Sumqatının kitab filantropu- Müsahibə

Sumqatının kitab filantropu- Müsahibə

 


 

Əvvəli ötən sayımızda(http://sozcu.info/prizma/6962-sumqayitin-kitab-filantropu-musahibe.html)

 

90-cı illərin əvvəlində məktəblərə pulsuz olaraq kitab paylayırdım. Bir dəfə adını çəkmək istəmədiyim məktəbin direktor müavini məni müxalifətin təbliğat-təşviqatçısı kimi qəbul edib, ağzına gələni deməyə başladı. Niyyətimin nə olduğunu dedikdən sonra belə qarşımdakı səmimiyyətimə inanmayaraq, axmaq hesab etdi...

 

-Xan müəllim, sizin "Siqurt” təxəllüsünüz də var, bu söz nə anlama gəlir?

-"Siqurt” Skandinav xalqlarının qəhramanıdı, uşaqlıqda çox sevdiyim obraz olub. Onun kimi insanlara yaxşılıq etmək, dünyanı xilas etmək istəyirdim. Sonra anladım ki, kimlərisə elmləndirsəm elə dünyanı xilas etmiş kimi olaram.

-Kitabxananız haqqında məlumat verərdiniz?

-4 mağazam olub, hal-hazırda 2-ni qoruyub saxlaya bilmişəm. Hələ 90-cı illərin əvvəllərində indiki 2-ci mikrarayon H.Əliyev prospetkində köşküm var idi, sökdülər əvəzində heç nə vermədilər, 2016-cı ildə "Şərq bazarı”nı sökdülər, həmin bazarda mənimdə mağazam yerləşirdi. Sökdükdən sonra da əlimizə bir dənə quru sənəd verdilər ki, nə vaxtsa burda obyekt tiksək sizə 18 kv.m yer veriləcək. Bugün əlimdə yalnız "Pioner” ticarət mərkəzinin yaxınlığında yerləşən "Xan Xəzinəsi” mağazam (özümün) və Bakıda həmin mağazamın "Elmlər” metrosu yaxınlığındakı filialı fəaliyyət göstərir, amma həmin yer şəxsi deyil, icarəyə götürmüşəm.

-Sumqayıtda bir çox kitab mağazaları olmasına baxmayaraq əksər oxucu kütləsi daha çox sizin mağazanıza təşrif buyur, bunun səbəbi nədir?

-Mən kitabları çox ucuz satıram, hətta ən yeni nəşrləri belə 10-30% aşağı qiymətə satıram. Çölə isə 20 qəpik və pulsuz kitablar qoyuram. Bakıdakı filialımız da isə 6 ay bundan əvvəl çölə ancaq pulsuz kitablar qoymuşdum, ən azında 5 taksilik havayı kitab payladım. Həmin mağazamda sovet dövründə nəşr olunan rusca və kiril azərbaycancasında olan kitabların 90%-ni 20 qəpik – 1 manat  qiymət arasında satışa qoymuşdum. Eyni zamanda mağazamda kitabları icariyə də veririk. Məsələn əgər kimsə 10 manatlıq kitabı almağa imkanı yoxdursa, şəxsiyyət vəsiqəsi və ya tələbə biletini girov qoymaqla həmin kitabın 10% dəyəri olan 1 manat verərək, 10 gün müddətində oxuyub geri qaytara da bilər. Bu mağazam artıq 20 ildən çoxdu fəaliyyət göstərir, çalışıram ki, insanlara maksimum xidmət edərək marifləndirəm.

-Pulsuz da kitab payladığınızı dediniz, sizcə, bu filantropluğunuza lazımınca qiymət verirlərmi?

-Mən bunu populizm, şöhrət, tərif  üçün etməmişəm, etmirəm, etmiyəcəm də... Mənim amalım xalqımı marifləndirməkdi. 90-cı illərin əvvəlində məktəblərə pulsuz olaraq kitab paylayırdım. Bir dəfə adını çəkmək istəmədiyim məktəbin direktor müavini məni müxalifətin təbliğat-təşviqatçısı kimi qəbul edib, ağzına gələni deməyə başladı. Niyətimin nə olduğunu dedikdən sonra belə qarşımdakı səmimiyətimə inanmayaraq, axmaq hesab etdi...

-Siz ucuz kitabçı kimi ad çıxarmısız, amma sizin müştəriləriniz içərisində kitabxana ilə ərzaq yarmarkasını səhv salan insanlar da böyük ehtimal az deyil, bu qədər cürükcü insanlara münasibətiniz necədi?

-Həqiqət budur ki, əhalinin əksəriyyəti 2-3 min manat məvacib almır, bunu anlayıram və qiymət tarifini də əhalinin cibinə görə təyin etmişəm, amma bir məqamıda xüsusi qeyd etməyi vacib hesab edirəm: "bu gün qiymət öldürən, kitabxananı bazarlıqla səhv salan insanların 90%-də pul var, sadəcə kitaba pul verməyə əlləri gəlmir”.

-Sizin pulsuz payladığınız kitablar digər bukinistlərdə ən azı 2-3 manatdı, bununla digər kitab tacirlərinin nifrətini qazanmış olmursunuz?

-Kim necə münasibət göstərirsə, özü bilər. Mən kitab satışı ilə məşğul olsam da, ruhən alverçi yox, marifçiyəm.

-Deməli özünüzü kasıbların dostu hesab edirsiniz?

-Mən kasıblardan çox özümü intelektual, yaradıcı insanların dostu hesab edirəm. Kasıblardan daha çox qeyd etdiyimi insanların mariflənməsinə çalışıram.  Gələcək də o insanlar Azərbaycanı zirvələrə daşıyacaq nəyinki başqaları. Tam səmimi deyim ki, şəxsi kitabxanamda olan dəyərli kitablarımı belə əgər qarşımdakı insana məndən daha çox lazımdısa təmənnasız vermişəm, "çörəyi ver çörəkçiyə” prinsipini hər zaman üstün tutmuşam.

-Bizdə olan məlumata görə sizin kimi xalqın mariflənməsinə xidmət edən filantropun evini 2 dəfə bəzi oliqarxlar sökdürüb, bu gün belə kirayədə qalırsınız. Bu məlumatlar doğrudumu?

-Xeyr, doğru deyil, çünki mənim evimi 2 dəfə yox 3 dəfə söküblər, 1 dəfə də əlimdən alıblar. Ulduz metrosunun yanında evlər tikilirdi məndə orda ev tikdirirdim. Torpaqların sənədi yox idi, dövlət müəssisələrinə bu işlə bağlı müraciətlər etsək də, müsbət rəy bildirilmədi. Sonda maklerlər dedilər ki, bizə haqqımızı verin, hər şeyi həll edəcəyik. Mən və digərləri də belə etdi. Lakin buna baxmayaraq, evimi sökdülər. Daha sonra həmin ərazidə 2 dəfə yenidən tikdim, hər dəfə də söküldü. 3-cü dəfə evim söküləndə yaşlı anam, ailəm və körpə uşağımın olmasına baxmayaraq, buldozerlər birbaşa evimin üstünə sürdülər. Xöşbəxtlikdən heç kim xəsarət almadı, amma evim əldən getdi. 1 dəfə də Rusiyaya köçməkdə olan qadından ev almışdım, sonralar bəlli oldu ki, ev 2 nəfərə satılıb, nəticədə yenə evsiz qaldım. Yuxarıda 1 köşkümün və mağazamın sökülməsi haqqında da  məlumat vermişdim. Qısası dövlət mənə bir sahibkar kimi dəstək vermək əvəzinə qeyd etdiyim zərərləri verib.

-Evinizin sökülməsin də əsas pay sahibi kim idi?

-Nərimanov rayonu İH başçısı Zülfüqar Kazımov. Onun barəsində çox yerə şikayətlər yazdım. Hətta o vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olan Əli Nağıyevə belə müraciətlər etməyimə baxmayaraq heç kim kömək etmədi. Bir yazıçı, jurnalist, 8 il pedaqoji stajı, ən əsası 6 uşaq atası olan mən evsizəm. 15 ildi kirayələrdə qalıram. Hətta bir dəfə olsun belə evsiz, çox uşaqlı valideyin olduğuma görə Sosial Müdafiə fondu mənə bir qəpikdə sosial müavinat verməyib. Bir neçə dəfə sənət düzəlməyimə baxmayaraq, məndən rüşvət istədilər.  Bundan sonra birdəfəlik ora ağız açmamaq qərarına gəldim.

 

-Bu boyda haqsızlıqlara rəğmən insanlara təmənnasız kömək etmək, optimist qalmaq kimi gücü hardan alırsınız?

-Heç vaxt bədniyyətli olmamışam. Ən çıxılmaz vəziyyətlər də belə müsbət sonluğa inanmışam. İnsanların hamısı pis deyil.

-Sizin bir məşhur ifadəniz var, hansı ki, tez-tez deyirsiz: "çöldə bədənini satan qadının peşəsi fahişəlikdi, o bununla heç kimə pislik etmir, əksinə kimlərisə 15-20 dəqiqə xöşbəxt edir. Ən böyük fahişələr məktəbdə dərs keçməyərək, şagirdələri repetitor hazırlığına cəlb edən müəllimlərdi, dövlət xəstəxanasında çalışaraq xəstəni soyan canilərdi, xalqa xidmət əvəzinə xalqa zülm edən məmurlardı, xalq adından danışıb xalqın rifahını yaxşılaşdırmaq əvəzinə, xalqın sərvətindən yüzlərlə saraylar tikən deputat-nazirlərdi və s.”. Bu fikrinizə görə təqib olunmusunuzmu?

-Böhtan, yalan danışmamışam ki, hamısı faktdı.Təbii ki, bir çox peşə sahiblər aldıqları maaş ilə güzəranını keçirə bilmir, buna görə mən hökuməti qınayıram, amma bu insanlara rüşvət almağa haqq vermir. Sən gözüvü yumub, narazılıq edib rüşvət alırsansa birmənalı olaraq alçaqsan. Mən çox savadlı, vicdanlı, həkimlər tanıyıram ki, bu insanlar şərəf-ləyaqətini satıb rüşvət ala bilmədiklərinə görə bir qismi Türkiyəyə, Rusiyaya, Avropaya yol aldılar, digərləri isə özəl klinikalarda işlərini davam etdirdilər. Eləcə də keçmiş deputatlar tanıyıram ki, adi vətəndaş kimi həyat tərzi sürür. İstənilən halda rüşvətsiz normal yaşayışını quran insanlar var, sadəcə əziyyət çəkmək istəmirlər. Bir məsələnidə vurğulamaq istəyirəm ki, bütün bu proseslərimizin hamısı təhsil sistemimiz və müəllimlərimizin pis olmasındadı. Təhsil sistemimizdə boşluqlar çoxdu, lakin bu boşluqları müəllimlər aradan qaldırmaq əvəzinə öz mənafelərini güdərək bu boşluqları daha da genişləndirirlər. Hər zaman demişəm sən müəllim olmayacaqdınsa niyə bu ixtisas üzrə təhsil almısan, get qoynunu otar, eləcə də vicdanlı həkim olmayacaqdınsa get sələmçi, alverçi, bankir ol.

-Son zamanlar barıtı heç bir atımlıq olmayan, özlərinə "yazıçı” deyən avantüristlər Səməd Vurğun, Mikayl Müşviq, Xəlil Rza Ulutürk, Məmməd Araz kimi ədəbiyyatımızda iz qoyan ədiblərimizi  təhqir edirlər. Buna münasibətiniz necədi?

-İstənilən şəxsi haqlı olaraq tənqid etmək olar, kiminsə şəxsini də bəyənməməkolar. Amma təhqir etmək tamam başqa şeydi. Yeri gələndə S.Vurğuna söz atanlar heç onun kəsilib atılan dırnağına dəyməzlər. Başından yekə danışanlara demək lazımdı ki, sizlər öləndə qohumlarınız, tanışlarınız sizi basdırmağa aparanda, S.Vurğunu bütün Bakı əhalisi dəfn edib. Hətta SSRİ Yazıçılar İttifaqının sədri olan Fadeyev belə S.Vurğunun savadı qarşısında baş əyib. Yeri gələndə M.Araz Azərbaycan ədəbiyyatının vicdanı olan şəxslərdəndi, Xəlil Rza özünün də, oğlunun da vətən üçün etdiklər göz önündədi. Hətta yeri gələndə Xəlil Rza kimi kişinin oğlu Qarabağda ölməliydi, bişərəf məmurların, yaltaq saray tarixçilərin uşaqları yox. Yəni bu gün adlarını çəkdiyiniz ədiblərimizə dil uzadan Kəramət Böyükçöl, Şəhriyar del Gerani və digərləri yaxşı olar öz ayıbları ilə məşğul olsunlar. Ola bilər bu gənclərin istedadları var, amma yaxşı olar onlarda S.Vurğun, M.Araz, Xəlil Rza kimi şedevrlər ortaya qoysunlar.

-S.Vurğunu tənqid edən yalnız Kəramət, Şəhriyar kimi avantürist yazıçılar deyil, digər peşə sahibləridə var. Məslən bu yaxınlarda ABŞ-tərəfindən maliyələşən, işi-gücləri ancaq homoseksualların hüquqlarının müdafiəsinə yönələn bəzi "vəkillər” var ki, sosial şəbəkələrdə belə bir ifadə yazmışdılar: "Səməd Vurğun tayfa şairidir, kəndçi təfəkkürün təmsilçisidir. Biz onu tarixin zibilxanasına göndərməliyik”. Həmçinin "Milli Demokrat Pratiyasının” sədri olan Sərdar Cəlaloğluda S.Vurğunun ünvanına nalayiq sözlər dedi  Bu nə dərəcədə doğrudu?

-Birincisi bu tip dozanqurdulara meydan verənlər əclafın yekələridi, ikincisi də yaxşı olar ki, o "vəkil” gedib mavi dostlarını dərdinə qalsın. S.Cəlaloğluya gəlincə son vaxtlar çox başından böyük qələtlər edir, tək S.Vurğun haqqında yox, Qacaq Nəbi və onun həyat yoldaşı Həcər haqqında da ağzına gələn cəfəngiyatlar danışır. S.Vurğun da, Qacaq Nəbi də, Həcər də, tariximizdə öz yerlərini tutublar, hörmətləri də göz qabağındadı. Bayaq yadımdan çıxdı indi onu da qeyd etmək istiyərdim BDU-da dərs deyən Yaşar Məmmədli var onun S.Vurğun haqqında gözəl bir ifadəsi var: "Vurğunun ən böyük əsərləri  oğulları Yusif və Vaqifdir. Bu tip dozanqurdulara demək lazımdı ki, siz kimləri qoymusunuz?

-Bu yaxınlarda "Heydər Əliyev Fondu” tərəfindən poeziya gecəsi keçirildi. Həmin poeziya gecəsində ədəbiyyatımızda öz qələmi ilə iz qoymuş Ramiz Rövşən, fondun vitse-prezidenti Leyla Əliyeva və digər dövlət xadimləri ilə xatirə şəkli çəkdirdi. Bir qrup şəxslər sosial şəbəkələrdə Ramiz Rövşəni yaltaq, ikiüzlü adlandırdılar. Sizcə R.Rövşən həqiqətən yaltaqdırmı?

-Birincisi Leyla xanım istedadlı bir şəxsdi, onun şeirləri mənimdə xoşuma gəlir. İkincisi adı çəkilən fond bizim mədəniyyət incilərimizdən olan muğamın, tarixi abidələrimizn qorunmasında göstərdiyi fəaliyyətləri göz qabağındadı. Üçüncüsü isə Ramiz Rövşən bu günümüzün ən böyük ədəbiyyat adamlarından biridi, yeri gələndə ən böyük dövlət adamları və ictimai xadimlər Ramiz Rövşənin və poeziyanın işığına yığılmışdılar.

-Sizin şeirləriniz də qəmginlik, etiraz, istirab kimi xüsusiyyətlər gözə çarpır, bunun səbəbi nədi?

-Qısaca cavab verim ki, "poeziyada kimin harası ağrıyırsa, ondan yazır”.

-Gələcəkdə povest, roman yazmağı düşünürsünüzmü?

-Hal-hazırda povest-roman ola biləcək yazılarım əlyazma şəklində arxivimdədi. Sadəcə maddiyat sıxıntılara görə hələki saxlamışam.

-Povest-romanlarınızın əsas qəhramanı öz prototipinizdi?

-Həm öz prototipimdi, həm düşüncələrimdi, həm də demək istədiklərimdiMən heç vaxt cəmiyyət istədiyi nüanslardan yox, cəmiyyətə nələr demək istədiyimi yazan biriyəm.

-Sonda sizə yaxın olanlara və pislik edənlərə nə demək istərdiniz?

-Mənə pislik edənlərə onu demək istəyirəm ki, əslində siz mənə yox özünüzə pislik etmisiniz! Dostlara, tanışlara isə dünyanı sevin deyərdim.

-Müsahibə verdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm

-Var olasız!

 

 Abdulla İsmayıloğlu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}