"ABŞ prinsipə düşsə, Türkiyə iki milyard dollar itirə bilər" - Rusiyalı siyasətçi

 "Novaya Rossiya” lideri, Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev oxu.az-a müsahibə verib.


- Mayın əvvəlində İran neftini idxal edən bəzi ölkələrə sanksiyalarla bağlı verilən möhlət başa çatdı. Yəni Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə bundan sonra İrandan neft almağa davam etsələr, özləri ABŞ-ın sanksiyaları ilə üzləşməli olacaqlar. Bu arada, İran prezidenti Həsən Ruhani öz növbəsində Tehranın neft satmağa davam edəcəyini bəyan edib. Bundan savayı, İranın nüvə proqramından vaz keçmək fikrində olmadığını vurğulayıb. İran nefti idxal edən ölkələrin gözlənilən addımları ilə bağlı proqnozlarınızı öyrənmək istərdik.

- Həqiqətən, mayın 2-də Donald Tramp İrana qarşı mütləq neft embarqosu tətbiq edib. Bununla o, həm də müvəqqəti olaraq Tehranın "qara qızılı”nı ala bilən bır sıra ölkələrə istisna hal kimi verilmiş möhləti ləğv etmiş olub. Ağ Ev belə imtiyazları həmin ölkələrin tədricən başqa bazarlara təmərküzləşməsi və prosesin müvafiq logistikasını təşkil etmək üçün verdiyini iddia edirdi.

Möhlət verilmiş ölkələr siyahısında ilk növbədə İtaliya və Yunanıstan İranla neft əqdlərinə son qoydu. Tezliklə onlara Tayvan, Cənubi Koreya və Yaponiya da qoşuldu. Sonuncu iki ölkə ABŞ-ın Sakit Okean regionundakı müttəfiqləri sayılır və bir növ Pentaqonun "çətir”i altındadırlar. Türkiyə və Hindistan da müxtəlif səbəblərə görə Vaşinqtonla vəziyyətin potensial gərginləşməsində maraqlı deyil.

ABŞ-ın ötən il türk lirəsinin məzənnəsini necə aşağı saldığını hamımız xatırlayırıq, bu, Ankaranın dövlət borcunun ödənilməsi ilə bağlı işini daha da çətinə salmışdı. Bircə qalır Çin. Çin bundan sonra da İran neftinin əsas alıcısı olacaq. Çinin bir sıra dövlət şirkətləri İranın neft hasilatında paylara malikdir. Üstəlik, ABŞ Çinlə ticarət müharibəsindədir. ABŞ-ın ixdal rüsumlarını qaldırması yolu ilə tətbiq edə biləcəyi növbəti sanskiya əks hücum üçün Pekinin əllərini bağlaya bilər.

- İranın İnqilab Keşikçiləri Korpusunun region neftinin 30 faizinin daşındığı Hörmüz boğazına nəzarət etdiyini nəzərə alsaq, iqtisadi qarşıdurma silahlı toqquşmalara yol aça bilər?

- Rəsmi Tehranın reaksiyasının ABŞ-a və onun regiondakı müttəfiqlərinə qarşı daha ədavətli olacağı gözlənilir. İran Hərbi Dəniz Qüvvələrinin İran körfəzində tanker marşrutlarını blokada etməyə çalışacağı gözləniləndir. Təcrübə göstərir ki, Kim Çen Inın dəmir sinirləri və Maduronun mətanəti gözlənilən nəticələr verə bilir, Tramp artıq geri çəkilməyə başlayır.

- İran iqtisadiyyatı üçün sanksiyaların sərtləşdirilməsi nə dərəcədə faciəvi ola bilər? Aprel ayında İranda inflyasiya səviyyəsi 51.4 faiz (il ərzində) qalxıb, sonuncu dəfə ölkədə belə yüksək inflyasiya səviyyəsi 1995-ci ildə qeydə alınıb (59,02 faiz). Tehranda son vaxtlar daşınmaz əmlak qiymətləri qalxıb, kommunal xidmətlər, qida məhsulları, işçilər, mebel, məişət əşyaları, geyim və ayaqqabı bahalaşıb. Bu, əhali arasında yeni etiraz dalğasına təkan verə bilər?

- Xammal sektoru İran üçün son dərəcə vacibdir: Bütün iqtisadiyyatın 20 faizi, büdcənin isə 30 faizi bu sektorun payına düşür. İran rialı 40 faiz dəyərini itirib, qida məhsulları isə orta hesabla 1,5 dəfə bahalaşıb. Bu, hələ keçid dövründə müşahidə olunub. Xalq çox dözə bilər, ancaq əvvəl-axır hər kəs bu situasiyanın təsiri altına düşür, bu, labüddür - necə ki, bunu Venesuelada və Sudanda gördük. Yemək lazım gələndə artıq yaranmış vəziyyətdə kimin günahkar olduğunu ayırd etmək o qədər də vacib olmur. Hakimiyyətin sabitliyi təhlükə altına düşür.

- İranın dövlət büdcəsinin balanslaşdırılması üçün 2019-cu ildə neftin bir bareli gərək 125,6 dollara qalxsın. 2017-ci ildə bunun üçün bir barelin qiymətinin 64,8 dollar olması kifayət edirdi. 2018-ci ildə isə tələb olunan qiymət 113,8 dollar idi. Dünyada neft qiymətlərinin artımı, bir barelin qiymətinin azından 100 dolları ötəcəyi nə dərəcədə gözləniləndir?

- Neftin bir barelinin qiymətinin 100 dolları ötəcəyi İranın, Səudiyyə Ərəbistanının və Rusiyanın arzularından asılı olmayaraq, tamamilə istisna edilir. ABŞ, sadəcə, bunun baş verməsinə imkan verməyəcək. Onların müxtəlif təsir rıçaqları var. Həm xalis iqtisadi, həm də siyasi. ABŞ Səudiyyə Ərəbistanı üzərində nəzarəti itirməyib və neftə səxavətli endirimlərə vəsilə ola bilər. Digər yandan, Çinlə ticarət müharibəsi kəskinləşir. Bu isə Çin sənayesinə ziyan vurur və xammal bazarını məngənəyə salır. İndiki 70 dollarlıq qiymət - yüksək həddə yaxındır.

- Vaşinqtonla Ankara arasında münasibətlərin soyuması fonunda, iyun ayında prezident Donald Trampın Türkiyəyə səfər edəcəyi gözlənilir. Tramp administrasiyası Ankaradan "S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsini tələb edir, onlar iddia edir ki, Rusiyanın zenit-raket kompleksləri ABŞ-ın "F-35 qırıcı-bombardmançılarının informasiyasını oxuyacaq. Bunu əsas götürərək Türkiyəyə "F-35”lərin və onlarla bağlı layihələrin gerçəkləşdirilməsi üçün vacib olan bütün komponentlərinin tədarükünü dayandırıblar. Ankara Ağ Evin "S-400”lərin "F-35”lərdən informasiya oxuyacağı ilə bağlı narahatlıqlarının əsassız olduğunu bildirir.

- Kifayət qədər qəliz bir situasiya yaranıb: bir tərəfdə artıq "F-35”in tədarükü üzrə iribüdcəli müqavilənin ödənişlərini qismən yerinə yetirmiş Türkiyə, digər tərəfdə "S-400” komplekslərinin tədarükü ilə bağlı maraqlı müqavilə var, üstəlik, sənədə görə, komplekslərin yarısı məhz Türkiyə ərazisində qurulmalıdır. Yəni burada müəyyən mənada texnologiyanın qarşı tərəfə ötürülməsindən danışmaq olar.

Təbii ki, Türkiyə heç birindən imtina etmək istəmir. ABŞ-la münasibətlərdə yaşanan gərginlik Türkiyənin faktiki olaraq iki milyard dollardan (o cümlədən, instrastrukturun servis xərcləri) məhrum olmasına səbəb ola bilər; əgər ABŞ prinsipə getsə. Bundan başqa, ABŞ maddi təsir rıçaqlarını işə salıb, Türkiyəni müdafiə sənayesində texnologiyalardan məhrum edə və prosesə İsraili qoşa bilər.

ABŞ azından Türkiyəni Rusiyaya verməmək üçün radikal addımlar ata bilər, çünki belə olacağı təqdirdə Yaxın Şərq onların əlindən tam çıxa bilər. Ancaq Türkiyəyə qarşı sanksiyalar münasibətlərin pozulması demək deyil, əksinə, bu, yeni sövdələşmələrə və növbəti əməkdaşlığa açılan yoldur, güc metodları ilə tətbiq olunsa belə.

- Bu yaxınlarda "Amerikanın səsi”nə verdiyi müsahibədə Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin ərazisində ABŞ hərbi bazasının tikintisini dəstəkləmədiyini, bunu məqsədəuyğun bilmədiyini söyləyib. Öz mövqeyini onunla əsaslandırıb ki, belə bir addım həm Moskva, həm də regionun terrorçu hərəkatları tərəfindən təxribat kimi dəyərləndirilə bilər. Bununla belə, Zurabişvili ABŞ-la münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Gürcüstan hakimiyyətinin bu cür bəyanatları Tbilisi-Vaşinqton münasibətlərinə necə təsir göstərə bilər? Kreml buna necə reaksiya göstərər?

- İndiki Gürcüstan prezidenti daha çox Avropa İttifaqı yönümlü siyasət yürüdür, nəinki ABŞ yönümlü. Bu, onun seçkiqabağı kampaniyasının bir hissəsi olub.

Bundan savayı, Zurabişvilinin Fransız diplomatiyası ilə qeyri-rəsmi əlaqələrinin olduğu bildirilir. Fransa gürcü siyasətinin qeyri-rəsmi kuratorudur. Habelə NATO-nun Avropadan olan üzv dövlətləri hər zaman Avroatlantik hərbi iştirakın genişlənməsi və Yaxın Şərq ölkələri və Gürcüstanın təşkilata inteqrasiyasına qarşı mühafizəkar mövqe tutub. Belə bir variant Trampı tam qane edir. O Tramp ki, öz təsir gücünü qoruyub-saxlayır və hərbi iştirakın genişlənməsi və Kremllə əlaqədar problemləri özündən uzaq tutur. Onun üçün avropalı tərəfdaşlarla dialoq aparmaq daha rahatdır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}