AVROPA İTTİFAQININ AZƏRBAYCAN QHT-lərinə AYIRDIĞI MİLYONLUQ QRANTLAR

AVROPA İTTİFAQININ AZƏRBAYCAN QHT-lərinə AYIRDIĞI MİLYONLUQ QRANTLAR

 

"Ümidli Gələcək” Gənclər Təşkilatının rəhbəri Nabil Seyidov "biz pul almamışıq” deyir

Avropa İttifaqının Bakı ofisinin rəsmisi Gülnarə Bayramova: "Biz vətəndaş cəmiyyətinə qrant verərkən Azərbaycan hakimiyyətinin nümayəndələri ilə məsləhətləşmələr aparmırıq”

"Mətbuatda şox şey yazıla bilər. Mən Fuad Muradovu 2005/06-cı illərdə görmüşəm. Mənim hazırda onunla əlaqəm yoxdur. Onun bizim təşkilatda nə mövqeyi ola bilər ki? O, dövlət komitəsində sədrdir. Dövlət qulluğundadır. Artıq 10 ildir deputatdır, onun bizimlə nə əlaqəsi var?”

"Biz o broşuranı 2016-cı ilin sonunda çap etmişik. Yəqin ki, o məlumat onun indi əlinə keçib. Amma Fərhad Mehdiyevin verdiyi məlumat yanlışdır. Yəni məlumatı tam düzgün verməyib...”

"Avropa İttifaqının Bakı ofisi bir məlumat kitabçası çıxarıb və orada Aİ-nın ölkəmizdə vətəndaş cəmiyyətinə 2007-2016-cı illər arasında etdiyi yardımları göstərib. Çox şübhəli təşkilatlara və effektivliyi mübahisəli layihələrə xeyli pul ayırıblar”.

"Hürriyyət”in məlumatına görə, bu barədə politoloq Fərhad Mehdiyev öz "feysbuk” səhifəsində yazıb.

F.Mehdiyev qrant alan təşkilatlara diqqəti yönəldib: "1. "ÜMİD” Sosial İnkişafa Dəstək İctimai Birliyinə nə az, nə çox 1.137.189 euro pul ayrılıb. Bunlar da milyondan çox pulu 2 il ərzində sadəcə təlim, seminar və şəbəkələşməyə xərcləyiblər ki, 2016-cı ildə bitmiş bu layihənin heç bir şəbəkələşməsi qalmadığı kimi, İctimai Birlik özü hal-hazırda heç bir layihə də həyata keçirmir. Belə birlik, bu qədər pula belə layihə olar?

2. Təhsil Nazirliynə bağlı olan Təhsildə İnnovasiyalar Mərkəzinə 640.000 euro ayrılıb ki, bunun Vətəndaş Cəmiyyəti ilə heç bir əlaqəsi yoxdur.

3. "Ümidli Gələcək” Gənclər Təşkilatına 640.000 euro "çatdırılıb”. Pullar xərclənib, bu layihənin bu günə olan təsiri bir neçə sıfırdan ibarətdir. Deməli, bu təşkilat bu 640.000 euronu o qədər "səmərəli” xərcləyib ki, onların bu gün işləyən bir veb saytı belə yoxdur.

4. Yenə "Ümidli Gələcək” Gənclər Təşkilatına Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə bir yerdə 2013-2016 illər üçün 300.000 euro qrant verilib. Güya, bu pulla onlar 14-17 yaş arasında olan və polislə üzləşən uşaqların pis rəftara məruz qalmasının qarşısını almaq üçün tədbirlər həyata keçirib.

5. "Tomris” Qadınlar Təşkilatına (google bu qurum haqda heç nə bilmir), işgəncə və pis rəftarın qarşısını almaq üçün 166.666 euro pul ayrılıb. Yəni "gedin kef edin””.

F.Mehdiyevin sözlərinə görə, məhz Avropa İttifaqının, elə Avropa Şurasının da qızıl səyləri nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti və demokratik islahatlar analoqu olmayan bir "inkişafa” məruz qalıb: "Sonra da abır-həyasını itirmişlər deyir ki, Qərb ölkədə inqilab eləmək istəyir. Onlar ancaq və ancaq pulları xərcləmək üçün "pul inqilabı” edirlər, o qədər”.

Şübhəsiz, Avropa İttifaqının ayırdığı qrantları heç bir fəaliyyəti olmayan təşkilatların hesabına silməsi ciddi korrupsiya araşdırması zərurəti yaradır.

Yeri gəlmişkən, bəzi şəxslər mətbuatda 640 min və 300 min avro qrant verilən "Ümidli Gələcək” Gənclər Təşkilatını Diaspor Komitəsinin sədri Fuad Muradova bağlamağa çalışırlar. O cümlədən politoloq F.Mehdiyev də bu təşkilatın Fuad Muradova aid olduğunu yazır. Lakin fəaliyyətə başladığı 2001-ci ildən etibarən 115 layihə həyata keçirsə də, bu müddət ərzində bir dəfə də olsun Fuad Muradovun adı bu təşkilatla bağlanmayıb. Üstəlik, "Ümidli Gələcək” Gənclər Təşkilatının rəhbəri Nabil Seyidov da əməkdaşımıza deyib ki, təşkilatın rəhbəri və təsisçisi o, özüdür. Onun sözlərinə görə, "Ümidli Gələcək” Gənclər Təşkilatının Fuad Muradovla heç bir bağlılığı yoxdur.

Əslində, bu cür faktlar həmişə olub ki, hansısa qurumun sədri başqası olsa da, onu görünməyən digər bir "əl” idarə edib. O "əl” ki, birbaşa qurumun fəaliyyət istiqamətinə və maliyyə məsələlərinə nəzarət edir. Görünür, Azərbaycanda belə hallar çox olduğundan, "Ümidli Gələcək” Gənclər Təşkilatının da Fuad Muradovun qurumu olması haqda iddialar irəli sürülür. Amma bu iddialar həqiqət olsaydı, dediyimiz kimi, indiyə qədər bu haqda ortaya hər hansı fakt qoyulardı. Digər tərəfdən, əgər deyildiyi kimi, bu təşkilat F.Muradova məxsusdursa, bunu nə üçün gizlətməlidir ki?! Məgər Azərbaycanda QHT rəhbəri olmaq cinayət hesab olunur?!

Картинки по запросу Fuad Muradov

"Mənim hazırda Fuad Muradovla əlaqəm yoxdur”

Ən maraqlısı isə odur ki, N.Seyidov F.Muradovu 10 ildən artıqdır görmədiyini deyir:"Mətbuatda şox şey yazıla bilər. Mən Fuad Muradovu 2005/06-cı illərdə görmüşəm. Mənim hazırda onunla əlaqəm yoxdur. Onun bizim təşkilatda nə mövqeyi ola bilər ki? O, dövlət komitəsində sədrdir. Dövlət qulluğundadır. Artıq 10 ildir deputatdır, onun bizimlə nə əlaqəsi var?!”

"Xəbərimiz yoxdur”

Onu da qeyd edək ki, Fərhad Mehdiyev Avropa İttifaqının Bakı ofisinin məlumatı əsasında "Ümidli Gələcək” Gənclər Təşkilatına 640 min avro, eyni zamanda Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə bir yerdə 2013-2016 illər üçün 300 min avro verildiyini qeyd etsə də, Nabil Seyidov "Hürriyyət”ə açıqlamasında dedi ki, onlar Avropa İttifaqından heç bir vəsait almayıb: "Biz pul almamışıq. Xəbərimiz yoxdur”.

Bu arada, "Ümidli Gələcək” Gənclər Təşkilatının www.reliablefuture.org saytına istina etsək, görərik ki, təşkilat 1998-ci ildə Azərbaycanın müxtəlif ali məktəblərin bir qrup tələbəsi tərəfindən yaradılıb və 1999-cu ilin yanvar ayının 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən QHT kimi qeydiyyata alınıb. Bildirilir ki, təşkilat 2001-ci ildən 2011-ci ilə kimi 115 layihə həyata keçirib. Təşkilatın sonrakı illərdə fəaliyyəti barədə heç bir məlumat yoxdur. Təşkilatın donorları isə BMT-nin Uşaq Fondu (UNICEF), ATƏT-in Bakı Ofisi (OSCE), Avropa Şurası, Avropa Gənclər Fondu, Kanada Səfirliyi, Kanada Beynəlxalq Inkişaf Agentliyi (CIDA), Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi (FCO), Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu – Yardım fondu, Dünya Ərzaq Proqramı, Avropa Birliyi Komissiyası (EU), Danimarka Qaçqınlar Şurası, Danimarka Xarici Işlər Nazirliyi, Alman Əməkdaşlıq Təşkilatı (GTZ), ABŞ Səfirliyi, ABŞ Dövlət Departamenti, ABŞ-ın Demokratiyaya Himayə Fondu (NED), BMT-nin Qadınlara Yardım Fondu (UNIFEM), UNESCO Korean National Committee KNCU-Samsung Fund, Beynəlxalq Qadınlar Klubu (IWC), Dünya Səhiyyə Təşkilatı (WHO), International Organization for Migration (IOM), ISAR-Azerbaijan, BMT-nin İnkişaf Proqramı (UNDP) və yerli dövlət qurumlarıdır. Saytda layihələrin adlarına diqqət yetirdikdə məlum olur ki, təşkilatın işi əsasən xeyriyyə məqsədilə konsert verməkdən, təlim keçməkdən ibarət olub. Məsələn, 12 aprel 2005-ci il tarixində zəif eşidən uşaqlar üçün minüatür eşitmə aparatlarının alınması məqsədilə xeyriyyə konsertinin təşkili, Azərbaycanın qərb rayonlarında imkanların genişləndirilməsi və 1500 bələdiyyə nümayəndəsinə təlim kurslarının keçirilməsi və bu kimi layihələrdən ibarət olub. Maraqlıdır ki, "Ümidli Gələcək” Gənclər Təşkilatı bu gün də fəaliyyət göstərir, amma 2011-ci ildən sonra heç bir layihə haqqında təşkilatın saytında məlumat yoxdur. Hansı ki, bu təşkilat həqiqətən də Fuad Muradova bağlı olsaydı, məntiqlə 2011-ci ildən sonra daha böyük layihələr həyata keçirməli idi...

Politoloq Fərhad Mehdiyevin sosial şəbəkədə yaydığı məlumatla bağlı Avropa İttifaqının Bakı Nümayədəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Gülnarə Bayramova "Hürriyyət”ə bildirdi ki, əslində bütün bunlar köhnə məlumatlardır: "Biz o broşuranı 2016-cı ilin sonunda çap etmişik. Yəqin ki, o məlumat onun indi əlinə keçib. Amma Fərhad Mehdiyevin verdiyi məlumat yanlışdır. Yəni məlumatı tam düzgün verməyib. Onun sadaladığı təşkilatlar başqa xarici təşkilatlarla, yəni UNİSEF, Oxfam, Avstriyanın Hilfswerk şirkəti ilə bir yerdə fəaliyyət göstərir. Avropa İttifaqı sırf onun göstərdiyi təşkilatlara pul verməyib. Biz pulu UNİSEF, Oxfam, Avstriyanın Hilsfwerk şirkətinə vermişik. O təşkilatlara pulu partnyor təşkilatlar verib. UNİSEF, Oxfam, Avstriyanın Hilsfwerk şirkət də yerli QHT-lərlə işləyir. Məsələn, "Reliablefuture” Təşkilatına Avropa İttfaqı birbaşa qrant ayırmayıb, həmin yerli QHT-lər UNİSEF-in, Oxfam-ın Avstriyanın Hilsfwerk şirkətinin partnoyoru olublar. Məsələn, Təhsil İnnovasiyalar Mərkəzinə 2009-cu ildə 361 min avro verilib. Fərhad Mehdiyevin göstərdiyi kimi 640 min verilməyib”.

"Fərhad Mehdiyev bir ili yox, bir neçə ili deyir” fikrimizə isə Avropa İttifaqının Bakı ofisinin sözçüsü belə cavab verdi: "Yəni, axırıncı dəfə 2009-cu ildə verilib”.

Aİ rəsmisinə ünvanladığımız "mətbuatda yazılanlara görə, Azərbaycan hakimiyyəti və şəxslərlə sövdələşməyə əsasən qrant vermisiniz. Əgər belə sövdələşmə olubsa, bunun məğzi nədən ibarətdir? Yox, əgər olmayıbsa, ümumiyyətlə, siz qrant ayırarkən Azərbaycan hakimiyyətində kimlərləsə məsləhətləşmə aparırsınızmı” sualımıza isə aşağıdakı kimi cavab aldıq:

"İstinad etdiyiniz "Avropa İttifaqının Azərbaycanda 2007-2013-cü illərdə vətəndaş cəmiyyətinə dəstəyi” broşurunda Aİ Nümayəndəliyinin Azərbaycan hakimiyyətindəki şəxslərlə sövdələşmə əsasında qrantlar verməsi qeyd olunmur. Ümumiyyətlə, Aİ-nın Bakıdakı Nümayəndəliyi vətəndaş cəmiyyətinə qrant verərkən Azərbaycan hakimiyyətinin nümayəndələri ilə məsləhət etmir. Azərbaycanın hökumət qurumları üçün faydalı olan əməkdaşlıq məqsədləri və proqramları müəyyən edilərkən Azərbaycanın hakimiyyət nümayəndələri ilə məsləhətləşmələr aparılır. Vətəndaş cəmiyyəti üçün qrantların verilməsi proseduru "Avropa İttifaqının Azərbaycanda 2007-2013-cü illərdə vətəndaş cəmiyyətinə dəstəyi -2” broşurunun 23-cü səhifəsində aydın izah edilir”.

Похожее изображение

Avropa İttifaqının Bakı Nümayəndəliyinin "Hürriyyət”ə təqdim etdiyi broşurda "ÜMİD” Sosial İnkişafa Dəstək İctimai Birliyinə "Davamlı inkişafı təmin etməklə icmaların ümumi inkişafa nail olunması” layihəsi üzrə 1.137.189 avro pul ayrıldığı aydın qeyd olunur.

Avrstriyanın Hilfswerk şirləti ilə partnyor olan "Ümidli Gələcək” Gənclət təşkilatına "Uşaqlara alternativ xidmətlər üzrə dövlət və qeyri-dövlət arasında əməkdaşlıq” layihəsi üzrə 2010-13-cü illərdə 640 min avro qrant ayrıldığı, eyni zamanda UNİSEF-in partnyorluğu ilə Azərbayacan Hüquqşünaslar Konfederasiyası və "Ümidli Gələcək” Gənclər Təşkilatına "Uşaqlar üçün ədliyyə pulsuz və rahat çıxış imkanları” layihəsi üzrə 297 min avro qrant verildiyi əksini tapıb.

Təhsil İnnovasiyaları Mərkəzinə "Məktəbəqədər təhsil üçün icmanın özünə yardım qrupları” layihəsi üzrə 280 min avro, 2009-cu ildə " Daha yaxşı qayğı və əlliliyi olan uşaqların reablitasiyasi üçün icma hərakatı” layihəsi üzrə yenidən 360 min avro ayrılıb.

Maraqlıdır ki, "Ümidli Gələcək” Gənclər Təşkilatının rəhbəri Nabil Seyidovla əlaqə saxladıqda, o, "biz pul almamışıq, xəbərimiz yoxdur”,- desə də, sənədlər tam onun əksini söyləyir. Sadəcə, aydın olur ki, "Ümidli Gələcək” Gənclər Təşkilatı və yaxud digər yerli QHT-lər pulu birbaşa Avropa İttifaqının Bakı nümayəndəliyindən deyil, partnoyor təşkilatlardan alıblar.

Avropa İttifaqının Bakı Nümayəndəliyi tərəfindən təqdim olunan broşurda "ÜMİD” Sosial İnkişafa Dəstək İctimai Birliyinin partnyor təşkilatının adı qeyd olunmur. Yəni Avropa İttifaqının Bakı Nümayəndəliyindən pul birbaşa alınıb.

Şamo EMİN, Hurriyyet.org

P.S. Mövzu ilə bağlı cənab Fuad Muradovun da mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}