“STRATEQ BAXIŞI”nda müzakirə:“Millətin yol xəritəsi qəbul olunmalıdır”-VİDEO

“STRATEQ BAXIŞI”nda müzakirə:“Millətin yol xəritəsi qəbul olunmalıdır”-VİDEO

 

"Strateq baxışı” verilişinin budəfəki mövzusu "Regionda formalaşmaqda olan yeni strateji durum və Azərbaycana mümkün təsirləri”
 idi. Ətrafımızda baş verən proseslərin bizə təsiri olacaqmı? Ermənistanda hakimiyyət xalq etirazlarından sonra dəyişdi, Gürcüstanda insanlar məhkəmə ədalətsizliyindən sonra ayağa qalxıb etiraz etdilər, Dağlıq Qarabağda Ermənistanda hakimiyyət dəyişəndən sonra ara qarışdı. Bəs bizdə necə olacaq? Bu hadisələrin bizə mümkün təsirləri nə ola bilər və ya ümumiyyətlə, ola bilərmi? Bu təsirlər qarşısında dövlət, müxalifət və cəmiyyət nə etməlidir?

Bu suallara cavab tapmaq üçün "Strateq baxışı”nın yaradıcı komandası-daimi ekspert qrupu – keçmiş Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər, keçmiş baş nazir Pənah Hüseyn, "Qlobal İnteqrasiya və Dialoq Mərkəzi”nin prezidenti Yasəmən Qaraqoyunlu və qonağımız, "Böyük Quruluş” Partiyasının başqanı, deputat Fazil Mustafa ilə 2 saata yaxın müzakirə etdik. Maraqlı müzakirələr aparıldı. Sensasion sayıla biləcək faktlar açıqlandı. Sülhəddin Əkbərin 2003-cü ildə ABŞ-da baş verən görüşlərdə amerikalıların onlara dedikləri acı həqiqətləri açıqlaması və Pənah Hüseynin Nəcməddin Sadıqovun general rütbəsi almasında və yüksəlməsindəki xidmətlərini elan və etiraf etməsi, sensasion məlumatlar sayıla bilər.

Ayrıca müzakirə canlı və həyəcanlı keçdi. Nə qədər acı olsa da, Ermənistanın demokratik prosesdə Azərbaycandan irəli keçdiyi, Azərbaycanın müvafiq qurumlarının yaxşı işləmədiyi və Ermənistanda baş verən prosesləri vaxtında təxmin etmədiyi, lazımi tədbirlər görmədiyi, Azərbaycanın müstəqil siyasət yeridə bilmədiyi vurğulandı. Neçə ki, Azərbaycan Silahlı Qüvvələri sırasında 5-ci kolonun nümayəndəsi, ya da nümayəndələri var, heç nəyin mümkün olmadığı deyildi. Xüsusi vurğulandı ki, Azərbaycan xalqının öz ordusuna etibarı bərpa olunmalıdır.

Xüsusi ağrı ilə deyildi ki, Azərbaycan regionda və dünyadakı bütün müttəfiqlərini itirmək üzrədir. Ən yaxın müttəfiqimiz olan qardaş Türkiyə belə mövcud anlaşmalara görə, Azərbaycana istəsə belə, yardım edə bilməz. Buna görə də mümkün qədər müstəqil siyasət yeritməli və ilk öncə Türkiyə ilə, sonra isə Pakistanla hərbi sazişlər imzalanmalıdır.

Azərbaycanın bölgədəki və dünyadakı üzləşdiyi siyasi vəziyyət birbaşa daxili vəziyyətə də təsir göstərir. Daha güclü olmaq və cəmiyyəti daha yaxşı idarə edə bilmək üçün mütləq siyasi və köklü islahatlara başlamaq lazımdır. Müzakirə iştirakçıları o qənaəti paylaşırlar ki, son 25 ildə milli gücü formalaşdırmaq yox, milli gücü dağıtmaq prosesi gedib. Çıxış yolu kimi təklif olundu ki, hakimiyyət maraqlı olmalıdır ki, müxalifətlə mahiyyəti üzrə dialoqa getsin. Bunun üçün bütün siyasi məhbuslar qeyd-şərtsiz azad olunmalı, xaricdə mühacirət həyatı yaşayan bütün vətəndaşların Azərbaycana yolu açılmalıdır. Siyasi məhbusları həbsdə saxlamağın, İlqar Məmmədovu və digərlərini bu qədər uzun müddət cəmiyyətdən təcrid etməyin nə mənası var?

İsrarla vurğulandı ki, Azərbaycan müxalifəti də öz potensialını artırmaq üçün öz daxilində dialoqa başlamalıdır. İqtidarın olduğu kimi, Azərbaycan müxalifətinin də öz 5-ci kolonu var və həm iqtidar, həm də müxalifət mahiyyətcə bir-birindən fərqli olan bu "5-ci kolon”lardan təmizlənməlidir. Cəmiyyət bilməlidir ki, dünyada və regionda nə baş verir və bu islahatlar aparılmasa, Azərbaycanı çox böyük təhlükələr gözləyir.

Deputat Fazil Mustafanın sonda dedikləri isə çox ibrətamiz səsləndi: "İstənilən gözlənilməz dalğa dövləti apara bilər.”

Bəli, məhz dövlətin başqa bir yerə getməməsi və aparılmaması üçün də, Azərbaycanda ciddi islahatların başlanmalı olduğu xüsusi bildirildi.

Beləcə, "Strateq baxışı”nın 4-cü buraxılışını – çox maraqlı və zəngin məlumatlarla dolu olan verilişimizi Strateq.az olaraq təqdim edirik.

Əvəz Zeynallı

"Strateq baxışı”

 

 

"Strateq baxışı”ndan fotoların yaddaşında qalanlar:

 

 

 

           

 

Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}