“Yüksəliş” və dövlət qulluğuna qəbul müsabiqələri arasındakı əsas fərqlər açıqlanıb

“Yüksəliş” və dövlət qulluğuna qəbul müsabiqələri arasındakı əsas fərqlər açıqlanıb

 

"Yüksəliş” və dövlət qulluğuna qəbul müsasiqələri arasındakı əsas prinsipial fərqlər açıqlanıb.

APA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, "Yüksəliş” müsabiqəsi kadr potensialının yaradılması üçün keçirilir.

DİM sədri deyib ki, "Yüksəliş” müsabiqəsində daha çox namizədlərin keyfiyyətləri yoxlanacaq: "DİM-in dövlət qulluğuna keçirdiyi imtahanlarda konkret olaraq normativ-hüquqi sənədlərdə müəyyən olunan parametrlərə əsasən seçim aparılır. Daha sonra isə müsahibə təşkil olunur. Müsahibələrdə isə namizədləri işə götürən insanlar iştirak edir. "Yüksəliş” müsabiqəsində isə namizədləri işə götürənlər iştirak etmir, bu müsabiqədə insanların keyfiyyətini müəyyənləşdirir, üzə çıxarırıq. Müəyyənləşdiririk ki, insanlar hansı dərəcədə kreativliyə malikdir, onların hansı ayrı xüsusiyyətləri var. Yəni onlar həmyaşıdlarından, bu sahədə iştirak edən insanlardan hansı xüsusiyyətlərinə görə seçilir. Bunlar daha geniş göstəricilərdir. Bu müsabiqədə psixometrik testlər də istifadə ediləcək. Psixometrik testlərin nəticəsində həmin insanlara məsləhətlər də verəcək. Tutaq ki, sizin kreativlik xüsusiyyətiniz var, liderlik xüsusiyyətinizi inkişaf etdirmək üçün müxtəlif treninqlərdən keçməlisiniz. Bu yanşama insanın həm də özünə inamını artıracaq. İnsanların daxilini açıb ictimaiyyətə təqdim etmək üçün yaxşı bir fürsətdir. Onu da deyim ki, gələcəkdə dövlət qulluğuna qəbul da kompitensiya əsasında keçiriləcək”.

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikultutarizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva isə qeyd edib ki, dövlət qulluğunda namizədlər elan olunmuş konkret vakansiyalara malik olduqları biliklərdən istifadə etməklə mübarizə aparırlar: "Yüksəliş” müsabiqəsində isə seçim beynəlxalq aləmdə qəbul olunmuş kompitensiyaların aşkarlanmasına yönəlib. Biz idarəçiləri axtaranda tək onların intellektual səviyyəsini öyrənmirik, həm də onlarda hansı kompitensiyaların olduğunu öyrənirik. Bu sahədə kifayət qədər beynəlxalq təcrübə öyrənilib. Bu kompitensiyalar kadrla işləmək bacarığı, şəxsi, mənəvi-etik keyfiyyətlərdir. İdarəçi olan şəxsə insanların həyatı tapşırılır. İdarəçi olan insanların bir mənəvi kodeksi də olmalıdır. Həmin kompitensiyalar barədə müsabiqənin saytında kifayət qədər məlumatlar olacaq. İnsanlarda həm də elə təəssürat oyanmasın ki, imtahana gedirlər. İmtahan hər hansı nəticəyə gətirib çıxarır. Ola bilər ki, "Yüksəliş” müsabiqəsinə hazırda dövlət qulluğunda işləyən, müəyyən sahələrdə işləyən insanlar qatılsın. Bu müsabiqədə iştirakın onların karyerasına hər hansı mənfi nəticəsi olmayacaq”.

F. Əliyeva nəzərə çatdırıb ki, indiyə qədər imtahanlar test üsulu ilə keçirilib: "Bu imtahanlarda subyektiv amil, insan qiymətləndirməsi olmayıb. "Yüksəliş” müsabiqəsində isə insan amili var. Yarımfinal və finalda iştirakçıları qiymətləndirənlər də insanlar olacaq. Onları qiymətləndirənlər ekspertlər, psixoloqlar, idarəçi şəxslər olacaq. Hətta onlara xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə treninqlər keçirəcəyik. Bu formatın özü bizim üçün yenidir. Bu prosesin şəffaf, obyektiv keçirilməsinə nəzarəti bizdən başqa media nümayəndələri də həyata keçirəcək. Biz media nümayəndələrini dəvət edəcəyik. Media nümayəndələri prosesi müşahidəçi kimi izləyə biləcək. Bu formatın özü də gələcəkdə yəqin ki, Azərbaycanda gələcəkdə keçiriləcək seçim strategiyasında bir təməl daşı kimi olacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}