Prezident idxal monopoliyasını darmadağın etdi – ÇIXIŞ

"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritetdir".

Bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, keçən il Kənd Təsərrüfatı ili olub: "Əslində isə hər il kənd təsərrüfatı ili kimi qəbul olunmalıdır. İlk növbədə torpaq uçotu dəqiq aparılmalıdır. Sənəddə bir sahədir, fermer başqa ölçüdə sahədə işləyir. Düzgün uçot və sənədləşmə aparılmalıdır. Bu il bu istiqamətdə ciddi işlər görülməlidir”.

Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya layihələri görülüb, Taxtakörpü, Şəmkir su anbarları tikilib, Ceyranbatanda müasir təmizləmə qurğusu yaradılıb: "Beləliklə, Azərbaycanda on minlərlə hektar suvarılacaq, suvarılmalıdır. Şimal rayonlarında və Şəmkirdə tezliklə fermer təsərrüfatları yaradılmalıdır. Heyvandarlığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi təkliflər təqdim edib. Biz əvvəllər cins mallar alırdıq, yenə alınacaq. Ancaq süni mayalandırma inkişaf etdirilməlidir”.

Dövlət başçısı qeyd edib ki, bitkiçilikdə də böyük inkişaf var: "Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, bu, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq”.

İ. Əliyev bildirib ki, Azərbaycan özünü 92 faiz mal əti ilə təmin edir: "Quş əti ilə 98,6 faiz özümüzü təmin edirik. Quş ətinin istehsalında son illər böyük artım var, çünki dövlət buna böyük dəstək verib. Ancaq quş ətinin istehsalında maya dəyərində xaricdən asılılıq 65 faizdir. Burada asılılıq dedikdə, qarğıdalı, soya, günəbaxandan söhbət gedir. Sahibkarlar da bunu nəzərə almalıdırlar. Özümüzü 96 faiz yumurta ilə təmin etsək də, 65 faiz maya dəyərində xaricdən asılılıq var. Süd istehsalında da yem və dərman amilindən xaricdən asılılıq var. Biz südlə özümüzü təmin etməli və ixrac da etməliyik”.

Dövlət başçısı qeyd edib ki, taxılçılıqda inkişaf var: "2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton taxıl istehsal olunub. Amma biz özümüzü 100 faiz taxılla təmin etməliyik. Taxıl istehsalında xaricdən 20 faiz asılılıq var, bu asılılıq da gübrə və dərmanla bağlıdır".

 

Prezident İlham Əliyev gübrə zavodunun tikintisinin sürətləndirilməsinin vacibliyini də önə çəkib: "Dərman istehsalı ilə bağlı da işlər görülməlidir. Duz, şəkər və şəkər məhsulları ilə özümüzü əsasən təmin edirik.Ancaq burada 80 faiz xaricdən asılılıq var, şəkər xammalı xaricdən gəlir. Bunun üçün daha çox şəkər çuğunduru əkilməlidir. Bitki yağları və marqarinlə 67 faiz özümüzü təmin edirik, 80 faiz xaricdən asılılıq var. Burada da söhbət əsasən xammaldan gedir. Kərə yağı ilə 60 faiz özümüzü təmin edirik, 100 faiz təmin edə bilərik. Meyvə-tərəvəz şirələri ilə özümüzü təmin etsək də, 10 faiz xarici faktordan asılılıq var”.

 

Prezident bildirib ki, sahibkarlığın inkişafı üçün böyük işlər görülüb. Ancaq yeni dövr yeni yanaşmalar tələb edir. Sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir: "Ancaq istəyirəm, yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın”.
 
Dövlət başçısı qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: "Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir”.

 

Prezidentin sözlərinə görə, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır: "Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.
 

Dövlət başçısı hesab edir ki, vergi uçotu və statistikanın düzgün aparılması da vacibdir: "Deyə bilmərəm ki, bu istiqamətdə istədiyimizə nail olmuşuq.  Qüsurlar var, onlar aradan götürülməlidir və götürülür. 2016-cı il bu sahədə dönüş olmalı, maliyyə, uçot-statistika aparıcı ölkələrin səviyyəsinə uyğun olmalıdır. Biz harada nə işlər görüldüyünü, harada hansı məhsullar istehsal edildiyini dəqiq bilməliyik. Biz yerli istehsalı qorumalı, bununla bərabər inhisarçılığa yol verməməliyik. Mən daxili istehsalın artmasını, ixrac qabiliyyətli məhsulların istehsalını istəyirəm. Ancaq idxala süni maneələr qoysaq, azad rəqabət olmayacaq. İnkişaf üçün isə azad rəqabət vacibdir. İdxal qarşısında duran bütün süni maneələr aradan götürülməli, eyni zamanda daxili istehsal qorunmalıdır. Dövlət qurumları bu iki amili təmin etməyə çalışmalıdırlar”.

Prezident son 12 ildə 300 mehmanxana inşa olunduğuna diqqət çəkərək bildirib ki, ölkəyə turist axını təmin edilməlidir: "Elektron vizalar da burada önəmlidir”.
  
Dövlət başçısı deyib ki, turizmin inkişafı ilə bağlı xalçaçılıq da inkişaf etdirilməlidir: "Kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Bunun üçün onlar dəzgah və xammalla təmin olunmalıdır”.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}