“Məhəmməd Əmin Rəsulzadənin otuz məktubu”nda nələr yazılıb?- MÜSAHİBƏ

“Məhəmməd Əmin Rəsulzadənin otuz məktubu”nda nələr yazılıb?- MÜSAHİBƏ

 

"Məhəmməd Əmin Rəsulzadənin otuz məktubu” çap edilib. Kitabda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) azərbaycanlı mühacir Süleyman Məmmədova (Təkinər) (1917-2006) Türkiyədə yaşadığı dönəmdə yazdığı məktublar toplanıb.

"Azadlıq Radiosu” nəşrin tərtibçisi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdan bu məktubların izinə necə düşdüyünü öyrənib.

Sozcu.info həmin müsahibəni oxucularına təqdim edir:

 

– Keçən ilin əvvəlindəki tədbirlərin birində Süleyman Təkinərin qohumlarından biri mənə yaxınlaşdı və söhbət əsnasında bildirdi ki, onların ailəsində Məhəmməd Əmin Rəsulzadənin məktubları qorunur. Açığı deyim ki, o vaxt S.Təkinər haqqında heç bir bilgim yox idi və bu məlumat mənə çox maraqlı gəldi. Növbəti görüşlər zamanı S.Təkinərin varislərindən xahiş etdim ki, bu qiymətli sənədləri Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etsinlər. Onlar da sağ olsunlar, tarixi keçmişimizə diqqət və vətəndaşlıq mövqeyi nümayiş etdirib bu addımı atdılar. Süleyman bəyin Bakıda yaşayan nəvəsi Şahin Məmmədovun və Almaniyada yaşayan qızı Leyla xanımın razılığı əsasında M.Ə.Rəsulzadənin S.Təkinərə yazdığı 30 məktub, bir vizit kartı, makinada çap edilmiş bir çıxışın mətni (Rəsulzadənin Qafqaz Konfederasiyası məsələsinə dair məruzəsi – red.) Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olundu və bu münasibətlə 2018-сi il mayın 16-da muzeydə təntənəli təqdimat mərasimi keçirildi. Düşünürəm ki, bu səpkili sənədlərin ailə arxivlərindən və şəxsi kolleksiyalardan muzeylərə və arxivlərə verilməsi həm onların daha əlverişli şəraitdə mühafizə edilməsinə, həm də ictimaiyyətin, tədqiqatçıların onlarla tanış olmasına daha geniş imkanlar yaradır. Ona görə S.Təkinərin qohumlarının atdığı addımın digər soydaşlarımız üçün də müsbət nümunə olacağına və gələcəkdə həm muzeylərimizin, həm də arxivlərimizin yeni tarixi sənədlərlə, fotoşəkillərlə, əşyalarla zənginləşəcəyinə ümidvaram.

– Süleyman Təkinər barədə daha geniş bilgi istəyənlərə nə deyərdiniz?

– Məhəmməd Əmin Rəsulzadənin məktublaşdığı Süleyman Təkinərin əsl soyadı Məmmədovdur (Təkinər soyadını mühacirətdə olarkən götürüb). O, 1917-ci ildə Bakının Mərdəkan qəsəbəsində doğulub. Atası repressiya qurbanı olub, ailə üzvlərinin xatirəsinə əsasən, bircə «sovet hökumətinin yolları pisdir» kəlməsinə görə həbs edilib və həbs düşərgəsində də dünyasını dəyişib. Gənc Süleyman Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. O, 1940-cı illərin əvvəllərində Gəncə Müəllimlər İnstitutunun tarix fakültəsində Ümumi tarix kafedrasının müəllimi və müdiri vəzifəsində çalışıb. 1942-ci ildə S.Təkinər müharibəyə göndərilir və bir ildən sonra almanlara əsir düşür. Müharibənin sonuna yaxın Almaniyanın məğlub olması azərbaycanlı legionerləri seçim qarşısında qoyub: onlar ya sovet ordusuna təslim olmalı (o zaman legionerləri həbs və repressiyalar gözləyirdi), ya da öz həyatlarını xilas etmək üçün başqa yollar aramalı idilər.

S.Təkinər ikinci yolu seçərək, bu zaman Avropada olan və Azərbaycanın istiqlalı uğrunda bir an belə mübarizəsini dayandırmayan Məhəmməd Əmin Rəsulzadəni axtarmağa başlayır. Nəhayət, 1947-ci ildə onlar Ankarada görüşürlər. S.Təkinər daha sonra İstanbula köçür və Azərbaycan mühacirətinin görkəmli xadimlərindən biri olur, mühacir mətbuatında publisistik məqalələrlə çıxış edir. 50-ci illərin ikinci yarısında Almaniyanın Münhen şəhərinə köçən S.Təkinər 1956-cı ildən buradakı SSRİ Tarixini və Mədəniyyətini Öyrənmə İnstitutunda çalışır, "Azadlıq Radiosu” ilə, «Azərbaycan», «Dərgi» jurnalları ilə əməkdaşlıq edir.

– Bu məktubların yazılmasına nə səbəb olub? Başqa sözlə, Süleyman Təkinərlə Rəsulzadə arasında hansı ortaq maraqlar varmış?

– M.Ə.Rəsulzadənin S.Təkinərə yazdığı məktublar xronoloji cəhətdən geniş dövrü – 1950-1955-ci illəri əhatə edir. Həmin dövrdə M.Ə.Rəsulzadə Azərbaycan Kültür Dərnəyinin xətti ilə Azərbaycanın tarix və mədəniyyətinin təbliği ilə məşğul olur, eyni zamanda Azərbaycanın müstəqilliyi uğrunda sovet quruluşuna qarşı mübarizəsini davam etdirirdi. Onun bu illərdə fəaliyyətinin mühüm istiqaməti həm də Azərbaycan mühacirlərinin təşkilatlanması, onların apardığı mübarizənin koordinasiyası olub. Mühacirət tariximizdən bəllidir ki, bu dövrdə qürbətdə yaşayan həmvətənlər arasında kəskin ziddiyyətlər mövcud idi, şəxsi ambisiyalar, intriqalar, liderlik iddiaları bəzən ümumi məqsəd uğrunda mücadilə aparan insanları və təşkilatları bir-birinin rəqibinə, hətta düşməninə çevirirdi. M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Mərkəzi ətrafında birləşən «əski» mühacirlərə (sovet işğalından sonra – 20-30-cu illərdə xaricə köçənlər) «yeni» mühacirlərin (İkinci Dünya müharibəsindən sonra vətəndən uzaq düşmüş legionerlərin) bir hissəsi qoşulmuşdu. Onların arasında İstanbulda yaşayan və burada müəllim işləyən S.Təkinər də vardı.

M.Ə.Rəsulzadənin S.Təkinərə ilk məktubu 10 fevral 1950-ci il tarixində göndərilib. Məktub yazılan vaxt M.Ə.Rəsulzadənin 66, S.Təkinərin isə 33 yaşı vardı. Yaş fərqi bu qədər böyük olsa da, onların arasında çox isti, qarşılıqlı etimad və hörmətə söykənən münasibətlər qurulmuşdu. M.Ə.Rəsulzadə məktublarda ona «əzizim Süleyman bəy», «əziz yurddaş Süleyman bəy» deyə müraciət edir, yazılarını «sayqılarımla», «candan salamlar» sözləri ilə bitirirdi. Məktublardan bəlli olur ki, S.Təkinər tez-tez Rəsulzadəyə özünün müxtəlif məqalələrini, yazılarını göndərir, M.Ə.Rəsulzadə isə onlara dair öz fikirlərini, tövsiyələrini, bəzənsə tənqidlərini bildirirdi. Məktubların birində M.Ə.Rəsulzadə S.Təkinəri məsələyə doğru yanaşdığına görə tərifləyərək, «qaşına deyil, tam gözünə vurursunuz», digər məktubda isə «siz haqlısınız» yazırdı. Bu fakt onların hər ikisinin eyni mövqeni paylaşdığını göstərir. Eyni zamanda Rəsulzadə öz məsləhətlərini də verirdi. Məsələn, o, S.Təkinərin bir məqaləsindəki bəzi sözlərin səhv tərcümə olunduğunu vurğulayır, müəllifə tövsiyə edirdi ki, yazılarını rus dilinə tərcümə etdirsin və s. Bu məqamlar gənc publisist Təkinərin Rəsulzadə kimi peşəkar siyasətçi və publisistlə daim məsləhətləşdiyini, onun sözünə böyük ehtiramla yanaşdığını, digər tərəfdənsə Rəsulzadə kimi nəhəngin gənc silahdaşına daim dəstək verdiyini nümayiş etdirir.

– Lütfən, məktublardan birini "Azadlıq Radiosu” saytının oxucularına səsləndirin…

– Məktublar arasında ən təsirliləri 28 may və 27 aprel münasibətilə yazılanlardır. S.Təkinər M.Ə.Rəsulzadəyə hər İstiqlal günü ərəfəsində təbrik, işğal günü ərəfəsində isə başsağlığı məktubları göndərib. M.Ə.Rəsulzadə həmin məktublara cavab verərək, vətəndən uzaqda keçirdiyi hissləri dilə gətirməklə yanaşı, gələcəyə olan ümidlərini, Azərbaycanın yenidən azadlığa qovuşacağına əminliyini ifadə edib. Təkinərin göndərdiyi başsağlığı məktubuna cavab olaraq Rəsulzadə 1950-ci il mayın 2-də ona yazırdı: «Otuz il öncə – 27 apreldə əsrlik istiladan sonra istiqlalına yenicə qovuşmuş Yurdumuza endirilən zərbənin dinməz acısı qurtuluş və hürriyyət həsrəti ilə çırpınan bütün ürəkləri sızlatmaqda və bu sızılar intiqam əzmini daim həssas və diqqətdə saxlamaqdadır… Yeni bir 28 Maya qovuşa bilməmiz üçün, şübhəsiz, hissən və mənən qüvvətli olduğumuz kimi, təşkilatlanmada da yararlı olmamız gərəkdir ki, bunun ilk şərti mənəviyyatları qüvvətli aydın yurddaşların milli ənənələrə sadiq qalaraq, istiqlal bayrağı altında birləşmələridir. Sizin kimi duyan və düşünən yurddaşları mövcud gördükdə, belə bir təşkilatlanmanın ilk fürsətdə uğurlar göstərəcəyinə güvənirik».

1951-ci il 30 aprel tarixli məktubda isə o, öz hisslərini belə ifadə etmişdir: «Yenidən gerçəkləşəcəyini umduğumuz bir 28 May gününü sevdiyimiz və həsrətində olduğumuz Azərbaycanda birlikdə yaşayacağıq, inşallah».

– Məktublarda mühacirət tarixiylə bağlı ilgi çəkən hansı detallar var?

– Məktublarda o dövr Azərbaycan mühacirətinin hansı qayğılarla yaşadığına, mövcud problemlərə, ziddiyyətlərə dair maraqlı məlumatlar var. Məktubların bir qismi XX əsrin 50-ci illərində azərbaycanlı mühacirlər arasında ciddi fikir ayrılığı doğurmuş sovet rejiminə qarşı mübarizənin aparılması taktikasına həsr edilib. Rus mühacir təşkilatların kommunizmə qarşı mübarizədə «vahid və bölünməz Rusiya» prinsipini rəhbər tutması, 1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra müstəqillik qazanmış millətlərin hələ də «Rusiya xalqları» adı altında qəbul edilməsi M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan, həmçinin Qafqaz, Krım, Volqa-Ural mühacirlərinin kəskin etirazına səbəb olub. Vəziyyəti bir qədər də mürəkkəbləşdirən rus mühacir təşkilatların həmin mövqeyini ifadə edən siyasi sənəd və toplantılara M.Ə.Rəsulzadəyə və Azərbaycan Milli Mərkəzinə müxalifətdə duran bəzi azərbaycanlı mühacirlərin qoşulması idi. Hər iki düşərgənin təmsilçiləri mətbuat səhifələrində, müxtəlif toplantılarda əsl söz duelinə çıxaraq, bir-birinə qarşı kəskin ittihamlarla çıxış ediblər. Bu ziddiyyətlərin bütün dramatikliyini Rəsulzadənin Təkinərə yazdığı məktublarda da görmək olar. Təəssüf ki, hər iki tərəf bir amal uğrunda mübarizə aparsa da, taktika məsələlərində tam fərqli yanaşmalar nümayiş etdirib, bu da, heç şübhəsiz, ümumi işə xələl gətirib, mühacirət daxilindəki parçalanmanı daha da dərinləşdirib.

– Və son sual: Kitab neçə nüsxə çap edilib və onu harada tapmaq və almaq olar?

 – İcazənizlə, ilk əvvəl kitabın çapına dəstək verən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına öz təşəkkürümü bildirmək istəyirəm. Sualınıza gəlincə, kitab, hələlik, satışa buraxılmayıb, amma onu 1905.az/83762/ linkindən yükləyib oxumaq olar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}