Arzuman Abdulkərimov: "Radikallıq ancaq həbs vəd edə bilər"

 

 

 

"Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimovun  Musavat.com-a verdiyi müsahibəni oxuculara təqdim edirik:

- Arzuman bəy, son zamanlar Qərb ölkələrinə sığınan mühacirlərin bir qismi Azərbaycana qarşı kəskin çağırışlar edirlər. Meydan TV-nun qurucusu Azərbaycan vətəndaşlarını silaha sarılmağa çağırıb. Bu cür radikallaşma meyllərinin arxasında, sizcə, nələr dayanır?

- Ciddi maliyyə qaynağı. Öncələrdə belə təəssürat yaranırdı ki, bu insanlar Qərbin müxtəlif dairələrinin diktəsi ilə hərəkət edirlər. Amma zaman keçdikcə Azərbaycana qarşı bunca aqressiv mövqenin qaynağının Qərb olmadığı aydın görünməyə başlayır. Çünki Qərb mübarizənin yalnız sivil variantlarını məqbul sayır və dəstəklədiyi qruplar vasitəsilə demokratik mübarizə metodlarını təbliğ edir. Artıq bu insanların Azərbaycana düşmən qüvvələrin əli ilə təxribat törətməsi haqqında bəzi dairələrdə əminlik formalaşıb. Söhbət qonşuluqda olub dövlətimizin güclənməsinə qarşı olan dövlətlərdən gedir. Azərbaycandan son 25 ildə Avropaya xeyli sayda mühacir gedib. Öncəki dalğalarda ölkəni tərk edən insanlar hakimiyyətdən narazı olsalar belə, pozuculuqla məşğul olmurlar, sabitliyə qarşı heç bir açıq çağırış etmirlər, tam əksinə, yaşadıqları cəmiyyətlərin müsbət tendensiyaları haqqında çıxışlar edirlər, demokratik dəyərlərin necə bir azad cəmiyyət formalaşdırdığını əllərində olan resurslarla soydaşlarına göstərməyə çalışırlar. Bu qrup isə faktiki olaraq terror təbliğatına başlayıb. Emin Millinin son çıxışlarında Azərbaycan xalqı silaha sarılmağa, terrora əl atmağa çağrılır. Emin Milli gələcəkdə özünü bu işlərin təşkilatçısı olmaq ehtimalından sığortalayaraq deyir ki, mənim əlimdən belə işlər gəlmir, ancaq hakimiyyət başqa yol qoymayıb, mübarizəyə başlayın. Sual olunur, özünü demokrat, insan hüquq və azadlıqlarının təbliğatçısı kimi təqdim edən bu adam sözlərinin məsuliyyətini dərk edirmi? Artıq illərlə yaşadıqları cəmiyyət onlara öyrətməyib ki, hər hansı ölkədə qanuni hakimiyyətə qarşı silahlı mübarizə çağırışı cinayət tərkibi yaradır? Bu cür radikallıq ancaq həbs vəd edə bilər. Səbəbi nə olursa-olsun, Gəncə şəhər İcra Hakimiyyəti başçısına sui-qəsd edən Yunis Səfərov qanun pozucusudur. Ən ağır cinayətlərdən birini törədib - düşünülmüş şəkildə sui-qəsd hazırlayıb. Üstəlik, hədəfi rəsmi vəzifəsi olan şəxsdir. Emin Milli isə bu adamı qəhrəman kimi təbliğ edir. Əminəm ki, o, indi yaşadığı cəmiyyətdə belə bir çağırışların hansı nəticələrə gətirəcəyindən xəbərdardır. Ondan da xəbərdardır ki, bir ölkədə oturub başqa ölkəyə qarşı terror çağırışları səsləndirmək heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Emin Milli Qazax polis bölməsində insan ölümü ilə nəticələnən olay haqqında danışanda deyir ki, inanıram, Qazaxdan da bir Yunis Səfərov çıxacaq. Bu açıq şəkildə pozuculuq fəaliyyətidir. Qazaxda baş verənlərə görə rəsmi qurumlar ayaqdadır. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə açıqlama yayıb, istintaq başlayıb, bir nəfər haqqında həbs tədbiri seçilib, cəmiyyətə gedişatla bağlı davamlı bilgi verilir. Heç şübhə etmirəm ki, baş verənlərdə suçu olanlar aşkar edilib məsuliyyətə cəlb ediləcək. Hökumət üzərinə düşən hər bir addımı atırsa, terrora çağırış nəyə xidmət edir? Ölkədə radikallıq təbliğ edənlər əmin olsunlar ki, Qazaxda heç bir iğtişaş baş tutmayacaq. Çünki iki ölkə ilə sərhəddə yaşayan əhali belə çağırış müəlliflərindən fərqli olaraq qarşıdurmaların hansı nəticələrə gətirə biləcəyini məsuliyyətini dərk edir.

- Azərbaycana qarşı virtual savaş açanlardan biri də Orduxandır. O, özünü uzun illər Azərbaycanda demokratiya və insan haqlarına qarşı mübarizə aparan şəxs kimi təqdim edir. Siz milli hərəkatda təmsil olunmusunuz, ərazi bütövlüyü uğrunda vuruşmusunuz, Orduxanla nə zamansa qarşılaşmısınızmı?

- Elə məsələnin bir az izahedilməz tərəfi də budur ki, nə Orduxan, nə Emin Milli, nə də bu gün Azərbaycanda sivil metodlarından fərqli mübarizə təbliğ edənlər Azərbaycanda illərlə davam edən demokratik mübarizənin cərgələrində görünməyiblər. Emin Milli Azərbaycanda həbs olunub və həmin prosesdə "dostu" Adnan Hacızadəyə qarşı şahidlik etməsi ilə yaddaşlara həkk olunub. Öz azadlığını satqınlıqla əldə edən Emin indi özünü milli təəssübkeş, demokratiya carçısı elan edib. Orduxanın hekayəsi daha acınacaqlıdır. Onun təbliğ etdiyi söyüş taktikası normal düşüncəsi, tərbiyəsi olan insanda qıcıq yaradır.

- Amma bu insanlar sosial şəbəkələrdə yetərincə populyardırlar. Sizcə, onları narazılar üçün çəkici edən nədir?

- Bir neçə səbəb sadalamaq olar. Birincisi, Azərbaycanda ənənəvi müxalifətin liderləri illərlə eyn taktikanı yürütdülər və mübarizədə başarılı ola bilmədilər. Buna görə də illərlə onları dəstəkləyən elektorat uğursuzluqlardan bezərək fərqli mübarizə müstəviləri axtarmağa başladılar. Bu məsələdə məni təəssüfləndirən bir məqamı da vurğulamaq istəyirəm. Sosial şəbəkələrdə bu qrupun çıxışlarını Azərbaycan milli azadlıq hərəkatında yeri, çəkisi olanlar, torpaqlarımızın azadlığı üçün sağlamlığından keçən, ağır döyüş yolu keçən insanlar da bəyənir. Məgər, onlar illərlə ona görə mübarizə aparıblar ki, Azərbaycanda demokratiya uğrunda mübarizə Orduxan kimi əxlaq dəyərlərindən xəbəri olmayan insanların əlinə keçsin? Bu insanlar kimdirlər ki, illərlə çətin şərtlər altında ölkədə azad düşüncəni qorumağı bacaran insanlara dərs öyrətsinlər? Özü də aşağılayıcı formada. Hər çıxışda Azərbaycan vətəndaşları "kütlə", "sürü psixologiyası ilə idarəolunanlar" kimi ifadələrlə aşağılanır. Əgər bu insanlar doğrudan da millət, vətən təəssübkeşidirlərsə, niyə ölkəni dedikləri çətin durumda qoyub burdan qaçıblar. Mənim düşüncəmə görə, əgər bir insan ölkədən gedibsə, o, geridə qalanlara dərs keçmək haqqını sərhədi keçən kimi itirir. Azərbaycanda normal, sivil cəmiyyət qurmaq istəyənlər, bunun üçün bacardığını edənlər buradadırlar. Azərbaycana qarşı belə cılız adamların kənardan etdikləri çağırışlarla bu ölkədə heç nə dəyişən deyil. Onları dəstəkləyən digər bir qrup isə gənclərdir ki, onları da maraqlandıran ölkədən getməkdir. Çünki eminlərin, orduxanların, turalların yaşadıqları rahat həyat, asan yolla qazanılan ciddi pullar, dəbdəbəli həyat onları da cəlb edir. Azərbaycanda çoxları bilir ki, Tural Sadıqlı dəfələrlə dəvət olunsa da müxaifətin əsas mitinqlərindən heç birinə gəlmirdi. Son bir neçə icazəli mitinqə gəlib, bir neçə şəkillə Avropada siyasi mühacir statusu alan Tural indi demokratiya mücahidi olub. Dövlət qurmaq, azad cəmiyyət formalaşdırmaq, sağlam təməllər qurmağa mane olan problemləri aradan qaldırmaq bilincli, ardıcıl mübarizə aparan insanların işidir. Kənardan hay-küylü çağırışlarla ancaq tənə qazanmaq olar. Bu çağırışların müəllifləri belə bir təəssürat yaratmaq istəyirlər ki, guya hakimiyyətlə Qərb arasında münasibətlər gərginlik həddindədir. Tamamilə əsassız iddialardır. Avroatlantik məkanla Azərbaycanın münasibətlərinin yetirincə normal olduğunu liderlərin qarşılıqlı səfərləri sübut edir. Prezident İlham Əliyev son bir neçə ildə Qərbə uğurlu səfərlər edib, Qərb liderlərinin Azərbaycana gəlişindən sonra ikitərəfli münasibətlər dərinləşib. Bu yaxında Almaniya kansleri Merkel Bakıdaydı, indi birinci vitse-prezident Mehriban Əliyeva İtalliyada səfərdədir, Vatikanda görüşləri gözlənilir. Bir müddət sonra Fransa prezidenti Makronun Bakıya səfəri planlaşdırılır. Bu fonda Azərbaycan-Qərb münasibətlərinin gərgin olması haqqında deyilənlər sabun köpüyünə bənzəyir.

- Rəhbərlik etdiyiniz vətəndaş cəmiyyəti institutunun xətti ilə Avropada dəfələrlə tədbirlər keçirmisiniz. Aydındır ki, işiniz erməni lobbisinin də diqqətindədir. Azərbaycana qarşı radikal çağırışların artdığı bir fonda onların fəaliyyətində hansısa yeni məqamlar görünürmü?

- Erməni lobbisi Qərbdə oturuşmuş, həm Ermənistanda, həm də fəaliyyət göstərdikləri cəmiyyətlərdə geniş imkanlara sahib quruluşlardır. Milli birlik ideyasının güclü olması bu qurumlara mütəşəkkillik özəlliyi qazanıb. Azərbaycan, türk dünyası ilə bağlı elə bir tədbir yoxdur ki, ermənilər orada özlərinin varlığını bir şəkildə göstərməyə çalışmasınlar. Bizim də tədbirləri davamlı müşahidə edirlər. Parisdə Ermənistan səfirliyinin qarşısında keçirdiyimiz son aksiyada xeyli fəallıq etdilər - yaxın ərazidə tərəfdarlarını toplayıb aksiyamızı müşahidə elədilər, video, foto çəkiliş apardılar. Aydındır ki, bu psixoloji basqı idi. Aldığımız xəbərlərdən görünür ki, həm Ermənistanı, həm də İranı dəstəkləyən bir sıra qüvvələr Azərbaycana qarşı radikal çıxışları ilə fərqlənənlərə yol axtarır, bir çox hallarda tapır və onlarla uzunmüddətli işbirliyi təklif edirlər. Məqsəd isə aydındır - Azərbaycan dövlətinə qarşı birləşmək, kənardakı şəxslər vasitəsilə ölkənin içərilərinə yol tapmaq, təxribatlar törətmək. Bəri başdan bildirək ki, Azərbaycan dövləti onların görmək istədiyi kimi gücsüz deyil, istənilən təxribatın qarşısının alınacağına, bu işdə əli olanların cəzalandırılacağına heç kəsin şübhəsi olmasın. Erməni lobbisinin fəallaşmasında Ermənistanda yeni iqtidar formalaşmasının da rolu var. Nəticələr tam gözlənildiyi kimi olmasa da, faktiki İrəvana yeni yönətim gəlib.

- Paşinyanla lobbi arasında hələlik tam anlaşma olmaması haqqında informasiyalar dolaşır. Keçmiş rəhbərliyə tam dəstək verməyən erməni lobbisinin yeni iqtidarla münasibətlərinin gələcəyini necə görürsünüz?

- Paşinyanın ümidləri doğruldacağını söyləməyə heç bir əsasımız yoxdur. O, hakimiyyətə gəldiyi gündən ikili siyasət yürütməyə və Qərblə Rusiya arasında reverans eləməyə çalışsa da, başarılı ola bilmir. Bir neçə populist çıxışından başqa Paşinyan heç bir yenilik yaratmayıb. Ölkə iki qütb arasında yırğalanmaqda davam edir və görünən odur ki, sonda yenidən başlanğıc nöqtəyə gəlinəcək, çünki Ermənistanın qonşu Rusiya ilə münasibətləri Kremlin arzularından kənara çıxarması ölkə üçün çox acınacaqlı ola bilər. Erməni lobbisini məyus edən həm də Paşinyanın dövlət xadimi obrazına yaramamasıdır. Bu gün Ermənistan hakimiyyətinin vitrini heç də gözlənildiyi kimi deyil. Paşinyanın nə ritorikası, nə davranışları dövlət lideri səviyyəsində deyil. Qatıldığı tədbirlərdə onun sadə protokol qaydalarından xəbərsizliyi Ermənistanı dəstəkləyənlər üçün, yumşaq desək, diskomfort yaradır. Paşinyanın erməni hiyləgərliyi ilə supergüc liderlərinin yanında xalqının əbədi məzlum, əzabkeş obrazı yaratmaq cəhdləri də tamamilə uğursuzdur. Bu, görüntülər əslində Ermənistanın müstəqil dövlət olmadığının sübutudur. Erməni lobbisinin belə uğursuz və heç bir sahədə qətiyyətli addım atmaq istidarında olmayan şəxsə ciddi dəstək verəcəyini ehtimal etmirəm. Paşinyan hakimiyyətin məsuliyyətini daşıya bilmir. Güclü komandası da yoxdur. Hələlik onu hakimiyyətə gətirən xalq ona zaman verib. Ancaq gözləntilər doğrulmasa və Ermənistana xalqın illərdir gözlədiyi rifah gəlməsə, onun siyasi karyerası qısa zamanda birdəfəlik başa çata bilər.

- Yaxın günlərdə Gürcüstanda da soydaşlarımıza qarşı təxribatlar baş verib. Sizcə, bu məsələdə də erməni izi varmı?

- Bu məsələdə "3 rublluq ermənilər"in əlinin olması ehtimalı yüksəkdir. Bildiyiniz kimi, ermənilər ötən əsrin başlanğıcında 3 rubl rüşvət verərək soyadlarını gürcüləşdiriblər və beləliklə, öz məkrli məqsədləri üçün gürcülər içərisində görünməz olmağa çalışıblar. Ancaq kiçik toplumlar içərisində belə hiylələrlə o qədər də uzağa getmək olmur, çünki areal kiçik olduğundan insanlar bir-birinin əslini-nəslini yaxşı tanıyır. Telavi bölgəsində ermənilər kompakt yaşayır. Türklərlə gürcülər arasında qarşıdurma spontan baş veribsə, belə məsələnin dərinə getməsinə onlar dəstək verib. Ümid edirəm ki, insident qanunla həllini tapacaq. Gürcüstanda sivil cəmiyyət qurulub, milli ayrı-seçkiliyin ədavət səviyyəsinə yüksəlməsinə imkan verilmir, vətəndaşlar qanun qarşısında bərabərdirlər. soydaşlarımız Gürcüstan cəmiyyətinin bərabərhüquqlu vətəndaşlarıdırlar. Ölkələrimiz, xalqlarımız arasında hər zaman mehriban qonşuluq münasibətləri olub və davam etməkdədir. Yəni belə faktları şişirdib millli çaxnaşma yaratmaq istəyənlər Gürcüstanda və Azərbaycanda pozuculuq yaratmaq istəyən qüvvələrdir. Onların da qarşısını Tiflis yönətimizinin alacağına şübhə etmirəm.

Aygün Muradxanlı



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}