Azərbaycanda qadın intiharlarının DƏHŞƏTLİ SƏBƏBLƏRİ

Azərbaycanda qadın intiharlarının DƏHŞƏTLİ SƏBƏBLƏRİ

 

Şükran Dədəyev: "Mən bunu qadınlara qarşı olan zorakılıqla qiymətləndirməzdim...”

"Qadınların intihar etməsini isə birbaşa ailədə yaranan zorakılıqla bağlamaq olmaz, bu, ümumi cəmiyyətin problemidir”

"İntiharların baş verməsində sosial şəbəkələrin rolu yüksəkdir”

"Statistika göstərir ki, intihar sosial problemlər və zorakılıqla bağlı deyil”

Məişət zorakılığı Azərbaycanda ciddi problem olaraq qalmaqda davam edir. Bu barədə iki gün öncə, "Qadınlara və qızlara qarşı zorakılığa son verilsin” adlı 16 günlük kampaniyaya həsr edilmiş konfransda bildirilib. Belə ki, Azərbaycan konfransada Daxili İşlər Nazirliyinin nümayəndəsi Adıgözəl Adıgözəlov bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə 112 qadın intihar edib. Onun sözlərinə görə, 135 intihar həddinə çatdırma hadisəsi qeydə alınıb. İntihar edənlərin 11-i yetkinlik yaşına çatmayanlardır. Məişət zorakılığı ilə bağlı cinayətlərin sayı 678 təşkil edib. Qadınlara qarşı cinayətlərə görə iki mindən çox insan məsuliyyətə cəlb edilib. Eyni zamanda, o, intiharların sayının bu qədər çox olmasının səbəblərinin təhlilini və intiharların profilaktikası üzrə tədbirlər haqqında ideyaları açıqlamayıb.

Maraqlıdır ki, qadınlar məişət zorakılığına məruz qaldıqlarına, yoxsa digər səbəblərə görə intihar edir? Bu və digər suallara cavab almaq üçün psixoloq Şükran Dədəyevlə söhbətləşdik:

Картинки по запросу PSİXOLOQ Şükran Dədəyev

- Bu problemə qadın hüquqları baxımından yanaşırlar. Amma intihar ümumi problemdir, hər iki cins arasında, yəni kişilərdə də, qadınlarda olur. Bunu birbaşa qadın zorakılığı ilə əlaqləndirmək olmaz. Ümumiyyətlə, Azərbaycanda qadın hüquqları kişilər tərəfindən müəyyən formada qorunur. Bunu birbaşa kişilərlə, zorakılıqla bağlamaq düzgün deyil. Ümumi intihar statistikasına baxsaq, orada bəlkə də kişilərin sayı daha çoxdur. Mən özüm bir vətəndaş kimi cəmiyyət arasındayam. Mən bunu qadınlara qarşı olan zorakılıqla qiymətləndirməzdim. İntihar psixi xəstəlikdir, problemdir. Onun qadınlarda baş qaldırma səbəbi müxtəlif ola bilər. Dəxli yoxdur, qadınlara qarşı kişilərin apardığı zorakılıqla, yaxud şəxsi problemlərlə bağlı olsun. Ümumiyyətlə, intihar psixoloji problemdir. Buna müəyyən hüquqi don geydirmək lazım deyil. Sosial problemlər, zorakılıqlar psixoloji problemi yaradan səbəblərdir. İntihar etmək üçün psixi xəstəlik halı yaranmalıdır. Mən şəxsən bir psixoloq kimi bu problemdə kimisə hüquqi cəhətdən qınamıram, günahlandırmıram. Məntiqi nəticəm budur ki, bu, cəmiyyətin ümumi problemlərindən biridir. Yəni insan intihar edərkən onda psixoloji xəstəlik halı olur. Onun yaranma səbəbi isə müxtəlifdir. Qadınların intihar etməsini isə birbaşa ailədə yaranan zorakılıqla bağlamaq olmaz. Bu, ümumi cəmiyyətin problemidir. Kişilər də intihar edirlər. Ona görə də buna ümumi yanaşmaq lazımdır. Azərbaycanda və bəzi cəmiyyətlərdə belə bir tendensiya yaranıb ki, qadın intihar edibsə, onun problemi hökmən kişiyə və yaxud zorakılığa bağlanır. Bu, düzgün deyil. Bütün cəmiyyət üzvlərinin şəxsi, sosial problemləri olur və onun nəticəsində psixoloji problemlər yaranır, onun da nəticəsi intihar ola bilir. Ümumiyyətlə, intihar edən şəxslərə spesifik yanaşmaq lazımdır. İntihar edən şəxslərin xüsusi davranışı, psixologiyası olur. Əgər biz bunu sosial problemlərə, zorakılıqlarla bağlasaq, onda dünyada hər gün milyonlarla insan sosial problemlərlə üzləşir, hamısı intihar edərdi. Bu, belə deyil. Bunun kökünü psixoloji problemlərdə axtarmaq lazımdır”.

- Bəli, intihar edən kişilər daha çoxdur. Bəs, bu zaman kişilərin hüquqünu kim qorumalıdır? DİN-nin məlumatında ancaq qadınların intiharı, məişət zorakılığına məruz qaldığı vurğulanır.

-Bilirsiniz, bu problemin kökündə psixoloq tərəfindən sanballı, düzgün diaqnozun qoyulmaması dayanır. Məsələn, psixoloqa sual verirlər ki, bu, niyə intihar edib? Onlar səbəbi sosial problemlərdə və zoraklıqda axtarırlar. Bu düzgün deyil. Psixoloq psixoloji diaqnoz qoymaq üçün onun pisixoloji səbəblərini tapmalıdır. İntihar da psixoloji problemdir. Bir də təkrar edirəm sosial problem, zorakılıq səbəb deyil. Bu psixoloji xəstələyi yaradan amillərdir. İntiharın səbəbində psixoloji xəstəlik amili durur. Bunun qarşısını almaq lazımdır. Sosial problemlər, zorakılıq həmişə olub, olacaq. Standart yanaşma olduğuna görə hamı eyni sözü təkrarlayır ki, intiharların səbəbi sosial problemlər, zorakılıqdır. Bu, düzgün yanaşma deyil.

-İntihar edən 112 qadından 11-i yetkinlik yaşına çatmayanlardır. Sizcə, yetkinlik yaşına çatmayanlar niyə intihar edir? Hökumət onlarla bağlı hansı qabaqlayıcı tədbirlər görməlidir?

-Əlbəttə ki, hökumət tədbirlər görməlidir. Bu problem təhsilə gedib çıxır. Çünki yetkinlik yaşına çatmayanların əksəriyyəti orta məktəbdə təhsil alırlar. Bu maarifləndirmə işləri təhsildən başlamalıdır. Sonra da televiziyada, mətbuatda maarifləndirmə işləri aparılmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən layihələr həyata keçirməlidir. Yetkinlik yaşına çatmayanların əksəriyyəti ki, nigahda deyil. Bizdə nigahda olmayanlar da intihar edirlər. Ona görə, nigahda olmaq intihar etməyə səbəb deyil. Məntiqi nəticə baxımından yetkinlik yaşında olan vətəndaşların intiharının qarşısını almaq üçün də müəyyən maarifləndirmə işləri aparılmalıdır. Düzdür, 112 qadının intihar etməsi normativ nəticə baxımından çoxdur. Ancaq nigahda olmayan, yetkinlik yaşında olanlar da intihar edirlər. Ona görə təbliğat universal formada aparılmalıdır.

-İntiharların profilaktikası üzrə görülən tədbirlər kifayətdir?

- Bütün dünyada buna qarşı mübarizə aparmaq ciddi məsələdir. İntiharların qarşısını almaq çox çətindi. İntihar edən şəxslərin çoxusu qapalı, xüsusi həyat tərzi keçirdiklərinə görə onlara qarşı mübarizə aparmaq çox çətin olur. Ancaq indi müəyyən proflaktik iş aparılmalıdır. Amma psixoloji xidmətin müəyyən incə xüsusiyyətləri var. Elə mübarizə aparılmalıdır ki, həmin intihar edən şəxs psixoloqa və yaxud psixoterapevtə müraciət edə bilsin. İndi Milli Məclisdə "Psixoloji yardım haqqında” qanun layihəsi ikinci oxunuşa çıxarılacaq. Yəni psixoloqa əlçatanlıq o səviyyədə olmalıdır ki, intihar edən şəxsə şərait yaradılsın və o, psixoloqa müraciət edə bilsin. Qaldı ki, intihar edən şəxslər təkcə Azərbaycanda deyil, bütün dünyadadır.

- Amma Azərbaycanda intihar edən şəxslərin sayı kəskin artıb...

-Avropada, Çində, Rusiyada intihar göstəriciləri daha yüksəkdir. Bizdə göstəricilər hələ aşağıdır. Ancaq statistika göstərir ki, intihar sosial problemlər və zorakılıqla bağlı deyil. Əgər biz sosial problemi götürsək, onda sosial problemlər olan ölkələrdə intiharlar daha çox olar. Əksinə sosial problemlər olan ölkələrdə intihar daha zəifdir. Sosial problemlər olmayan ölkələrdə intihar daha yüksəkdir. İnkişaf etmiş ölkələrdə intihar daha da yüksəkdir. Ona görə də bunu sosial problemlərlə əlaqələndirmək olmaz.

- Son vaxtlar əsasən də qadınların intihar etməsinin səbəbi kimi sosial şəbəklərin rolu daha çox vurğulanır. Siz necə düşünürsünüz?

-Əlbəttə, intiharların baş verməsində sosial şəbəkələrin rolu yüksəkdir. Əslində, bu problemi yaradan əsas səbəblərdən biri də sosial şəbəkələrdir. Çünki orada qadınların, qızların həyat tərzi başqa cür nümayiş etdirilir. Ancaq reallıq başqadır. Təbliğ olunanlar bizim mentalitetə uyğun deyil. Ona görə, ortada problemlər var. Nümayiş oluna həyat tərzi ilə real həyat tərzi arasındakı uyğunsuzluq müəyyən psixoloji problemlər yaradır, insanın həyat tərzini pozur, qapalılığı inkişaf etdirir. Bu da psixi xəstəliklər halı yaradır ki, insan canına qəsd edir. İntiharın kökündə insanın pisxo-immun siteminin pozulması durur. İnsanın özünü qoruma instinkti var. Bu halda, qoruma instinkti o səviyyə çatır ki, insan özünü qorumaq əvəzinə, özünü öldürür. Əslində, bu çox ciddi psixoloji problemdir. Niyə sosial problemləri və zorakılğı gündəmə gətirmək olmaz? Çünki buna yeniyetmələr, uşaqlar televiziyalarda baxır və yaxud mətbuatda oxuyur. Sosial problemlər bütün ailələrdə var, onda onları başa salmaq olmur ki, bunun səbəbi sosial problem deyil. Yəni uzun illər boyu sosial problemlər, zorakılıq səbəbindən yaranan psixi xəstəliklər olur. Uşaq da elə bilir ki, onun ailəsində də sosial problem var, orada da intihar ola bilər. Bunun mətbuatda, televiziyada təhlili verilməlidir ki, bu, belə deyil. Bunu üçün müəyyən vaxt gedir. İntiharın yaranması üçün digər amillər var. Yəni hər sosial problemi mətbuata, televiziyaya çıxarmaq və yaxud müəyyən ailədə ər qadını döydü, qadın getdi intihar etdi demək doğru deyil. Əksər ailələrədə belə hallar baş verir. Buna uşaqlar baxırlar. Psixi cəhətdən onlara pis təsir edəcək. Hər döyülən qadın intihar etmir, axı. Yəni bu məsələlərə aydınlıq gətirilməlidir.

- DİN-in məlumatına görə, cari ilin 9 ayında məişət zorakılığı ilə bağlı cinayətlərin sayı 678 təşkil edib. Qadınlara qarşı cinayətlərə görə isə iki mindən çox insan məsuliyyətə cəlb edilib. Qadınlara qarşı cinayətlərə görə iki mindən çox insanın məsuliyyətə cəlb edilməsi nədən qaynaqlanır? Yəni Azərbaycan ailəsində qadın-kişi münasibətlərinin pozulmasına səbəb nədir?

-Səbəb bir istiqamətli təbliğatın standart formada inkişaf etdirilməsidir. Qadınlarla da bağlı maarifləndirmə və hüquqi işlər görülməlidir. Günahkar qadın da ola bilər. Ancaq belə bir tendensiya formalaşdırlıb ki, yalnız günahkar kişidir. Bu tendensiya çox iyrənc və qeyri-qanuni bir formada inkişaf etdirilir və məntiqi nəticə baxımından qadınların döyülməsinin sayının artırılmasına səbəb olur. Guya, biz qadınları qorumaq istəyirik. Ancaq qadınlarla da hüquqi söhbətlər edilməlidir və onların da bu prosesdə iştirakı araşdırılmalıdr. Məndə rəsmi məlumat olmasa da, boşanan ailələrdə təqribən 90% qadınlar boşanmaya ərizə verir. Bu araşdırılmalıdır ki, qadın niyə bu addımı atır? Qadınlarla iş görülməlidir. Bütün dünyada belə bir tendensiya yaranıb və yaxud da bizdə qeyri-adekvat formada bu amil irəli sürülür ki, guya, feminizim inkişaf etdirilməlidir, qadın hüquqları 100% qorunmalıdır. Yəni o araşdırılmalıdır ki, qadının döyülməsinin səbəbi özü ola bilər. Bu baxımdan yanaşma araşdırılmadığına görə bütün günahlar kişilərdə görülür. Halbuki, bu tendensiya qeyri-normal tendensiyadır. Ona görə, xətt bu formada davam edəcək. Qadınlar "öz hüquqlarını” qorumaq üçün televiziyaları izləyir, mətbuata baxır ki, qadın hüquqları qorunur, kiçik bir hadisə baş verəndə belə günahkar kişi çıxır, araşdırma aparılmır. Bu, qeyri-düzgün yanaşmadır.

-Dediniz ki, boşanan ailələrdə 90% qadın boşanmaya ərizə verir. Bu, qadınların televiyalardan izlədiyi, mətbuatdan oxuduğu "qadın huquqları”na görə azad olmaq istəyindən doğur?

-Bəli, bu, birbaşa onunla əlaqədardır. Düzgün təbliğat aparılmadığına, qadın öz hüquqlarını düzgün formada qorumadığına bu hüquqların hansı formada olmasını düzgün anlamadığına görə bu hərəkəti edir. Halbuki, qadının öz hüquqları və vəzifələri var, onu yerinə yetirməlidir. O, nəticədə öz vəzifələrini unudur. O hallar anormal istəklər, hüquqlar yaradır ki, kişi onu qeyri-mümkündür ki, qadına versin. Qadın ailənin fundamental əsaslarını qorumaq əvəzinə, öz hüquqlarını qorumaqla məşğul olur, ailənin hüquqlarını nəzərə almır, kompramisə getmir. Əslində, bu problem çoxdan Azərbaycanda yetişib. Görsənir ki, bu formada inkişaf edəcək. Çünki buna qarşı mübarizə yoxdur. Heç kəs qadının bu problemdə günahkar olduğunu araşdırmaq istəmir. Bax, səbəb elə budur.

Şamo EMİN



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}