7 nəfər ədliyyə orqanından xaric edilib - Sərt qərar

İyulun 29-da Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müşavirədə Penitensiar xidmətin rəhbərliyi və tabe qurumların rəis heyəti iştirak edib.

Qeyd olunub ki, hesabat dövrü ərzində dövlət başçısı tərəfindən 17 mart 2016-cı il tarixdə imzalanmış 148 məhkumun əfv edilməsi ilə bağlı sərəncam vaxtında və dürüst icra edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Azərbaycanın 06 may 2016-cı il tarixli Qanununun icrası davam etdirilir. Qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən edilib, penitensiar müəssisələrdə cəza çəkən 277 məhkum barədə sənədlər məhkəmələrə təqdim olunub.

 

Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 265 mobil telefon, 159 qram müxtəlif narkotik və psixotrop maddələr, 23 litr spirtli içki hazırlanması məqsədilə istifadə olunan qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 265 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib.

 

Eyni zamanda, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

Müşavirədə Penitensiar xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışı dinlənilib.

 

Müşavirəyə yekun vuran ədliyyə general-mayoru Ceyhun Həsənov mövcud nöqsan və pozuntulara toxunaraq, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsinin Xidmətin fəaliyyətinin yaxşılaşdırılmasına zəmin yaradacağını vurğuladı.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}