Rəsul Quliyevdən Trampla bağlı maraqlı proqnozlar:"O, çox tezliklə Putinin Qorbaçov olmadığını başa düşəcək"

Rəsul Quliyevdən Trampla bağlı maraqlı proqnozlar:"O, çox tezliklə Putinin Qorbaçov olmadığını başa düşəcək"

 

20 ildir ABŞ-da siyasi mühacir həyatı yaşayan Azərbaycanın eks-spikeri Rəsul Quliyev "Yeni Müsavat”a verdiyi müsahibəsində Donald Trampın Amerika prezidenti seçilməsi və necə işləyəcəyi ilə bağlı proqnozlarını açıqlayıb.

Rəsul Quliyev 8 noyabrda keçirilən prezident seçkilərini ABŞ-ın dünyanın təkərini fırlada bilən tarixi seçkisi adlandırıb:

"Amerikalılar üçün seçkilər çox böyük əhəmiyyət kəsb edir. Hər bir fərd özünü yeni tarixin yaradıcısı hiss edir və onun verəcəyi səsdən özünün, ölkəsinin gələcəyinin asılı olduğunu ciddi qəbul edir. Həyəcan hissləri səslər sayılarkən apogeyə çatır. Bu həyəcanlı hisslər insanlara triumfal bir iş görürlər kimi gələcəyə inam gətirir. Təəssüf ki, azərbaycanlılara belə bir hissi keçirmək heç vaxt nəsib olmayıb. İnsanların öz gələcəklərinin formalaşmasında iştirakdan mərhum edilməsini qəbul etmək ağır olsa da, onun azərbaycanlılar tərəfindən artıq qəbul edilməsi faciədir.

Tramp-Klinton mübarizəsinin emosional zirvəsi son 25 ildə ən yüksəkdə idi. Çünki namizədlərdən birinin-Trampın ənənəvi  proqramdan 180 dərəcə fərqli radikal proqramı ölkədə əsl siyasi təlatüm yarada bilmişdi. Bəlkə də 20-ci əsrin əvvəlində prezident olmuş Teodor Ruzveltdən sonra birinci dəfə idi ki, 113 ildən sonra tam fərqli radikal inqilabı proqram irəli sürülürdü.

20-ci əsrdə inqilabı islahatlar edən Teodor və Franklin Ruzveltlər,  Ronald Reyqan kimi görkəmli prezidentlər olub, ancaq onların heç biri Tramp kimi əvvəlcədən və bu şəkildə inqilabı proqramla çıxış etməyiblər. Məsələn, Reyqan proqramında dediklərindən qat-qat artıq islahatlar  həyata keçirib. İqtisadiyyatda Reyqanomika adlanan islahatlar sözün əsl mənasında inqilabıdır. Reyqanın sovet imperiyasını 8 ildə qansız-qadasız darmadağın etməsi tarixi möcüzədir.

Trampın daxili və xarici siyasət proqramını utopiya sayan, onu məsxərəyə qoyanların arasında həm respublikaçı, həmdə demokratların kifayət qədər korifey siyasətçilərinin olmasına baxmayaraq, Amerika xalqı Trampı prezident seçib. Xalq prezident Obamanın apardığı siyasəti davam etdirəcək Klintona yox, yeniliyə, hara gedəcəyi dəqiq məlum olmayan mücərrədliyə səs verdi”.

R.Quliyev bildirib ki, Tramp elan etdiyi proqramında ABŞ-ın özünün  yaratdığı bütün sahələrdə,  xüsusilə iqtisadiyyatda qloballaşma siyasətinin əleyhinə çıxır. Trampın şüarı "Amerika amerikalılar üçündür, bizim ziyanımıza olan bütün proyektlər ləğv ediləcək”dir.  Bu siyasətin tərkib  hissəsi olaraq o, böyük Amerika firmalarının xaricdə – Çin, Vyetnam, Tayvan, Malaziya və digər Asiya, Meksika və başqa Latın Amerika ölkələrində ucuz işçi qüvvəsinin hesabına ucuz qiymətli məhsullar istehsal edib dünyanın hər yerində, o cümlədən Amerikada satmasının düzgün olmadığını deyib və bunun qarşısını alacağını elan eləyib: 

"Bu firmaların yenidən ABŞ-a qayıtması və istehsalı təşkil etməsi üçün Tramp ölkədə istehsal ediləcək məhsulların maya dəyərini aşağı salmaq üçün çoxsaylı yollar seçib. Ən əsası, 2 istiqamətdir:

1. Ölkədə vergiləri iki dəfə aşağı salmaq.

2. Ölkəyəimport edilən mallara vergini artırmaq.

Dünya iqtisadiyyatının 25 faizini təşkil edən ABŞ-ın belə bir addım atması dünyada artıq qismən balanslaşmış idxal-ixrac əlaqələrini sözün əsl mənasında darmadağın edəcək. 

Əlaqələr yenidən və başqa müstəvidə qurulmalıdır. Əgər Tramp həqiqətən bu dediklərini həyata keçirə bilsə, ABŞ-ınimport-eksport partnyorları Avropa Birliyi, Asiya və Latın Amerika ölkələrinin iqtisadiyyatlarında dərin krizislər yarada biləcək. Trampın iqtisadiyyatla əlaqədar təklifləri çoxdur, mən ancaq əsaslarının üzərində dayanıram. Tramp bu gün ABŞ-a import edilən 2 trilyonluq malların ən azı 1.5 trilyonun ABŞ-da istehsal etmək istəyir. Yəni Tramp verdiyi sözə, Amerikada 35 milyon iş yeri açacağına əməl etmək üçün həmin 1.5 trilyon qiyməti olacaq məhsulların istehsalının yaradılmasına şərait yaratmalıdır. Dünyanın ən işgüzar xalqı olan və ən böyük intellektual potensiallı ABŞ-da belə bir işi görmək olarmı?

Teoretik, bəli, ancaq illərlə yaranmış  iqtisadi əlaqələri dağıtmağın hesabına  qeyri-realdır. Belə bir addım qismən Amerikanın özünü izolyasiyaya salması deməkdir. Belə bir izolyasiya siyasəti ABŞ-da azı 2 dəfə olub. Birincisi 19-cu əsrin axırlarında – nəticədə Amerikanın iqtisadiyyatı depressiyaya düşüb. Və 20-ci əsrin əvvəllərində prezident Teodor Ruzveltin antimonopoliya  və ölkəni izolyasiyadan çıxarması Amerikanın dünyanın bir nömrəli "derjava"sı olması ilə qurtarıb. 

Ancaq 15 ildən sonra yenidən Amerika izolyasiyanı seçib və nəticədə 20-ci illərin axırında böyük iqtisadi depressiya başlayıb. 2-ci dünya müharibəsini  Hitlerin başlamsının səbəblərindən biri də o dövrdə ABŞ-da izolyasiya qanununun mövcudluğu idi. Ona görə 21-ci əsrdə iqtisadi-maliyyə əlaqələrinin qloballaşdığı dövrdə Trampın izolyasiya proqramının baş tutacağı, demək olar ki, şanssızdır. Ancaq, sözsüz, Tramp vergilərin azaldılmasına nail olacaq və nəticədə 35 milyon olmasa da, 10-15 milyon yeni iş yerlərinin açılmasına nail olacaq”.

Eks-spikerin dediyinə görə, Tramp immiqrasiya siyasətində dəyişikliyə nail olacaq. Amerikaya gəlib qalmaq istəyənlər filtrdən keçiriləcək. Tramp sosial təminatları azaldacaq və insanların özlərinin qazanıb həyatlarını qurması üçün iş yerlərinin artmasına çalışacaq. Obama hökumətinin "obamakare” adlandırılan sığorta proqramını aradan götürməyə çalışacaq: "Bu proqram həqiqətən qüsurludur, ancaq indi ondan 30 milyona yaxın insan istifadə edir. Proqramı ləğv etməmişdən öncə bu insanlara müəyyən bir şərait yaratmaq lazım gələcək. Bir sözlə, Tramp ölkə daxilində möhtəşəm inqilabı dəyişiklər etmək fikrindədir. Bu işi görmək üçün gündə 24 saat işləmək belə kifayət etməz. Və  bu işlərin zərərini qəbul edən yüzlərlə siyasətçilər Konqresdə, nazirliklərdə, kəşfiyyat orqanlarında çox güclü müqavimət göstərəcəkdir. Burası Amerikadır. Prezident istədiyi şeyi edə bilməz. Nəinki Konqreslə, öz işçiləri, yəni Təhlükəsizlik Şurasının üzvləri ilə də razılaşdırmalıdır”.

Rəsul Quliyev vurğulayıb ki, daxili siyasətlə paralel Trampın xarici siyasət proqramı Amerikanın indiyə qədər aparılmış həm taktiki, həm də strateji siyasəti ilə uzlaşmır: "Trampın siyasəti həyata keçərsə, Amerikanın 100 illik super "derjava" strategiyasından bir şey qalmaz. Trampın fikrincə, ABŞ ildə 600 milyard dollar hərbə xərcləyib Cənubu Koreya, Yaponiya kimi Asiya qitəsində yerləşən başqa ölkələri qorumamalıdır. Bu ölkələr qorunmaqlarını istəyirlərsə, hərbi xərclərimizin bir hissəsini ödəməlidirlər. Əgər ödəmirlərsə imkanları var, özləri öz müdafiələrini təşkil etsinlər, o cümlədən nüvə silahı da istehsal edə bilərlər. Avropaya gəldikdə, NATO üzvləri olan ölkələrin əksəriyyəti ancaq ABŞ-ın müdafiəsinə ümid edirlər və hərbə pul xərcləmirlər. NATO-ya İngiltərə, Fransa və Almaniyadan başqa pul ayıran yoxdur. Onların da ayırdığı pul cüzidir. NATO ABŞ-ın hərbi xərclərinin bir hissəsini öz üzərinə götürməlidir, əks halda hər bir ölkə öz müdafiəsini özü təşkil etməlidir. Amerika kənarda dayanacaq. Məsələn, Almaniya kimi dünyanın ən güclü ölkələrindən biri nə üçün özünün nüvə silahını yaratmır, nə üçün havadan hücumun qarşısına alan şitə ABŞ xərc çəkməlidir? Trampın bu ideyalarının həyata keçirilməsi ABŞ-ın superderjava strategiyasının axırı deməkdir. Bu, çox təhlükəlidir. Dünyanı lokal müharibələr bürüyər. Düşünürəm ki, bu siyasət nəticəsində Amerika hərbi xərclərini başqa ölkələrin hesabına qismən, məsələn, 150 milyard dollar azaldacaq, ancaq indiki münasibətlər saxlanılacaq”.

Rusiya ilə münasibətlərə gəlincə, R.Quliyev hesab edir ki, Trampın seçilməsi ilə Rusiya ilə münasibət rusların düşündüyü kimi tezliklə düzələn deyil: "Bir çox məsələlərdə Tramp Reyqana oxşamağa cəhd edir. O düşünür ki, Reyqan bir neçə dəfə Qorbaçovla görüşdü və Sovet imperiyasını dağıtdı, mən də eyni işi görə bilərəm. Çox tezliklə Tramp Putinin Qorbaçov olmadığını başa düşəcək və onun "derjava" olmaq ambisiyasını heç vəchlə qəbul etməyəcək. Putin Trampa öz iradəsini qəbul etdirməyə cəhd etsə, o, Obamadan fərqli olaraq, həm Ukrayna probleminin həllində, həm də Suriya rejimi ilə əlaqədar daha sərt, daha qətiyyətli siyasət aparacaq. Hər halda Tramp iqtisadiyyatının fundamentinin çürük olduğu, Almaniyadan 3 dəfə az məhsul istehsal edən Rusiyanın "derjava" olmaq arzusu ilə razılaşmaz”.

R.Quliyev qeyd etdi ki, başqa ölkələrlə münasibətdə Trampın elan etdiyi başqa ölkələrin daxili işlərinə qarışmamaq siyasəti qismən reallaşacaq. Yəni insan haqları, demokratiya ilə əlaqədar Dövlət Departamentinin hesabatları əvvəlki qaydada davam edəcək: 

"Tramp administrasiyası əsas diqqətini xalq hərəkatının güclü olduğu ölkələrdə diktatorlar özbaşınalığının qarşısını almağa yönəldəcək. Yəni Venesuela, Moldova tipli ölkələrdə xalqı aktiv dəstəkləyəcəklər. Mərkəzi Asiya ölkələri və Azərbaycanda ABŞ-ın aktivləşməsi, demokratiyaya dəstəyi birbaşa camaatın aktivliyindən asılı olacaq…

Dünya iqtisadiyyatı, o cümlədən ABŞ-ın maliyyə sistemi və iqtisadiyyatının ən böyük bəlalarından biri korrupsiya və rüşvətin dövriyyədən ildə bir neçə trilyon dollarlıq "çirkli pullar"ı çıxarmasıdır. Bu qlobal problemin həlli dünyada qlobal maliyyə və iqtisadiyyat inteqrasiyasından keçir. Trampın planlarını tam şəkildə yerinə yetirməsinə mane olan mühüm faktorlardan biri də korrupsiya və rüşvət problemidir. İstər-istəməz, dünyanın bank və maliyyə sistemləri bu bəlaya qarşı mübarizə aparmalıdır və onun da başında giqant maliyyə-bank sisteminə malik olan ABŞ dayanmalıdır. Rusiya ilə yaxınlıq korrupsiya-rüşvət probleminə görə də tam ola bilməz. Trampın hansı isə bir hotelə görə hansısa ölkə ilə yaxınlıq edəcəyini düşünənlər sadəlövh adamlardır. Bu, heç vaxt ola bilməz! Tramp dünyanın yeganə "derjava"sı olan bir ölkənin prezidentidir, o heç vaxthotel səviyyəsinə yenməz.

Mənim bütün bu fikirlərimi proqnoz adlandırmaq olar. Yəni neçə faiz düz çıxacağı bəlli deyil. Məntiqi analiz hadisələrin belə inkişaf edəcəyini göstərir. Ancaq Trampın qələbəsi ancaq 50 faiz məntiq çərçivəsində oldu.  Yaxın 1 ay ərzində Tramp komandasını formalaşdıracaq. Bu komandanın üzvlərinin kimlər olacağından çox şey asılıdır. Ondan sonra siyasətin konturları daha aydın görünəcək”.

 

Etibar SEYİDAĞA

musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}