İranı qarışdırmaq istəyən Amerika üçün ən pis ssenari: general Qasim Süleymaninin həyata keçirəcəyi qanuni hərbi çevriliş - TƏHLİL » YeniSözçü qəzeti
İranı qarışdırmaq istəyən Amerika üçün ən pis ssenari: general Qasim Süleymaninin həyata keçirəcəyi qanuni hərbi çevriliş - TƏHLİL

İranı qarışdırmaq istəyən Amerika üçün ən pis ssenari: general Qasim Süleymaninin həyata keçirəcəyi qanuni hərbi çevriliş - TƏHLİL

 

Məhsə Ruhi

"Foreign Policy”

İranda rejim dəyişikliyi 1979-cu ilin İslam inqilabından bəri hər bir ABŞ administrasiyasının müxtəlif dərəcələrə maskalanmış arzusudur. Bu gün Ağ Ev rəsmiləri, o cümlədən vəzifəyə gəlməzdən rejim dəyişikliyi fikrini müdafiə edən milli təhlükəsizlik müşaviri Con Bolton, indi sabitliyini sarsıtmaq üçün İrana maksimum təzyiq göstərir.

İranla nüvə razılaşmasından çıxdıqdan sonra Birləşmiş Ştatlar bu ölkəyə sanksiyalar tətbiq etməyə hazırlıq görür və İran neftinin alıcılarından növbəti dörd ay ərzində idxalı sıfıra endirməyi tələb edib. İran rialının maksimum enişindən sonra rejimə iqtisadi təzyiq daha da artıb, həm də xarici siyasətdə bu böhrandan istifadə etməyə çalışan ABŞ İranda siyasi sistemin dəyişməsinə səy göstərir.

Mayın 21-də rejimə təzyiq strategiyasını əks etdirən bir çıxışında, ABŞ dövlət katibi Mayk Pompeo İran xalqını liderliyi yenisi ilə əvəz etmək üçün "zaman təyin etməyə” çağırıb. Bir ay sonra "#IranProtests” haştaqlı tvitlə, Pompeo "korrupsiya, ədalətsizlik və liderlərinin bacarıqsızlığından yorulmuş” əhaliyə dəstəyini dilə gətirib. Ancaq İran rejimi, düşünüldüyü kimi, kövrək deyil. Hətta rejimə təzyiq dəyişiklik doğurmalı olsa da, Trampın komandası istəyində diqqətli olmalıdır.

Məngənə daralsa da, İran rejimi çökmə astanasına gəlib-çastmayıb. Xüsusilə iki amil mövcud rəhbərliyin dayanıqlığını göstərir. Birincisi, son qırx ildə rejim artan sanksiyalara sinə gərə bilib. İran neftinin ixracını, beynəlxalq ticarəti və maliyyə əməliyyatlarını hədəf alan ABŞ sanksiyalarının gücünə baxmayaraq, bu tədbirlər indi təsirli olmayacaq, çünki beynəlxalq birlik nüvə razılaşmasından əvvəl olduğu kimi, artıq İrana qarşı birləşmir.

Avropa, İrandan neft almağa davam etmək və ticarətini qorumaq üçün növbəti sanksiyalara zərbə vurmaq və bloklama qaydalarını tətbiq etmək üçün yolları tapacaq; Çin İrandan neft alışını artırmağı düşünür; şirkətlər ölkədən çıxsa belə, digər tərəflər sanksiyalar zəiflətmək yollarını aktiv şəkildə axtaracaq.

2015-ci ildəki nüvə razılaşmasından əvvəlki, sanksiyalara baxmayaraq, İranın uran zənginləşdirmə səylərindən imtina etmədiyini xatırlatmaq yerinə düşər. Doğrudur, 2012-ci ildəki sarsıdıcı sanksiyalar İranın neft ixracatı və avtomobil sənayesinə zərər verib və ən başlıcası ölkəni qlobal maliyyə sistemindən kənarlaşdırıb, ciddi iqtisadi ziyan meydana gətirib, ancaq Tehranın nüvə proqramından imtinasını təmin etməyib.

İran rejimi keçmişdə sanksiyalar və təcriddən xilas olub, iqtisadi çətinliklərə uyğunlaşmaqda xalqın zəmanətinə güvənərək həll yollarını tapıb. Sanksiyaların yeni dövrünün İranın dözüm gətirdiyi əvvəlki mərhələdən daha pis olma ehtimalı yoxdur.

İkincisi, 2017-ci ilin dekabrında və son günlərdə iqtisadi və su çatışmazlığı problemləri ilə əlaqədar olaraq baş vermiş etirazlar iqtisadiyyat, korrupsiya və resursların pis idarə edilməsi ilə bağlı geniş ictimaiyyətin narazılığını əks etdirir. Amma bu, rejimi devirmək iqtidarında olan müxalifətin mövcudluğu mənası vermir. İqtisadi narazılıqlardan başqa, 1979-cu il inqilabına gətirib çıxaran əsas amillərdən heç biri bu gün mövcud deyil.

1979-cu il inqilabı Məhəmməd Rza şah Pəhləviyə qarşı onilliklərlə davam edən müxaliflikdən sonra baş verib. Üstəlik, Ayətullah Ruhullah Xomeyni tək güclü, harizmatik lider vardı. İnqilabdan 15 il əvvəl Xomeyni şaha müxalifəti ifadə etmək üçün mütəşəkkil, sistemli və nüfuzlu rəyə sahib idi, yazılı bəyanatlar və moizələr, o cümlədən rəhbərlik haqqında mühazirələr, İslam Respublikası üçün plan və tərəfdarlar kütləsi ilə ölkəni monarxiyaya qarşı köklətmişdi.

Nəticədə, İran daxilində şəhərlərdən kiçik kəndlərə qədər dini icmaların milli şəbəkəsi meydana gəlmişdi. Bu, Tehranın Böyük Bazarı kimi güclü qurumlar tərəfindən dəstəklənən şaha qarşı güclü qiyam yaratdı.

Hazırda baş verən qarışıqlıq rejimin məhvinə gətirib çıxarsa belə, – bu ehtimal zəifdir, – Bolton, Rudi Culiani və bəzi digər şəxslər, məsələn, "Mucahidin-e-Xəlq” (MEK) mühacir qrupunun hakimiyyətə gələcəyinə ümid edirlər. MEK-in İran daxilində heç bir dəstək bazası yoxdur; İran-İraq müharibəsi dövründə Səddam Hüseynlə əməkdaşlıq etdikləri üçün onlar xain tək qəbul edilirlər. İranın əhalisinin dünyəvi hissəsi və xüsusilə rejimin tənqidçisi olan gənc nəsil MEK-i ayətullahlardan daha ekstremist hesab edir.

Beləliklə, onilliklərlə ölçülən xarici dəstəyə baxmayaraq, ABŞ-ın "şahinləri” tərəfindən yüksək qiymətləndirilən müxalif qüvvələr, rejimin əvəz edilməsi üçün əlverişli bir variant kimi qəbul edilməkdən ötrü ölkədə hər hansı bir dəstəyi toplamaqda təsirsizdir.

Mümkün yol – açıq vətəndaş müharibəsidir. Bu yalnız İran üçün deyil, daha geniş regional sabitlik üçün fəlakətli ola bilər. İraq, Əfqanıstan və Suriyadakı mövcud problemlər Qərb üçün ən pis ssenarilərdir. İran xalqının, qonşuları kimi, qeyri-sabitlik və müharibəyə sürüklənmək qorxusu hökumətə qarşı hərəkətləri məhdudlaşdıran mühüm amildir. İranlılar bir dəfə inqilab cığırından keçiblər, Səkkiz illik müharibə təcrübəsinin yaraları insanların qan yaddaşında hələ də qaysaqlanmayıb.

Onların qarşılaşdığı iqtisadi çətinliklər dözülməzdir, ancaq alternativ Suriya və ya İraqın xaosudursa, onda iranlılar təhlükəsizlik və sabitliyi seçəcəklər. İkinci seçənək – rejim dağılması halında nizam-intizamın bərpası naminə hərbi çevriliş cəhdidir. Belə bir ssenarini həyata keçirmək üçün ən çox ehtimal olunan namizəd – Vaşinqtonun və İsrailin ən çox qorxduğu insan – xarici hərbi və xüsusi əməliyyatlara məsul olan İslam İnqilabçı Keşikçiləri Korpusunun "Quds” Qüvvələrinin komandiri general Qasim Süleymanidir. O, İranın İraq, Livan və Suriyadakı əməliyyatlarının təşəbbüskarı, Suriya prezidenti Bəşər Əsədin qüvvələrinə dəstək üçün şiə qüvvələrini Livan və İraqda səfərbər etmə əməliyyatlarının icraçısıdır, eləcə də Səudiyyə Ərəbistanı və İsrail kimi ABŞ müttəfiqləri tərəfindən təhdid kimi görülür.

Süleymani ən çox ehtimal olunan varisidir, çünki o, Suriya və İraqda İŞİD-lə mübarizədəki roluna görə milli qəhrəman sayılır. Ayətullah Əli Xamnəinin "inqilabın canlı şəhidi” adını verdiyi Süleymani, son rəy sorğusunun nəticələrinə əsasən, iranlıların təxminən 65 faizinin rəğbətinə sahibdir. Üstəlik, onun vəziyyətin düzəldilməsi üçün addım atmağa qanunvericiliklə təsbitlənmiş səlahiyyəti var; İİKK-nin mandatı – inqilabçı rejimi daxili və xarici təhdidlərdən qorumaqdır. Zərurət halında, Süleymani mülki iğtişaşları həll etmək üçün həm hüquqi, həm də praktiki səlahiyyətlərə malikdir.

Süleymani rəsmi olaraq hakimiyyəti qəbul etməsə belə, o, faktiki olaraq lider və qərarverici olacaq. Bu şərtləri nəzərə alsaq, İrana maksimum təzyiq göstərmək istəyən ABŞ siyasəti, hətta müvəffəq olsa belə, Amerikanın (və İsrailin) ən pis yuxusunu çin edə bilər.

Tramp administrasiyası və rejim dəyişikliyinə can atanlar qeyri-sabitlik və xaosu təşviq etməzdən əvvəl ertəsi gün nə baş verə biləcəyini diqqətlə nəzərdən keçirməlidirlər. İranın növbəti rejimi Vaşinqton üçün indikindən daha böyük başağrısı ola bilər.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti