Elza icra başçısını kirpi və dovşanla müqayisə etdi: “Gəlin, sabunu bir yerdə bişirək, bir yerdə sataq”

Elza icra başçısını kirpi və dovşanla müqayisə etdi: “Gəlin, sabunu bir yerdə bişirək, bir yerdə sataq”

 

Xəbər verdiyimiz kimi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan "3D” verilişinə qatılmaqdan imtina edib, verilişin qonağı Elza Seyidcahan isə bəzi insanlardansa kuklalara üstünlük verdiyini bildirib. Bundan sonra Əhəd Abıyevin Elza Seyidcahan haqqında səsləndirdiyi ittihamlar isə onlar arasında "Sabun" qalmaqalına səbəb olub.

Əməkdar artist Elza Seyidcahan məsələ ilə bağlı "Yeni Sabah”a açıqlama verib.

İfaçı Əhəd Abıyevin əvvəllər onun deputatlığa namizəd olmağını dəstəklədiyini deyib:

"İlk öncə cavab vermək istəmədim. Fikirləşdim ki, əcaba, bu sözləri Əhəd müəllimmi deyib? Axı bir neçə il bundan öncə o, sabun söhbətini ortaya atanda özü şəxsən mənə zəng etdi, həyəcanlı səslə "Mən belə sözlər deməmişəm, ay Elza xanım” deyərək məsələyə aydınlıq gətirdi. Məni o qədər təriflədi ki, az qala özümə aşiq olmuşdum. Hətta mənə dedi ki, "Çox sevinərəm ki, sizin kimi ağıllı, vətənpərvər, diplomat, gözəl, əsl xanım sənətkarımız deputat seçilsin. Bizdə Mübariz Qurbanlının yeri boşdur. Kaş elə Daşkəsəndən namizədliyinizi irəli sürəsiz, mən də bir icra başcısı kimi buna çox sevinərəm".

E.Seyidcahan deputat olmaq üçün heç bir icra başçısına ağız açmadığını bildirib:

"Əgər mənim bu dediklərimdə bir nöqtə, vergül yalandırsa, qoy bu ağır Məhərrəmlik ayında imamlarımızın cəddi qənim olsun mənə. Yox, əgər, Əhəd Abıyev müəllim, siz yalan deyirsinizsə, sizi Allaha həvalə edirəm. Sizi Allah bağışlasın.

Mən heç vaxt heç bir icra başcısına zəng vurub deməmişəm ki, "məni deputat et”. Qaldı ki, heç indiyənədək üz-üzə gəlmədiyim Əhəd Abıyevə belə bir şey deyim.

Əslində, belə söz-söhbəti nə özümə, nə də Əhəd Abıyevə yaraşdırıram. Əhəd müəllim hara, mən hara? Heç müəllim də, şər atar, yalan danışar? Mən belə tərbiyə almamışam ki, özümdən böyüklərə qarşı hörmətsizlik edim. Bir kişi xeylağına, ən asas da, bir icra başcısına belə kobud şər-yalanı heç yaraşdıra bilmirəm".

Əməkdar artist icra başçısı tərəfindən heyvanlara olan sevgisinin ələ salınmasına da reaksiya verib:

"Ötən dəfə məni təhqir etmişdi ki, mən "Heyvanlar"a konsert vermişəm. Avropa ölkələri bilsə ki, bizdə bir ziyalımız heyvanların qorunması üçün konsert verən sənətkarı lağa qoyur, ələ salır, o adamın dərisini soyarlar. İndi də, robotu təhqir edir. Robot şər atmaz. Baxmayaraq ki, sizin kimi canlı, iri gövdəsi yoxdur, amma bəlkə də, hissiyyatı sizdən qat-qat güclüdür. O, bəzi kresloda oturub heç robot qədər işləməyən, camaata, xalqa yuxarıdan aşağıya baxan vəzifəli şəxslərdən də mərhəmətlidir. Hamımız bu yaxında dövlətimiz tərəfindən Heydər Əliyev Mərkəzində robotun necə yüksək diqqətlə qarşılandığının şahidi olmuşuq. Elə robot da, Allahın yaratdığı insanların, alimlərin zəhmətlə ərsəyə gətirdiyi möcüzəli ixtira deyilmi? Heyvanlara gəldikdə isə, onlar olmasalar, həyat olmaz, dünya dağılar. Mənə "kirpi", "dovşan" deyirsiz, lap yaxşı. Onlara nə olub ki? İkisinin də əti yeməlidir".

E.Seyidcahan icra başçısını kirpi və dovşanla müqayisə edib:

"Əslində kirpiyə siz oxşayırsınız. Yadınızdadır? Ermənistanın bayrağını sındıranda, səhv tutduğunuza görə, əslində Kolumbiyanın bayrağını sındırıb təhqir etmişdiniz. Dövlət səviyyəsində siyasi qarşıdurma yaratdığınız üçün qorxunuzdan dovşana siz döndünüz. Mən isə həmin an jurnalistlərin zənglərinə görə telefonumu söndürdüm. Mənə durmadan suallar yağdırırdılar, deyirdilər ki, "Elza xanım, cəddiniz Əhəd Abıyevi tutdu. Fürsətdir. Siz də, bir çıxış edin, bu mövzuda yazaq, onu vuraq". Mən isə "Aslan"lıq etdim. İgidlik edib sizi siz bilmədən müdafiə elədim. Çünki susmaq özü bir igidlikdir!".

İfaçı sabiq deputatı şəhərə çıxıb xalqın nəbzini yoxlamağa dəvət edib:

"Mən əgər millət vəkili olacağamsa, bu sizi niyə bu qədər incidir, qorxudur? Gəlin, əl-ələ tutub bir şəhəri gəzək, dolaşaq. Baxaq görək, kimi daha çox sevirlər, kiminlə şəkil çəkdirirlər, kimi daş-qalaq edirlər? Siz deyirsiz ki, məni daş-qalaq edərlər? Niyə? Üzü qara çıxmışam? Yoxsa, kimin isə, haqqını yemişəm? Yoxsa ki, camaata pulla salam verirəm sizin kimilərlə.

Biz sənətkarlar da özsənətimizlə, ağlımızla, savadımızla, qeyrətimizlə, namusumuzla, oturuşumuz-duruşumuzla sanki, deputatlıq missiyasının ömürlük daşıcısıyıq. Mənim dahi müəllimim, bəstəkar Arif Məlikov, onun dahi müəllimi Qara Qarayev və başqa şairlər, incəsənət xadimləri uzun illərdir deputat olmayıblarmı? Bizdən çox xalq arasında olan var? Zatən bizlər Allah tərəfindən seçilmiş bir elçi olaraq "deputat"ıq. Yoxsa ki, bəzi deputatlar kimi az qala, üzlərinə kimi daşdan qala divarlar tikib gizlənmirik.

Bir müəllim kimi sabun təklifi sizdən gəldi. Mən də bir şagird kimi suala cavab verdim və bir daha deyirəm: gəlin sabunu bir yerdə bişirək və bir yerdə sataq ki, sabunlansınlar, yuyunsunlar və biz də sabunlanaq, yuyunaq, heç yerdə çirkablıqlar qalmasın. "Sabun təmizlikdir"".

Xatırladaq ki, Əhəd Abıyev Əməkdar artist haqqında sərt fikirlər səsləndirmişdi:

"Bir neçə il əvvəl Elza Seyidcahan zəng edib bildirdi ki, mən gəlirəm Daşkəsəndən deputatlığa namizədliyimi verməyə. Mən isə ona dedim ki, get paltar sabunu ilə üz-gözünü təmizlə, yoxsa camaat səni daş-qalaq edər. Əslində, mən ona sabun təklif etmişəm, o mənə yox! Həmin vaxtı bu barədə saytlarda da məlumatlar getmişdi. İndi necə olur ki, o vaxtı belə deyilən sözün indi Seyidcahan əksini söyləyir? Məntiqlə də o deputatlığa namizəd olmaq istədiyi üçün mənə zəng etmişdi. Ümumiyyətlə, Elza Seyidcahana baş qoşmaq lazım deyil. Deyir ki, deputatlığa namizəd olmaq istəyirəm. Lap gəlib namizədliyini versin, görək kim ona səs verəcək. Məgər deputatlıq "imam ehsanı”dır? Bilirsiz, Rövşən Rzayev "Qaçqınkom”a gedəndən sonra, Daşkəsəndə həmin dairə boş qalıb. Tək Elza deyil, bir-iki nəfər var ki, deputat olmaq arzusuna düşüblər. Ancaq anlamırlar ki, deputat olmaq üçün xalqın etimadını qazanmaq lazımdır. Yoxsa ki, icra başçısı deputat seçmir!”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}