"Onunla razılaşma əldə etmək daha asan ola bilər..." - Bəxtiyar Hacıyev Paşinyan barədə

"Onunla razılaşma əldə etmək daha asan ola bilər..."

 

Sosial media tanınmış ictimai fəal Bəxtiyar Hacıyevin Avropadakı tədbirlərindən birində Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi suallardan, ona qələm uzatmasından danışır.

Sozcu.info  xəbər verir ki, "Yeni Müsavat” B.Hacıyevdən Paşinyanla görüşü və digər məsələlər barədə müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Bəxtiyar bəy, siz hara səfər etmişdiniz, məqsədi nə idi?

- Noyabrın ilk yarısında ard-arda bir neçə tədbirdə iştirak etmək üçün Avropada səfərdəydim. Səfər Stokholmda Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının 10 illiyi çərçivəsində keçirilən bir tədbirlə başladı. İki gün davam edən tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin son ildə qarşılaşdıqları problemlər, növbəti 10 ildə Aİ-Şərq Tərəfdaşlığı əməkdaşlığı zamanı nələrin dəyişməli olduğunu müzakirə etdik.

Bu tədbirin son panellərindən birində Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan da iştirak edirdi. O, çıxışını daha çox erməniləri əzən Azərbaycan xətti üzərində qurmuşdu, auditoriyaya Azərbaycan tərəfini aqressor kimi, sülhün qarşısını alan tərəf kimi təqdim edirdi.

Məhz həmin paneldə iştirak üçün millət vəkili Asim Mollazadə də gəlmişdi. O, Ermənistan XİN rəhbərinə "törətdiyi müharibə cinayətlərə görə Koçaryan və digərlərini mühakimə edəcəksinizmi?” məzmunlu sual soruşdu, Mnatsakanyan isə bir az aqressiv tonda "niyə təkcə biz etməliyik, siz özünüzü kənara çəkməyin, siz də mələk deyilsiniz” deyərək, yenidən öz çıxışını davam etdirdi.

Asim bəyin cavab vermək imkanı olmadığına görə mən söz aldım, Mnatsakanyana "siz Azərbaycan millət vəkilinə mələk olmadığımızı xatırlatdınız, amma siz də mələk deyilsiniz və Brüsseldə, Parisdə, Vaşinqtonda sülhdən danışıb, sonra gedib başqa ölkənin ərazisində ”bura bizimdir" deyirsiniz və bununla da sülh prosesinə elə ən böyük əngəli siz törədirsiniz" dedim.

- Paşinyanla hansı tədbirdə görüşdünüz?

- Fransa prezidenti Makron ikinci ildir ki, Paris Sülh Forumu adlı tədbirin keçirilməsinə təşəbbüs edir. Birinci Forum zamanı Putin, Merkel, Trudeau, Makron və digər hökumət və dövlət başçıları iştirak etmişdilər. Eyni zamanda müxtəlif sektorlar üzrə dünyada tanınmış şirkətlərin rəhbərləri, Nobel Sülh Mükafatı almış şəxslər, ayrı-ayrı sahələrin liderləri tədbirə dəvət edilmişdilər.

- Paşinyanın əvvəlcədən orada olacağını bilirdinizmi, akkreditasiyada problem yaşamadınız ki?

- Nikol Paşinyanın birinci Forumda iştirak etdiyini bilirdim. İkinci Forumda isə iştirak edib-etməyəcəyini bilmirdim. Mənə Paris Sülh Forumu üçün dəvət bir neçə ay əvvəldən gəlmişdi və qısa müddət sonra dəvəti qəbul edib, təsdiq etmişdim. Forumun 2-ci günündə başqa bir tədbirə gedərkən təsadüfən Paşinyanın oradan keçdiyini gördüm. Ətrafdakı erməni jurnalistlərdən onun çıxışının olub-olmayacağını soruşdum. Onlar çıxışın bir neçə dəqiqə sonra başlayacağını, yerini dedilər. Əslində, Nobel Sülh Mükafatçısı Şirin Ebadinin də qonaq olduğu görüşə gedəcəkdim, düşündüm ki, Paşinyanın "masterclass” adlanan formatda çıxışını dinləməli və onun təktərəfli təbliğat cəhdinə cavab verməliyəm.

O da Ermənistan XİN rəhbərinin Stokholmda tutduğu mövqeni təkrarlayaraq, bütün gücü ilə Azərbaycanı sülh prosesinə mane olan tərəf kimi təqdim etməyə çalışdı.

Tədbir qısa olduğuna görə tək sual imkanı vardı və mən bu fürsəti dəyərləndirib, onun bəzi iddialarına cavab verməyə çalışdım.

Birincisi, Paşinyan bildirirdi ki, hətta erməni soyadlı digər ölkə vətəndaşları da Azərbaycana gedə bilmir. Misal kimi də Henrix Mxitaryanın Arsenal-Çelsi finalı üçün Bakıya gələ bilmədiyini qeyd etdi. Mən bunun yalan olduğunu erməni və erməni əsilli digər ölkə vətəndaşları olan idmançıların Bakıda Avropa Oyunlarında iştirak etdiklərini, hətta, Azərbaycan prezidentinin auditoriyadan onlar üçün əl çalmaqlarını xahiş etdiyini xatırlatdım. Bununla, onun ilk yalanı təkzib edildi.

Daha sonra Ermənistan baş naziri Paşinyana Xankəndində verdiyi bəyanatı xatırladaraq, "bütün BMT üzv dövlətləri, o cümlədən Ermənistan da rəsmi olaraq Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Belə olduğu halda, bir ölkənin baş naziri başqa bir ölkə ərazisinə gedib, ”Qarabağ Ermənistandır və nöqtə" deyirsə, bu, sülh prosesinə necə töhfə verə bilər?" soruşdum.

Bununla da auditoriyadakılara əslində sülh prosesini dalana dirəyən tərəfin Paşinyan olduğunu göstərdim.

Sualımın davamı olacaqdı və mən Azərbaycan prezidentinin Valdaydakı "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirən kimi, moderator sualımı dayandırmağı xahiş etdi.

- Onun cavabı sizi qane etdimi və həmin tədbirdə Paşinyanla qeyri-rəsmi söhbətiniz də oldumu, nə danışdınız?

- Təbii ki, yox. Çünki özümü təqdim edərkən Vardenisdə anadan olmağımı xatırlatmağımdan istifadə edib, cavab verməyə, erməni və azərbaycanlıların həmin dövrdə necə öz evlərini tərk etməsi ilə bağlı danışmağa başladı.

Sumqayıt hadisələrini xatırlatdı, yenidən yalanlarını davam etdirərək, guya Ermənistandan azərbaycanlılar köçərkən heç bir problem yaradılmadan, hətta polis müşayiəti ilə çıxarıldıqlarını qeyd etdi.

Təbii ki, mənim tək sual imkanım vardı və bu iddialara cavab vermək olmazdı. Ancaq, o, əsas sualdan yayındı və tədbir bitəndən sonra, oradan uzaqlaşdı.

Bir müddət sonra geri qayıtdı, məni axtardı, tapdı və kimliyimi soruşdu. Qeyri-rəsmi söhbət zamanı bildirdim ki, onun Azərbaycan ərazilərinə gəlib, "bura bizimdir” mesajını verməsi populist çıxışdan başqa bir şey deyil və sülh prosesinə heç bir töhfə vermir.

Paşinyan sanki, bir az raşılaşaraq, "ancaq buna qədər mən daha çox konstruktiv mesajlar verdim, Azərbaycan tərəfindən cavab gəlmədi” dedi. Eyni zamanda, Ermənistandakı müxalifətin təzyiqlərindən də danışdı, sanki dolayısı ilə bu bəyanatı Ermənistanda ona müxalif olanların təzyiqi ilə verdiyini bildirdi.

- Sizə elə gəlmir ki, Paşinyan daha çox baş nazir deyil, sıradan bir QHT rəhbəri təəssüratı yaradırdı. Sizcə, onunla Serj Sərkisyanın fərqi nədir?

- Bəli, bunu mən də çox yaxından müşahidə etdim. Məsələn, maksimum 1-2 dəqiqəlik sualı yaddaşında saxlaya bilməyib, ətrafdan qələm axtarması, qeydlər aparmağa çalışması, tədbirə gələrkən və tədbir yerindən gedərkən başqa davranışları açıq-aydın göstərir ki, Paşinyan hələ dövlət adamı ola bilməyib.

Hətta, çıxışı zamanı yanımda oturmuş bir köməkçisi çox sıx-sıx ona bəzi məsələləri aşağı səslə xatırladır, o isə təkrar edirdi.

Amma bunun mənfi tərəfləri olduğu kimi, bizim üçün müsbət tərəfləri də var. Paşinyan rəsmi tədbirdən sonra özü mənə yaxınlaşdı, qısaca danışdıq.

Hiss etdim ki, onunla Azərbaycan tərəfinin razılaşma əldə etməsi daha asan ola bilər, nəinki əvvəlki liderlər, o cümlədən Sarkisyan ilə.

Paşinyanın media və vətəndaş cəmiyyəti sıralarından çıxması onunla rahat, açıq danışmaq imkanı yaradırdı.

Rəsmi görüşdən sonrakı səmimi davranışlara cəhd etməsi, bəzi səhvlərini dolayısı ilə etiraf etməsi məndə elə təəssürat yaratdı ki, Azərbaycan tərəfi onunla daha sıx təmasda olmalı və ətrafının onu populist, nə Ermənistana, nə Azərbaycana fayda verməyəcək istiqamətdə tələyə düşməsinə imkan verməməlidir.

- Onun mühafizəçiləri sizə problem yaratmadılar?

- Mühafizəçilər və köməkçilər bir problem yaratmadılar. Birincisi, ora Paris Sülh Forumu idi və Bakıdan bəzilərinin gözlədiyi kimi aqressiv davranış yeri deyildi.

Mən də aqressiv davranmadığıma, adekvat addımlar atdığıma görə heç kim problem yarada bilməzdi.

Amma Paşinyanın özü qeyri-rəsmi söhbətə maraqlı və həvəsli olsa da, sanki köməkçiləri ən qısa zamanda onu oradan uzaqlaşdırmağa, bizim söhbətin daha tez bitməsinə çalışırdılar. Köməkçiləri gərgin və əsəbi görünürdülər, Paşinyan isə rahat və gülərüzlü.

- Tədbirdən sonra hansısa təzyiq və ya təxribat gözləyirdizmi?

- Xeyr, dediyim kimi, xüsusi aqressiv davranışım olsaydı, gözləyərdim. Amma tam sakit, adi bir sual soruşub, Paşinyanın təktərəfli təbliğat aparmasına mane olmuşdum.

Tədbirdən sonra əvvəlcə Paşinyan özü, sonra bir neçə erməni jurnalist yaxınlaşaraq, kimliyimi, rəsmi nümayəndə heyətinin tərkibində olub-olmadığımı soruşdular.

Daha sonra isə qəhvə içmək üçün bayıra çıxanda Fransada yaşayan bir erməni iştirakçı, Rusiyanın Fransadakı səfirliyinin bir əməkdaşı, növbəti gün isə bir neçə başqa iştirakçılar məhz o dialoqla bağlı suallar soruşdular.

- Ümumən münaqişənin həllinə yanaşmada rəsmi İrəvanda nələrsə dəyişibmi?

- Paşinyanın Parisdəki qeyri-rəsmi söhbət zamanı dediklərindən belə anladım ki, o, bunu daha çox daxili müxalifətin təzyiqi ilə deyib və Azərbaycan tərəfindən daha çox konstruktiv mesajlar gözləyir, "Qarabağ Ermənistandır və nöqtə” onun inanaraq dediyi bəyanat deyil və çox rahatlıqla arxasından çəkilə bilər.

Düşünürəm ki, Paşinyanla təmaslar sıxlaşarsa və münaqişənin həllinin birinci növbədə Ermənistana faydalı olacağı ona izah edilərsə, onunla razılaşmaq daha asan olar, nəinki, Sarkisyan, Koçaryan və digərləri ilə.

- Sizcə, erməni rəsmilərini konfranslarda bu cür yaxalamalar olmalıdırmı?

- Buna yaxalamalar deməzdim. Ancaq düşünürəm ki, xaricdə yaşayan və təhsil alan gənclərimiz bacardıqları qədər erməni rəsmilərin Avropa və ABŞ-da keçirdikləri belə görüşlərdə təktərəfli təbliğatlarına imkan verməməlidirlər.

Çünki belə çıxışlar zamanı adətən erməni rəsmilər Azərbaycanı monster kimi təqdim etməyə cəhd edirlər, bizi aqressiv, insanlıq düşməni kimi təqdim edirlər və kiçik bir müdaxilə auditoriyalarda suallar yaradır, sonra isə hər iki tərəfin dediklərini araşdırırlar və yekun nəticəyə gəlirlər.

Mənim Paşinyana sual verməyimi Bakıda həzm edə bilməyən bəziləri "elə yox, belə deyilməli idi”, "sual yağışına tutulmalı idi”, "daha aqressiv olmaq lazım idi” və s. deyirdilər.

Mən isə tam əksini düşünürəm ki, Paşinyan və digər erməni rəsmilər Azərbaycan tərəfini vəhşi, aqressiv təqdim etməyə çalışırsa, biz davranışlarımızla bunun əksini göstərməliyik.

Məsələn, Paşinyan qələm axtaranda mənim öz qələmimi çıxarıb ona verməyimi tədbirdən sonra bir çox fransız, alman, britaniyalı iştirakçılar müsbət jest kimi qiymətləndirmişdilər.

Əslində, bu kiçik müdaxilənin sosial şəbəkələrdə və mediada bu qədər böyüməsi məni sıxırdı, hətta bəzi insanların təşəkkür etməsindən də narahat olurdum. Çünki böyük bir şey etməmişdim, orada təktərəfli təbliğatın qarşısı alınmalı idi və mən borcumu yerinə yetirdim.

- Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı Bakı və İrəvan səfərləri olmalıdırmı? Bəziləri buna yaxşı baxmır...

- Kimin necə baxmasından asılı olmayaraq, münaqişənin sülh yolu ilə həllində maraqlıyıqsa, belə təmaslar olmalıdır. Ancaq, bu təmasların da həddi elə müəyyənləşdirilməlidir ki, tərəflər, xüsusi ilə də Azərbaycan tərəfi üçün status-kvo adiləşməsin və münaqişənin həlli unudulmasın.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}