Azərbaycan bir dövlət olaraq şəhid və qazilərimizin bizə olan əmanətidir

Azərbaycan bir dövlət olaraq şəhid və qazilərimizin bizə olan əmanətidir

 


28 May Milli İstiqlal Gününün qeyd edilməsi hər bir Azərbaycan vətəndaşının milli qürur mənbəyi sayılır. Hər bir superetnosun yaşadığı məkanda digər azsaylı xalqlarla birlikdə milli dövlət düsturunu qoruması, barış və istiqrarı yaşatması müsair tarixin ayrılmaz bir parçasına çevirməsi bəşəri uğurlardan biri sayılır. 28 May İstiqlal Gününün əsil milli bayramlarımızdan biri kimi qeyd olunması həm də dövlətçilik şüurumuzun daha da dərin köklərə bağlanması deməkdir. Bu barədə Cümhuriyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev fikirlərini "Yeni Sözçü” qəzeti ilə bölüşdü.

– Bədrəddin bəy, Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyini qeyd edəcəyik. Cümhuriyyət partiyası olaraq, sizin yubileylə bağlı düşüncələriniz necədir?

- Cümhuriyyətin 101 illiyi hər bir Azərbaycan türkünün fəxr edəcəyi tarixdir. Bizim dövlət quruculuğu prosesində 1918-ci ilin 28 mayı xüsusi əhəmiyyətə malikdir. Tarixən böyük imperiyalara sahib biz Azərbaycan türkləri 1813-cü ildən müstəmləkə xalqına çevrilib və bu şəkildə 101 il yaşayıb. Bir əsrdən sonra müstəqillik ideyası ortaya çıxıb və onu elan edib. Sözsüz ki, bu məsələdə beynəlxalq şəraitin rolu olub. Rusiyada baş verən fevral inqilabı və oktyabr hadisələri, daha sonra Qafqaz Seyminin dağılması və üç ölkənin müstəqilliyinin elan edilməsi baş verib. Biz müstəqillik bəyannaməsini Tiflisdə elan etdik. Həmin dövrdə rusların "beşinci kalon”u buna maneçilik törədirdi. Xüsusilə, bolşevizm adı ilə erməni daşnakları Bakıda hakimiyyəti ələ aldılar, Andranikin rəhbərliyi ilə Cənubi Qafqazda soyqırımlar törədilirdi. Əsas məqsəd biz türklərə məxsus bölgələri aradan qaldırmaq, torpaqlarımızı ələ keçirmək, milli sərvətlərə sahiblənmək idi. Bu plana uyğun beynəlxalq güclər ermənilərə dəstək verirdilər. Bir sözlə, Ermənistanı yaratmaq, digər tərəfdən Bakını ələ keçirmək uğrunda mübarizə gedirdi. İngiltərənin Cənubi Qafqaz siyasətini yürüdən general Vilson modelinə görə, ilk növbədə Azərbaycan neftinə sahib çıxmaq və bizləri milli problemlər içində saxlamaq, başqa xalqları hakimiyyət başına gətirmək, öz milli sərvətlərimizin sahibi ola bilməmək siyasətini rəsmiləşdirmək idi. Məhz belə bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cümhuriyyətimiz elan edilsə də, paytaxt Bakı onun əlində deyildi. Nuru Paşanın adı xüsusi qeyd edilməlidir. Tiflisdə elan edilən AXC hökuməti paytaxtı Gəncəyə köçürdü. Bunun ardınca iyunda Bakının azad edilməsi əməliyyatına başlandı və sentyabrın 15-də Bakı azad olundu.


– O da bəllidir ki, AXC-nin ilk bayrağı fərqli olub. Sonradan bugünkü üçrəngli bayraq dövlətimizin rəmzinə çevrilib.

– Tamamilə doğrudur. AXC-nin ilk bayrağı olan qırmızı ay və səkkiz güşəli ulduz indi bizim partiyanın bayrağında əks olunub. Cümhuriyyəti yaradanlara, bu yolda həyatlarını verənlərə, ölkəni yadlardan təmizləyənlərə ehtiram olaraq, bu bayrağı qaldırmışıq və bu ənənəni gələcək nəsillərə ötürməyə çalışırıq. Noyabrın 9-na qədər AXC-nin istifadə etdiyi al-qırmızı səkkizguşəli ulduzun əks olunduğu bayrağa imperiya bayrağı deyilirdi. 9 noyabrdan sonra general Tomson həftədə bir dəfə üçrəngli bayrağımızın qaldırılmasına icazə verirdi. Ümumiyyətlə, bu bölgəni dağıtmaq, türklərə öz keçmişini unutdurmaq, onları pərən-pərən salmaq niyyəti vardı, hətta bayrağımızı qaldırmağa icazə verilmirdi. 1919-cu ilin 12 yanvarında Azərbaycanı Millətlər Liqasının tanınmasına qədər bu proses davam etdi. Cümhuriyyət qurulduqdan qısa müddətdə böyük addımlar atıldı. Ordunun ilk rəhbəri Xosrov Bəy Sultanov oldu. Daha sonra o, Qarabağın qubernatoru təyin edildi. Ən sevimli komandan isə Həbib Bəy Səlimov idi. Bütün uğurlu əməliyyatlar Həbib bəyin rəhbərliyi altında baş verib.


- Hansı əməliyyatları nəzərdə tutursunuz?

- Həmin dövrdə Lənkəran bölgəsi İran Gilanına tabe idi. Azərbaycanın bir dövlət olaraq milli iradəsini təmin etmək üçün Həbib bəyin rəhbərliyi ilə qoşunlar cənuba yeridildi. Bu cinayətin səbəbkarı Gilanda toplanmış silahlı bolşevik ünsürləri idi. Orada Azərbaycan dövlətinin varlığı təmin edildi. Bu ərəfədə Zəngəzurda ermənilər baş qaldırdılar. Həbib bəyin komandanlığı altında milli ordumuz Zəngəzurda separatçı erməni qüvvələrini və başqa ölkələrin maşası olanların müqavimətini qırdı və ermənilər ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan heyəti Parisə Millətlər Liqasına gedəndə erməni icması Azərbaycanın daxilində yaşamaqla bağlı müraciət imzalamışdılar. Yəni bir tərəfdən demokratik dəyərlər önə çıxmışdı, digər tərəfdən isə güc amili. Biz indi də bu praktikanı təkrarlaya bilərik. 1988-ci ildən başlasaq, Qarabağ münaqişəsinin yaranmasından 31 il keçir. Fakt ondan ibarətdir ki, vəziyyət dəyişməyib. Biz bu mənada demokratik dəyərlər və güc faktorundan yararlanmalı, ərazilərimizi işğaldan azad etməliyik.


- Milli kimlik deyəndə nə anlaşılmalıdır?


- Milli kimlik millətin adının rəsmən müəyyən olunması, millətin adının qaytarılmasıdır. Məsələn, 1936-cı il konstitusiyasına qədər bizim sənədlərimizdə millətimizin türk olduğu yazılırdı. Biz müstəqilliyin ilk illərindən millətin adını özünə qaytardıq. Cənubdakı qardaşlarımız özünə türk deyir. Borçalıda, Dərbənddə, İraqda yaşayan soydaşlarımız özlərinə türk deyir. Stalinizmin mirası olan milli kimlik məsələsi bilərəkdən arxa plana atılıb, unutdurulub. Bu milləti öz kökündən ayırmaq prosesidir. Yeri gəlmişkən, sonuncu referendumda qəbul olunan Konstitusiyanın 44-cü maddəsinə görə, ölkə vətəndaşına milli kimliyini ifadə etmək haqqı verilib. Mən cümhuriyyətin 100 illiyi ilə bağlı milli kimlik məsələsinin geniş müzakirə edilməsini təklif etdim. Kampaniya apararaq türklüyümüzü özümüzə qaytaraq. Fakt odur ki, üzərimizə türk olduğumuza görə gəlirlər. Anqlosaks, rus, fars modelinə baxsaq, görərik ki, türk olduğumuz üçün bizi sıxışdırırlar. İranda türk faktorundan qorxur və ona görə də soydaşlarımızın öz dilində yazıb oxumasına imkan vermirlər. Bu halda biz niyə milli kimlik məsələsini qoymayaq?

- Milli kimlik məsələsi həll edilsə, toplumun gücü daha da artar?

- Əlbəttə. Türk adının rəsmiləşdirilməsi türk dövlətləri arasında əlaqələrin artırılması, dil, siyasət, iqtisadiyyat, mədəni və hərbi baxımdan ciddi əlaqələrin qurulmasına gətirib çıxarar. Və 300 milyonluq Türk Dünyası qlobal şəkildə söz sahibi olan topluma çevrilə bilər. Türkləri öz köklərindən bundan ehtiyat etdikləri üçün ayırırlar. Müharibə şəraitində olan Azərbaycanda milli kimlik hava və su kimi lazımdır. İnsan milli kimliyini dərk etdikcə millətini sevir. Bunun üçün biz milli institutlar qurmalıyıq. Baxın, 1936-cı ildən demək olar ki, 83 il keçib. 83 ildir ki Azərbaycan faktoru ortadadır. Amma dünya siyasətinə türk faktoru ilə çıxa bilərik. Bu ruhu qaytarmaq lazımdır. Mesopotamiya, Amudərya-Sırdərya və ya Kür-Araz mədəniyyətlərinin hər birində insan sivilizasiyalarının formalaşdırdığı yerdə türk faktoru var. Zamanında bizim imperiyamız olanda başqa imperiyalar yox idi. İndi bizi parçalayaraq zəif salıblar. Biz tariximizi, milli kimliyimizi, coğrafi torpaqlarımızı, soy-kökümüzü unutmamalıyıq. Və nəhayət, torpaqlarımız uğrunda vuruşmalıyıq. Fikir verin, nə qədər ki, Kərkükdə olan qardaşlarımız əlinə silah almamışdı, onlar həmişə ağlayırdı. Əllərinə silah götürdükdən sonra Mosulun, Kərkükün sahibi oldular, ətraf bölgələrə nüfuz etdilər. Hələbdə türkmənlər əllərinə silah almayana qədər onları sayan yox idi. İndi əllərində silah, arxalarında türk ordusu var.

- Bundan sonra bölgədə dəyişikliklər, proseslərin istiqaməti necə olacaq?


- Əslində bölgənin coğrafiyası dəyişirsə, biz millət olaraq hər varianta hazır olmalıyıq. Baxın, ermənilər saraylarda nökərlik edərək məqsədlərinə yaxınlaşıb. Ruslardan istifadə edərək, Dağlıq Qarabağı ələ keçirib, üstəlik 7 rayonumuzu işğalda saxlayırlar. İndi situasiya dəyişən kimi Ermənistan Avropa ilə oynayır. Halbuki Ermənistan bu torpaqları Rusiya vasitəsilə alıb. Onlar proqramla işləyir. Bu məsələləri ciddi dəyərləndirməliyik. Türkiyənin təxminən 1 milyona yaxın ordusu var, 81 milyonluq ölkədə 21 milyon insanın əlində silah var. Onlar silahsız xalqın nə olduğunu görüb. Təsəvvür edin ki, I Dünya Müharibəsi zamanı ovuc boyda erməni ölkəni yağmalayıb. Osmanlı dövründə əhalinin əlində silah olmadı, Balkanlardan tutmuş Qafqaza qədər itirdilər. İndi türklər bunu yaxşı anlayır. Bizdə fərqli situasiya var. Ali məktəblərdən hərbi kafedralar yığışdırılıb. Halbuki XXI əsr texnika əsridir. Kosmosda peykimiz var. Tək Qarabağ üçün deyil, bütövlükdə itirilən ərazilərimiz - Zəngəzur, Göyçəmiz üçün hədəflər qoymalıyıq. ABŞ-la İranın qarşıdurması var. Gələcəkdə Güney Azərbaycanda proseslər baş verə bilər. Eləcə də Mosul və Kərkükdə. Bu bölgələrin güclü olması lazımdır. 1988-ci illərdə ordumuz yox idi, amma insanlar silahlanmağa başladı. Son 200 ildə Bakıda məqsədli şəkildə qeyri xalqların sayını artırmaq siyasəti yürüdülmüşdü. Bu, paytaxt kimin əlindədirsə, dövlət də onun nəzarətindədir demək idi. Məhz buna görə Bakıda kosmopolit millət yaratmaq istəyiblər. 1990-cı illərdə Bakı gerçəkdən milli paytaxt halını aldı. Bunu bizim nəsil həyata keçirdi, biz etdik. İndi biz yenidən Qarabağ haqqında düşünməliyik. Bişkekdə imzalanan sülh müqaviləsindən 25 il keçir. Biz orada hansı öhdəliklər götürmüşük, "müharibə edə bilərikmi” kimi məsələlər araşdırılmalıdır. Torpaqlarımızı müdafiə etmək üçün əlimizə silah almalıyıq. Bunu edə bilməyən millətlərin dövləti zəifləyir, çökür.

- Ermənistanda son hakimiyyət dəyişikliyinin danışıqlar prosesinə hansı təsirləri ola bilər?

- Ermənilərin hakimiyyəti dəyişsə də, ümumi məqsəd var. Mümkün qədər münaqişənin indiki statusunu uzatmaq və qoruyub saxlamaq. Onlar ruslarınn vasitəsilə Qarabağı əldə ediblər. Artıq bunun üzərindən 25 il keçib. Sabah 2-3 rayonu qaytarmaqla Dağlıq Qarabağın aralıq statusunun almasına, əraziyə sülhməramlıların gəlməsinə gedə bilərlər. Münaqişəni daha 25 il uzada bilərlər. Rusiya istəyir ki, öz sülhməramlılarını yeritsin, təsir rıçaqlarını daha gücləndirsin, ABŞ İranla münasibətində istəyir ki, Güney Azərbaycanla bağlı divident götürsün. İndi Rusiya zəiflədiyi üçün məcbur olub Türkiyə ilə əlaqələrini gücləndirir. Ruslar İran məsələsində Qərblə ziddiyyətlərə getməyəcək. Biz belə hədəflərə və sistemlərə qarşı öz milli sistemlərimizi qoymalıyıq ki, uduşumuz olsun. Odur ki, biz güc olmalıyıq. Türk Dünyasının birliyinin körpüsü Azərbaycandır. Bizim üçrəngli bayrağımızın bir tərifi də var. Bunu mənə sürgündə olan və repressiyalara məruz qalan qohumum deyib. Üçrəngli bayrağın tərifi belədir: ey yeri-göyü Yaradan, bu çağdaş dünyada qaranlıqdan işığa doğru millətimin yolunda əbədi işıq saç. Yeri-göyü Yaradan dedikdə Göy Tanrı nəzərdə tutulur. Çağdaş dünya qırmızı, ay qaranlığı işıqlandıran, səkkizguşəli ulduz isə əbədi sönməyən ulduz deməkdir. Bu müqəddəs bayraqdır.

– Türkiyədəki CHP ilə Azərbaycandakı CXP arasında bir fərq varmı?


– Hər iki partiya Türk Dünyasının başbuğları Mustafa Kamal Atatürk və Məmmədəmin Rəsulzadənin ideallarına söykəniblər. Biz bu iki dahinin ideallarının yolçularıyıq. Milli dövlət olmanın təməllərini bu iki dahi şəxsiyyət ortaya qoyub. Bu ənənələrin sayəsində daha güclü dövlət ola bilərik. Quzey Kıbrısda, Kərkük-Mosulda və Türk Dünyasının başqa bölgələrində bu yöndə genişmiqyaslı bu amallar əsasında işlərimizi görürük.

"Yeni Sözçü” qəzeti

Azərbaycan bir dövlət olaraq şəhid və qazilərimizin bizə olan əmanətidir

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}