Qərb-Rusiya qarşıdurması: xarici siyasətimiz seçim qarşısında

 

Tofiq Abbasov: "Əgər hər hansı bir modeli bizə sırımaq istəyirlərsə...”

Rusiya ilə Qərb arasında illərlə davam edən gərginliyin artan xətlə getməsi Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə  bu qarşıdurmanın Skripal olayından sonra pik həddə çatması rəsmi Bakını müəyyən seçimlər qarşısında qoyub. Görünən odur ki, Qərb-Rusiya qarşıdurması hələ illərlə davam edə bilər. O cümlədən Rusiyaya yaxın olan hakimiyyətlərin də zamanla sanksiyalarla üzləşməsi istisna edilmir, hətta buna bəzi işarələr də var. Ekspertlər bu əsnada rəsmi Bakının indiyə qədər apardığı balanslı siyasətin bundan sonra davamının çətin olacağını, ölkəmizin konkret seçim qarşısında qala biləcəyini qeyd edirlər. Azərbaycanın seçiminin necə olacağı ilə bağlı mövqelər isə birmənalı deyil.

Politoloq Tofiq Abbasov "Yeni Müsavat”a açıqlamasında xarici siyasətin bir çox amillərlə şərtləndiyini bildirdi: "Bu amillərin arasında anlaşma, bəzən qondarma elementlər ortaya çıxır. Burada diplomatiyanın çevikliyi çox şeyi həll edir. Azərbaycan üçün xarici siyasəti yenidən qurmağa ehtiyac yoxdur. Bu siyasət həm Şərq, həm də Qərb deməkdir. Son 25 ildə rəsmi Bakı sərt tələblərlə, şərtlərlə rastlaşıb, amma ilk vaxtlar dözümlü münasibət sərgiləyir, sonradan bıçaq sümüyə dirənəndə öz qətiyyətli mövqeyini bildirir. Hər bir siyasət qarşılıqlı anlaşma şəklində əmələ gəlir. Hər hansı bir fövqəlgüc qəbul olunmaz tələblərlə ortaya çıxırsa, Azərbaycan deyil, istənilən özünə hörmət qoyan dövlət düzgün seçim etmək məcburiyyətində qalır. Açıq şəkildə görürük ki, hazırda dünyada gedən proseslərdə ziddiyyətlər kifayət qədərdir. Terrora qarşı mübarizə aparan dövlətlər terrorçuları maliyyələşdirməkdə ittiham olunurlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın xarici siyasəti şəffafdır. Hər hansı bir modeli əgər bizə sırımaq istəyirlərsə, gərək rəsmi Bakı tutarlı arqumentlərlə bunun qarşısını alsın. Burada uzağa getmək olmaz. Bu ilin fevralında Amerikanın Kəşfiyyat İdarəsinin rəhbərinin məruzəsi dərc olundu və biz orada gördük ki, bir neçə ölkəyə, o cümlədən Azərbaycana tələblər irəli sürülür ki, əgər Rusiya ilə silah-sursat və digər bu kimi hallarla əlaqələriniz davam etsə, biz sanksiyalar tətbiq edə bilərik.

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Bu, sözün əsl mənasında, anlaşılmayan, qərəzli bir yanaşmadır. Çünki hamıya yaxşı bəllidir ki, Azərbaycan təcavüzə məruz qalan ölkədir. Bizim ölkə beynəlxalq sazişlərin tələblərini pozmadan dövlətin maraqlarını, təhlükəsizliyini qorumağa borcludur. Bu hər bir siyasi elitanın vəzifəsidir ki, ölkənin ərazi bütövlüyünü, suverenliyini qorusun. Azərbaycana qarşı qərəzli, anlaşılmayan məkrli bir tələb ortaya qoymaq, həm də onu hədələmək göstərir ki, Amerika başda olmaqla, Qərb dünyası qaydasız döyüşdən istifadə etməyə çalışır. Bunların qarşısında prinsipial mövqenin olması olduqca vacibdir. Azərbaycan heç bir ölkəyə təhdid törətmir. Bizim xaricə təklif etdiyimiz proqramlar, əməkdaşlıqlar dialoq şəklində olan təşəbbüslərdir. Bu baxımdan xarici siyasətdə köklü şəkildə dəyişikliklərə ehtiyacın olduğunu düşünmürəm. Ən çətin vəziyyətlərə hazır olmaq lazımdır. Burada diplomatiyanın çevikliyindən çox şey asılıdır”.

T.Abbasov bundan sonra Azərbaycanın yürüdə biləcəyi xarici siyasətə də toxundu: "Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə gedən proseslər onu göstərir ki, sülhdən, bərabərlikdən, demokratiyadan danışan qüvvələr istənilən an gücə, radikal yollara əl atırlar. Bu, Amerikaya da, onun yaxın müttəfiqlərinə də aiddir. Bizim əsas problemimiz Ermənistanın Azərbaycan üçün yaratdıqları çətinliklər, təhdidlərdir. Onların aradan qaldırılması üçün Azərbaycan istənilən an güc vasitəsindən istifadə etməyə hazır olmalıdır. Çox güman ki, bunu etməlidir. Azərbaycan elə bir ölkədir ki, bütün taleyüklü məsələlərin həllində rol oynayırıq. Ölkəmiz ilk növbədə öz müttəfiqliyini qoruyub saxlamalı, ona olan təhdidləri dəf etməli, eyni zamanda əməkdaşlıqda olan təşəbbüskarlığını bir qədər də yuxarı qaldırmalıdır. Biz ətrafımızda qurulmuş sədləri yavaş-yavaş aradan qaldırmağa müvəffəq olmuşuq. Bu hərəkətləri dayandırmamalıyıq. İntensivlik öz qüvvəsini saxlamalıdır. Eyni zamanda erməni təcavüzünün qarşısında dünyaya bərabərhüquqlu əməkdaşlığa hazır olmağımızı konkret işlərimiz, təşəbbüslərimizlə təsdiqləyək. Bunlar xarici siyasətimizin əsas istiqamətlərindən biri olmalıdır”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}