Əli Babayev “Təzadlar”a Gürcüstandakı seçkilərdən danışdı

Əli Babayev “Təzadlar”a Gürcüstandakı seçkilərdən danışdı

 

Xəbər verildiyi kimi, Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermənin ilkin nəticələrinə görə, Marneulidəki mer seçkilərində "Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib. Bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze məlumat verib.


Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, İctimai Nəzarət Koalisiyasının Gürcüstan nümayəndəsi Əli Babayev "Təzadlar”a açıqlamasında isə Marneulidə mer seçkilərinin şəffaf və demokratik şəkildə keçirildiyini bildirdi. 

Onun sözlərinə görə, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edib. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəd olub: "Namizədlərdən 4-ü azərbaycanlı idi. Bunlar "Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, "Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət” partiyasından Aqil Mustafayev, "Gürcü Arzusu” Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirli idi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Marneulidə mer seçkiləri olduqca şəffaf və demokratik şəkildə keçirildi”. 

Ə.Babayev bildirdi ki, namizədlər əvvəlcə seçicilərlə görüşüb seçki platformalarının əsas istiqamətləri barədə məlumat veriblər: "Zaur Darğallı əhali ilə görüşləri zamanı seçicilərin ehtiyaclarını öyrəndi, onların diqqətini şəxsən mer seçiləcəyi təqdirdə şəhərin inkişafı naminə seçki platformasına əsasən həyata keçirəcəyi layihələrə yönəltdi. O, Marneuli şəhərinin abadlaşdırılması istiqamətində planı olduğunu vurğuladı. İlk növbədə, yol infrastrukturunun sahmana salınması, bələdiyyə nəqliyyatı parkının yeniləşdirməsi, daha çox istirahət və uşaq əyləncə parklarının salınması, xüsusilə, şəhərdə bələdiyyənin ekoloji vəziyyətinə diqqət yetiriləcəyini qeyd etdi. Birlikdə hər bir Marneuli sakininin firavan yaşamasını təmin etmək üçün layihələr həyata keçiriləcəyini bildirdi.

Bütün bunları nəzərə alaraq Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, İctimai Nəzarət Koalisiyasının Gürcüstan nümayəndəsi kimi mən də həmvətənlərimə müraciət edərək onları "Gürcü Arzusu” Partiyasının Marneuli merliyinə namizəd Zaur Darğallıya səs verməyə cağırdım.

Müraciətimdə xatırlatdım ki, keçmiş hakimiyyət insan huquqlarını tapdalayaraq ölkə təcridxanalarında 35 mindən artıq məhbus saxlayırdı. Onların demək olar ki, 50%-dən çoxu günahsız cəzalanmışdır, eyni zamanda, prosessual qaydada 100 minlərlə adam saxlanmış və dolayısı ilə onlardan pul mənimsənilmişdir. Bu da əhalini hərtərəfli - maddi-mənəvi və sosial cəhətdən pis vəziyyətə salmışdır. Biznesə qarşı terror etmişdir, qanunsuz olaraq torpaq sahələri əhalidən alınaraq ucuz qiymətlə özəllişdirilərək xaricilərə satılmışdır. 100 minlərlə Gürcüstan vətəndaşı ölkəni tərk etmişdir ki, bunların sayı bir millyondan artıqdır. Tibb müəssisələri kənd yerlərində satılmışdır. Mədəniyyət və təhsil pis vəziyyətə salınmışdı. Bu kimi problemlərin həlli əvəzinə, polis idarələri, təcridxanalar inşa olunub. Əhali sıxıntı içində yaşayırdı. Seçkilər qeyri-normal qaydada həyata keçirilirdi, deputatlar seçilmirdi, sadəcə, təyin olunurdu. 

2012-ci ildə Gürcüstanda "Gürcü Arzusu” Partiyası hakimiyyətə gəlməklə keçmiş hakimiyyətin Gürcüstan vətəndaşlarına tətbiq etdiyi qeyri-demokratik münasibət alt-üst oldu və vətəndaşlar sərbəst huquqi- beynəlxalq normada yeni həyati inkişaf yoluna qədəm qoydu. Yeni hakimiyyətin əsas siyasi prioritetlərindən - hədəflərindən biri Avropaya inteqrasiya olunma, NATO-ya üzv olma, həmçinin ölkə əhalisini sosial cəhətdən yeni həyat tərzinə hazırlamaqdır.

Ona görə də yeni hakimiyyəti dəstəkləmə və onun istər daxili və istərsə də xarici siyasətində həmfikir olmalıyıq. 

Qeyd etdiyim kimi, müraciətimin sonunda həmvətənlərimi "Gürcü Arzusu” Partiyasının Marneuli merliyinə namizədi olan Zaur Darğallıya səs verməyə cağırdım.

Artıq növbədənkənar seçkilər arxada qalıb, seçkinin nəticələri məlum olub. Səsvermənin ilkin nəticələrinə görə, Marneulidəki mer seçkilərində "Gürcü Arzusu” Partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.

Onu da qeyd edim ki, Zaur Darğallı vətənimizin layiqli oğludur. Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009-cu illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrə rəhbərlik edib. 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-2017-ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışıb. 2017-ci ildən isə Kvemo-Kartli qubernatorunun müavini vəzifəsini tutub”.

Elbar ŞİRİNOV



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}