Mer seçkisi üçün 40 min imza hazırdır - Deputatlar dəstəklədi

 

REAL Partiyasının 40 min imzatoplama kampaniyası yekunlaşmaq üzrədir. Hurriyyet.orgxəbər verir ki, bu barədə təşkilatın icraçı katibi Natiq Cəfərli "Yeni Müsavat”a bildirib. Onun sözlərinə görə, fevralın 28-də partiya qərargahında mətbuat konfransı keçiriləcək və bununla da kampaniyaya yekun vurulacaq.

Sonra toplanmış 40 min imza Milli Məclisə təqdim olunacaq. N.Cəfərli kampaniyaya partiyalar şəklində yox, fərdi qaydada partiya liderləri və üzvlərin gəlib imza verdiklərini açıqladı.

REAL üç qanun layihəsinin Milli Məclisə təqdim edilməsi üçün konstitusiyanın 96-cı maddəsini əsas götürüb. Partiya Bakı merinin seçki yolu ilə seçilməsi, devalvasiyadan doğan kredit faizləri probleminin ədalətli həlli, dövlətin ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqqını tam ödəməsi ilə bağlı üç qanun layihəsi hazırlayıb.

Artıq prezident problemli kreditlərin həlli ilə bağlı addımlar atılacağını bildirib. Mer seçkilərinə gəlincə, Azərbaycan Avropa Şurasının üzvü olan yeganə ölkədir ki, meriya yaradılmayıb, Bakı Şəhər İcra Hakimiyyətinə rəhbər isə prezident tərəfindən təyin olunur. Azərbaycan hökuməti Bakı şəhər bələdiyyəsi yaratmaqda nədənsə tələsmir.

Deputatlardan Vahid Əhmədov, Tahir Kərimli və digərləri də mer seçkilərinin keçirilməsi fikrini dəstəkləmişdilər. Amma son təyinat - Eldar Əzizovun BŞİH rəhbəri gətirilməsi göstərdi ki, hökumət hələlik Bakı bələdiyyəsi yaratmaq istəmir.

Bu halda E.Əzizova mer də söyləmək olmaz, çünki seçki yolu ilə rəhbər olmayıb. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi.

Müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, hələ də müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonunda yaradılıb.

Bələdiyyə yerli özünüidarəetmə forması olduğundan, bunun əsasında sosial, səhiyyə, təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dayanır.

Buna görə də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi yerli özünü-idarəetməylə bağlı 2003 və 2007-ci illərdə üzv ölkələrə verdiyi tövsiyədə vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin edilməsini də təklif edir.

Bakı şəhərinin idarəetməsi seçkili olmadığı üçün maliyyə muxtariyyəti yoxdur, kənardan investisiya, qrantlar cəlb edə bilmir. İcra hakimiyyətinin büdcəsini Maliyyə Nazirliyi formalaşdırır, kənar maliyyə olsa da, mərkəzi hakimiyyət orqanlarının xətti ilə icra hakimiyyətinə ötürülür.

Seçkili mer institutunun yaradılması birbaşa vətəndaşlar qarşısına məsuliyyət deməkdir, yəni seçilən şəxs cəmiyyətə hesabat verəcək.

Böyük şəhər bələdiyyələrinin özünəməxsus büdcələri nəqliyyat, ticarət, turizm və digər sahələrdən gələn faizlər hesabına formalaşa bilər.

Hazırda Bakı büdcədən ən çox dotasiya alan şəhərdir. Bu gün digər Qafqaz paytaxtlarında, hətta İranda belə mer seçki yolu ilə müəyyən edilir.

Parlamentin REAL Partiyasının imza kampaniyasına hansı reaksiyanı verəcəyi maraq doğurur.

Deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, dünya təcrübəsində bələdiyyələrin xalqın nəzarətinə keçməsi ən yaxşı variantlardan biridir: "Götürək elə Türkiyədə, vali tərəfindən dövlət proqramları həyata keçirilir, bələdiyyə isə yol, nəqliyyat, bina, infrastruktur işlərinə baxır. Bələdiyyələri də xalq seçir, onların fəaliyyətinə qiymət verir. Hesab edirəm ki, Azərbaycanda bu sistemin, böyük şəhər bələdiyyələrinin yaranmasına ehtiyac var. Əhalinin həyatı ilə bağlı bələdiyyələrin iştirakı çox vacibdir. Bakı şəhər bələdiyyəsi yaradıla bilər, buna ehtiyac var”.

Deputat Fərəc Quliyev isə bildirdi ki, bu məsələni dəfələrlə qaldırıb: "Şəhər bələdiyyələrinin yaradılması ilə problemlər azalacaq, əhalinin iştirakçılığı artacaq.

Yəni təşəbbüskarlar olacaq. Eyni zamanda seçki yolu ilə seçilən mer xalq qarşısında məsuliyyətli olacaq. İslahatların sürətli getməsi üçün xalqın iştirakçılığının təmin edilməsi əhəmiyyətlidir. Bu gün 35 rayon dotasiyadan azad edilib, büdcə yükü xeyli yüngülləşib. Əgər seçki olarsa, büdcənin yükü azalacaq".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}