“DÖVLƏT BİR NEÇƏ QOÇUNUN, REKETİN ƏLİNDƏ ACİZ QALIB?” – “Prokuror obyektimi və pulumu ələ keçirənləri himayə edir”

“DÖVLƏT BİR NEÇƏ QOÇUNUN, REKETİN ƏLİNDƏ ACİZ QALIB?” – “Prokuror obyektimi və pulumu ələ keçirənləri himayə edir”

 

"İki il əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindəın çıxarılan Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdiyevin yaxınları Bakıda qoçuluq edirlər. Onun rayon prokurorunun himayəsinə də sığınan bacısı oğlu məni həm külli miqdarda xərc çəkdiyim obyektdən çıxardı, həm də pulumu ələ keçirdi…”

Sozcu.info xəbər verir ki, bunları "AzPolitika.info” saytına gələrək, mətbuat vasitəsilə Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya, eləcədə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edən Yasamal sakini, X.Mustafayev küçəsi ev 128 ünvanında yaşayan Azər Hidayət oğlu İbrahimov öz şikayətində bildirib.

İbrahim_Mehdiyev

Onun sözlərinə görə, İbrahim MehdiyevYasamal Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi illərdə rayonun ərazisində yaxınlarının adına xeyli sayda obyekt, bina tikdirib. Bakı Dövlət Universitetinin (BDU) ətrafında yerləşən, dəyəri milyonlarla ölçülən obyektlərin də bir çoxu İbrahim Mehdiyevin yaxınlarına məxsusdur: "Belə obyektlərdən birini – BDU-nun yanında yerləşən yeni tikilmiş böyük obyektin bir hissəsini restoran kimi işlətmək üçün İbrahim Mehdiyevin bacısı oğlu Bayramov Bünyamin Yusif oğlundan şərikli icarəyə götürdük. Şəriklərim Elçin Şıxov və Azər Cavadovla birlikdə həmin yerdə "ŞEFS CIKHEN” adlı restoran açdım. Şəriklərimin maddi vəziyyəti yaxşı olmadığından restoranın təmiri, dizaynı, fəaliyyət göstərməsi üçün lazım olan bütün avadanlıqları mən aldım. Əksəriyyətini də xaricdən gətirdim. Həmin obyektə təxminən 330 min dollar xərc çəkdim”.

IMG_1348

Azər İbrahimovun sözlərinə görə, restoran gəlir gətirməyə başlayan vaxtı İbrahim Mehdiyevin bacısı oğlu obyekti qanunsuz yollarla – reketləri onun üzərinə göndərərək, əlindən alıb: "İcarəyə götürdükdən sonra xeyli vaxt restoranın təmirinə getdi. Həmçinin, restoranın yerləşdiyi ərazidə yollarda təmir getdiyindən, obyekti uzun müddət işlədə bilmədik. Təmir bitdikdən, restoran fəaliyyətə başladıqdan sonra Bayramov Bünyamin böyük xərc cəkdiyim obyekti mənim əlimdən almağa cəhd etməyə başladı. Yəni, obyekti icarəyə götürdükdən 2 il sonra restoranı ona verməyimi tələb etdi. Mən razılaşmadığımdan təzyiqlərə başladılar – restoranın icarə haqqını qaldırır, idmançı cüssəli adamlarını obyektə göndərib, mənə hədə-qorxu gəlirdi. Dəfələrlə restoranın qapısını qıfillayıb, işçiləri içəri buraxmır, işləməyə qoymurdu (Bunların hamısının videoçəkilişi və şahidləri var). O dövrdə dayısının Yasamalın icra başçısı olmasından istifadə edərək, özünü "ərköyün” aparırdı. Etiraz edəndə də hədələyirdi ki, "elə eləmə başın ağrısın”.

Bünyamin Bayramov tələb edirdi ki, 300 min dollardan çox xərc çəkdiyim restoranı 100.000 manata ona satım. Məni dayısı ilə hədələyir, onun bütün obyektlərinə nəzarət etdiyini deyirdi. Bildirirdi ki, o nə desə, İbrahim Mehdiyev onu edəcək. Mən bütün bu hədələrə görə, icra başçısı işlədiyi dövrdə İbrahim Mehdiyevin qəbulunda oldum. Ona da bildirdim ki, Bünyamin yeyib-icənden sonra müştəriləri və işçiləri restorandan çıxarır, qapısını qıfıllayır, saatlarla çöldə saxlayır.Bununla da kifayətlənmir, hər dəfə öz qoçularını reket kimi üstümə göndərir. Məni hədələyərək restoranı ona ucuz qiymətə təhvil verməyə məcbur etmək istəyir. Bütün bunların videosunun olduğunu bildirsəm də, məni eşitmək belə istəmədi. O, məni öz müavini Səməd müəllimin yanına göndərdi. O da məni başından elədi.

Bundan sonra gördüm ki, bu adamla bacara bilməyəcəm, İbrahim Mehdiyev də məni eşitmək istəmir, məcbur olub "ŞEFS CIKHEN” adlı restoranımı 100 min manata ona dövr etməyə razılaşdım. Xətai rayonunda yerlləşən notariusda alqı-satqı elədik”.

IMG_1347

Azər İbrahimovun sözlərinə görə, Bünyamin onun şərikləri ilə əvvəlcədən razılaşaraq, ona verilən pulu da ələ keçirib: "Obyektin təmirinə və avadanlıqların alınmasına çəkilən xərclərin böyük hissəsini mən çəkdiyimdən Bünyamin Bayramovun verməli olduğu 100 min manatın da böyük hissəsi mənə çatmalı idi.

 Elçin Şıxov

Elçin Şıxov

Bunu bildiklərindən, pulları da alqı-satqıdan dərhal sonra ələ keçirdilər. Belə ki, Bünyamin Bayramov notariusda 90 min manat verdi, qalan 10 min manatı da sonra verəcəyini bildirdi. Biz onunla sənədləşmə işlərini həll etdikdə, onun himayəsinə keçən şəriklərim Elçin Şıxov və Azər Cavadov pulların hamısını göturub qaçdılar.

Bu azmış kimi, əvvəlcədən razılaşdığımızın əksinə olaraq, Bünyamin Bayramov mənim obyektdəki avadanlıqlarımı – şəxsi seyfimi, bahali kofe aparatımı, 36 person fransız farfor qablarını və sairi də geri qaytarmadı. Borclu qaldığı 10 min manatın da cəmi 5000-ni verdi”.

Azər İbrahimov bildirir ki, şəriklərinin məhz Bünyamin Bayramovun tapşırığı ilə pulları götürüb qaçdıqlarına və onunla bölüşdüklərinə şübhə etmir: "Məhz buna görə də 3 ildən artıqdır ki, mənim hissəmə duşən pulu vermirlər. Bununla bağlı dəfələrlə müxtəlif instansiyalara şikayət etsəm də, Bünyamin oz dayısının imkanlarından istifadə edərək, bu işi ləgv etdirir. Baxmayaraq ki, hadisə Xətai rayonunda olub, hər dəfə işə Yasamal Rayon Polis İdarəsində baxılır. Əslində, polis işə çox ciddi başlamışdı. Məni əmin etmişdilər ki, haqq-ədalət bərpa oluncaq, sənin pullarını alıb verəcəyik”.

Azər İbrahimovun sözlərinə görə, bu işdə Bünyamin Bayramovu Yasamal rayon prokuroru Rasim Haciyev himayə edir: "Hər dəfə polisin başladığı işi Yasamal rayon prokuroru Rasim Haciyev ləğv etdirir. Mən onun qəbulunda da olmuşam. Məni arxayın edərək, söz verir ki, işinə baxılacaq. Lakin hər dəfə işi baglayır. İlk dəfə işə baxan polis müstəntiqi Anar Cıraqov özü haqsızlıga dözməyib mənə şəxsən demişdir ki, nə qədər prokuror Rasim Haciyevdir, bu işə obyektiv baxılmayacaq. O, İbrahim Mehdiyevin yerlisidir, Yevlaxdandır. Buna görə də müstəntiqlər heç nə edə bilməyəcəklərini bildirirlər”.

Şikayətçi iddia edir ki, İbrahim Mehiyev işdən çıxarıldıqdan sonra da prokuror Bünyamin Bayramovu və onun pulunu hamının gözü qarşısında oğurlayan şəriklərini himayə edir: "Bir qədər əvvəl Yasamal Rayon Polis İdarəsinə yeni təyin olunmuş rəisin qəbulunda oldum. O, dərhal işin yenilənməsinə dair göstəriş verdi. Tapşırdı ki, mənim məsələmlə ciddi məşğul olsunlar. Lakin yenə də polis heç bir şey edə bilmədi. Çünki prokuror Rasim Haciyev işi legv etdirdi.

Bunun səbəbini öyrənmək üçün iyunun 4-də prokurorun qəbuluna getdim. Gördüm ki, Bünyamin gülə-gülə prokurorun otağından cıxır. Məsələ aydın olduğundan mən geri qayıtdım”.

Azər İbrahimov saytımız vasitəsilə Prezidentdən və hüquq-mühafizə orqanlarının rəhbərliyindən bu işin nəzarətə götürülməsini və ciddi araşdırılmasını xahiş edir:"Mən xahiş edirəm, bu məsələ ilə baglı ciddi araşdırma aparılsın. Prokurorun bu adamları niyə müdafiə etdiyi, kimlərin qəbulunda olduğu, kimlərin ona zəng vuraraq təzyiq göstərdiyi araşdırılsın. Nəyə görə mən 3 ildir öz halal pulumu ala bilmirəm? Nəyə görə hüquqi dövlətdə hüquq-mühafizə orqanları, dövlət bir neçə adamın əlində aciz qalıb? Əgər hüquq-mühafizə orqanları ölkədə qoçuluqla, reketçiliklə başqasının əmlakını ələ keçirənləri himayə edəcəksə, biz vətəndaşlar kimdən kömək istəyək?”

Azər İbrahimovun iddiaları ilə bağlı yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

2az2az1




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}