KREMLİN VENESUELA MESAJI:Rusiya ABŞ yaxınlığında xaos yaratma qabiliyyətinə sahibdir

KREMLİN VENESUELA MESAJI:Rusiya ABŞ yaxınlığında xaos yaratma qabiliyyətinə sahibdir

 

Ana Palasio

"Project Syndicate”, 12.02.2019

 

Yanvarın 23-də Milli Məclisin sədri Xuan Quaydo Venesuelanın müvəqqəti prezidenti olaraq minlərlə vətəndaş qarşısında and içib. Bununla da o, Venesuela prezidenti Nikolas Maduronun fəlakətli rejiminin legitimliyinə açıq şəkildə meydan oxuyub. Bu, uzunmddətli siyasi böhrandır: Venesuelanın qanuni lideri kimi tanınma məsələsində beynəlxalq birlik bölünüb.

Maduronun qalib gəldiyi 2018-ci ilin may seçkisini qanunsuz sayaraq, Quaydo Milli Məclis sədrinin yeni seçki təşkil edilənədək prezident vəzifəsini icra etməyə imkan verən Konstitusiya müddəasına istinad edib. ABŞ prezidenti Donald Tramp, demək olar ki, dərhal Quaydonu Venesuelanın qanuni lideri olaraq tanıyıb. Çoxsaylı Latın Amerikası ölkələri və regional qurumlar bölgədə solçu populizmindən uzaqlaşaraq, ondan nümunə götürüblər.

Avropa İttifaqına gəldikdə, cavab xaotik olub. Bir neçə üzv, o cümlədən Almaniya, Fransa və Böyük Britaniya son nəticədə Quaydonu koordinasiyalı hərəkətlə tanıyıb. Digərləri isə yalnız dəstək ifadələri bildirib və İtaliya bu məsələ ilə bağlı Aİ-nin birgə bəyanatını bloka salıb. Birləşmiş siyasəti inkişaf etdirmək üçün bu uğursuz cəhd Avropa İttifaqının Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin disfunksiyasını vurğulayıb.

Maduro rejiminin Rusiyadan başlayan beynəlxalq dəstəkçiləri də var. Son 20 ildə Kreml Venesuelaya milyardlarla dollar vəsait qoyub və dövlət borcunun 150 milyard dollardan çox olduğu təxmin edilir. 2017-ci ildə Rusiyanın dövlət enerji şirkəti olan "Rosneft” ABŞ-da yerləşən, Venesuelaya aid "Citgo” emal firması səhminin 49,9%-ni alıb. Bu cür investisiyalar Maduro rejimini dəstəkləmək üçün çox vacibdir.

Quaydo iddiasını ortaya qoyandan Vladimir Putinin rejimi Qərb tərəfindən tətbiq edilən "rejim dəyişikliyini” qınamaq üçün hər fürsətdən faydalandığı kimi, Maduronun ən mühüm müdafiəçisi olub. Bu şərh Rusiyanın Suriyaya müdaxiləsindən qabaq verilən bəyanatların təkrarıdır və Kreml qlobal böhran başçısı kimi rolunu ikinci dəfə icra edir.

Kreml Suriya taktikasından istifadə edib. Ötən ilin dekabr ayında Maduro üzərində təzyiqin artması ilə iki nüvə gücünə malik rus strateji bombardmançısı Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanan təlim missiyası çərçivəsində Venesuelaya gəlib və Qərb yarımkürəsində Amerikanın strateji üstünlüyünə meydan oxunub. Bir neçə gün sonra Rusiyanın Venesuelada hərbi hava bazası qurma planı ortaya çıxıb. Bu, Kubada raket böhranından sonra Latın Amerikasında Rusiya hərbi gücünün ən böyük proyeksiyası olacaq.

Rusiyanın Venesueladakı fəaliyyəti ABŞ-a və dolayısı ilə Avropaya xəbərdarlıqdır: Rusiyanın maraqlarına uyğun olmayan sahələrə müdaxilə yolveilməzdir. Kreml aydın işarə verir: Rusiya Amerikanın yaxınlığında xaos yaratma qabiliyyətinə sahibdir.

Putin XIX əsrə aid modelə qayıtmaq istəyir. Latın Amerikasında şallaqdan istifadə edərək, qərbli rəqiblərini belə bir dünya nizamının arzulandığına inandırmaq istəyir. Yəqin ki, daha vacib budur ki, o, ABŞ-ın qurduğu dünya nizamının dağıldığını göstərmək istəyir. Bunun üçün ABŞ xarici siyasətinin ən köklü və ən fundamental komponentinə – 1823-cü ilin Monro doktrinasına meydan oxumaqdan daha yaxşı yol varmı?

Rusiyanın Maduroya verdiyi dəstək, Bəşər Əsədə kömək kimi, digər liderlərə də mesajdır: ABŞ-dan fərqli olaraq, Rusiya etibarlı ortaqdır. Ancaq Rusiyanın pozucu gücünün və müttəfiqlərinə olan sadiqliyinin məhdudiyyətləri var. Siyasi böhran sürətləndikcə, Rusiyanın Maduroya dəstəyi yumşalır. Kreml indi rejim və müxalifət arasındakı dialoq çağırışlarını açıq şəkildə təsdiqləyir və Rusiya səlahiyyətliləri Quaydo ilə ünsiyyət qururlar.

Rusiyanın mövqeyindəki dəyişiklik onun pozucu fəaliyyətə qarşı çıxmaq üçün nə edəcəyi barədə vacib məlumatlar verir. Kremlin qərarlılığı mövcud hərbi bazalar və mövcud infrastrukturla bağlı maddi-texniki problemlər ucbatından zəifləyib.

Daha vacib budur ki, dünyanın ən böyük dövlətlərindən bir çoxu Suriyaya nisbətən Venesuelaya qarşı daha sərt mövqe nümayiş etdirib. ABŞ prezidenti Barak Obamanın təyin etdiyi "qırmızı xətlər”ə biganəliyini necə unuda bilərik? Suriyada, Ukraynada olduğu kimi, Rusiya Qərbin buraxdığı vakuumu doldurub.

Venesuelada, əksinə, ABŞ təxribata təcavüzkar cavab verəcəyini bildirib. Maduro ABŞ diplomatik heyətinə ölkəni tərk etməyi əmr edəndə, ABŞ Dövlət Departamenti Maduronu istəklərindən daşındırıb. Bir neçə gün sonra "quzgun” Elliott Abrams Venesuela üzrə xüsusi elçi təyin olunub. Milli təhlükəsizlik məsləhətçisi Con Bolton "istəmədən” kameralara "Kolumbiyaya 5 min əsgər” qeydini nümayiş etdirib.

Venesuelada vakuum yoxdur və Rusiya geri çəkilir. Avropa artıq bunu blməlidir.

Suriya münaqişəsində Əsədin hakimiyyəti yenidən bərpa edilərkən Avropa Kremln növbəti səylərindən ehtiyat etməlidir. Artıq Rusiya Liviyada mövcudluq yaradıb və keçən ay Rusiya xarici işlər naziri Sergey Lavrov Tunis, Əlcəzair və Mərakeşə səfəri çərçivəsində digər mövzularla bərabər, regional münaqişələrə də diqqət çəkdirib.

Bu, çaxnaşma deyil, hazırlıq üçün bir andır. Avropa regional tərəfdaşları ilə əlaqələri gücləndirməli və daxili konsensus qurmaq üçün indi hərəkət etməlidir. Əks təqdirdə, dalana dirənəcək, yenə də rus müdaxiləsinə qarşı çıxa bilməyəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}