Türkiyə prezidenti Ərdoğan Rusiyanın məşhur qəzetində yazır:“Türkiyə öz sərhədlərində heç bir şəraitdə terrora yol verməyəcək”

Türkiyə prezidenti Ərdoğan Rusiyanın məşhur qəzetində yazır:“Türkiyə öz sərhədlərində heç bir şəraitdə terrora yol verməyəcək”

 

Kommersant.ru, 24.09.2018

 

Rusiya Federasiyasının prezidenti, mənim əziz dostum Vladimir Putinlə Soçi danışıqlarının gedişində Suriyada yeni mümkün himanitar böhranın önlənməsi haqda önəmli anlaşma əldə etdik. Türkiyə Suriya böhranının ta əvvəlindən qonşu ölkədə humanitar böhranın ağırlaşmaması üçün səylər göstərən və bütün imkanlardan istifadə edən bir ölkə kimi bütün dünyaya göstərib ki, münaqişə tərəfləriylə konstruktiv danışıqlara qatılmağa böyük əhəmiyyət verir.

Rusiya bu prosesdə birgə işlədiyimiz əsas ölkələrdən biridir. Rusiya və İranla birgə son zamanlar həyata keçirdiyimiz Astana formatı, budur, artıq səkkiz il sürən Suriya böhranının tənzimlənməsi üçün özül hazırlayıb. Məsuliyyət göstərməli olduğumuza inanmaqla bu problemin həlli üçün çox şey etmişik. Fikir və yanaşmalarımızda fərqliyik, amma müxtəlifliyi deyil, təmas nöqtələrini tapmağa cəhd edirik. Mən inanıram ki, bu işbirliyi bundan sonra da fəal gəlişəcək.

Soçidə İdlib üzrə danışıqlarda müxalifət və rejimin nəzarət etdiyi ərazilər arasında hərbsizləşdirilmiş zona yaratmaq qərarına gəlmişik. Müxalifət tutduğu ərazilərdə qalmağı davam etdirəcək. Biz nail olacağıq ki, Rusiya ilə birgə müəyyən edəcəyimiz radikal qruplar bu bölgədə fəaliyyət göstərə bilməsin.

Haqqında lap əvvəldən danışdığımız mühüm bir vəziyyət var. Bu odur ki, Türkiyə öz sərhədinin istənilən nöqtəsində heç bir şəraitdə terrora yol verməyəcək. Türkiyə əvvəllər  Afrində, Cərablusda, əl-Babda və İdlib rayonunda özünün bu qətiyyətini dəfələrlə təsdiqləyib. Türkiyənin həmişə ön plana qoyduğu və qətiyyətlə müdafiə etdiyi mövqeyi bütün terrorçu qurumlarla, birinci növbədə İŞİD-lə mübarizə aparmaqdır. Mən vurğulamaq istərdim ki, budur, terrorzimlə artıq 40 il mübarizə aparmış Türkiyə terrorçu strukturlara heç bir güzəştə getməyəcək, bundan sonra da bu məsələ üzrə öz mövqeyinə uyğun qətiyyətlə hərəkət edəcək. Habelə Türkiyənin güvənliyini birbaşa təhdid edən strukturlarla da mübarizəmiz vacibdir. Biz danışıqlarda marağı olan bütün tərəflərin diqqəttinə çatdırmışıq və bundan sonra da çatdıracağıq ki, "Demokratik Birlik” Partiyası (DBP) və "Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində olan rayonların terrorçulardan azad edilməsinə böyük əhəmiyyət veririk. Təəssüf, biz görürük ki, son zamanlar xüsusən də ABŞ tərəfindən DBP və SDQ qüvvələrinə göstərilən qəribə dəstək davam edir. Bölgədəki tarazlığa və xalqlarına ziyan gətirən bu cür addımlar dayandırılmalıdır. Biz Türkiyənin PKK (Kürdüstan Fəhlə Partiyası-"Ъ”), DBP və SDQ kimi terrorçu təşkilatlarla mübarizədə Rusiyanın da dəstəyinə ümid edirik. Mən hesab edirəm ki, qonşu olan ölkələrimiz bir-birimizin təhlükəsizliyini təhdid edən şəraitə ümumi baxışa malik olmalıdır.

Məlum olduğu kimi, Türkiyə İdlib problemində lap əvvəldən mülki əhalinin təhükəsizliyinin təminatını, təhlükəsizlik zonalarının sərhədlərinin qorunmasını və mötədil müxalifətin qorunmasını ön plana sürüb. Müxtəlif ölkələrin mötədil müxalifətə öz yanaşması ola bilər. Amma biz hesab edirik ki, mötədil müxalifətin siyasi həll prosesində qalmağı lazımdır. Çünki bu, Cenevrə və Astana danışıqlarının normal işləməsi üçün gərəkdir. Biz dəfələrlə demişik ki, mötədil müxalifəti terrorçu kimi tanımaq və məhv etməyə yönəlik istənilən səylərə qarşıyıq. Təəssüf ki, Əsəd rejimi Türkiyəyə qarşı təbliğat apararaq və qara yaxaraq özünü elə göstərir ki, Türkiyənin bu ölkədə sülh əldə edilməsinə, milyonlarla adamın öz evlərinə dönməsinə yönəlmiş fəaliyyətini görmür və gündəmə əsassız ittihamlar çıxardır. Biz isə illərlə öz xalqına dəhşətli əzablar verən rejimin böhtançı ittihamlarına fikir verməyərək Suriya xalqlarının barış və asayiş əldə etməsi üçün düzgün saydığımız yolumuzla getməyi davam etdiririk.

Şübhəsiz, Suriya böhranı nəticələri hələ uzun illər duyulacaq humanitar fəlakətin meydana çıxmasına səbəb olub. Türkiyə öz ölkəsini tərk etməyə məcbur olmuş 3,5 milyondan çox qaçqın üçün öz sərhədlərini qardaş kimi açıb. Biz Əsəd rejiminin amansızlığından qaçaraq öz həyatını xilas etməyə cəhd edən qardaşlarımıza münasibətdə başqa cür hərəkət edə də bilməzdik. Məlum olduğu kimi, onların həyatını qorumaq üçün gərəkən xərcləri Türkiyə təkbaşına çəkib. Təəssüf ki, bütün çağırışlarımıza baxmayaraq, beynəlxalq birlik bu yükü ölkəmizlə bölüşmək üçün əsaslı heç nə etməyib. Mən bir daha vurğulamaq istərdim ki, dünyamızın qan verən yarası olan bu problemi təkcə Türkiyənin problemi saymaq düzgün deyil.

Yekun vuraraq özəl vurğulamaq istərdim ki, son zamanlar Rusiya ilə münasibətlərimizin xeyirxah qonşuluq, ümumi maraqlar və qarşılıqlı sayğı əsasında inkişaf etdiyinə çox şadam. Biz birinci növbədə ümumi energetika layihələri və qarşılıqlı yatırımlar, habelə mədəni-humanitar münasibətlərin inkişafı üçün gərəkli addımlar atırıq. Bu addımları bundan sonra da davam etdirəcəyik. Hesab edirəm ki, bir bölgədə yerləşmiş və yüz illərlə tarixi subyektlər olan Türkiyə və Rusiya xalqları dərin, səmimi və yaxın münasibətlərə malik olmalıdırlar. Vurğulamaq istərdim ki, bu məqsədə yetmək üçün aparılan fəaliyyəti həmişə dəstəkləyəcəyik.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}