"DTX arxivində 40-dan çox fotoşəkil çıxarmaq mənə nəsib oldu"-Müsahibə

"DTX arxivində 40-dan çox fotoşəkil çıxarmaq mənə nəsib oldu"-Müsahibə

 


 

Azərbaycan tarixinin gözyaşlı səhifələrindən biri də 1937-ci ildə baş verən repressiya dövrüdür. Həmin dövrdə baş verən hadisələrin araşdırmaçılarından biri olan və Bakının azad olunmasının 100 illiyi ilə bağlı İstanbulda növbəti kitabının təqdimatı keçirilən tədqiqatçı-yazar Sərxan Carçı ilə söhbətimiz baş tutdu. 

-Sərxan bəy, zəhmət olmasa özünüz haqqında qısa məlumat verərdiniz.

-Mən Sərxan Carçı 1983-cü ildə Qazağın Çaylı kəndində dünyaya göz açmışam.  Çaylı kəndində anadan olsam da, son kitabımda doğum yerimi Çaylı-Kəsəmən kimi qeyd etmişəm. Çünki vaxtiylə Qazağın kəndi olan, hal-hazırda da Qazağın ərazisində yerləşməsinə baxmayaraq Ağstafanın inzibati ərazisi hesab olunan və Qaçaq Kərəm, İsrafil Ağa kimi şəxsiyyətlər bəxş edən Qıraq Kəsəmən kəndinin mərd kişiləri indiki Çaylı kəndinə köçərək, burada yurd salıblar. Elə bizim nəsil də Çaylı kəndinə köçən 4 nəsildən biridir. İbtidai təhsilimi Bakı şəhəri №49-li məktəbdə alsam da, sonrakı təhsilimi doğma kəndimizdə davam etdirdim. Orta məktəbi başa vurandan sonra indiki Gəncə Aqrar Universitetin "Mühasibat uçotu və audit” fakultəsində təhsil almışam. İxtisasımı yaxşı oxumağıma baxmayaraq, gələcəkdə bu peşənin dalınca getməyəcəyimə əmin idim. Sadəcə valideynlərimin arzusu ilə bu ixtisasa qəbul olaraq təhsil aldım. Ən böyük maraq sahəm isə daim tarix olub. Elə universiteti bitirəndən sonra tarix, xüsusilə də repressiya dövrünü araşdırmağa aparmağa başladım.

Bir məsələni də vurğulayım, dostlar, yoldaşlar, tanışlar və oxucular elə bilirlər ki, "Carçı” sözünü özümə ləqəb götürmüşəm. Amma bu belə deyil. Biz carçılar nəsli olmuşuq, soyadımız da Carçı olub. Sovet quruluşu bərqərar olandan sonra soyadımızın sonuna məcburi şəkildə "yev” sonluğu əlavə edildi. Məqalələrimi, yazılarımı, kitablarımı Sərxan Carçı adı ilə yazsam da, rəsmi olaraq hələ Carçıyev gedirəm. "Yev” sonluğunu soyadımdan aradan qaldırmaq uzun prosses olduğundan hələki bu məsələni gələcəyə saxlamışam.

-Necə oldu ki, repressiya araşdırmaçısı olmaq qərarına gəldiniz?

-Biz böyük nəsil olmuşuq. Mən, nəinki öz nənə-babamı, hətta həm atamın, həm də anamın nənələrini görmüşəm. O, ağbirçəklərin öz dövrlərində baş verən olaylarla bağlı üstüörtülü söhbətlər açardılar. Bu söhbətlər məndə böyük maraq yaratdığından, nənələrimə əlavə suallar verib onları daha çox söylədərdim. Nənələrimin söhbətlərindən sonra aydın oldu ki, repressiya dalğası bizim nəsildən də yan keçməyib və babamın atası da o dövrün qurbanlarından olub. Elə repressiya dövrünə əsas marağım burdan başlayıb. Repressiya dövrünü, qurbanlarını uzun illər həvəskar kimi mütaliyələr edib araşdırsam da, yalnız son 3 ildə fəaliyyətimi sistemli, planlı şəkildə qurub, müstəqil araşdırmaçı oldum.

-Babanızın repressiya olunmasının səbəbi nə idi?

-Nə qədər qəribə olsa da babamın hansı səbəbdən represiya olunmasıyla bağlı dolğun məlumatımız yox idi. Ona görə də bu məsələyə aydınlıq gətirmək üçün təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazaraq babam Musa Carçıyevin həbsi, istintaq arxivi, varsa şəkli və s. məlumatlarla bizə bildiriş verməsini xahiş etdim. Amma çox təəssüflər olsun ki, mənim məktubuma nəinki yox cavabı, heç bir söz demədən belə laqeydlik göstərildi. Hər dəfə göndərdiyim məktubların cavabı laqeydlik oldu. İki il belə davam etdi. Yalnız Eldar Mahmudov vəzifəsindən azad edildikdən və MTN-i DTX əvəz etdikdən sonra yenidən ora baş vurmaq qərarına gəldim. Əsas səbəb də o oldu ki, müsahibələrinin birində DTX rəhbəri Mədət Quliyevin : "biz xalqın təhlükəsizlik orqanlarına etimadını doğruldacağıq”. DTX rəhbərinin bu çıxışı mənim üçün göydən düşmə oldu və Mədət Quliyevin adınadaha geniş məktub yazdım. Bir həftənin tamamında məktubuma cavab gəldi ki, əgər siz həqiqətən də adını qeyd etdiyiniz şəxsin qohumu, varisisinizsə bununla bağlı arayış təqdim edin və axtardığınız sənədləri ünvanınıza göndərək. Məndən tələb olunan sənədi göndərdim, heç bir həftə keçmədi məni DTX-ın Qazax bölməsinə çağırdılar və illərdir həm mənim, həm də nəslimizin həsrətində olduğu babamla bağlı sənədləri əldə etdik. Sənətdə babamın fotosu, arxiv xülasəsi, 1931-ci ildə 3 il müddətinə sürgün cəzasına məruz qalması. 1937-ci ildə yenidən həbs edilərək, bir il sonra güllələnməsi barədə məlumatlar qeyd olunmuşdu. Əldə etdiyim məlumatlar şübhələrimə son qoymadı. Çünki sadə bir kənd sakini olan babam o boyda SSRİ-ə qarşı hansı əks-inqilabi fəaliyyət göstərə bilərdi? Ona görə Mədət Quliyev cənablarının adına yeni bir məktub ünvanlayaraq, mənə DTX arxivində babamla bağlı olan sənədlərlə bağlı araşdırma aparmağıma icazə verməsini xahiş edirdim. Şükürlər olsun bu xahişimə də müsbət cavab aldım.

-Deməli sizə arxiv sənədlərlə işləməyə icazə verildi?

-Bəli. Arxiv sənədlərini oxuduqca orada qeyd edilən hər cümlə beynimdə bir inqilab etdi. Oxuduqca həm babam Musa Carçıyev, həm digər qohumlarım, həm də kəndimizlə qürur duyurdum. Sən demə repressiya dalğasına yalnız babam Musa Carçıyev deyil, onun qardaşları Carçı ilə Vəzir Carçıyevin və kəndimizdən olan digər şəxslərin də adına rast gəldim. Hətta siyahıda birinci adı gələn Carçı Carçıyev idi. Hansı ki, bu qohumuzun da repressiyaya məruz qalması barədə heç nə bilmirdik.

Babam Musa Carçıyev oxuma-yazması olduğuna görə 20-ci illərdə kənd sovetində çalışıb.Babamın savadlı olmasını arxiv sənədlərdəki, istintaq materialları da təsdiq edir. Beləki, digər məhbuslardan fərqli olaraq o, barmaq izini yox, imzasıyla sənədləri təsdiq etmişdi. 1929-cu ildə sovet rejiminə qarşı gizli silahlı mübarizə aparan "Əzrail firqəsi” adlı təşkilatın fəal üzvlərindən biri olur. Adı çəkilən təşkilatın əsas fəaliyyət məkanı da məhz Çaylı kəndi olur. 1930-cu ilin dekabrında təhlükəsizlik orqanları "Əzrail firqəsinə” qarşı əməliyyatlara başlayır, tezliklə babam da daxil olmaqla 120 nəfər firqə üzvü həbs olunur. 1931-ci ilin 31 yanvarında 120 nəfərdən babam və qardaşı Carçı da daxil olmaqla 34 nəfəri 3 il sürgün cəzasına məhkum edilir. Sürgün edilənlərin yarısı bizim kəndin sakinləri olur. 1934-cü ildə sürgündən qayıdan babamı azadlığı cəmi 3 il davam edir.

-Babanızın 1937-ci ildə ikinci dəfə represiyaya məruz qalmasına səbəb nə idi?

-Birinci səbəb o idi ki, Musa babamın əmisi Gülməmməd Carçıyev Gürcüstandan Qazağa daxil olan Qafqaz İslam Ordusunun ( QİO ) sıralarına qoşulan 350 nəfərdən biri olur. Qazaxdan-Gəncəyə qədər olan yürüşlərdə, hətta  Göyçay döyüşlərində də iştirak edir. Gülməmməd kişinin QİO sıralarında bolşevik-daşnak birləşmələrinə qarşı savaşması Carçı nəslini qara siyahıya düşməsinə səbəb olmuşdu. Amma buna rəğmən G.Carçıyev özü repressiya, təqiblərə məruz qalmayaraq, 1975-ci ildə 95 yaşında öz əcəliylə vəfat edib, qəbri bu gün də Çaylı kənd qəbristanlığında qalmaqdadır.

2-ci səbəb isə, M.Carçıyevin heç vaxt bolşevizmə rəğbət bəsləməməsiydi, hətta onun cibində daim həm musavat, həm də İttihad partiyalarının biletlərinin yer alması onun qələminin sınmasına gətirib çıxarıb. Yalnız kiçik qardaş Vəzir Carçıyev represiya dalğasından canını qurtara bilir. O, sonralar Qazax rayonun məşhur həkimlərindən biri olur.

"DTX arxivində 40-dan çox fotoşəkil çıxarmaq mənə nəsib oldu"-Müsahibə

 

 

-Gülməmməd ilə Vəzir Carçıyevlər necə repressiya dalğasından yan keçməyi bacarıblar?

-Gülməmməd kişi 1918-ci ildə bolşevik-daşnak birləşmələrinə qarşı silah qaldırsa da onun fəaliyyəti bununla kifayətlənib. O,  heç bir partiyanın sıralarına daxil olmayaraq, siyasətdən uzaq, sadə kəndli kimi yaşayıb. Vəzir Carçıyevin isə, sadəcə bəxti gətirib. Amma təqdiqatlarımı yalnız qohumlarımın taleyindən xəbərdar olmaqla kifayətlənmədim, biraz da dərinliklərə baş vurdum. Arxiv sənədlər əsasında araşdırmalarımın nəticəsində "Bir kəndin represiyası” adlı kitabım işıq üzü gördü. Kitabda kəndimizdə gizli fəaliyyət göstərmiş "Əzrail firqəsi”, onun üzvlərinin bolşevizmə qarşı mübarizə aparmalarından söhbət açılır. Gözləmədiyim halda kitab çox böyük maraqla qarşılandı. Tarixçilərin, araşdırmaçıların da rəğbətinə səbəb oldu. Hətta Almaniyanın Halle şəhərində yerləşən Martin Lüter Universiteti də kitabımla maraqlanaraq onu öz kitabxanalarında görmək istədiklərini bildirdilər. Onların istəklərini nəzərə alıb kitabımın bir nüsxəsini Almaniyaya göndərdim. Əgər bu vaxta kimi repressiyaya Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşviq və digər ədiblərimizin məhv edilməsi prizmasından baxılırdısa, kitabımın nəşrindən sonra yeni baxışın – bir kəndin başına gətirilən repressiya bucağından baxılırdı.

-Müstəqil araşdırmaçı olmanıza baxmayaraq, yəgin sizə dəstək verən insanlar da olub?

-Əlbəttə olub. 1-ci növbədə öndərimiz M.Ə.Rəsulzadənin nəvəsi, "Siyasi Repressiya Qurbanları Assosiyasiyası”nın sədri Rəis Rəsulzadəyə dərin təşəkkürümü bildirirəm. Böyük öndərin nəvəsinin mənə adicə mənəvi dəyəri hər şeyə dəyər, bu mənim üçün böyük fəxrdi. Adını qeyd elədiyim təşkilatda yer alan fədakar Məlahət xanım da mənəvi dəyərini əsirgəmədi. Eləcə də kitabımın ərsəyə gəlməsində mənə hərtərəfli dəstəyi olan bütün insanlara təşəkkürümü bildirirəm. Onu da xüsusi qeyd edim ki, "Əzrail firqəsi” ilə bağlı araşdırmalarım nəticəsində DTX arxivindən 40-dan çox fotonun sürətlərini çıxardan ilk şəxs kimi də tarixə düşdüm ( gülür ).

-Sərxan bəy, bizdə olan məlumata görə bu yaxınlarda Türkiyədə sizin ikinci kitabınızın təqdimatı oldu. Biraz zəhmət olmasa bu barədə danışardınız.

-Haqlısınız, 15 sentyabrda İstanbulda Nuru paşanın məzarı başında "Cümhuriyyət xilaskarları:Əmanət məzarlar” adlı kitabımın təqdimatı gerçəkləşdi. Kitabda Azərbaycanın bolşevik-daşnak qüvvələrindən azad olmasında Qafqaz İslam Ordusunun canından keçmiş 2 minə yaxın türk əsgərlərinin bəhs edir. Sözsüz bu rəqəmlər içərisində məzarları bilinən də var, bilinməyənlər də. Nə qədər doğru ifadə etmiş olaram bilmirəm, amma kitabımda bizə məlum olan qəbirləri kataloq şəklinə saldıq.

Kitabımın ərsəyə gəlməsində maddi yardımını əsirgəməyən "London Azərbaycan Evi”nin sədri Əli Tekin Atalara təşəkkürümü bildirirəm.Kitabımın ikinci təqdimatı Bakı Atatürk litseyində həyata keçirildi. Həmçinin Türyədə kitabımın təqdimatından sonra ölkəmizdəki Türkiyə səfiri də məni qəbul edərək dərin minətdarlığını bildirdi. Kitabımdan birini səfirə, digərini isə müəllif imzası ilə Prezident Rəcəb Tayib Ərdoğana da göndərtdirdim.

-Türkiyəni səfər etdiniz. Sizcə,  Azərbaycan tarixinə, "iki dövlət, bir millət alyansına”, mədəniyyətimizə, tarixi şəxsiyyətlərimizə Anadolunun həm ziyallılarının, həm də sadə insanların yanaşması necədi?

-Bu mənim həm ölkədən ilk çıxışım, həm də Türkiyəyə birinci səfərim idi. Ona görə İstanbula birbaşa təyyarə ilə deyil, mərhələli şəkildə səfər etməyi ağlıma qoydum. Əvvəlcə doğma yurdum Qazağa yol aldım, ordan Tiflisə, ordan Batumiyə, Batumidən də sərhədi keçərək Anadolu torpaqlarına ayaq basdım. Rizəni, Trabzonu, Ordunu, Samsunu və İstanbula qədər uzanan yoldakı digər şəhər-qəsəbələri gəzə-gəzə, sadə insanlardan sorğu apararaq, qüdrətli şəhərə yetişdim. Qardaşlığımız, dostluğumuz öz yerində, amma elə türklər demişkən bəklədiyim bir çox şeyləri görə bilmədim. Əksər insanların QİO və Nuru paşa haqqında ən primitiv bilgiləri belə yoxdur. Hansı ki, mən Türkiyə cəmiyyətini daha üst bilgili olduğunu guman edirdim.

(Ardı var)

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}