Nuru Paşanın Göyçaydakı qərargahı məhv olur - tarixçidən SOS


 

 

Qafqaz İslam Ordusu komandanının olduğu tarixi bina arxivə qovuşur; Fariz Xəlilli: "Hələ bina dağıdılmamışdan qabaq...”

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Göyçayda hərbi qərargahının olduğu ev son günlərini yaşayır. Bu tarixi məkan artıq şəxsi əmlaka çevrilməkdədir.

Sozcu.info  xəbər verir ki, Nuru Paşanın bu qərargahında döyüş planları qurulub, erməni daşnakların qovulması üçün hərbi taktikalar hazırlanıb, Azərbaycanın müdafiəsi təşkil edilib. 

Qərargahda sənədlər, raportlar var. Yəni tarix üçün çox əhəmiyyətli, qiymətli faktlar mövcuddur. Lakin qərargah tarixin arxivinə qovuşmaq üzrədir.

Hətta İctimai Televiziyanın xəbərlər buraxılışında da məsələ ictimailəşdirilib. Ancaq indiyə qədər hər hansı nəticəsi olmayıb.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlilli ile ilgili görsel sonucu

Bir iş adamı tərəfindən alınan abidənin sökülməsinə başlanıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlilli bildirib ki, Qafqaz İslam Ordusunu araşdıran bir insandır:

"Çox təəssüf edirəm ki, belə bir hal baş verir. Bu tarixi abidənin qorunması üçün addımlar atılmasını xahiş edirəm”.

Bildirilir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında komissiyanın qərarı ilə həmin binanın qəzalı olması qərarı verilib. Mənzil İstismar Sahəsindən isə bildirilib ki, 2018-ə qədər bina idarənin balansında olub.

Sonra yerli idarənin balansından çıxarılıb, sahibkarlara satılıb. Binanın əsas yaşayış yerində isə hələ ki, heç bir iş görülməyib, çayxana kimi istifadə edilir.

F.Xəlilli "Yeni Müsavat”a bildirdi ki, problemin ictimailəşməsindən sonramüsbətə doğru  hər hansı dəyişiklik olmayıb.

Onun sözlərinə görə, qərargahın tarixi abidə kimi qorunub saxlanmasını arzulayır və müvafiq qurumların reaksiya verməsini gözləyir:

"Hələ ki heç bir rəsmi orqandan reaksiya olmayıb. Bir neçə mətbuat orqanı maraqlanıb, işıqlandırıb. Bina dağıdılmamışdan qabaq aidiyyəti qurumlara məlumat vermişəm, uzun müddət gündəmdə olub. Ancaq heç bir nəticə yoxdur”.

Maraqlıdır ki, həmin tarixi abidə Qafqaz İslam Ordusunun qərargahı olmaqla yanaşı, bu evdə 1865-ci ildə general-mayor, şərqşünas alim, Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini Sadıq bəy İsmayıl oğlu Ağabəyzadə dünyaya göz açıb.

Nuru Paşa qərargahının qorunması və tarixi binanın restavrasiya olunması zəruridir. Məlumat üçün əlavə edək ki, sözügedən qərargah Sadıq bəy və Həzrət bəy Ağabababəyovların evi olub.

Dilavər Əzimli ile ilgili görsel sonucu

Tarixçi-alim Dilavər Əzimli isə sherg.az-a bildirib ki, bu cür məsələlər daima gündəmə gəlsə də, hələ haraylara fikir verən yoxdur:

"Bu sahələrə cavabdeh olan şəxslər və qurumlar millətin tarixini oxuyurlarmı? İnanın ki, oxumurlar. Oxusaydılar, bu cür biganəliyin şahidi olmazdıq. Onları daha çox postmodernizm və multikultural dəyərlər maraqlandırır. Rayonlara gedəndə nə qədər xarabaya qalmış abidələrlə, dağılıb, viran qalmış bəy evləri ilə rastlaşıram. Onlardan biri də Nuru Paşanın Göyçaydakı qərargahı, Sadıq bəy və Həzrət bəy Ağabababəyovların evidir.

SSRİ dönəmini başa düşürdük. Hələ yaxşı ki, sovet vaxtı bu evləri qorudular və tamamilə silib-atmadılar.

Narahatlıq doğuran odur ki, müstəqillik vaxtında bu cür tarixi abidələr dağılıb, yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Görəsən, həmin rayonların məmurları utanır, xəcalət çəkirmi?

Gərək hər məsələyə birbaşa ölkə başçısı reaksiya versin, sonra qurumlar işə başlasın? Nuru Paşaya biganəlik tariximizə, millətin ruhuna xəyanətdir".

D.Əzimli tarixi abidələrə qarşı qəribə bir laqeydlik olduğunu söyləyib: "Vallah, adam xəcalət çəkir. Məncə, ilk növbədə vətəni, dövləti, milləti sevmək lazımdır. O halda bu cür problemlər dərhal həll edilərdi”.

Qeyd edək ki, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımı Göyçaydan da yan keçməyib. Rayonun Qarabaqqal kəndində bir həftə müddətində aramsız döyüşlər gedib.

Nuru Paşanın komandanlığı altında vuruşan Osman Dədəlioğlu həmin döyüşlərdə yaralandığı üçün bir müddət Azərbaycanda qalıb müalicə olunub.

Sonra sərhədlər bağlandığından Türkiyəyə qayıda bilməyən Osman Dədəlioğlu Göyçayın Cəyirli kəndində qalaraq burada yaşamalı olub.

Burada ailə quran türk əsgərinin hazırda iki qızı və nəvələri Göyçayda yaşayır. Osman Dədəlioğlunun nəvəsi Taleh Cəbrayılov xatirələrini danışıb.

Osmanlı Hərbiyyə naziri Ənvər Paşanın əmri ilə 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusu Nuru Killigil, yəni Nuru Paşa və Xəlil Paşanın komandanlığı altında Azərbaycana göndərilir.

Nuru Killigil həmin orduya komandan təyin olunur. Bir müddət Gəncədə Azərbaycan ordusunun təşkilatlanması ilə məşğul olan Nuru Paşa Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini məğlubiyyətə uğradır.

Qələbəsini əks-hücumla davam etdirən Qafqaz İslam Ordusunun irəliləyişinin qarşısını almaq üçün ingilislər Bakıya qüvvə göndərir. Azərbaycan daxilindən, yerli əhalidən böyük dəstək alan ordu ingilis qüvvələrini də Bakı ətrafında məğlub edir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}