XAŞUQCİ İDDİASINDA SON NÖQTƏ SABAH QOYULACAQ –Ərdoğanın açıqlamasına qədər jurnalistin cəsədi tapılacaqmı? - TƏHLİL

XAŞUQCİ İDDİASINDA SON NÖQTƏ SABAH QOYULACAQ –Ərdoğanın açıqlamasına qədər jurnalistin cəsədi tapılacaqmı? - TƏHLİL

 

"Middle East Eye”

 

Türk hakimiyyət orqanlarının fikrincə, Camal Xaşuqcinin cəsədinin bir hissəsi Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın cangündənlərindən biri tərəfindən Türkiyədən çıxarılıb.

Səudiyyə jurnalistinin öldürülməsində ittiham olunan kəşfiyyatçı Mahir Əbdüləziz Mütribin onu böyük bir çantada apardığı düşünülür.

Səudiyyə taxtının varisini səyahətlərdə müşayiət edən Mütrib oktyabrın 2-də, Xaşuqcinin ölümündən sonra, yerli vaxtla saat 18:20-də şəxsi təyyarə ilə də İstanbulu tərk edib.

Atatürk hava limanında VİP zalından keçərkən, onun çantaları yoxlanılmayıb, "HZ-SK1” təyyarəsindəki axtarış zamanı isə heç nə tapılmayıb.

Diplomatik pasportlu Mütribin tələsdiyi kamera qeydlərindən aydın görünür.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bazar günü Xaşuqcinin öldürülməsi ilə bağlı "çılpaq həqiqəti” açıqlamağa söz verib və açıqlamanı Çərşənbə axşamı günü verməlidir.

Ərdoğan İstanbulda keçirilən mitinqdə deyib: "Biz ədalət axtarırıq və həqiqət bütün çılpaqlığı ilə açıqlanacaq”.

Bazar günü Ərdoğan ABŞ prezidenti Donald Trampa zəng edib. İki lider Xaşuqci iddiasının "bütün yönlərinin” dəqiqləşdirilməsi fikrini qəbul edib.

Cümə günü, qətldən 17 gün sonra Xaşuqcini öldürdüklərini qəbul edən Səudiyyə Ərəbistanı rəsmiləri cəsədin harada olduğunu bilmədiklərini söyləyiblər.

Anonim Səudiyyə rəsmiləri mətbuata açıqlayıblar ki, cəsəd xalçaya bükülüb və məhv edilmək üçün "yerli cinayət ortağına” verilib.

Ancaq Bazar günü bir türk qaynaq Xaşuqcinin cəsədinin 15 hissəyə bölündüyünü söyləyib.

 

Şəxsi cangüdən

 

İstanbulda, Səudiyyə konsulluğunda Xaşuqcinin pusquya salınması üçün Riyaddan göndərilən 15 nəfərlik heyətdə təmsil olunan Mütrib daha çox diqqət mərkəzinə düşüb, halbuki krallıq tacdar şahzadəni qalmaqaldan kənarda saxlamağa çalışır.

MBS kimi tanınan Səudiyyə varisi ən yaxın və ən çox güvənilən adamlarından ikisini – kəşfiyyat şefi Əhməd əl-Əsirivə baş köməkçisi Səud əl-Qəhtanini artan beynəlxalq etiraz ucbatından istefaya göndərib.

Türk mənbələri MEE-a deyib ki, səudilər Mütribin Xaşuqcinin öldürülməsində iştirak edən 15 nəfərdən biri olduğunu gizlətməyə səy göstərirlər: "Onlar iddia edirlər ki, guya, Əsiri Qəhtanidən Xaşuqcini tanıyan və onu geri qayıtmağa razı sala biləcək adam barədə soruşub. Qəhtani də Mütribi təklif edib, çünki onlar Londonda birlikdə işləyiblər”.

Mütrib şahzadənin 7 şəxsi cangüdənindən biri, 15 nəfərlik qrupun üzvüdür.

Türk hakimiyyət orqanları Riyadın Xaşuqcinin ölümünə dair izahatından məmnun deyil.

Səudilər deyir ki, MBS-in tənqidçisi konsulluqda baş vermiş davada təsadüfən öldürülüb və əlbəyaxa döyüşün iştirakçıları bunu ört-basdır etməyə çalışıblar.

Səudiyyə Ərəbistanında 18 şübhəli həbs olunub. Türk səlahiyyətliləri onları ekstradisiya etməyi planlaşdırır, amma bundan əvvəl edam ediləcəklərindən ehtiyatlanırlar.

Anonim Səudiyyə rəsmiləri Qərb mətbuat orqanlarına bildiriblər ki, 15 nəfərdən biri Xaşuqcinin paltarları, eynəyi və "Apple” saatı ilə "bəzənib-düzənərək” konsulluğun arxa qapısından çölə çıxıb və jurnalistin sərbəstliyi görüntüsünü yaratmağa cəhd göstərib.

İstintaqa yaxın türk qaynaqları bu fərziyyəni inkar edir. Onlar deyir ki, bu plan müzakirə olunub, lakin həyata keçirilməyib. "Komanda həmin üzvün Xaşuqci kimi göründüyünə əmin olmayıb”.

Bunun əvəzinə, Səudiyyə konsulluğunda bütün CCTV kameralarının sərt diskləri çıxarılıb.

Türkiyə konsulluq içərisində Xaşuqcinin qətlə yetirilməsinə dair səs yazısının olduğunu iddia edir. Ancaq mənbələr MEE-a deyib ki, müstəntiqlərdə audio yazını təsdiqləyən digər dəlillər var.

 

Cəsədin axtarışı

 

Türk mənbələri MEE-a bildiriblər ki, Xaşuqci konsulluğa daxil olduqdan dərhal sonra işgəncəyə məruz qalaraq qətlə yetirilib və cəsəd hissələrə bölünüb. Məhkəmə patoloqoanatomu Salah Məhəmməd əl-Tubaiqi bu işi icra edib.

Türk hakimiyyət orqanları Xaşuqcinin bədəninin ən az bir hissəsini tapmağa qərarlıdır. Bir neçə gündür ki, onlar ölkəni tərk edən konsulun iqamətgahında axtarış aparırlar. Müstəntiqlər İstanbulun ətrafındakı Belqrad meşəsi və şəhərdən təxminən 90 km məsafədə olan Yalova şəhərində də cəsədi tapmağa çalışıblar.

Baş prokuror 15 şübhəlinin hər birini qətllə ittiham etmək üçün kifayət qədər sübuta malikdir. Lakin bundan əvvəl cəsəd tapılmalıdır.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}