Bu azərbaycanlı “Facebook”da işləyir: Şirkətin bütün “gizli məlumat”larını açıqladı

Bu azərbaycanlı “Facebook”da işləyir: Şirkətin bütün “gizli məlumat”larını açıqladı

 

Emil Məmmədov Naxçıvanda anadan olub, Culfa rayonunun Bənəniyar kənd orta məktəbini bitirib. Azərbaycan Dövlət Neft Akademiyasında istehsalat proseslərinin avtomatlaşdırılması mühəndisliyinin bakalavriat və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib, daha sonra London İmperial Kollecində ikinci magistratura təhsili alıb. Paralel olaraq Bakıda neft sahəsində beş il çalışıb. 2018-ci ilin əvvəllərindən "Facebook”da idarəetmə mütəxəssisi olaraq işləyir. Hazırda Danimarkada yaşayır.

Sozcu.info  "Facebook”da işləyən həmyerlimizlə müsahibəni təqdim edir:

– Necə oldu ki, "Facebook”da işləməyə dəvət aldınız?

– Azərbaycanda beş il neft sahəsində çalışdıqdan sonra qərara gəldim ki, karyeramı yüksək texnologiya şirkətlərində davam etdirim və "Facebook”da mənə uyğun vakansiya olduğunu görüb onlayn müraciət etdim. Müsahibəyə çağırıldım, ilk iki mərhələ videozənglə baş tutdu. Sonrakı mərhələlər üçün isə Danimarkaya dəvət edildim, ümumumilikdə səkkiz mərhələdə məni yoxladılar.

Bu azərbaycanlı

Müsahibənin dörd mərhələsi texniki, qalan dörd mərhələsi isə davranış qaydaları, komanda işi bacarığı, operativlik, şirkətə nə qədər uyğun, yararlı olub-olmamağımla bağlı oldu. Onların düşüncəsi budur ki, biz yalnızca ən yaxşı mühəndisi deyil, eyni zamanda, komanda ilə yaxşı işləyə bilən mühəndisi axtarırıq. Komanda ilə işləməyi bacarmırsansa, ən güclü mühəndis də olsan, işə götürməzlər. Yanaşmaları belədir.

– İşiniz tam olaraq nədən ibarətdir?

– "Facebook”un Avropada üç ölkədə: İsveç, İrlandiya və Danimarkada məlumat mərkəzləri var. Onlar bütün məlumatların idarə olunduğu yerlərdir. İnsanlar gündəlik rahat "Facebook”a girə bilsinlər deyə, məlumat mərkəzlərində 7/24 fasiləsiz 25-30 nəfərlik mühəndislik komandası çalışır.

İşim bu məlumat mərkəzlərində idarəetmə sistemlərinin yığılması, komandaya idarə sistemininin öyrədilməsi, sistemdə yaranan problemlər komanda tərəfindən həll oluna bilmirsə, onlara dəstək verməkdən ibarətdir.

– Deyirlər, "Facebook” insanların şəxsi və gizli məlumatlarını xüsusi xidmət orqanlarına sızdırır. Bu, nə dərəcədə realdır?

– Bu, qaralama kampaniyasıdır. "Facebook” üçüncü dərəcəli şirkətlərə giriş imkanı verir, bəzən limitli datalar lazım olanda, rəsmi şəkildə partnyor olub o dataları əldə edirlər, amma satılma məsələsi yoxdur. Bəzi hallarda dataların oğurlanması ola bilər, bu da təhlükəsizlik sistemindəki boşluqlarla əlaqəlidir. Bunu şirkət özü də etiraf edir ki, biz səhv edirik və bu səhvlərimizdən öyrənirik. Sosial şəbəkə sahəsi dünya üçün yenidir və bəzən səhvlər etmək adi qəbul olunur.

Bu azərbaycanlı

– Bəzən ildə iki-üç dəfə "Facebook”la bağlı bütün sosial şəbəkələrdə problem yaranır. Böyük bir şirkətin belə problemlə üzləşməsi inandırıcı gəlmir. Sanki bilərəkdən belə "səhv”ə yol verirlər.

– Qəsdən olmur. Dünyanın hansısa hissəsindəki məlumat mərkəzində problem olanda bu hal baş verir. "Instagram” da, "Whatsapp” da eyni mərkəzlərdən qidalandığına görə birində problem olanda, digərinə də təsir edir.

– "Facebook”da iş mühiti necədir?

– İş yerində hər zaman pulsuz növbənöv yeməklər, şirniyyatlar, içkilər, oyun otaqları, park, dondurma yerləri – hər şey var. Yəni işçilər ehtiyacı olan və ehtiyac duya bilmə ehtimalı olan hər şeylə təmin olunur ki, iş yerində beyinlərini ikinci dərəcəli xırda məsələlərlə məşğul etməsinlər. Bir sözlə, iş mühiti çox rahat və əyləncəlidir.

Bu azərbaycanlı

– Sizcə, uğurunuzun sirri nədir?

– Dünyadakı uğurlu və uğursuz insanlar arasında bir fərq var: biri çalışır, o biri çalışmır. Düzdür, yaşadığın, böyüdüyün, formalaşdığın mühitin də təsiri var, ABŞ-da, Avropada doğulan biri ilə Azərbaycanda doğulan birinin sahib olduğu şərtlər eyni olmur. Amma çalışan insan harada, hansı şərtlər daxilində doğulmasından asılı olmayaraq, uğurlu olacaq. Hansı sahədə olursan-ol, o sahənin ən yaxşısı olmağa çalışmaq lazımdır.

Mən həmişə situasiyalara müsbət yanaşmağa çalışmışam. Açığı, heç vaxt xaricə getməyə can atan biri olmamışam, insan olduğu yeri gözəlləşdirməyə çalışmalıdır. Ölkədən getməyimin ən başlıca səbəbi isə neft sahəsindən yüksək texnologiya şirkətlərinə keçmək qərarım olub. Ölkədən bezmək, qaçmaq kimi bir düşüncəm olmayıb. Onsuz da hara gedirsən-get, içindəkini özünlə aparırsan. Onun üçün də yerindən asılı olmayaraq, problem görəndə ondan qaçmaq yerinə, onunla üzləşmək və həlli üçün nələrsə etmək lazımdır.

Digər bir məsələ hər şeydə qızıl ortanı tuta bilməyi bacarmaqdır, əyləncənə də, təhsilinə də, səyahətlərinə də, istirahətinə də vaxt ayırmağı bacarmaq lazımdır. Yeri gələndə, yay tətillərində işləməlisən, yeri gələndə gəzməlisən. Hər şeyi qədərində etmək lazımdır.

Bu azərbaycanlı

– Özünüzü necə inkişaf etdirmisiniz?

– Dünya rəqabət dünyasıdır, bir il dayansan, çox geridə qalarsan. Bizdə bu proses, inkişaf zəif tempdə gedir, çox da hiss etmirsən, amma orada bir il tənbəllik etsən, çalışmasan, görəcəksən ki, nə qədər geridə qalmısan.

Universitetdə sahib olduğumuz qurğular həddən artıq köhnə idi, bəzi müəllimlərimiz dərsi 1960-1970-ci illərin kitablarından keçirdi. Bizim sahədə 3-5 ildən bir yeniliklər çıxır, bizə isə 30-40 il əvvəlin dərslərini keçirdilər… Mən də onlara zaman ayırmırdım. Bəzi qrup yoldaşlarım bütün günü mühazirə yazırdılar, mən isə başa düşürdüm ki, bunun mənası, faydası yoxdur. Birinci kursda yay tətilində Türkiyədəki mühəndislik şirkətinə yazmışdım ki, yayda gəlib orada maaşsız, sadəcə, sahəmi öyrənmək üçün işləmək istəyirəm. Onlar da məni qəbul etdilər. İki ay səhərdən axşamacan orada çalışdım.

Bu azərbaycanlı

Oradan qayıdanda plan cızmışdım, o plana əsasən internetdən araşdırırdım, oxuyurdum, xarici şirkətlərdə işləyən insanlarla məsləhətləşirdim, nələrsə öyrənirdim, xarici şirkətlərə gedirdim ki, sadəcə, mühəndislərin yanında dayanım, öyrənim. O biri uşaqlar günlərinin 5-6 saatlarını mühazirə yazmağa, hətta laboratoriyada oturub köhnə qurğularla işləməyə sərf edirdilər. Mən isə deyirdim ki, boşuna vaxt itkisidir, bu yolla dünyadakı tempi tuta bilmərik və öz planlarıma uyğun hərəkət edirdim.

– Azərbaycanda gənclər "Facebook” kimi sosial şəbəkələr qurmaq istəyirlər, amma alınmır.

– Ümumiyyətlə, hər hansı bir işin uğurlu olması üçün iki faktor önəmlidir: birincisi, şərait, ikincisi, keyfiyyətli komanda. Yəni əvvəlcə azad rəqabət mühiti yaratmaq lazımdır, sonra da rəqabətə girə biləcək keyfiyyətli gəncləri ölkədə saxlamaq, kənardakıları da ölkəyə cəlb etmək üçün həvəsləndirmək lazımdır. Bunlar olduqdan sonra isə uğurlu layihələrin sayı çox olacaq.

– Orada işləməyə gedəndə nə kimi çətinliklərlə rastlaşdınız?

– Dil baryeri, mədəniyyət, dəyər, yanaşma fərqləri, soyuq hava və ən əsası, iş mühiti – oradakı mühəndislərin bilik səviyyəsi çox yüksəkdir. Çox çalışırlar, çox bilirlər, daim yeni nəsə öyrənirlər. İşdə olduqları vaxt bir dəqiqə də boş dayanmırlar. Bizdəki kimi, iş gününün sonunu gözləmirlər. İşdə olanda dünyadan təcrid olurlar və ancaq işə fokuslanırlar. Bu, uşaqlıqdan necə formalaşmaqdan irəli gəlir. Bir sahəni seçib o sahədə mütəxəssis olmaq lazımdır.

Bu azərbaycanlı

– Bizdəki vəziyyəti necə görürsünüz?

 Bizdə peşə seçimi illərdir "filankəsin uşağı hüquqşünasdır, sən də hüquqşünas ol”, "filankəsin oğlu filan yerə qəbul oldu, sən də ora qəbul ol” prinsipi ilə seçilib, onun üçün də uğursuzluqlar olub. Amma düşünürəm ki, son illərdə bu tendensiya dəyişir, gənc valideynlər daha çox araşdırır, oxuyur, bu barədə məlumat toplayır və uşaqların güclü tərəflərinin fərqinə varmağa çalışırlar, bu da çox gözəl əlamətdir.

Bu gün ölkəmizdə işləyənlərin əksəriyyəti işdə yalnızca maaş üçün narazı oturur və günün, həftənin, ayın sonunu gözləyir. Beləcə, illər keçir, bu insanlar nə uğurlu mütəxəssis, nə də cəmiyyətə faydalı fərd ola bilir. Bizim toplum çox yavaş inkişaf edir.

Bu azərbaycanlı

– Uğursuzluqla rastlaşmamısınız?

– Rastlaşmışam. Önəmli olan uğur və ya uğursuzluq deyil, baş verən hadisələrdə situasiyanı necə idarə etməkdir. Elə insanlar var ki, qazandığı uğur onun uğursuzluğudur və ya əksinə. Məsələn, biri balaca bir uğur qazanıb rahatlayır və heç bir iş görmür, özünün xəbəri olmadan bu, onun uğursuzluğuna çevrilir. Elə insan var ki, uğursuzluqla üzləşsə də, vəziyyəti öz xeyrinə dəyişir. Özünü özünə sübut etmək üçün daha çox çalışır və beləliklə, uğursuzluq kimi görünən hadisənin nəticəsi gözəl olur.

III kursda BP şirkətində təcrübə keçmək üçün müraciət etsəm də, qəbul olunmadım.

– İşinizdə sevmədiyiniz nəsə var?

– Yəqin ki, var (düşünür) Amma ağlıma gəlmir indi (gülür). İş mühiti ilə əlaqəli sevmədiyim cəhəti deyə bilərəm ki, orada hər şey peşəkar çərçivədədir. İş mühitində səmimi dostluq münasibətləri qurmaq çox çətindir, çünki səmimiyyətləri limitlidir.

Bu azərbaycanlı

– Gənclərə sözünüz, tövsiyələriniz nələrdir?

 Gələcəyi bilmək istəyirlərsə, gələcək mühəndislik üzərində qurulacaq, həvəsləri varsa, mühəndislik sahələrini seçsinlər. Sırf tələbə olmaq üçün universitetə hazırlaşmasınlar, xaricə getmək adı ilə hara gəldi "apply” etməsinlər, "işləyim, təki pul qazanım” deyə hər yerdə işləməsinlər. Hər kəs öz dəyərini, qiymətini bilsin.

Universitet tələbələrinə sözüm odur ki, universitet illərinə diqqət etsinlər. Bizdə səhv fikir formalaşıb, deyirlər ki, "universitetə qəbul ol, vəssalam”. Tamamilə yanlış fikirdir, hər şey elə universitetə qəbul olduqdan sonra başlayır. Bütün həyatının nə qədər rahat və ya çətin keçəcəyi o 4-5 ildə nə qədər çalışmağından asılıdır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}