Professor Xaləddin İbrahimli:"Rusiya Qərbin bölgəyə girməməsi üçün Qarabağ münaqişəsinin həllini təklif edə bilər" (MÜSAHİBƏ)

Professor Xaləddin İbrahimli:"Rusiya Qərbin bölgəyə girməməsi üçün Qarabağ münaqişəsinin həllini təklif edə bilər" (MÜSAHİBƏ)

 

Türkiyədə yaşayan tarxiçi alim, professor Xaləddin İbrahimli Strateq.az saytının suallarını cavablandırıb. O, regionda cərəyan edən hadisələr, Rusiya, İran, Türkiyə – Qərb qarşıdurması, formalaşan yeni münasibətlər sisteminin münaqişlərə təsiri  və digər məsələlər barədə danışıb.

Müsahibəni oxucularımıza təqdim edirik: 

– Dünyada yeni qütbləşmənin formalaşdığı söylənir. Sizcə, ABŞ – a qarşı yeni bir güc mərkəzi, qütb formalaşırmı? Formalaşırsa, bu proses nə zaman başa çata bilər?

– Dünya təkqütblülükdən çoxqütblülüyə, daha dəqiq ifadə etsək qütbsüzlükdən çoxqütblülüyə çevrilməkdədir. ABŞ-a qarşı Rusiya, Çin, İran liderliyində yeni qütb formalaşır. Türkiyə qərbin hərbi, siyasi, iqtisadi qurumlarına daha çox bağlı olsa da, hal-hazırda felən yeni "alyans”a yaxın görünür. Güc mərkəzinə çevrilmə sürəcinin episentri indiki Orta Doğudur. Güclər bu bölgənin məhvər nöqtələrinə sahib olmaq istəyir. Suriya belə məhvər nöqtələrdəndir. Çin daha çox Afrikada bərqərar olmaq istəyir, müasir geopolitik baxımdan o da məhvər nöqtədir. Adı çəkilən 4 dövlət bütövlükdə post-sovet məkanından, Orta Doğudan, neytral suların  Avrasya qurşağından ABŞ-ı uzaqlaşdırmaq istəyir. Bu, baş versə, dəngələr dəyişəcək, çoxqütblü dünyaya keçid prosesi bitəcək.

– Sizcə, bu baş verəcəkmi?

– Məncə, bu yaxın zamanlarda baş verə bilər. Rusiya, İran və Türkiyənin Suriyada konsensusa gəlmələri və optimal barış modeli tapmaları bir çox məsələni həll edər. Prosesin lideri Rusiyadır, İran da hadisələrdən yararlanan ikinci dövlətdir. Lakin o da bir gerçəklikdir ki, Türkiyəsiz Suriyanın yeni dizaynı imkansızdır. Bunu Rusiya və İran nə qədər tez dəyərləndirsə, Orta Doğuda barış da o qədər tez bərqərar olacaq.

– Xəzərin statusu məsələsi ilə bağlı razılaşmanın dediyiniz proseslə bir bağlılığı varmı?

– Əlbəttə. Niyə İran inadından döndü? Rusiya niyə mövqeyini yumşaltdı? Cavab sadədir. ABŞ-ın Xəzər hövzəsinə girə bilməməsi üçün bütün açıq qapıları bağlamaq istədirlər. Rusiya İrana da anlatdı ki, razılığa gəl və bir müqavilə ilə şimal sərhədlərində başqa bir gücün yerləşməsi imkanlarını ortadan qaldıraq. Təsəvvür edin, məsələ açıq qalanda hansısa Xəzər sahili dövlətin siyasətində, ya iqtidarında dəyişmə olur, o dövlət də ABŞ-la ikitərəfli müqavilə bağlayır və İranın qulağının dibində ABŞ, ya da NATO hərbi gücləri yerləşdirilir. Suriya örnəyi göstərdi ki, belə məsələlər indi qısa zaman kəsiyində baş verir. Bunun üçün siyasi iradə, qərar yetərlidir.

– Belə çıxır ki, Xəzər sahili ölkələrin siyasi mühitindəki durğunluğa belə geopolitik amillər təsir edir.

– Mütləq. Baxın, hövzədəki rejimlər bir-birinə yaxın, bir-biri ilə asan anlaşan və bir-birini müdafiə edən rejimlərdir. Buralarda hakimiyyət dəyişməsi elə də asan məsələ deyil. Təəssüf ki, bəzən Azərbaycan siyasiləri bir araya gəlmənin və cəmiyyətin gücünün səfərbər edilməsinin qiymətinin fərqinə varmırlar, ya da varırlar, ama bu yöndə praktik addımların əhəmiyyətini dəyərləndirmək istəmirlər.

– Bəs Ermənistandakı dəyişmə?

– Ermənistanın geopolitik önəmi çox azdır. O, prosesləri bir qədər sürətləndirmək, zəiflətmək kimi yardımçı rolları ifa edə bilər. Yəni aktor deyil. O üzdən, İrəvandakı dəyişmə bölgədəki ümumi prosesə az təsir edir, yaxud qısa müddətli təsir edir. Gürcüstanda durum fərqlidir. Bu dövlət bölgənin açıq sulara qapısıdır. Onun kimin yanında səf tutması önəmlidir. Əgər Türkiyə-ABŞ münasibətlərinin sərinləşməsi, Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi olmasaydı, Gürcüstan Rusiya üçün geopolitik maneə yarada bilərdi. Lakin Gürcüstanın inteqrə olunduğu qərbdən Türkiyənin soyuması bu prosesi tormozladı.

– Fikirlərinizdən belə qənaət yaranır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində də dönüş yarana bilər.

– Bəli. Amma bu dönüş Azərbaycanın xarici siyasəti və ya diplomatiyasının bacarıqlı davranması ilə bağlı deyil. Bu vaxta qədər münaqişənin həlli istiqamətində deklarasiyalar olub. Ermənistan və Azərbaycandakı siyasi hakimiyyətlər müəyyən mənada Moskvanın təlimatları ilə davranıb. Ortada diplomatiya, milli maraqların təminatı üçün müstəqil siyasət yetərincə aparılmayıb.

İndi dünyada yeni durum yaranıb. Rusiya ABŞ və ya NATO-nun post-sovet məkanına girməsi imkanlarını ortadan qaldırmaq üçün münaqişənin həllini istəyə bilər. Dağlıq Qarabağ belə potensial imkan yaradan bölgələrdəndir. Xəzərin statusunda olduğu kimi bu məsələdə də bir konsensus ortaya çıxa bilər. İndi Rusiya bu məkanda münaqişə ocaqlarının söndürülməsinə, maraqların toqquşduğu məsələlərin həllinə yönəlik siyasət yürütməlidir və məncə belə də edir. Çünki artıq o əvvəlki kimi zəif deyil. Yenidən bölgənin hakimidir. Münaqişənin qalması indi ona əlavə problem yarada bilər, nəinki əlavə imkanlar. Rusiya artıq bölgəyə təkcə münaqişə ilə deyil, başqa təsir vasitələri ilə də nəzarət edə bilir. Amma Rusiya hər iki tərəfi az – çox razı sala bilən, özünün rol oynaya biləcəyi bir konsensus təklif edə bilər, Xəzərdəki kimi. Türkiyə və İranın da qarantör kimi prosesə qoşulması ilə hansısa yeni razılaşma variantı ortaya qoyula bilər.

– Azərbaycan tərəfi razı olacaqmı?

– Təbii olacaq. Çünki, 1993-dən bəri indiki iqtidar heç zaman bu qədər həssas durumda olmamışdı. İqtidara ömrünü uzatmaq üçün ciddi bir "qələbə” lazımdır. Xarici güclər ölkə daxilində yaranmış bu vəziyyətdən sui istifadə edə bilərlər. Cəmiyyət ayıq olmalı və milli maraqlara uyğun olmayan addımlara dirəniş göstərməlidir. Əks təqdirdə, qısa zaman kəsiyində bir anlaşma ortaya çıxa və qərar qəbul edilə bilər. Azərbaycan hökuməti hərdən cəmiyyətə tam nəzarət etdiyini subuta yetirmək yönündə addımlar atır. Yayda erməni müğənninin Bakıya gətirilməsi belə addımlardan idi. O, ətrafa ölkə içində hakimi mütləq olduğunu göstərmək istəyirdi.

– Hərbi toqquşma ehtimalı varmı?

– Əgər Ermənistanın yeni rəhbərliyi təcrübəsizlik etsə, daha çox güzəştlər istəsə və Rusiyanın istəklərinə dirəniş göstərsə, onu cəzalandırmaq üçün keçici hərbi əməliyatlar da mümkündür. Ermənistan geopolitik çıxmazda olan qapalı məkandadır. Onun müqavimət imkanları daha azdır. Qonşuluqdakı Rusiya, Türkiyə və İran eyni mövqedə olandan sonra Ermənistanı istər ABŞ, istər AB müdafiə etsin-ciddi sonuclar olmayacaq. Ermənistan Gürcüstan deyil. Xatırlayırsınızsa, Putin Sərkisyana Moskvada maraqlı bir fakt demişdi: Rusiya Federasiyasında daha çox erməni yaşayır, nəinki Ermənistanda. Adam açıq deyirdi ki, sahibiniz mənəm. Bu gün Ermənistanda heç bir siyasi güc Kremlin mövqeyinə dirəniş göstərmək imkanına sahib deyil.

– Mülahizələrinizin məntiqindən belə anlaşılır ki, Gürcüstandakı münaqişələr də həll edilə bilər.

– Buradakı münaqişələrdə və Ukrayna ilə bağlı olan münaqişələrdə qərb bütövlükdə bir tərəf kimidir. O üzdən Gürcüstan və Ukrayna münaqişələri yeni dəngələr yaranandan sonra güclər arası razılaşma ilə, ya da bir qütbün parlaq gücə çevrilməsi sonucunda, ya da qanlı savaş sonucunda həll olunacaq. Lakin Dağlıq Qarabağ və Dnestryanı münaqişələri üçün qütblərarası razılaşmaya ehtiyac yoxdur. Dağlıq Qarabağ məsələsini Rusiya, Türkiyə və İran bir arada həll edə bilər və hal-hazırda üçünün bir razılaşmaya gəlməsi mümkün görünür, çünki strateji sahələrdə bir aradadırlar. Suriyada konsensus olsa, məncə Dağlıq Qarabağ məsləsində də anlaşmanın yolu açıla bilər.

Elçin Rüstəmli



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}