliyi növbəti mərhələdə ABŞ-a qarşı güzgü tariflər tətbiq etməyi və ÜTT arbitrajı çərçivəsində Tramp administrasiyasına iddia qaldırmağı planlaşdırır.

Çin rəsmi səviyyədə hələlik "təmkin”ə çağırışla kifayətlənib. Ehtimal ki, Pekin hazırda Si Szinpinin ən yaxın silahdaşlarından biri Lyu Henin Tramp administrasiyasıyla apardığı danışıqların başa çatmasını gözləyir, amma Trampın tarifləri artıq tətbiq etdiyi və ticarət müharibəsində Çini əsas rəqib  göstərdiyinə əsasən danışıqların müsbət nəticəsinə şans çox da böyük deyil. Avstraliya ticarət naziri Stiven Çiobo ABŞ-a qarşı cavab tədbirləri hədəsiylə çıxış edib, Kanada xarici işlər naziri Kristia Frilənd isə bildirib ki, Kanada öz ticarət maraqlarını qorumağa hazırdır. Braziliya ABŞ-ın hərəkətini psiləməklə çıxış edib. Hətta BVF rəsmi bəyanat yayıb və göstərib ki, Trampın hərəkəti "ABŞ-ın özünə ziyan vurur”. Cavabında Tramp geri çəkilməmək, alman avtomobillərinə 25% rüsum tətbiqi vəd edərək və keçmişdə başqa ölkələrin "Amerika liderlərinin necə səfeh olduğunu lağa qoyduğunu” vurğulayaraq tarifləri kəskin şəkildə ikiqat artırmağı qət edib. Vaşinqtonun hazırda ABŞ-ın hətta ən yaxın müttəfiqlərilə münasibətləri rekord müddətə korlayan təcavüzkar hərəkəti göstərir ki, Amerikanın artıq keçmiş nüfuzu yoxdur. Trampın qibləgahı, prezident Ronald Reyqan 1985-də oxşar durumda hər hansı ticarət müharibəsi və qalmaqalsız Almaniya, Yaponiya, Fransa və Böyük Britaniyanı özlərinin ixracat potensialının xeyli qismini məhv etməyə, Amerika mallarının idxalını artırmağa və ABŞ-ın iqtisadi inkişafı naminə öz iqtisadi artımlarını "boğmağa” məcbur edib. Almaniya, Yaponiya, Fransa və Böyük Britaniya dinməz-söyləməz razılaşıb ki, ABŞ başqa valyutalara nisbətdə dolların kursunu süni şəkildə azaldıb, bununla da Avropa və Yaponiya bazarlarında Amerika ixracatını daha rəqabətli edib, eyni zamanda Yaponiya və Avropa istehsalçılarını öz satış bazarlarının bir hissəsindən və ABŞ bazarlarında duruş gətirmək imkanından məhrum edib. Reyqana Amerika iqtisadiyyatını xilas etməyə imkan verən saziş "Plaza Accord” (ingiliscə: bazar meydanı sazişi-tərc.) və onun imzalanmasına görə Yaponiyada qopan böhran isə "İtirilmiş onillik” adını alıb. Sovet informasiya məkanının nisbətən qapalılığı üzündən çağdaş Rusiyada az adam bilir və ya xatırlayır ki, 80-ci illərin axırında Yaponiya Qərb dünyasının infiormasiya məkanında bu gün Çinə məxsus rolu oynayırdı. Yapon iqtisadiyyatı Amerikanınkından sürətlə inkişaf edirdi, daha yüksək texnologiyalıydı və əməyin səmərəliliyindəki fərq və təhsilin keyfiyyəti açıqca ABŞ-ın xeyrinə deyildi. Hesab olunurdu ki, gələcək Yaponiyanın olacaq. Yada salmağına dəyər ki, hətta Amerika kapitalizminin rəmzlərindən biri – Beşinci avenyü, 666 ünvanındakı əfsanə bina – o zaman Yaponiyanın maliyyə konqlomeratı "Sumitomo”ya məxsus idi. Yaponiyanın iqtisadi üstünlüyünə bütün ümidlər bir göz qırpımında məhv edildi. Yaponiya taleyüklü sazişin imzalanmasından artıq on il sonra böhrandaydı, "ekspert konsensusu” isə buna meyllənirdi ki, kürəsəl tarix bitib və artıq ABŞ həmişəlik dünya hegemonu olacaq.

Yeri gəlmişkən, Beşinci avenyüdəki əfsanə bina da ailəsinə məxsus olan Trampın problemi bundan ibarətdir ki, Çin Yaponiya deyil və hətta çağdaş Avropa da Amerika iqtisadiyyatının qurtuluşu naminə ABŞ-ın maliyyə baltasının altına girmək istəmir. ABŞ indi təkbaşına praktik olaraq bütün dünya ilə vuruşur, belə ki, hətta ÜTT-nin arbitrləri də ABŞ-ın tərəfində dursalar, bunun Vaşinqtona köməyi az olacaq. Təkcə ABŞ-ın qalacağı ÜTT, güman etmirəm ki, ciddi beynəlxalq nüfuz aləti sayıla bilər. Tramp indi ayaq saxlamasa və yaxud ticarət müharibəsinin  başlanmasını bəyənməli olan, qorxuya düşmüş konqresmenlər onu durdurmasa, onda risk var ki, Amerika prezidentinin punitiv (qisascıl-tərc.) tədbirlər görmək istədiyi ölkələr gec, ya tez öz ziddiyyətlərini bir kənara qoyub Ştatlara qarşı əlaqələndirilən fəaliyyətə keçəcək. Məsələn, onlar ifrat zərurət halında dolların beynəlxalq ticarət hesablaşmasından tam çıxdaşı haqda saziş qəbul edə bilər. Yumşaq deyilsə, bu tədbir qaydalar baxımından şübhəli olacaq, amma Trampın bədiyyatı fonunda, çətin ki, onun rəqiblərini dayandırsın. Amma bu cür hərəkət iqtisadi effektivlik baxımından Amerika iqtisadiyyatı, kredit reytinqi və Amerika maliyyə bazarları üçün qorxunc nəticələrə səbəb olacaq. Hətta "Modys” reytinq agentliyi hesab edir ki, Amerikan valyutasının beynəlxalq ticarətdə məhz özəl statusu nəhəng büdcə kəsirlərilə ABŞ-a işləklik imkanı verir. Dollar bu beynəlxalq statusdan məhrum olsa, onda Vaşinqtonun indiki kimi təkcə ticarət balansıyla deyil, tammiqyaslı iqtisadi kollapsdan yayınmaqda problemləri meydana çıxacaq.

Güman etmirəm ki, ABŞ prezidenti durumu bu cür fəlakətli ssenari həddinə çatdırmağa hazırdır, amma tamamilə mümkündür ki, onun, sadəcə, bu riskə getməkdən və Amerika xarici siyasətindən əziyyət çəkən Çin, Avropa və başqa ölkələrin öz aralarında anlaşa bilməyəcəyinə (və ya radikal cavab tədbirlərinə getməkdən qorxacağına) ümid etməkdən savayı çıxış yolu yoxdur. Bu cür yanaşma kiminə cürətli, kiminə dəlilik görünə bilər, amma "ABŞ bütün dünyaya qarşı” sxemi üzrə tammiqyaslı münaqişə halında, çox ehtimal ki, Vaşinqton komandası heç də qalib gəlməyəcək.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}